Üç il kanalizasiyada yatan qızcığaz: “Parkın hovuzunda çimirdim...” - İNTERNAT DRAMI
6-05-2015, 14:44
Lent.az-ın “İnternat dramı”nda SOCAR-in Qobustan Regional Təlim, Tədris Mərkəzinin tələbəsi Səbinə Babayevanın hekayəsi ilə tanış olacaqsınız.
Onunla Lent.az-ın qonaq otağında görüşdük. O qədər insansevər xanımdır ki, mən diktofonu yandırana qədər artıq çoxdanın tanışları kimi söhbət edirdik. Özünü təqdim etdi:
- Babayeva Səbinə Sergeyevna.
- Sergeyevna?
- Bəli, mən rusam.
- Bəs Babayeva?
- Bu uzun söhbətdir. (Gülür) İstəsəniz, onu da danışaram. Əvvəllər adım Yekaterina idi, Katya deyirdilər. Milovanova Yekaterina Sergeyevna...
- Onda əvvəlcə Katyanın hekayəsini dinləyək...
***
Hər gün onun arxasınca anası gəlirdi. Ancaq bu dəfə...
Zəng vuruldu, sonuncu dərs bitən kimi çantalarını götürən balacalar qapıya yüyürdülər. Anasına tərəf qaçmaq istəyən 2-ci sinif şagirdi Katya qarşısında qonşuluqdakı yaşlı qadını gördü:
- Gedək, Katya. Bu gün arxanca mən gəlmişəm.
- Bəs anam niyə gəlməyib, hardadır ki...
- O bu gün bir az yubanacaq. Tapşırdı ki, səni bizə aparım, işi uzanır...
Evləri məktəbin yaxınlığında idi. Heç beş dəqiqə keçməmiş həyətə girdilər. Blokun qarşısına yığışan qonşular, təcili yardım, polis maşınları Katyaya maraqlı gəlirdi.
Yaşlı qadın qızın əlini buraxmırdı. İkinci mərtəbədəki evin qapısını açıb içəri girəndə Katya duruxub əlini çəkməyə çalışdı:
- Mən öz evimizə getmək istəyirəm.
- Qapınız bağlıdır. Gəl bizdə yemək ye, anan gəlsin...
- Yox! Evimizə gedib paltarlarımı dəyişmək istəyirəm. Bilirəm, səndə açar var...
Katya bir göz qırpımında qadının əlindən yayınıb, üçüncü mərtəbəyə, evlərinə qalxdı. Yaşlı qadın əlindəki çantanı buraxıb, uşağı tutmağa cəhd etsə də, artıq gec idi, ona çata bilmədi.
Katyagilin qapısı açıq idi. Ev o qədər basırıq idi ki...
İndiyə kimi görmədiyi, tanıyıb-bilmədiyi baxışların əhatəsində sıxılan qızcığaz “Ana, ana” qışqıraraq özünü qonaq otağına saldı. Ortada üstü ağla örtülü iki qutu qoyulmuşdu. Bu ağ ensiz, uzun qutuların cənazə olduğunu anlamayan Katya aramsız “ana” çağırırdı.
Acıqlı kişi səsi eşidildi:
- Onu bura kim buraxdı? Dedim axı qonşulardan kimsə hələlik onu evində saxlasın! Onu buradan çıxarın!
Katyanı məktəbdən götürən yaşlı qadın “Ana, Ana” deyib ağlayan uşağı əlindən çəkib apardı.
***
- O günlərdən nələri xatırlaya bilirsiniz?
- 1992-ci il idi. 14 saylı məktəbin rus bölməsində 2-ci sinifdə oxuyurdum. Ailənin tək övladıyam. Qohum-əqrəbam olmayıb.
- Valideynləriniz...?
- Yadımdadır ki, məktəbə özüm gedirdim, amma arxamca anam gəlirdi. Dərslərimlə də o məşğul olurdu. Atamı isə heç xatırlaya bilmirəm... Bir yerdə avtomobil qəzasına düşdüklərini bilirəm. Deyilənə görə, anam zavodda mühasib işləyib, atamın isə maşın təmiri qarajı olub. Bunları da sonradan araşdırıb bilmişəm.
- O yaşlı qadın kim idi?
- Qonşuda rus qadın yaşayırdı. Tək idi, anamgil onu himayəyə götürmüşdü, qulluq edirdilər. Mən ona “babulya” deyirdim. Bu yaxşı yadımdadır. Bir də o yadımdadır ki, zirək uşaq idim. Məni oğlan kimi böyüdürdülər. Hər yerdən xəbərim var idi. Qonşular məndən soruşurdular ki, Katya, hansı çörək mağazasının qabağında növbə azdır, ora gedək, ya qastronoma ət gəlib?
- “Babulya”nın yanında çox qaldınız?
- Bir neçə gün. Evimizə buraxmırdı, amma evdən paltar gətirib əynimi dəyişmişdi. Çörək almağa çıxanda qapını kilidləyirdi. Dərsə getmirdim. Deyirdim anamı istəyirəm, deyirdi gələcək. Bir gün çörək almağa gedəndə hiss elədim ki, qapının arxasından açar səsi gəlmədi. Yoxlayıb gördüm qapını bağlamayıb, qaçdım. Anamı-atamı tapmaq istəyirdim. Heç bilmirdim harada işləyirlər, amma ağlımdakı onların iş yerinə getmək idi.
***
Katya valideynlərini axtarırdı. Həyətləri dolaşıb yorulmuşdu...
Bu, o vaxt idi ki, analar pəncərələrdən boylanıb həyətdə oynayan uşaqlarını nahara səsləyirdilər. Katya dörd yana boylanır, onu çağıracaq səsi gəzirdi... Bir azdan qızcığazı qorxu bürüdü. Ətrafa diqqətlə baxdı - burada heç kimi, heç yeri tanımırdı.
O çox uzaqlara gəlib çıxmışdı. Burada ondan heç kim xəbər tuta bilməzdi. Düşündü ki, necə olsa da yerini bildirməlidir. Tez də çarəsini tapdı – “anamı qorxutsam, harada olur-olsun, mütləq gəlib çıxacaq!” Bu fikir ağlına gələn kimi qaçıb qarşısındakı böyük ağaca çıxdı. Nə qədər yüksəyə çıxarsa, o qədər də uzaqdan görünər deyə düşünən Katya, bacardıqca ağacın başına doğru dırmaşırdı. O, kifayət qədər hündürdə idi. Yəqin ki, buradan onu görə biləcəkdilər. Səsi çatan qədər çığırdı:
- Ana, ata, mən buradayam! Ağaca çıxmışam! Sizi axtarıram!
Ancaq heç kim gəlib çıxmır, Katyaya görə heç kim narahat olmurdu... Bu cəhdi uğursuz alınan qızcığaz, növbəti çarəni düşündü:
- Gəlməsəniz, özümü bu ağacdan...
İtməyinin, kimsəsizliyinin qoxusunu yaşayan qızcığaz özünü ağacdan yerə atdı...
***
- Özünüzü atdınız, yoxsa yıxıldınız?
- Yox, şüurlu şəkildə özümü buraxdım. Özümə gələndə xəstəxanada idim. Sağ tərəfim üstdə düşmüşdüm, əl-ayağım gipsdə idi. Ayağımı yuxarıdan asmışdılar, başım sarıqlı idi... Ayağımda, qulağımda, qaşımda, yanağımdakı çapıq izləri bu günə kimi durur...
- Burada sizin kimliyinizi necə araşdırdılar?
- Heç nəyi xatırlamırdım, heç adımı da bilmirdim. Elə bircə onu eşidirdim ki, palatada yatan o biri xəstələr deyirdilər yazıq uşaq üç aydır buradadır. Əl-ayağımın gipsini açan kimi, yataqdan qalxdım. Çarpayının başına asılmış paltarlarımı geyindim. Qırmızı şortikim, ağ maykam var idi. Amma nə qədər axtarsam da, çarpayının altında, ətrafında ayaqqabılarımı tapmadım. Evdən çıxanda bu geyimdə idim, ayağımda isə tərlik var idi. Ayaqyalın palatadan çıxdım...
- Hara?
- Heç bilmirdim hara. Qorxurdum ki, orada qalsam, yenə gipsə salacaqlar, iynə vuracaqlar... Yolu tutub getdim...
- Yeddi yaşlı uşağı xəstəxanadan belə asanlıqla buraxdılar?
- Gizlənə-gizlənə çıxdım. Yadıma gəlir, palatadan çıxıb qaçıb tualetə girdim, qapıdan boylanıb gördüm ki, dəhlizdə heç kim yoxdur, ordan qaçıb o biri palataya girdim... Elə-elə qapıya yaxınlaşdım. Oradan da küçəyə...
- Küçədə nə qədər qaldınız?
- Düz üç il...
- Üç il küçədə necə yaşadınız, nə yeyib, nə içdiniz? Uşaq acır, yemək istəyir, günortalar yuxusu gəlir, yatır. O dönəmləri harada keçirirdiniz?
- İnanırsınız ki, o qədərini xatırlamıram. Amma... O illərdə... mən... dilənirdim... “28 may” tərəfdə, Hökumət evinin qarşısında...
***
Adını, kimliyini xatırlamayan yeddi yaşlı Katya küçələrdə idi. Acırdı, yorulurdu, yuxusu gəlirdi. Amma nə getməyə evi, nə də yeməyi var idi. Çox keçmədi ki, o küçədə özü yaşda uşaqlara rast gəldi. Onlar da tək idilər. Qızcığaz bu uşaqlara göz qoyub, onların necə dolandığını, necə yemək tapdıqlarını, harada gecələdiklərini öyrəndi...
Qırmızı şortikli, ağ maykalı, ayaqyalın, əli-ayağı çirkli, saçları daranmamış qız o biri uşaqlar kimi yolun kənarında dayanıb əlini uzadırdı. Yoldan keçənlərin onun ovcuna atdıqları pul gün ərzində yeddi yaşlı bir qızın qarnını doyurmağa bəs edirdi. Qızcığaz aclıqdan elə qorxmuşdu ki, ayaq saxlayıb onun üzünə baxan olanda qaçmağa başlayırdı. Həmin adamın onun pulunu əlindən alacağını düşünürdü.
Müşahidə edib, “peşə” təcrübələrini bölüşdüyü uşaqlar sinələrinə müxtəlif elanlar vurur, dilənərkən yalvarır, ata-analarının olmadığını deyirdilər. Katya isə bunların heç birini etmirdi. Ata-anası haqda, ümumiyyətlə, heç nə bilmirdi. Ölümün nə olduğunu anlamırdı. Keçmişi haqda heç bir məlumatı yox idi. Acdığını, yemək lazım olduğunu başa düşürdü. Buna görə də küçədən keçənlərə yaxınlaşıb, balaca, çirkli əllərini açırdı:
- Nə olar, çörək pulu verin...
1992-ci ilin sərt dönəmləri idi, əksəriyyətdə, dilənçiyə verəcək artıq pul yox idi. Ona görə də yalvarıb-yaxaran, zorla pul istəyən, əl çəkməyən dilənçilər azdan-çoxdan nəsə əldə edə bilərdilər. İnsanlar o qədər aqressiv idi ki, qarşısında bir tikə çörək üçün əl açan bu körpəni uf demədən döyə, itələyə, başına qapaz vura bilirdilər.
Katya pul olmayanda, yeməyi necə əldə edə biləcəyini də mənimsəmişdi. Bazar deyilən yerin yolunu öyrənmişdi. Əvvəlcə burada sakitcə gəzişir, yerə düşən meyvələri axtarırdı. Gözünə heç nə dəyməyəndə çarəsiz qalıb, ən çox qorxduğu hərəkəti edirdi – alverçilərdən hansının başı qarışıq olsa, onun qarşısından bir alma, ya bir armudu götürüb bərk qaçırdı...
***
- Bütün günü küçələrdə idiniz və bir polis yaxınlaşmırdı?
- Polis görəndə qaçırdım...
- Küçə uşaqları yatmaq məsələsini necə həll edir?
- Desəm heç cür təsəvvürünüzə gətirə bilməzsiniz. Bir gün blokda, bir gün liftdə, bir gün metro keçidlərində karton sərib uzanıb yatırdım. Ən çox kanalizasiya quyusunda yatmışam.
- Kanalizasiya quyusunda? Necə?
- Bir dəfə bir kanalizasiya quyusu gördüm, qapağı bir az açıq idi. Dartdım, gördüm içindən borular gedir. Baxdım ki, borudan isti qalxır. Demə qaynar su boruları imiş, o da buranı isti saxlayırdı. Gedib zibillikdən iki-üç parça karton tapdım, gətirib sərdim boruların üstünə. Girib orda uzandım, qapağını altdan çəkib, yatdım... Bura isti idi deyə, elə rahat oldum ki, ondan sonra daima yuxum gələndə bu quyuya gəldim...
- Hər axşam kanalizasiya quyusuna girib, altdan qapağını çəkirdiniz...
- Bəli, tam çəkib örtürdüm. Diqqət cəlb etməsin deyə. Səhər də durub çəkirdim, çıxıb gedirdim işimin arxasınca.
- Axı siz kanalizasiya quyusunun qapağını açmaq üçün çox uşaq olmusunuz. Bir körpə bu gücü haradan alır...
- İndi mən də sizin kimi məəttəl qalıram. Amma o vaxt sanki mənə güc gəlirdi haradansa...
- O quyu harada idi?
- Parkda.
- Hansı parkda?
- Bilmirəm. Hökumət evi tərəfdə idi. Ortada da balaca fontan var idi, səhərlər o fontanda əl-üzümü yuyurdum...
- Sonradan həmin yerdən keçmisiniz?
- Yox. Heç bilmirəm indi durur, ya yox...
- Bəlkə bir yerdə gedib axtaraq? Sizin üçün çətin olmaz ki?
- Əksinə, maraqlı olar. İndi hər gün avtobusla dərsə gedəndə Hökumət evinin qarşısından keçirəm. Olur ki, insan bir yerdən keçəndə oranı yanındakılara göstərib ora ilə bağlı xatirələrini danışır. Uşaqlar avtobusdan bir-birinə haranısa göstərib, “Mən burada olmuşam” deyirlər. Mən isə hər gün avtobusdan diləndiyim küçələrə baxıb susuram. Az qalıram “Mənim uşaqlığım burada keçib, mən burada dilənmişəm” deyim, amma... Bunu heç kiminlə paylaşa bilmirəm... Avtobusda otuz tələbə var və mən bu hissimi heç kiminlə paylaşa bilmirəm. Öz keçmişimi heç kimlə paylaşa bilmirəm. Hər dəfə oradan keçəndə belə bir hiss yaşayıram.
***
Növbəti gün.
“28 may” metrostansiyasının qarşısında görüşüb, parkı axtarmağa başlayırıq. Səbinə addımlarını tezləşdirib, parka, doğru qaçır. Ona ayaq çatdırmağa çətinlik çəkirəm. Fikrət Əmirov parkının bir küncündəki kanalizasiya quyusunun qarşısında dayanır:
- Bura idi!
Həmən də əl atıb quyunun qapağını açmağa çalışır. Park təmir edilib, oturacaqları yenilənib. Hətta kanalizasiya quyularının qapaqları da...
Qapağın bağlı olduğunu görəndə elə hala düşür ki, sanki bu gecə gecələməyə yeri olmayacaq... Təəssüflə “İndi qapaqları bağlı saxlayırlar” deyir. Bu, bizim üçün sadəcə kanalizasiya quyusudur. Səbinə üçün isə küçə uşaqlarının isti yatağı...
Parkda dolaşırıq, albomunu çıxardıb, mənə keçmişi ilə bağlı şəkilləri göstərir. Hansı işıqforun yanında tutulduğunu, dönəri hansı ağacın dibində yediyini danışır. “Danışdıqca rahat oluram, bunları kiminləsə paylaşmağı çox istəyirəm” deyir...
***
Havaları soyumuşdu. Katyanın qırmızı şortiki ilə ağ maykası küləkli şəhər üçün əlverişli geyim deyildi. Onun ovcuna atılan qəpiklər isə gündəlik bulkaya, pirojkiyə güclə çatırdı. Katya geyim problemini necə həll edəcəyini düşündü...
O vaxtlar şəhərin xüsusi ilə Katya gəzişən küçələrində çox olan həyət evlərinin birinci mərtəbəsində yaşayan sakinlər paltarlarını yuyub, həyətdəki ipə sərirdilər. Yəni əlçatan yerə. Bütün küçə uşaqları bu paltar asılan iplərdən “geyinirdilər”.
Katya əvvəlcə həyətləri gəzib, paltar sərilən ipləri gözdən keçirirdi. Uşaq paltarı asılan həyət görəndə, sakinlərin evlərinə cəkilməsini gözləyirdi...
***
- Küçə uşaqları arasında dostluq necədir? Bir-birinizdən soruşursunuz ki, paltarı haradan tapmaq olar, harada çimmək olar?
- Yox. Mənim dostum olmayıb. Heç kimlə söhbət etməmişəm. Yaydan yaya çimirdim. O vaxtkı Lenin sarayının qarşısındakı parkda hovuzlar var idi. Görürdüm orada uşaqlar çimir, şampunsuz, sabunsuz mən də girib o hovuzlara çimirdim. Yaxınlaşan olanda isə tez paltarlarımı götürüb qaçırdım. Hə, paltarlarımı da o hovuzda yuyurdum. Sonra gətirib kanalizasiya quyusundan keçən isti boruların üstünə sərib qurudurdum... Tək başıma düşünürdüm ki, həyətlərdə ipdən asılan paltarları oğurlayıb, əynimi dəyişə bilərəm. Əynimdəki artıq çirklənib, cırılıb, dardır və s.
- 7-10 yaş arası qız uşaqlarının özlərini bəzəməyə başladıqları dönəmdir. Sizdə necə idi, əlinizə keçən ilk paltarı götürürdünüz?
- Əlbəttə, yox! Əvvəlcə dayanıb baxırdım, ürəyimcə olan rəngləri seçirdim. Heç vaxt qara paltar oğurlamamışam. Həmişə gözüm al-əlvan rəngli paltarları axtarıb. Yaşıl, bənövşəyi, qırmızı və çəhrayı rəngi sevirdim. Ətək sevməmişəm, həmişə şalvar götürürdüm. Bir də geyinəndən sonra gedib mağaza vitrinində özümə baxırdım. Güzgü yox idi, vitrindəki əksimlə müəyyən edirdim necə göründüyümü. Vitrin qarşısında fırlanır, hər yerimə baxırdım ki, görüm paltar əynimdə necə oturub, hər yerimi örtürmü...
- Təzə paltarınız olanda köhnəni harada saxlayırdınız?
- Elə kanalizasiya quyusuna qoyurdum. Bu quyunu tapana qədər müxtəlif yerlərdə olurdum. Amma onu tapandan sonra ora mənim daimi evim oldu. Hər şeyim o quyuda idi.
- Yıxılandan sonra yaddaşınızı itirmişdiniz. Valideynlərinizin olmadığının fərqində idiniz?
- Yaddaşım zamanla, çox sonralar, artıq uşaq evində bərpa olundu. Onda bildim ki, valideynlərim vəfat edib. Küçədə olduğum vaxtlarda isə əsasən adamların sıx olduğu yerlərə gedirdim. Düşünürdüm ki, yəqin mənim də kimsəm var, heç kimi tanımasam da, bəlkə məni tanıyarlar. Kimsə tanıyıb götürüb aparar...
- Necə idi münasibət? Biz küçə uşaqlarına qarşı necə davranırıq?
- Sanki yoxmuşam kimi davranırdı hamı. Üzümə də baxmadan keçib gedirdilər. Mən də onlardan qaçıb gedirdim. Nə bilim, bəlkə də qaçmasam kimsə mənə sahib çıxardı. Amma... Uşaq idim, indi dəqiq xatırlamaq çətindi. Həm istəyirdim adamlar məni görsün, bəlkə içində tanıyanı olar, eyni zamanda da qaçırdım... Çünki içimdə “birdən pulumu əlimdən alarlar, ac qalaram” qorxusu var idi...
- Adınızı belə xatırlamırdınız...
- Ad nəyimə lazım idi ki?
- Küçədə olduğunuz üç ildə bir adam sizə yaxınlaşıb adınızı soruşmadı?
- Heç kim.
- Heç küçədəki uşaqlar da?
- Biz bir-birimizdən adımızı soruşmurduq.
***
Axşam idi. Katya Hökumət evinin qarşısındakı yolun kənarında səkidə oturub, qırmızı işığı gözləyirdi. İşıqforla işləməyi də uşaqlardan öyrənmişdi. Qırmızı işıq yanan kimi maşınların qabağına qaçıb dilənirdi. Pul verməyəndə maşına yapışır, “çörək pulu verin” deyib yalvarırdı. Sürücülər maşının şüşəsini endirib onu itələyirdilər. Bəzən kimsə pul da verirdi...
Həmin gün yenə qırmızı işığın yanmasını gözləyirdi ki, onu qulaqlarından yapışıb, yuxarı qaldırdılar. Katya qışqırmağa macal tapmamış, onu qarşılarında dayanan köhnə avtobusun içinə tulladılar. Avtobusda ondan başqa dörd uşaq və bir neçə polis əyləşmişdi. Geri dönüb, onu avtobusa atan adamın kimliyini öyrənmək istədi. O da polis idi. Bütün küçə uşaqları kimi Katyanın da ən çox çəkindiyi hadisə baş vermişdi, o tutulmuşdu...
Artıq on yaşı var idi. Üç il idi ki, fasiləsiz küçələrdə azad idi, indi Xətai rayonundakı 14 yaşına çatmayan uşaqların müvəqqəti saxlanma məntəqəsinə gətiriləndə, buradakı dəmir barmaqlıqlar, sərt rejim ona çox vahiməli görünürdü. O ən çox döyüləcəyindən qorxurdu...
Gözlədiyinin əksinə, burada onu döymədilər. Yadında bəzəkli bir yer kimi qalacaq otaqda adını, ata-anasını soruşdular. Qızcığazın bütün suallara cavabı eyni idi:
- Bilmirəm!
Onları divarlarından çirk yağan bir yerə gətirdilər.
Bura müvəqqəti saxlanma məntəqəsinin hamamı idi. Böyük qablarda su, üstündə isə dəmir dolçalar var idi. Nəzarətçi qadınlardan biri dördkünc, qəhvəyi rəngdə, üstünə “72%” yazılan əşyanı Katyaya göstərib, dedi:
- Bu sabundur. Başını, bədənini yu. Bu da dəsmaldır, qurulan. Bu isə təzə paltarlarınızdır...
Burada heç kimə qayğıyla yanaşmasalar da küçədən yaxşı idi. Yemək verirdilər, yataq var idi...
***
- Və illər sonra müvəqqəti saxlanma məntəqəsində yataqda yatdınız...
- ...İki mərtəbəli çarpayılar idi. Ağlım kəsəndən ilk dəfə idi ki, yataqda yatırdım. Kanalizasiya quyusundan çox-çox rahat idi. Daş kimi yatdım, gecəni oyanmadım. Quyuda ayaqlarımı qarnıma yığırdım. Sağa-sola dönürdüm, birdən yatmaq mümkün olmurdu, dizlərim ağrıyırdı, onda qapağını açıb ayağa qalxırdım, ya ayağımı uzadırdım, həm də hava gəlsin deyirdim. Sonra yenə qapağı örtüb yatırdım... Gecə çox oyanırdım. Çarpayıda isə yox. Amma vərdiş... (Gülür) O boyda çarpayıda da ayaqlarımı qarnıma yığır, quyuya yerləşəcək boyda olub yatırdım... Uzun illər belə yatdım...
- Səhər necə oyanırdınız?
- Polis qapılara dubinka ilə vurub, “durun” deyirdi. Tez qalxırdıq. Orda kitabxana, istirahət otağı var idi. Hərfləri unutmuşdum, kitabların şəkillərinə baxırdım. Televizorda xəbərlər, hərbi verilişlər verirdilər. Cizgi filmi yox idi.
- Uşaq çox idi?
- Orda təkcə uşaqlar deyildi. Elə küçədən kimi tapırdılar, ora gətirirdilər. Yaşlı qadınlar, cavan qızlar və s.
- Adınızı necə çağırırdılar?
- “Ay qız”.
- Artıq azərbaycanca başa düşürdünüz?
- Az-maz. Küçəyə təzə düşəndə isə ancaq “salam” və “sağ ol” sözlərini bilirdim. Yaxşı idi, gündə üç dəfə yemək verirdilər. Polislər qayğıkeş deyildilər, amma pis də davranmırdılar. Qorxduğum döyülmək idi, o da yox idi. Ən balaca mən idim. Hamıya deyirdim ki, “tı xoroşiy dyadenka”. Yalvarırdım ki, buraxın məni, evə istəyirəm. Deyirdilər gərək dalınca kimsə gəlsin. Doğum haqqında şəhadətnaməni gətirən adam olsa, səni buraxacağıq.
- Tutulanda üstünüzdə pul var idi?
- Var idi. Orda aldılar.
- Sonra qaytardılar?
- Yox. Amma köhnə paltarlarımı verdilər. Müvəqqəti saxlanma məntəqəsinin paltarı tünd boz rəngdə şalvar köynək idi, əynimə boş qalırdı. Şalvarın belini bir neçə dəfə qatlayırdım ki, əynimdən düşməsin.
***
Üç ay sonra onu “Ay qız” deyə çağırıb, yenə bəzəkli otağa apardılar. Albina ilə Təhminə adlı bacılar da burada idi. Onlar Katyadan üç-dörd yaş böyük idilər.
- Sizin burada qalma vaxtınız bitib, arxanızca isə heç kim gəlməyib. Bizimsə o qədər çox yerimiz yoxdur. Axşam yola düşürsünüz. Sizi uşaq evinə göndəririk.
Bacılar bir-birinə qısılmışdı. Katya isə tez soruşdu:
- Uzaq gedəcəyik?
- Hə! Qatarla gedəcəksiniz.
Axşam onların əvvəlki bitli paltarlarını özlərinə verib, Akif adlı nəzarətçi ilə yola saldılar.
Katya qatarın nə olduğunu bilmirdi. Amma onu görəndə sevindi. Tez yuxarı qalxdı:
- Mən burada yatacağam.
Katyanın tək istədiyi Akifdən gizli gedəcəkləri yolu öyrənmək idi. Geri qayıtmaq üçün...
Akif də yuxarı qalxdı. Kupenin aşağı yataqlarında bacılar yerləşdilər. Qatar yola düşdü, gözünü yoldan çəkməyən Katya tez-tez Akifə sual verirdi:
- Nə vaxt çatacağıq?
- Səhər.
Yatdılar. Katya hamıdan birinci “yuxuya getdi”. Gözləri isə pəncərədən yola dikilmişdi. Az sonra bacılar da yatdı...
Gecə yarısı Katya bacılardan birinin səsini eşitdi:
- Eləmə, çək əlini... Yatmaq istəyirəm, toxunma mənə...
Akif yerində yox idi. Aşağıdan insan nəfəsindən daha çox heyvan mırıltısına bənzəyən boğuq bir səs eşidilirdi...
(Ardı var...)
II hissədə:
Katya arxa oturacaqda uzanıb yatdı. Nə qədər yatdığını bilmədi. Kimsə çiynindən tərpədib oyatdı. Sürücü idi:
- Ac deyilsən?
- Acam.
- Arxamca gəl. Gedək, sənə yemək verəcəyəm.
Katya qalxıb onun arxasınca düşdü. Avtobusdan enib, dayanacaqdan uzaqlaşdılar. Sürücü yaxınlıqdakı otelə girdi. Katya da onun arxasınca. Mühafizəçinin kiçik, darısqal otağına girdilər. Bu dar otaqdan yataq otağına yol var idi. Katya qapıdan yataq otağındakı qadının çılpaq olduğunu gördü...