HİKMƏT SABİROĞLUNUN QƏLƏMİNDƏN SÜZÜLƏN YAZI.... ELÇİN SƏLCUQ YAŞINDA

18-12-2021, 00:04           
HİKMƏT SABİROĞLUNUN QƏLƏMİNDƏN SÜZÜLƏN YAZI....
Noyabrın 10-da əl telefonuna zəng vurmuşdum. Boğuq səslə “Kimdir?” soruşmağı mənə qəribə gəldi, çünki nömrəmi bilirdi. “Mənəm, qaqa, Hikmət. Ad günün mübarək! 45 oldu”. Yüngül pauzadan sonra səsi bir az da boğuldu: “Hə, 45... Sağ ol... Qocaldıq getdik”. “Qocaldım getdim” yox, “Qocaldıq getdik” dedi. O vaxt cavabsız qalan sözlərinə indi, dekabrın 17-də gələn qara xəbərdən - Elçinin ölüm xəbərindən sonra cavab verirəm: yox, qaqa, qocalmadıq, qocalmadan getdik. “Getdin” demirəm, “getdik” deyirəm. 40 yaşına yazdığım sətirlərin 5 il sonra vida yazısı kimi gərək olması da bunu göstərir...
Hikmət SABİROĞLU
Ürəyim darıxanda evin bir küncünü zəbt eləmiş köhnə diplomatımı açıb şəkilləri tökürəm qarşıma. Şəkillər deyəndə, elə də yer tutmur: uşaqlıq, əsgərlik və tələbəlik şəkillərim Şuşada qalıb. Qalıb deyəndə, hələ Şuşa alınmamışdan yanıb külə dönüb, şəkillərim həm də bu sarıdan əzizdi.
Sel-suyun əlindən qaçıb evə tez gəldiyim o axşam da şəkillərlə əlləşirdim. Eyni şəkillərə nə qədər baxmaq olar?.. Özü də çoxu adi şəkildi - qonaqlıqda, toyda-düyündə çəkilib (belə məclislərdə aparat öz-özünə gəlib çıxır, yoxsa bizdə şəkil çəkdirməyə həvəs hardadı?). Ancaq illərin yüksəkliyindən baxanda hər eyni şəkil həm də həminki deyil. Dünən beş il qabağın xatirəsini dartıb gətirən şəkil bu gün on il əvvəldən boylanır - maraqlıdı. İçində el arasına çıxarılması mümkün olmayanı da var - Əjdər, “Azadlıq”ın fürsətcil fotomüxbiri Əjdəri deyirəm, rumkanı başına çəkdiyin yerdə yaxalayıb səni. Belə şəkil, olsa-olsa bizim “Avropa”nın “Şəkilli söhbət” rubrikasına yarayardı. Amma onlar da maraqlıdı - baxırsan ki, bu, filan yerdi, bu, filankəs, bu da bəhmənkəs…
O axşam belə şəkillərin birində ilişdim. Aman Allah, keyfiyyətsiz çəkilib deyə hər yol üstündən tələsik ötdüyüm, bircə nəfərdən başqa heç kimin yaxşı düşmədiyi bu şəkil mənə nə demək istəyir belə?..
Başda oturmuşam, əlimdəki də… çay stəkanı deyil. Bəzi bəndələr məndən beşbetər ala-yarımçıq düşüblər - Vaqif Bəhmənli, Zöhrab Əmirxanlı, Fəxri Uğurlu, Elçin Hüseynbəyli…
Hamının parası görünən bu solğun şəkildə bircə nəfər gəl-gəl deyir - Elçin Səlcuq. Hamı oturub, o isə stulun üstünə çıxıb dil-dil ötür. Soyuq bir qış axşamıdı. Ramiz Rövşənin ata evində şairin 50 yaşını qeyd eləyirik.
Bu şəkil məni niyə tərpədir?.. Əsla! Elçin Səlcuqun stulun üstünə çıxıb sağlıq deməsində qeyri-adi heç nə yoxdu. Məclisin biz oturan kəsiminin hüquqlarını kim bərpa eləməliydi? Və ya bayaqdan bəri bu tərəfə söz vermirdilərsə, kim şuluq salmalıydı? Elçin Səlcuq. Məqamı gələndə Elçin nəinki stulun üstünə çıxar, lap stolu çevirər. Yəni adi mənzərədi.
Beş il qabaq məhz hansı gün oturduğumuzu xatırlamağa çalışıram. Yenə şəkillər dadıma yetir. “525”in uşaqları burdadı. Yadıma gəlir ki, tez getdilər - qəzetləri çıxırdı. Deməli, iş günüydü. Təqvimlə hesablayanda da 10-u iş gününə - çərşənbəyə düşür. “Detektiv” çərşənbə günü köşkdə olurdu. Yəqin Elçin camaatı elə həmin gün başına yığardı - qəzetinin boş günündə. Bəlkə də 10-u deyildi, hər halda indikitək zəhlətökən bir havada yığışmışdıq. Ancaq o məclisdə zəhlə tökən, ovqat qarışdıran heç nə baş vermədi. Elçin Səlcuqun 35 yaşı xatasız ötüşdü. Stol da aşmadı, stulun üstünə çıxan da olmadı.
Artıq 40 yaşlı Elçinin bu yağışlı-çiskinli, bəd günləri saya-saya getdiyimiz noyabrda da beş-on nəfərlik stol açmağa gücü çatar yəqin. Amma stol önəmli deyil. Əsas odu ki, bu xatalı adam 40 yaşına salamat çata bilib. Dost-tanışçün bundan böyük qənimət varmı?
Yox, o təkcə çətin adam deyil. Bir davakarlığı, bir ərköyünlüyü də olsaydı, dərd yarıydı. O, qeyri-adi dərəcədə çətin, qeyri-adi dərəcədə davakar, qeyri-adi dərəcədə ərköyün adamdı.
Jurnalistikaya və siyasətə dəyərlərin bir-birinə qarışdığı bu axır illərdə gələnlər onu yaxşı tanımırlar. Bir az əvvəlin adamları üçünsə Elçin ovuc içi kimidi. Amma gərək ovcuna insafla baxasan…
O, ən böyük təhlükənin bircə addımlığında dayananda da avantüristcəsinə cəsarətlidi - şahidi olmuşam. Şahidi olmuşam ki, 1992-ci ilin yazında bir dəstə başıpozuq silahlının “Abşeron” mehmanxanasında at oynatdığı, pulsuz-parasız qaldıqları nömrələrdə əyyaşlıq elədiyi, camaatın başına oyun açdığı xəbəri gələndə Elçini göndərdilər. Şahidi olmuşam ki, Tərtərdə düşmən qabağında mövqe tutası, amma o çağın bəlli havasında siyasi macəra axtaran az qala bütöv bir batalyonun əməllərindən gözünü də qırpmadan yazdı - adbaad, əməlbəəməl. Şahidi olmuşam ki, həmin yazı çıxan gün “Azadlıq”ın redaksiyasına basqın eləmiş 25-30 silahlı Elçini öldürə bilərdi. Şahidi olmuşam ki, bir tərəfdə əllərində tapança, avtomat, bellərində qumbara 25-30 quldur dayanmışdı, bir tərəfdə Elçin Səlcuq. Şahidi olmuşam ki, həmin 25-30 nəfər Azərbaycan dili və Naxçıvan ləhcəsinin imkanları daxilində bütün söyüşlərə qonaq oldu - dediyindən (yazdığından) dönmək istəməyən Elçin Səlcuqun ifasında…
Onu ən qəliz və çətin mövzuların dalınca göndərirdilər. Qanunsuz metal alveriylə məşğul olan dəstə var - Elçin Səlcuq. Filan firma saxta dərman biznesinə qurşanıb - Elçin Səlcuq. Balakəndə cəbhəçiləri qovub meşələrə, dağlara salıblar - Elçin Səlcuq. Kələki mühasirədədir - yenə Elçin Səlcuq. O, Kürdəmirə də, Qusara da, Gəncəyə də sanki cəbhə xəttinə yollanırmış kimi gedirdi - tək hansısa mövzunu araşdırıb yazmağa yox, cəngə, haqq bildiyinin davasına. Bu adam ad-sanını da, çörəyini də davadan çıxarırdı…
Bəzən gözümüzə yalnız onun xeyli sakitləşdiyi, daha bölgələrə dava dalınca getmədiyi vaxtlar görünür. Bəli, bizim nəslin haqq davası bu yazıya sığmayacaq mətləblər üzündən öz başımızda çatladı. Bu mənada Elçin də Azərbaycan cəngində məğlub sayılmalıdı. Amma haqq dalana dirənəndə haqqın namını vermədiyi də faktdı. “Detektiv”ə baş yazarlıq elədiyi dönəmi xatırlayıram. Bir ucu yuxarılarla bağlı bu qəzeti ipə-sapa yatmayan nəşrə çevirən də, gərək ki, başqa adam deyildi. Yuxarıda dedim: o, ən böyük təhlükənin bircə addımlığında dayananda da (qəzetə pul verməzlər, işsiz-gücsüz qalarsan) avantüristcəsinə cəsarətlidi. ELƏ qəzeti O CÜR elə Elçin Səlcuq buraxardı. Amma bu, Elçinin gəmidə oturub gəmiçiylə dava eləməsinə dair ilk fakt deyildi. Xalq Cəbhəsinin qəzetində işləyə-işləyə gurultulu bəyanat verib Müsavata üzv olanda da başının sığallanmayacağını bilirdi. Onda axına qarşı üzməyə patoloji bir sevgi var…
Çətin adamdı, söz yox. Bəzən aralı gəzirsən ki, xatası səndən uzaq olsun. Maşınına oturacaqsan, gedib tramvaya vuracaq. Çörək yeməyə gedəcəksən, ofisiantla tutaşacaq. Ovqatının pis vaxtına düşsə, səni də zəhərləyəcək.
Amma onun quzu kimi sakitləşib maşını yavaş sürdüyünü, ofisiantla mehriban danışdığını, bir dost sözündən ötrü göz yaşı tökdüyünü azmı adam görüb? Öz versiyasına görə, belə xarakteri Naxçıvanın iqlimindəndi, yəni bu da bir növ kontinental adamdı.
40 yaş… Adam onu heç cür 40 yaşında təsəvvür eləmir. Sənə elə gəlir ki, o həmişə bir yaşdadı - Elçin Səlcuq yaşında.
İstəsə, bu yazının üstündə də dava sala bilər…
“525-ci qəzet”, 10 noyabr 2004-cü il












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.