Sovet liderləri hansı alkoqollu içkilərə üstünlük verib? – Lenindən Qorbaçova qədər…

13-12-2021, 19:25           
Sovet liderləri hansı alkoqollu içkilərə üstünlük verib? –
Rusiyanın istehsal etdiyi alkoqollu içkilər, xüsusilə “vodka” adı ilə təqdim olunan araqlar dünyanın bir çox ölkələrində məşhurdur. Bu məşhurluğun iki səbəbi var – birincisi onun keyfiyyəti ilə bağlıdırsa, ikincisi də rusların özünün arağa olan münasibətindən, öz məhsullarını böyük “sevgi” ilə təqdim etməsindən irəli gəlir.

Çoxları rus arağının kəşfində “günah”ı Mendeleyevdə görür. Belə ki, o, 1885-ci ilin yanvar ayında “Spirtin su ilə birləşməsi” mövzusunda dissertasiya işi yazıb. Əslində isə hələ kimyaçı alimin elmi yaradıcılığından çox-çox əvvəllər ruslar çörəkdən spirt düzəldərək, üzərinə su əlavə etməklə araq hazırlayıblar və ilk dəfə Moskvada içki verilən iaşə müəssisəsi 1533-cü ildə açılıb.

Rusların alkoqollu içikilərə “xoş” münasibəti bütün dövrlərdə özünü biruzə verib. Məsələn, dünyada yeganə olan “Araq Muzeyi” də Rusiyada, Sankt-Peterburq şəhərində yerləşir. Hazırda rus araqlarının çeşidləri (zavod istehsalı) 3 mindən artıqdır. Bu rəqəm isə rus arağını sevənlər üçün dünyanın ən “yaxşı” göstəricisidir.

Tarixə nəzər salsaq sovet dövründə də SSRİ liderlərinin alkoqollu içkilərə münasibətinin normal olduğunun şahidi olarıq. Düzdür, baş katiblər “əndazəni” keçənlər üçün dəfələrlə antialkoqol kampaniyalar həyata keçiriblər. Xüsusilə 1918, 1929, 1958, 1972 və 1985-ci illərdə bu cür tədbirlər dövlət səviyyəsində daha sərt və daha geniş miqyasda keçirilib. Amma bu tədbirlər, kütləvi inzibati cəza və tənbehlər alkoqol ehtirasının qarşısını ala bilməyib, kütləvi narazılıqlardan başqa heç bir nəticə verməyib.

Maraqlı məqamlardan biri odur ki, bu tədbirlərə imza atanların özləri, birncilər “antialkoqol” qadağalarını özlərinə tətbiq etməyi rəva bilməyiblər…

Nadejda Krupskayanın yazdığına görə, Vladimir İliç Lenin səsli-küylü məclisləri çox da sevməyib. Amma buna baxmayaraq, süfrəsindən qədəhi də əskik olmayıb. Lenin ən çox sevdiyi və demək olar ki, hər gün süfrəsinə təqdim olunan qoyun ətinin qızartması ilə 1-2 qədəh ev şəraitində çəkilmiş “samoqon”dan imtina etməyib.

Nəzərə alsaq ki, “samoqon” 70-80 faiz spirtdən ibarətdir, demək bu təxminən 250-300 qram adi araq deməkdir. Lenin alkoqollu içkilər arasında pivəyə də üstünlük verib. 1907-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Londonda keçirilən 5-ci qurultayında məhz Leninin təşəbbüsü ilə qurultay iştirakçıları fasilə zamanı “yorğunluqları”nı pivə ilə çıxarıblar. Vladimir İliç Lenin spirtli içkilərin qəbulundan sonra da siyasi mövzuda diskusiya aparmağı xoşlayıb.

İosif Stalin tez-tez ziyafətlərin təşkil olunmasının tərəfdarı olub. O müntəzəm olaraq öz bağında məclislər təşkil edib. Bu, bir tərəfdən onun qafqazlı olmasından irəli gəlibsə, digər tərəfdən Stalin bu məclislərdə özü üçün bir çox məsələlələrə aydınlıq gətirib. Belə məclislərdə rəhbər süfrəyə istənilən sayda və istənilən çeşiddə içkilər düzdürüb və məclisdə olanların hamısının spirtli içki içməsinə tam şərait yaradıb, bəzən isə yumşaq formada məcbur edib.

Stalin əsasən onun üçün Gürcüstanda məxsusi hazırlanmış çaxırdan istifadə edib. Bəzi hallarda isə Stalin üçün süfrəyə ayrıca qrafində araq qoyulub. Həmin qrafindən yalnız Stalinin qədəhinə araq süzülüb. Məclislərin birində ordu generalı Ştemenko təsadüfən Stalinin qrafinindən öz qədəhinə araq süzüb və içəndə görüb ki, bu təmiz soyuq sudur. Stalin bu məsələyə simasında az-az görünən təbəssümlə reaksiya verib. Spirtli içkilərin qəbulundan sonra özlərini bir az sərbəst aparan Kreml məmurlarının ən kiçik hərəkətləri belə Stalinin diqqətindən yayınmayıb və belə məclislərdə rəhbər öz silahdaşları haqqında müəyyən nəticələr çıxarıb.

Bəzən gecə saat 4-5-ə qədər davam edən məclislərdə mühüm dövlət qərarları da qəbul olunub. Stalinin məclislərini əyləndirənlər isə əsasən Mikoyan və Jdanov olub. Müasir dildə desək, baş şoumen rolunda Anastas Mikoyan çıxış edib.

Xruşovun içkiyə meylli olması ilə bağlı lətifələrdən tutmuş həqiqətlərə qədər bir çox maraqlı məqamlar mövcuddur. SSRİ Nazirlər Sovetinin keçmiş işlər idarəsinin müdiri Smirtnyukov öz xatirələrində bu mövzuya da toxunub:

“Mən 1930-cu ildən Kremldə işə başlamışam. Bir çox hadisələrin canlı şahidiyəm. Xruşovun SSRİ-yə rəhbərliyi dövründə içki içmək ən adi hala çevrilmişdi. Özü də möhkəm içirdi. Ancaq çalışırdı ki, sərxoş olduğunu hiss etməsinlər. Hətta bir dəfə Bulqaninlə adama bir şüşə konyak içdikdən sonra, üstündən bir-iki qədəh də araq vurub hər ikisi iclasda rəyasət heyətində əyləşmişdilər”.

Xruşovun şəxsi fotoqrafı və həm də yaxın dostu Krimerman isə öz xatirələrində yazıb ki, Xruşov rəsmi ziyafətlərdə, məclislərdə içkidən heç vaxt imtina etməyib. Xruşov bütün məclislərdə, hətta xarici səfərlərdə belə, eyni qədəhdən istifadə edib. Almaniyada ona bağışlanan bu qədəhin sirri ondan ibarət olub ki, qədəhin dibi əlavə büllurla cilalanıb və onun tutumu kənardan göründüyündən az olub. Yəni, bununla da Xruşov məclislərdə bu aldadıcı fəndlə az içməyini təmin edə bilib.

Leonid İliç Brejnev gənclik illərində alkoqola qarşı çox da meylli olmayıb. Amma Kremldə birinci kürsüyə sahib olduqdan sonra qədəhi həkimlər də onun əlindən ala bilməyiblər. 1972-ci ildə “zəhmətkeşlərin xahişi ilə” Sov.İKP MK-nın qərarına və SSRİ Nazirlər Sovetinin “alkoqolizm və sərxoşluğa qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” plana imza atılsa da, Leonid İliç başda olmaqla siyasi elita qədəhlərini boş qoymayıblar.

Deyilənlərə görə, “Zubrovka” arağının həvəskarı olan Brejnevin qədəhinə rəsmi dövlət bayramlarında zəhmətkeşləri Mavzoley tribunasında salamlayan zaman da 100 qram süzməklə könlünü xoş ediblər.

Yuri Andropov səhhəti ilə bağlı içki məsələsinə məhdudiyyətlə yanaşıb. Keçmiş “KQB” şefi maksimum 200 qram araq və ya konyakla kifayətlənib. Ən çox sevdiyi içki isə pivə olub.

Konstantin Çernenko qısa müddətli hakimiyyəti dövründə alkoqoldan uzaq olsa da, Kremldə digər vəzifələrdə çalışdığı dövrlərdə içkidən imtina edə bilməyib. Brejnevin ən yaxın silahdaşlarından biri sayılan və onun sayəsində siyasi pillələri sürətlə qalxan Çernenko qaraciyərində serroz olmasına baxmayaraq Leonid İliçin süzdüyü qədəhlərdən vaz keçə bilməyib. Çernenkonun ən çox əziyyət çəkdiyi vaxt isə Brejnevin təmtəraqlı ad günləri olub. O, bu ad günlərindən yayınmaq üçün Baş katibə tutarlı bəhanələr gətirməyi də bacarıb.

Alkoqolizmə qarşı mübarizə ilə bağlı ən böyük fərmana imza atan Mixail Qorbaçovun öz qədəhi bu fərmana zidd gedib. Rəsmi və qeyri-rəsmi ziyafətlərdə sonuncu Baş katib nəinki sona qədər içib, hətta əlavə içki də sifariş edib.

Qorbaçovun şəxsi aşpazı Anatoli Qalkinin dediklərinə görə, Mixail Sergeyeviç daha çox erməni konyakına üstünlük verib. Arağı isə 2-3 qədəhdən artıq içməyib. Erməni konyakına olan sevgisi sonralar Qarabağ məsələsində də Qorbaçovun siyasi sərxoşluğu kimi bütün çılpaqlığı ilə özünü göstərib.

İlham Cəmiloğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.