Bəhai Dini və Azərbaycan
19-12-2021, 16:34
Tərəf.az saytında verilmiş bir yazıda (16.11.2021) Masallı rayonu icra başçısı Şahin Məmmədovun Bəhai dini icmasına bağlılığına dair şübhəli şəkildə eyham vurulur. Əvvəla, bəhai icmasında Şahin Məmmədov adlı şəxs yoxdur və olmayıb. İkincisi, Bəhai Yazıları bəhailərə siyasətə qoşulmağı, hər hansı bir partiyaya üzv olmağı, siyasi qurumlarda işləməyi və ya seçilməyi qəti şəkildə qadağan edir. Məqalədə göstərilir ki, Azərbaycanda insanların 99%-nin Bəhai dini haqqında məlumatı yoxdur. Müəllifin bu iradını nəzərə alaraq oxuculara aşağıdakı məqaləni təqdim edirik.
Bəhai Dini Allahın Qoşa Peyğəmbəri - Bab (1819-1850) və Bəhaullah (1817-1892) tərəfindən nazil olmuşdur. 1844-ci il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd Bab (ərəb.“Qapı”) Özünü İlahi Zühur elan edir. Bildirir ki, Onun əsas məqsədi insanları Müqəddəs Kitablarda Vəd Olunan İlahi Zühuru qəbul etməyə hazırlamaqdır. Babın çağırışları İranda babilər hərəkatına səbəb olur. Bab 1850-ci ildə Təbrizdə edam edilir. Hərəkat səkkiz il sonra yatırılır. Hərəkatın üzvi Mirzə Hüseyn Əli Bəhaullah (ərəb.“Allahın Cəlalı”) İraqa sürgün olunur. 1863-cü il aprelin 21-də Bəhaullah bildirir ki, O, Babın vədetdiyi İlahi Zühurdur və Bəşəriyyətə Allahdan Yeni İlahi təlim nazil etmişdir. 1868-ci ildə O, Ədirnədə sürgündə, sonra Əkkada həbsdə olarkən hökmdarlara, prezidentlərə və sultanlara məktub yazaraq, onları nazil etdiyi Dini qəbul etməyə çağırır. Bəhaullah 40 il həbs və sürgün həyatı yaşayaraq 1892-ci ildə dünyasını dəyişir.
Bəhaullah Öz Yazılarında bildirirdi ki, O, bütün xalqların çoxdan göslədiyi Kəsdir və O, elə bir təməl qoymuşdur ki, bu, Peyğəmbərlərin öncədən xəbər verdiyi Sülh və Ədalət Erasının başlanğıcıdır. Bəhaullah ingilis şərqşünası E.Braunla söhbətində ona bu sözləri demişdir:
“Əgər bütün millətlər bir din ətrafında birləşərlərsə və bütün insanlar bir-birinə qardaş olarlarsa, insan övladları arasında məhəbbət və birlik bağları möhkəmlənərsə, dini ixtilaflar olmazsa və irqi ayrıseçkiliklər ləğv edilərsə, burda zərərli nə var? Onsuz da bu baş verəcəkdir: mənasız çəkişmələr və viranedici müharibələr keçmişdə qalacaq və Böyük Sülh bərqərar olacaqdır”
Ciddi təqiblərə baxmayaraq, Bəhaullahın Təlimi qısa zamanda Yaxın Şərqdən kənara çıxıb, Avropa, Amerika, Afrika və Okeaniya adalarına yayılaraq dünya dininə çevrilir. Bəhai dini bütün dinlər kimi Şərqdə yaransa da, o ayrıca götürülmüş etnik qrupa yönəlməyib və hansısa bir mədəniyyətlə məhdudlaşmır. Bəhai icmaları dünyanın 187 müstəqil dövlətində və 45 asılı ərazisində vardır.
XIX əsrdə Bəhai icmaları Azərbaycanın Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki, Naxçıvan, Salyan və digər yerlərində artıq mövcud idi. Bəhai icmaları yaranan gündən hər cür dini fanatizmi pisləmiş, qızlara təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlərarası dialoq və əməkdaşlığa can atmışlar. 1937-ci ilin oktyabrından 1938-ci ilin fevralına kimi Azərbaycanda bəhai icmalarına qarşı təqib kompaniyası aparılır. Təqiblər 1987-ci ilə kimi davam edir. 1989-cu ildə icmanın dövlətlə münasibətləri bərpa olunur. 1993-cü ildə Bakı, 2001-ci ildə Sumqayıt icması, 2004-cü ildə isə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili dövlət qeydiyyatına alınır.
Tədqiqatçıların maraq dairəsində. Hələ XIX əsrin ortalarında Babi və Bəhai təlimləri tədqiqatçıları özünə cəlb edirdi. Babiliyin ilk tədqiqatçısı Mirzə Kazım Bəy olmuşdur. Mirzə Kazım Bəyin “Bab və babilər” əsəri 1865-ci ildə nəşrdən çıxmış, bir il sonra fransız dilinə tərcümə edilmişdir. XIX əsrin ikincı yarısında M.Qamazov, E.Braun, A.Tumanskiy, B.Dorn, A.Jukovskiy və başqaları Babi və Bəhai təlimlərini tədqiq etmişlər. Bəhaullah ilə görüşmüş E.Braun ilk dəfə Bəhai təlimini müstəqil din kimi göstərmişdir.
XX əsrin əvvəllərində Bəhai dininə maraq Əbdül-Bəha ilə bağlı olmuşdur. Azərbaycanda “Sərkərağa” kimi tanınan Əbdül-Bəha Bəhaullahın böyük oğlu və Onun süudundan sonra bu dinin uzun illər (1892-1921) başçısı olmuşdur. Həyatının cox hissəsini məhbəs və sürgünlərdə keçirmiş, fars, ərəb, türk dillərini mükəmməl bilən Əbdül-Bəha özünün dərin teoloji bilikləri, mütərəqqi ictimai baxışları ilə ingilis şərqşünası C.Esslemontu heyrətləndirmişdi. Əbdül-Bəha tədqiqatçılara Tövrət, İncil, Quran mətnlərinin şərhçisi kimi də tanışdır. Müqəddəs Yazılardakı rəmzlərdən ibarət və yaxud kifayət qədər anlaşılmayan mətnlərin həqiqi anlamı Əbdül-Bəha tərəfindən açıqlanmışdır.
Yarandığı gündən Bəhai dininin Müqəddəs Yazılar, dinin əsas səxsiyətlərinin (Bab, Bəhaullah, Əbdül-Bəha, Şövqi Əfəndinin) əlyazmaları, şərhlər, fotoşəkillər və həcmi yüz cildlərlə ölçülən digər sənədlər diqqətlə toplanaraq, Beynəlxalq Bəhai Mərkəzinin Arxivində qorunub saxlanılmışdır. Bu tədqiqatçının işini asanlaşdırmaqla yanaşı, tədqiqatın obyektivliyini artıran əhəmiyyətli amil sayılmalıdır. Əvvəlki dinlərin tədqiqi üçün bu cür imkanlar demək olar ki, yox dərəcəsindədir. Hazırda dünyada mövcud on bir əsas dindən yalnız İslam (VII əsr) və Sihhizmin (XVI əsr) tarixi yüz illiklərlə, qalan dinlər – Hinduzm, Buddizm, Caynizm, Daosizm, Konfusiçilık, Sintoizm, Zərdüştilik, İudaizm və Xristianlıq min illiklərlə ölçülür. Bəhai dini bu dinlərlə müqayisədə çox cavandır (177 il). Onun formalaşmasında sonuncu tarixi mərhələ 1963-cü ildə Bəhai dininin Ali ruhani və İnzibati Mərkəzi - Ümumdünya Ədalət Evinin qurulması ilə sona çatıbdır. Bu baxımdan, Bəhai dininin öyrənilməsi dinşünas alimlərə onun timsalında dinlərin yaranma və formalaşma mərhələlərini araşdırmaqdan ötrü geniş imkanlar aça bilər.
Bəhai dini - təriqət, yoxsa müstəqil din. Hələ yüz il əvvəl E.Braun bəhailiyin müstəqil dini təlim olması fikrini söyləsə də, bəzi mənbələrdə o səhvən “İslam təriqəti”, “İslamda Reformasiya hərəkatı” kimi göstərilir. Əlbəttə, hansısa dinin müstəqil olması onun “boş yerdə” yaranması demək deyildir. Bir dinin özündən əvvəlki dinin davamı kimi ortaya çıxması (Proqressiv Vəhy prosesi) bütün dinlər üçün ümumi qanunauyğunluqdur; Buddizmin və Hinduizmin ənənəvi Brahmanizmin əsasında yaranması buna əyani misal ola bilər. Müasirləri ilkin Xristianlığa (I-II əsrlər)Yəhudilikdən ayrılmış qol kimi baxırdılar. Xristianlıq yalnız təşkilatı strukturu, ayin və mərasimlər sistemi formalaşdıqdan və nəhayət, qeyri-yəhudi xalqlar bu təlimi qəbul etdikdən sonra müstəqil din kimi tanındı.
Bəhai dini də Proqressiv Vəhy prosesində növbəti mərhələdir. Bəhailiyin İslam mədəni mühitində yaranması, bir çox cəhətlərinə –terminologiya və qismən teologiya məsələlərində bu dinə yaxınlığını müşahidə etmiş ilk tədqiqatçılar onu yalnış olaraq İslam daxilində “reformasiya hərəkatı” kimi təqdim etməyə cəhd etmişlər. Bəhai dininin əsasını və onun qanunlarının mənbəyini Bəhai dininin banisi Bəhaullahın Yazıları, o cümlədən Vəhy kitabı “Kitabı-Əqdəs” təşkil edir. Bu təlimə görə, Bəhaullahın zühuru ilə bəşəriyyətin tarixində Yeni Era başlamışdır. Həmçinin bu
təlimin ona məxsus qanunlar, ehkamlar, anlayışlar və başqa dinlərdə olmayan nadir İnzibati Sistem ilə ortaya çıxması, onun əvvəlki dinlərdə hansısa dəyişikliklər etmək ismədiyini və Yeni Vəhyə iddialı olduğunu göstərir.
Coğrafi yayılması və prinsipləri. Bəhai Dini bu gün dünyanın 234 ölkəsində yaşayan 2100 millət, xalq və etnik qrupa mənsub 8 milyondan çox insanı birləşdirir. Bəhai ədəbiyyatı 802 dilə tərcümə edilib. Bəhailərin Beynəlxalq Birliyi planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidəki Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir. Bəhailərin nəzərincə, Bəhaullahın nazil etdiyi təlim müasir insan cəmiyyətinin ehtiyaclarına daha dolğun cavab verir və qlobal problemlərin həlli yollarını göstərir. Bu təlimin bəzi prinsipləri aşağıdakılardır:
Bəşəriyyətin Birliyi. Bəhai dini təlimində Bəşəriyyətin Birliyi prinsipi mərkəzi mövqedə durur. Bəhaullah yazır: “Şübhəsiz ki, irqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid səma mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahın təəbələridir”. Bəhaullah öyrədir ki, Bəşəriyyətin Birliyi kamillik yolunda sonuncu sosial mərhələdir. O, izah edirdi ki, Onun gəlişində əsas məqsəd millətlərin və dinlərin birliyini mümkün etməkdir. O, yazırdı: “Həqiqətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik”. Bəşəri Birlik hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edilməyəcəkdir. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insanların onun vətəndaşı” olmasını dərk edənə kimi o insan şüurunda tədricən inkişaf edəcəkdir. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə görünməmiş dəyişikliklərə səbəb olacaqdır.
Əbdül-Bəha yazır: “Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və ədavət aparan millətlər bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq”.
Dinlərin və Peyğəmbərlər birliyi. Dünyanın böyük dinləri ilahi mənşəyə malikdirlər. Onlar müxtəlif yerlərdə və vaxtlarda xalqların ehtiyac və imkanlarına uyğun olaraq Vəhy vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbərliksiz qalmamışdır. Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər Onun tarixi mərhələləridir. Bu Din tarix boyu daim təkamül etmiş - kamilləşmə yolu ilə inkişaf etmişdir. Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar isə bir İlahi Kitabın səhifələridir. Krişna və Musanın təlimində tumurcuğu, İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Bəhaullah buyurur:
“Əgər Onlara (Peyğəmbərlərə) diqqətlə baxsan, görərsən ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini elan edirlər”.
Peyğəmbərlər güzgütək Allahın işığını insanlara əks etdirirlər, Onlar Allahla Bəşəriyyət arasında vasitəçidirlər. Onların hər biri yeni Dinin əsasını qoymuş və müstəqil mədəniyyətlərin inkişafına təkan vermişlər.
Hər bir din iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yüksək ruhani səviyyədə bütün dinlər arasında tam harmoniya mövcuddur və onların runani əsasları birdir. Fərq yalnız sosial qanunlarda, dini mərasim və ayinlərdə müşahidə olunur. Dinin sosial qanunları əbədi ola bilməz, insan cəmiyyəti inkişaf etdikcə, onlar Yeni Peyğəmbərin nazil etdiyi İlahi Təlim vasitəsilə dəyişilməlidir.
Qadın və Kişi Bərabərliyi. Bəhai dini təliminə görə qadın və kişi hüquq bərabərliyi Yeni Dünyanın qurulması üçün zəruri ruhani prinsipdir. Kişi və qadının istedad və şəxsi keyfiyyətlərindən tam istifadə olunmayınca bəşəriyyətin maddi və ruhani tərəqqisi mümkün olmayacaqdır. Qadın kişi bərabərliyi yalnız cəmiyyətin faydası üçün arzu edilən sosial-iqtisadi qayda deyildir. İnsanın yaradılışı ilə bağlı təməl prinsipdir. İnsanın mahiyyəti onun ruhudur və ruhun isə cinsiyyəti yoxdur. Bəhaullah "Qadınlar və kişilər Allah nəzərində bərabər olmuşlar və hər zaman da bərabər olacaqlar" çağırışı qadın və kişi arasında heç bir fərqin olmadığını açıqca ifadə edir. Bu səbəbdən ruhani təməl kimi onsuz da var olan bərabərliyin gündəlik həyatda əks etdirilməsi bir zərurətdir. Əbdül-Bəha 1913-cü ilin yanvarında Londonda keçirilәn Qadın Azadlığı İttifaqının iclasında demişdir: “Bәşәriyyәt iki qanadı olan quşa bәnzәyir: qanadlardan biri – kişi, digәri – qadındır. Hәr iki qanad güclü olmasa vә eyni bir qüvvә ilә hәrәkәtә gәtirilmәsә quş sәmaya uça bilmәyәcәkdir”.
Din və Elmin Vəhdəti. Bəhaullah öyrədir ki, dinlə elm arasında vəhdət mövcuddur. Həqiqi din və həqiqi elm bir-birinə zidd deyildir. Onlar həqiqətin bir-birini tamamlayan tərəfləridir. Belə ki, Allah dini insana tədricən aşkarlayır. İnsan isə öz dərrakəsinə arxalanaraq elmin sirlərini açır. Hər ikisi insana lazımdır. Din ruhani yüksəlişdə vacib köməkçidir. Elm isə maddi tərəqqi vasitəsidir.
"Din və elm – insanın şüurunu yüksəkliyə qaldıran və insanın ruhunu inkişaf etdirən iki qanaddır. Bir qanadla uçmaq olmaz. İnsan əgər din qanadına söykənərək uçmağa cəhd edirsə, o sürətlə xurafat bataqlığına düşəcəkdir. Əgər o yalnız elm qanadında uçarsa, irəli getməyərək, materializmin qaranlıq bataqlığına düşəcəkdir."...
Tarixdən yaxşı məlumdur ki, müasirləri tərəfindən təzyiq və hücumlara həm dinin yaradıcıları, həm də elm pionerləri məruz qalmışlar. Elm və din ardıcılları arasındakı münaqişələr isə çox vaxt vərdiş halına keçmiş cahillik və mövhumat səbəbindən baş verirdi. Bununla belə həqiqi sivilizasiya yalnız insanlar tərəfindən həm dinin, həm də elmin zəruriliyi dərk edildikdən sonra mümkün olacaqdır. Əbdül-Bəha yazır:
“Din və elm birlikdə addımlayır və elmə zidd olan istənilən din həqiqi deyildir”
Siyasətə qarışmamaq və dövlətə sədaqət prinsipi. Bu prinsipə görə, bəhailər dövlət siyasətində iştirak kimi qiymətləndirilə biləcək istənilən fəaliyyətdən yayınmalıdırlar. Cəmiyyətdə siyasi qarşıdurmalar baş verəndə onlar kiminsə tərəfini tutmamalı, hansısa bloka qoşulmamalıdır, “çünki bütün bunlar bəhailərin yaratmalı və möhkəmləndirməli olduqları Ümumdünya Qardaşlığının ali maraqlarına ziddir”. Bəhailər cəmiyyətin bütün təbəqələrindən olan insanlarla – ali hakimiyyət nümayəndələri, eləcə də sadə xalqla ünsiyyət edə bilərlər, lakin bu zaman yol verməməlidir ki, onu siyasi məqsədlərlə və partiya proqramları ilə eyniləşdirsinlər. Bununla belə bəhailərin vəzifəsi – öz hökumətinə, onların apardığı siyasətdən asılı olmayaraq, həmişə tam loyal münasibət göstərməkdir. Bəhainin mövqeyi ikitərəfli olmalıdır: yaşadığı ölkənin hakimiyyət orqanlarına tamamilə tabe olmaq və siyasi məsələlərə və işlərə qarışmamaq. Əbdül-Bəha Amerikada möminlərin qarşısında çıxış edərək deyirdi: “Bəhai Dininə görə sosial quruluşun və iqtisadi şəraitin yaxşılaşması üçün hakimiyyət orqanlarının qoyduğu qanun və prinsiplərə əməl
etmək zəruridir...Biz öz ölkəmizin hökumətinə tabe olmalı və onun xeyirxahları kimi çıxış etməliyik...”.
Vətənə və Bəşəriyyətə xidmət. Bahaullahın təlimi bəhainin ailə və cəmiyyətdə bir sıra əxlaq və davranış qaydalarından ibarətdir: bəhai öz vətənini və bütün bəşəriyyəti sevir, Bəşəriyyətin Birliyi prinsipini uca tutur və Ümumdünya sülhünə çalışır; hər cür dini, siyası, milli, iqri təəsübkeşliklər ona yaddır, hər hansı bir formada siyasi hərəkatlara qoşulmur. O, yaşadığı ölkənin hökumətinə və dövlətin konstitusiyasına sidq ürəklə itaət edir; bəhai əxlaqi saflıq prinsipini gösləyir, nigahdan əvvəl və nigahda ismətliliyi qoruyub saxlayır; hamı ilə nəzakətli, hörmətcil və qonaqpərvərdir; bəhai cəmiyyətdə və ailədə kişi və qadın bərabərliyini tanıyır, təknigahlıqdan başqa heç bir nigah formasını qəbul etmir; bəhai təhsil alır, peşə öyrənir, öz vicdanlı əməyi ilə ölkəsinə və bəşəriyyətə xidmət edir; bəhai Bir Ümumi Din konsepsiyasını təbliğ etməklə dinlər arasında dostluq və birliyin yaradılmasına çalışır; bəhai qeybətdən, mübahisədən, yalan, ixtilaf və narazılıqdan uzaqdır. Bəhaullah öz ardıcıllarına yazırdı:
“Bütün dinlərin ardıcılları ilə dostluq və yoldaşlıq ruhunda ünsiyyətdə olun. Dostlara dönə-dönə tövsiyə etmişik və edirik ki, fəsad qoxusu gələn şeylərdən uzaqlaşsınlar, xeyr, qaçsınlar. Biz bir tərəfdən insan övladları arasında ixtilaf, fəsad və nifaq doğuran şeyləri Allahın müqəddəs Kitabından sildik, digər tərəfdən isə ora ülfətə, anlayışa və birliyə səbəb olan şeyləri təsbit etdik”
Azər Cəfərov
Azərbaycan Bəhai Dini İcması İctimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru