1941-ci ildə Moskvada parad keçirməyə hazırlaşan faşistlər 1944-də “Məğlubların marşı”nda addımlayıblar.

14-11-2021, 12:06           
1941-ci ildə Moskvada parad keçirməyə hazırlaşan faşistlər 1944-də “Məğlubların marşı”nda addımlayıblar.
Dünya tarixindəki müharibələrdə bəzən şouya bənzər hadisələr də baş verib. 17 iyul 1944-cü ildə Moskvada baş vermiş hadisə bötüvlükdə II dünya müharibəsi illərində ən “maraqlı” hadisələrdən biri kimi yadda qalıb.
Həmin tarixdə, 17 iyul 1944-cü ildə səhər tezdən satışa çıxan və yayılan “Pravda” qəzetinin birinci səhifəsində aşağıdakı məzmunda elan dərc olunub:
“İyulun ayının 17-də Moskvanın mərkəzi küçələrində “Böyük vals” adı altında “Məğlub olanların marşı” keçiriləcək...”
Həmçinin elanda marşın keçiriləcəyi küçələrin adları da göstərilib. Bununla yanaşı, həmin gün səhər saat 7-dən başlayaraq radio vasitəsilə keçiriləcək marş haqqında davamlı olaraq elanlar səsləndirilib.
Söhbət hansı marşdan gedib? Gözlənilməyən bu tədbir hansı məqsədi daşıyıb?
1944-cü ilin iyunun 23-də başlayan “Baqration” əməliyyatı bütün müharibələr tarixində ən mürəkkəb və genişmiqyaslı hərbi əməliyyatlardan biri olub. Bu əməliyyatda 1-ci, 2-ci və 3-cü Belarusiya cəbhələrinin qoşunları Vermaxtın ən güclü və elit ordusu sayılan “Mərkəz” ordusunu darmadağın edərək Belarusiyanı və Polşanın bir hissəsini alman qoşunlarından təmizləyib.
Əməliyyat zamanı 400 minə yaxın Vermaxt hərbçisi məhv edilib, 158 min nəfər əsir götürülüb. O cümlədən “Mərkəz” ordusunda korpus və diviziya komandiri olan 47 alman generalından 21 nəfəri də əsir düşüb.
Uğurlu əməliyyatdan sonra Dövlət Müdafiə Komitəsində sovet ordusunun uğurlarını nümayiş etdirmək məqsədilə Moskvada məğlub alman qoşunlarının marşını keçirmək qərara alınıb. Bu tədbirə hazırlıq tam məxfi keçrilib. Bütövlükdə marşın keçirilməsinə ümumi rəhbərlik Lavrenti Beriyaya həvalə olunub.
İlk növbədə Belarusiya ərazisində əsir düşən Vermaxt hərbçilərindən sağlam vəziyyətdə olan 57 min 600 nəfər əsir seçilərək qatarlarla Moskvaya gətirilib. O cümlədən 19 alman generalı da seçilənlərin arasında olub.
Onların əsas qismi “Dinamo” stadionunda yerləşdirilib. Toplantı yerlərini “NKVD”-nin qoşunları mühafizə edib.
Əsirləri saxlandıqları yerə yanğınsöndürən maşınlarla su gətirilib. Sudan yalnız içmək üçün istifadə edilib, yuyunmaq və geyimləri yumağa icazə verilməyib. Yalnız generallara özlərini səliqəyə salmasına imkan yaradılıb. Əsirləri tədbirə hazırlıq müddətində normal qidalandırıblar, onlara sıyıq, çörək və salo verilib.
İki həftəlik hazırlıqdan sonra marşın marşrutu müəyyənləşib. Əsirlər iki yerə bölünüb, 600 nəfərlik qruplarla başda generallar olmaqla müəyyən olunmuş marşrut üzrə hərəkət ediblər.
Əsirləri silahlı “NKVD” qoşunları müşayiət ediblər. Bu möhtəşəm tədbirdə miskin alman generalları səliqəli görünsələr də, alman əsgərləri cırılmış formalarda, bir çoxları isə ayağı yalın hərəkət ediblər.
Maraqlı faktlardan biri odur ki, Vermaxtın “Mərkəz” ordusu Moskava uğrunda gedən döyüşlərdə Almaniyanın əsas qüvvələrindən biri olub və Hitler həmin ərəfədə bəyan edib ki, Moskvanı işğal edəcəyi təqdirdə SSRİ-nin paytaxtında qələbə paradını məhz “Mərkəz” ordusunun komandanlığından qəbul edəcək. Hər şey isə tərsinə baş verib. Fürer radio vasitəsi ilə güvəndiyi qoşunların məğlubiyyət marşına şahidlik edib.
“Böyük vals” marşı küçələrə çıxan sovet vətəndaşlarının izdihamının arasından keçib. Marşı seyr edənlərin bir qismi “Hitlerə ölüm”, “Faşizmə son” kimi şüarlar səsləndiriblər, Vermaxt qoşunlarını lənətləyiblər. Bir qism “tamaşaçı” əsirləri istehzalı gülüşlərlə qarşılayıblar. Seyrçilərin arasında az da olsa alman əsgərlərinin acınacaqlı vəziyyətini görüb ağlayanlar da olub.
“Böyük vals” marşı axşam saatlarına qədər davam edib. SSRİ-nin müttəfiqləri olan ABŞ və Britaniya rəsmilərini bu gözlənilməz tədbir çox heyrətləndirib.
Marş bitdikdən sonra “Butırka” həbsxanası öz qapılarını alman generallarının üzünə taybatay açıb.
Marşdan sonra Lavrenti Beriya İosif Stalinə marşla bağlı məruzə edib:
“Məqlub alman qoşunlarının əsirlərinin Moskvada keçirildiyi marşda heç bir insident və qarşıdurma baş verməyib. Marş zamanı böyük insan kütlələri faşizmə qarşı öz nifrətlərini ifadə ediblər. Tədbir ərəfəsində 4 alman əsgərinə tibbi yardım göstərilib...”
Tədbirdən sonra alman əsirlərinin hərəkət etdiyi küçələr su maşınları ilə yuyulub. Məqsəd alman faşistlərinin murdar izlərini Moskva küçələrindən silmək olub.
Göründüyü kimi, tarix də sübut edir ki, faşizmin son aqibəti çox acınacaqlı sonluqla bitir. Faşist ideologiyalı Ermənistan bu cür hadisələrdən dərs götürməlidir və yəqin ki, ermənilər bir daha baş qaldırsalar, torpaqlarımıza göz diksələr, Bakı küçələrində erməni əsirlərinin marşı qaçılmaz olacaq.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.