Atasının sağlığında vəzifəsindən qovulan general – Vasili Stalin marşalı hansı səbəbdən söyüb.
20-12-2021, 11:33
Sovet dövründə 1 May- Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik günü və 7 noyabr Oktyabr inqilabının ildönümü böyük təntənə ilə qeyd olunub. Qeyri-iş günü sayılan bu günlərdə ölkənin hər yerində bayram tədbirləri keçirilib. Moskvada isə bayram təntənəsi paytaxt sakinlərinin Qırmızı meydandan keçidindən sonra hərbi paradla davam etdirilib. Hərbi parad zamanı ölkənin hərbi hava qüvvələrinin səma uçuşları xüsusilə maraqla qarşılanıb. Amma bu tədbirlər heç də həmişə xoş bayram ovqatı ilə yekunlaşmayıb...
1952-ci ildə 1 May bayramına son hazırlıq işləri aparılarkən hava şəraitinin uçuş üçün məqbul olmadığı aydınlaşanda parad zamanı hərbi hava qüvvələrinin səma nümayişi tədbirlər planından çıxarılıb. Bu haqda İosif Stalinə də məlumat verilib. Sovet lideri mütəxəssislərin rəyi ilə razılaşsa da, oğlu, Moskva Hərbi Dairəsinin hərbi hava qüvvələri komandanı Vasili Stalin buna məhəl qoymayıb.
Beləliklə, mayın 1-də bayram nümayişindən sonra hərbi texnikalar Qırmızı meydandan keçib. Ayrı-ayrı qoşun növləri tribuna qarşısından keçərək Stalini, digər yüksək ranqı dövlət məmurlarını, marşal və generalları salamlayıblar. Sonuncu keçiddən sonra səmada Moskva Hərbi Dairəsinin hərbi aviasiya qüvvələrinin qırıcı təyyarələri görünüb.
Performans son dərəcə möhtəşəm alınıb. Qırmızı meydanın üzərindən ilk keçən Vasili Stalin olub. Onun təyyarəsi və uçuş manevrləri digərlərindən fərqlənib. Tədbirə toplaşan minlərlə insan hərbi pilotların peşəkarlığını alqışlayıblar. Amma sonluq faciə ilə bitib. Təyyarələrin enişi zamanı hava şəraitinin dumanlı olması səbəbindən qırıcılardan biri aerodrom yaxınlığında ağaca çırpılaraq qəzaya uğrayıb. Daha iki qırıcı isə eniş zolağında toqquşub və pilotlar həlak olub.
Məhz bu hadisədən iki ay sonra Vasili Stalin Moskva Hərbi dairəsinin hərbi hava qüvvələri komandanı vəzifəsindən azad edilib. Stalinin qızı Svetlana Alliluyeva öz xatirələrində qeyd edib ki, Vasili Stalinin komandan vəzifəsindən çıxarılmasına səbəb 1 may günündə baş verən hadisə olub.
Sonralar həmin dövrdə SSRİ Silahlı Qüvvələrinin hərbi hava qüvvələri komandanı vəzifəsində xidmət edən aviasiya marşalı Pavel Jiqaryov Svetlana Alliluyevanın bu versiyasının doğru olmadığını bildirib:
“1 may günündə baş verən hadisə ilə bağlı bizə töhmət verildi, mənə və Vasili Stalinə. Bununla da bu məsələ qapandı. Vasili Stalinin komandan vəzifəsindən çıxarılması isə həmin ilin iyul ayında baş verib. İyulun 27-də Tuşinoda hərbi hava qüvvələri günü ilə bağlı böyük bir tədbir keçirildi. Hərbi pilotlar səmada öz bacarıq və peşəkarlıqlarını nümayiş etdirdilər. Tədbir Stalinin çox xoşuna gəldi və o, qısa nitqində hərbi pilotlarımızın xidmətlərini yüksək qiymətləndirdi, onlara orden və medallar təqdim etdi. Tədbirdən sonra qərargahda ziyafət təşkil etmişdik. Stalin dəvətimizdən imtina etmədi. Süfrə arxasına keçəndən yarım saat sonra Vasili Stalin içəri daxil oldu. Mühafizə onu tanıdığından içəri buraxmışdı. Vasili sərxoş vəziyyətdə idi, ayaq üstə güclə dayanırdı. Stalin onu görcək təəccübləndi və yüksək tonla soruşdu:
- Bu nə deməkdir?
Vasili ona yaxınlaşdı:
- Mən yorulmuşam.
- Sən tez-tez belə yorulursan? Əyləş.
Vasili əyləşəndən sonra araya ağır bir sükut çökdü.
Sükutu mən pozdum:
- Bəli, yoldaş Stalin. O, tez-tez belə yorulur.
Mənim bu cavabımdan sonra Vasili məni təhqir etdi, söyüş söydü, heç nəyi və heç kimi nəzərə almadı. Bu təhqirdən sonra Stalin ayağa qalxıb qapını ona göstərdi:
- Rədd ol!!!
Səhəri günü Vasili Stalin tutduğu vəzifədən azad olundu. Mən Vasili ilə bağlı bütün həqiqətləri nə vaxtsa Stalinə deməliydim. Onsuz da o, özü də oğlunun əməllərindən xəbərdar idi...”
Bu hadisədən sonra “xalqlar ata”sının oğlunun həyatında qara zolaqlar cığır salıb. Həmin ilin dekabrın 21-də Stalinin ad gününü təbrik etmək üçün bağa gələn Vasili Stalini atası həyətdə qarşılayıb və ona içəri keçməyə icazə verməyib. Vasili həmin gün də sərxoş vəziyyətdə olub.
Vasili Stalinin atasının vəfatından sonrakı həyatı ilə bağlı növbəti saylarımızda yazılar təqdim edəcəyik. Amma sonda Stalinin oğlunun öz həyatı ilə bağlı söylədiyi bir fikri qeyd etmək yerinə düşərdi:
“Atam nə qədər sağdır, mən də sağam. Ondan sonrakı taleyim ya güllədir, ya da araq...”
İlham Cəmiloğlu.
Teref.az