Rauf Talışinski ilə BEŞ UNUDULMAZ AXŞAM
16-11-2021, 08:46
O, çətin ələ düşən peşəkarlardan idi. Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasında əvəzsiz rol oynamışdı. Gerçəkdən əvəzsiz: Rauf aramızdan getdi və tərk etdiyi yer boş qaldı. Getməsəydi, bu günlərdə yubileyini qeyd edəcəkdik: 65 yaş. Bilirəm ki, səs-küysüz keçirəcəkdi. “Aləmə sığmadığını” bəyan edən iddialı bir qəzet ortaya qoymuş, 11 il ona rəhbərlik etmiş olsa da, təvazökar və təmtərağı sevməyən insan idi. (“Zerkalo”nun köhnə sayları “Məndə sığar iki cahan…” şüarı ilə çıxırdı, sonrası bəllidir: “…mən bu cahana sığmazam”.) Amma indi ki, özü burda yoxdur…
Mən özüm də “tikan”sız deyiləm, onu isə kirpiyə oxşadırdım: təkcə iynə kimi saçlarına, hər şeyə şübhə ilə baxan ağıllı muncuq gözlərinə görə yox, həm də ona görə ki, Rauf daim gərgin olurdu, daxilən həmişə müdafiəyə hazır vəziyyətdə idi.
Birinci, ibrətamiz axşam
“Hər axşam ulduzları silməsəm, – Kirpi fikirləşirdi, – onlar mütləq parlaqlıqlarını itirərlər” (Norşteyn, “Dumanda kirpi” multiplikasiya filmi)
Biz Moskva Dövlət Universitetinin “Qeze” adlandırdığımız əsas binasının liftində tanış olduq. Mənim sütül vaxtım idi, birinci kursa təzəcə gəlmişdim, o isə necə deyərlər, tam yetişmişdi, hətta bir az ötmüşdü: beşinci kursu bitirsə də, ilişib buralarda qalmışdı (sonra bildim ki, aspiranturaya imtahan verirdi).
İstəyirsiniz inanın, istəmirsiniz yox – Rauf saqqalsız idi (o, sonradan saqqal saxlamağa başlamışdı), amma dodaqlarında eyni istehzalı təbəssüm dolaşırdı.
Həmyerlim məni başdan-ayağa süzdü. Nəsə, onda etimad doğurmadı.
— Bakıdan təzə gələn sənsən? – Talışinski soruşdu. – Hə, onda yerini möhkəm saxla: hamımızın əvəzinə qalırsan. İndi sən fakültədə yeganə azərbaycanlısan.
Düz üçüncü kursa qədər mən jurnalistika fakültəsində yeganə azərbaycanlı tələbə oldum. Raufun sözlərini tez-tez xatırlayırdım. Hər şeyi atıb evə qayıtmaq istəyəndə, onlar mənim qarşımı kəsirdilər.
İkinci, səmimi axşam
“Sükut içində nəsə tərpənəndə xoşuma gəlir”. “Misal gətir”, – Kirpi xahiş etdi. “Məsələn, göy gurultusu”, – Ayı balası dedi. (“Dumanda kirpi” m/f)
Mən Moskvada möhkəm-möhkəm “yer saxladığım” müddətdə Rauf Bakıda gənc jurnalist üçün başgicəlləndirici dərəcədə sürətli yüksəliş yolu keçdi: “Molodyojka” və “Vışka”da üç il işlədikdən sonra onu Sovetlər İttifaqının ən böyük iki qəzetindən biri – “İzvestiya”nın Azərbaycan üzrə xüsusi müxbiri təyin etdilər!
Bizim yollarımız nadir hallarda kəsişirdi. Ta 1989-cu ildə tale hər ikimizi “Qarabağ” restoranında eyni masanın arxasında otuzduranadək heç əməlli-başlı söhbət də etməmişdik. (Bakıda dəmiryolu vağzalının üstündə belə bir məşhur restoran var idi!) Rauf “İzvestiya”dan, mən isə “Molodyoj Azerbaydjana”dan təzəcə getmişdik. Onu, eşitdiyimə görə, çıxartmışdılar. Bizim “Molodyojka” isə üsyan etmişdi: Kommunist Partiyasının Mərkəzi Komitəsi baş redaktorumuz Nəcəf Nəcəfovu işdən uzaqlaşdırandan sonra içi mən qarışıq, bir qrup jurnalist etiraz əlaməti olaraq istefa ərizəsi yazmışdı. Maraqlı vaxtlar idi, qəribə şeylər olurdu, “istefa” sözü də təzə-təzə dilimizə düşürdü.
Raufun “İzvestiya”da işini nədən itirdiyini dəqiq bilmirdim, amma açığı, buna görə təəssüf hissi keçirmirdim. Bizim yerli jurnalist dairələrində mərkəzi qəzetlərin xüsusi müxbirlərini sevmirdilər, hesab edirdilər ki, onlar vəzifələrini qorumaq üçün səslərini çıxartmırlar, Dağlıq Qarabağ haqda həqiqətləri yazmağa cəsarət etmirlər. Həmin axşam Rauf əhvalatı mənə danışdı.
— “İzvestiya”nın səhifəsinə düşmək çox çətin idi. Bəzən aylarla gözləyirdim ki, hansısa yazım çıxsın. Amma bu dəfə katiblikdən özləri zəng etdilər, dedilər, təcili sizin hadisələr haqqında 400 sətirlik məqalə lazımdır. Mən sevinclə meydana qaçdım, mitinqə yığışmış, gecə-gündüz oranı tərk etməyən insanlarla danışdım, adamları narahat edən problemdən yazdım. Axırda da əlavə elədim ki, meydan şayiələrlə doludur, camaat təşviş içindədir, bu məsələyə bir aydınlıq gətirilməlidir. İki gün sonra gecə mənə mətbəədən zəng etdilər. Bildirdilər ki, fəhlələr “İzvestiya”nı çap etmək istəmirlər. (O vaxtlar əsas mərkəzi qəzetləri ucqar respublikalarda Moskva ilə eyni vaxtda çap edirdilər ki, köşklərə gecikməsin – A.A.) Mətbəəyə getdim. “Nə xoşunuza gəlmir?” “Mitinqlər haqqında yazı!” Çapa hazır təbəqədə yekə məqaləmi axtardım, kiçicik bir xəbərə rast gəldim. Ondan belə başa düşmək olurdu ki, Bakıda boş-boş şayiələr gəzir, camaat da inanıb etiraza qalxır. “Deməli, biz şayiələrə uyub boğazımızı cırırıq? – Fəhlələr üstümə qabardılar. – Çap etməyəcəyik, vəssalam!” “Etməyəcəksiniz, etməyin”, – dedim və getdim. Məni Moskvaya, baş redaktorun yanına haqq-hesaba çağırdılar. O, mənim arqumentlərimə qulaq asmaq belə istəmədi. “Sən “İzvestiya”da Azərbaycanı təmsil etmirsən, Azərbaycanda “İzvestiya”nı təmsil edirsən, – dedi. – Qəzetin Qarabağ məsələsinə dair mövqeyi var və bütün əməkdaşlar həmin mövqeyi müdafiə etməlidirlər!” Mən otaqdan çıxdım və ərizəmi yazdım.
Bir dəfə də olsun görmədim ki, Rauf bu hərəkəti ilə haradasa öyünsün, özünü gözə soxsun. Amma kimsə kiməsə sadəcə, əl vermədiyinə görə “milli qəhrəman”a çevrildi. Axırda da, bir neçə ildən sonra, bu qəhrəman Raufun rəhbərlik etdiyi redaksiyaya hücum çəkdi, onun jurnalistini iş otağında döydü.
Üçüncü, şən axşam
«Axı, sən də saymasan, ulduzları kim sayacaq!” (“Dumanda kirpi” m/f)
Qudauridə (Gürcüstan) eyni zamanda iki beynəlxalq konfrans keçirilirdi (biri – jurnalistlərin, digəri gənclərin qeyri-hökumət təşkilatlarının tədbiri idi). Üçüncü zalda isə gürcü parlamentinin deputatları abxaz həmkarları ilə görüşürdülər.
Bizim iclasdan sonra Raufla Qulu Məhərrəmli birinci mərtəbədə stolüstü tennis oynayırdılar. AzTV “Zerkalo”nun öhdəsindən asanlıqla gəlirdi. Üç dəfə dalbadal uduzduqdan sonra Rauf hirsləndi və “qonaqlıq”dan oynamağı təklif etdi. Rauf bu oyunu uddu. Mehmanxananın restoranı çox baha idi, amma neyləmək olardı. Qulu bizi ora apardı. Mən də oyunun hakimi kimi məclisdə iştirak edirdim. Masa arxasında Qulu məzəli bir əhvalat danışdı.
Səhər onlar yeməkxanaya düşür və Gürcüstan parlamentinin sədri Zurab Jvaniyadan sonra növbəyə dayanırlar. Üçü də idman paltarında olur. Bu vaxt yeməkxanaya bizim gənclər təşkilatlarının nümayəndələri girirlər. Hamısı xalatda, yaxalarında da hakim partiyanın par-par parıldayan döş nişanı! Bunu görən Jvaniya Raufa tərəf dönüb yarıyuxulu səslə soruşur: “Nədir, sizin yunkerləriniz də var?” Rauf və Qulu səhər yeməyindən sonra gənc fəalları foyedə saxlayırlar. “Hər şeyi başa düşürəm, uşaqlar, amma yeməkxanaya, bara partiya nişanları taxmadan gəlmək olar”, – Talışinski deyir.
Mən Qulunun söhbətinə ürəkdən güldüm, Rauf isə ciddiliyini pozmadı:
— Bir görəydin, onlar mənə necə baxdılar. Yüz faiz Bakıda hara lazımdır, çatdıracaqlar.
— Problem çıxsa, — mən başımla teleekranın “ulduz”una işarə etdim, — Qulu kömək edər.
“Ulduz” məğlubiyyətin acısını yumaq üçün çaçadan bir qurtum da alıb, göz vurdu.
Bakıda “yunkerlər” həqiqətən hakim partiyanın Siyasi Şurasına xəbər çatdırdılar: guya Rauf Qudauridə hökumətimizin siyasətinə qarşı çıxmış, necə deyərlər, “dövlətçiliyimizə zərər vurmuşdu”. Siyasi Şura növbəti iclasında Azərbaycan jurnalistlərinin Tiflisdə davranışını müzakirəyə çıxarmağa hazırlaşırdı. Rauf bundan narahat idi: qorxmağına qorxmurdu, amma adının qəzetə ziyan gətirə biləcək siyasi qalmaqalda hallanmasını istəmirdi. Qulu, vəd etdiyi kimi, işi yoluna qoydu. “Şikayətçiləri” AzTV-də səhər verilişinə çağırdı, onları necə lazımdır sazladı və efirə buraxdı. Gənc fəallar əvvəl xeyli özlərini təriflədilər, sonra Azərbaycan nümayəndəliyinin digər üzvlərinin də yad ölkədə maraqlarımız uğrunda şir kimi vuruşduqlarını dedilər. Arada aparıcının “ötürməsi” ilə Raufun konfransda parlaq bir çıxış etdiyini milyonlarla tamaşaçının gözü önündə təsdiqlədilər (halbuki başqa zaldan bu çıxışı eşidə bilməzdilər). Problem həll olundu. Daha Siyasi Şurada müzakirəyə çıxarılası məsələ qalmadı.
Dördüncü, kədərli axşam
«Ulduz! Özü də gölməçədə…». (“Dumanda kirpi» m/f)
Azərbaycanın ilk müstəqil nəşrlərindən biri, 11 il ərzində Qafqazın ən yaxşı qəzetinə çevrilmiş “Zerkalo” dağılır. Onun yaradıcıları – Talışinski ilə Şıxlinski ayrılırlar, kollektiv bölünür. Qəzet Şıxlinskidə qalır, belə çıxır ki, Rauf gedir.
Ona zəng edirəm. Rauf deyir ki, şəhərdədir, bir azdan gələcək.
“Press Klub”da oturmuşuq. Təklif edirəm ki, Elçini çağıraq, üçlükdə vəziyyəti bir də müzakirə edək. Rauf başını yelləyir: “Yox, mənasızdır, artıq qərar verilib”. “Nə ilə məşğul olacaqsan?” “Hələ seçimimdə əmin deyiləm”. “Bəlkə, “Press Klub”a sədr gələsən? Mən dörd ildir burdayam. Rotasiya zamanı yetişib”. “Yox, yəqin ki, başqa qəzet açacağam”.
Bu iki yaxın dostu, məsləkdaşı, gözəl jurnalisti və bacarıqlı media menecerini kimin qarşı-qarşıya qoyduğunu bilirəm. Suyu kimin bulandırdığından xəbərim var. Hiyləgər, gözləri oyur-oyur oynayan həmin adam qılığa girməyi, etimad qazanmağı çox yaxşı bacarır (ixtisası da buna kömək edir), özü isə hər işdə yalnız xeyrini güdür. Beləcə, mandatını qazanır, biznesini, mediasını, partiyasını qurur. Bir zamanlar mən də az qala onun toruna düşmüşdüm, ziyanın yarısından qayıda bildim.
Rauf isə “yola davam” dedi. O adamın təsiri altında həyatında çox dəyişikliklər etdi: “Exo” qəzetini açdı, təzə dostlar tapdı, biznes-planlar həyata keçirdi, bir ayağı burda, bir ayağı Amerikada yaşamağa başladı… Ən təəccüblüsü isə — siyasi layihələrə qoşuldu. Necə? Rauf Talışinski — ustad jurnalist və qəzet redaktoru – hansısa partiyanın sədr müavini olmağa razılıq verib??? Söhbət, doğrudanmı həmişə “qəzet piştaxtadakı kolbasa kimi müstəqil olmalıdır”, – deyən Raufdan gedir? Eyni zamanda siyasi fəaliyyətlə məşğul olan başqa redaktorlara, məsələn, adaşı Arifoğluna məsləhət verən Raufdan: “Başa düşürsən, ya o olmalıdır, ya bu. Kabab ayrı, şiş ayrı.” Yadımdadır ki, xəbəri eşidəndə mən özümü saxlaya bilməyib “İki Rauf – iki müavin” başlıqlı məqalə yazmışdım…
Raufla Elçin ayrılandan sonra “Zerkalo” daha əvvəlki “Zerkalo” olmadı. “Exo” da “Zerkalo”nun yerini verə bilmədi.
Beşinci, sonuncu axşam
“İtib-batanda, gərək dostlarını əvvəlcədən xəbərdar edəsən” (“Dumanda kirpi” m/f)
“Zerkalo” və “Exo” qəzetlərinin yerləşdiyi binanın həyətində təsadüfən qarşılaşırıq. Mənim bir müddət yer-yurdsuz qalmış təşkilatım da burada yuva qurub.
Biz hal-əhval tuturuq, işlərimizlə bağlı o qədər də optimist olmayan proqnozlarımızı bölüşürük, sonra bir az ümumi vəziyyətdən danışırıq.
— Niyə bizim sürücülər qırmızı işıqda maşın saxlayanda mütləq piyada zolağının üstünə çıxıb saxlayırlar? – Suala cavab tələb olunmur, Rauf sadəcə düşüncələrini söyləyir. – Axı hər kəs bilir ki, qaydanı pozur. Əgər sürücü bundan bir üstünlük əldə etsəydi, mən yenə başa düşərdim. Zolağın üstündə dayananın guya udduğu iki-üç metr əslində ona heç bir qazanc gətirmir. Yaşıl işıq yanan kimi arxadakılar özlərini yetirirlər. Yox, yalnız bizim adamlar heç bir xeyir görmədən də qanunu poza bilirlər!
Axırda o, həmişəki kimi, bir lətifə danışır və biz ayrılırıq.
Rauf xırda, tələsik addımlarla uzaqlaşırır. “Yaman düşüb”, deyə onun arxasınca baxa-baxa fikirləşirəm.
Bax, beləcə xırda və tələsik addımlarla köhnə, “qızıl” jurnalistikamız bizdən uzaqlaşır. Peşənin prinsiplərini, dəyərlərini, bütün dadını-duzunu da özü ilə aparır. Əvəzinə nə gəlir?
Bəs, gedənlərin yerinə kimlər gəlir?..
***
“Bu gün də Kirpi Ayı Balasına dedi:
— Hər halda, nə yaxşı ki, biz ikimiz də varıq və bir yerdəyik!
Ayı Balası başını tərpətdi.
— İndi sən təsəvvürünə gətir ki, mən yoxam, sən təkcə oturmusan və danışmağa yanında heç kim yoxdur.
— Bəs, hardasan?
— Yoxam da.
— Belə olmur, — Ayı Balası dedi.
— Mən də razıyam, — Kirpi dedi. — Amma birdən, bax, heç yoxam. Sən təksən. Hə, nə edəcəksən?..
— Hər yanı alt-üst edəcəyəm və sən tapılacaqsan!
— Yoxam, heç harda yoxam!!!
— Onda, onda… Onda düzənliyə qaçaram, — Ayı Balası dedi. — Bərkdən qışqıraram: “Ki-i-i-irpi-i-i-i!”, sən eşidərsən və qışqırarsan: “Ayı Balası-ı-ı-ı!..” Bax, belə.
— Yox, — Kirpi dedi. — Bir damcı da yoxam. Başa düşürsən?
— Nə yapışmısan məndən? — Ayı Balası acıqlandı. — Əgər sən yoxsansa, mən də yoxam. Bildin?!”
(“Dumanda Kirpi” m/f)
Müəllif: Arif Əliyev
pressklub