"Aliyevşina", yaxud "Naxçıvan Klanı" - siyasət dəllallarının yorulmadan 50 ildir oxuduğu bayatı
27-12-2021, 07:06
AZƏRBAYCAN SİYASİ TARİXİNDƏ HEYDƏR ƏLİYEV ERASI!
I YAZI
Bu günlərdə Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevin jurnalistlər qarşısında keçirdiyi brifinqdə ifadə etdiyi "məktəblərdə valideynlərin verdiyi ödənişlər könüllü və şəffaf mexanizmlə tənzimlənməlidir" fikri ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Təbii ki, yeni təyin olunan kadrlar içərisində perspektiv vəd edən, gənc və savadlı kadr kimi dəyərləndirilən birinin bu cür ifadə işlətməsinin geniş müzakirələrə səbəb olacağı gözlənilən idi. Etiraf edim ki, şəxsən mən də bu gənc nazirin perspektivinə inanır, ölkənin təhsil sistemində müsbət dəyişikliklərə nail olacağına ümid bəsləyirdim. Bu ümidimi tam itirməsəm də, onun səsləndirdiyi fikir və haqqında əldə etdiyim bəzi ilginc faktların, bir çoxları kimi məndə də xəyal qırıklığı yaratdığını qeyd etməliyəm.
Heç şübhəsiz, yazıya belə bir girişlə başlamağım bu yazını oxuyanlarda qəribə bir təəssürat yaradacaq. Bəli, insanlar düşünə bilər ki, Emin Əmrullayevin, bəlkə də istəmədən, ifadə etdiyi uğursuz fikrin "regionçuluq və traybalizm" kimi milli ruha zidd, mənəvi dəyərləri aşındıran siyasi-ictimai xəstəlikdən bəhs edən bir mövzuyla nə əlaqəsi var? Belə bir giriş etməyimin iki səbəbi var:
- birinci səbəb birbaşa mövzuyla əlaqədardı. Belə ki, yüksək standartlara cavab verən təhsil sisteminin mövcud olduğu ölkədə regionçuluq və traybalizm ortadan qalxır, layiq olanlar irəli çəkilir, cəmiyyət inkişaf edir, hər hansı bir klançılığa heç bir ehtiyac qalmır;
- ikinci səbəb odur ki, bu mövzuda geniş araşdırma aparıb, arxiv materiallarına əsaslanan çox qiymətli faktları üzə çıxarmağıma məhz cənab Əmrullayevin məlum fikri ətrafında gedən müzakirələr təkan verdi.
Belə ki, cənab nazirin həmin uğursuz açıqlamasıyla bağlı bu sətirlərin müəllifi olaraq mən də bir neçə paylaşım etdim. Və nə qədər qəribə olsa da, açıq şəkildə sezdim ki, paylaşımlarıma ən çox etiraz edənlər eyni regionu təmsil edən qələm adamlarıdı. Bu dediyim məhz həmin regiondur ki, o regionun təəssübünü çəkən bir çoxları 1987-ci ildən bəri durmadan "aliyevşina", "Naxçıvan klanı", "hakimiyyəti qəsb edən məlum region" və bu kimi aşağılayıcı terminləri siyasi leksikonumuza daxil etmiş və Azərbaycanda birlik və bərabərliyin təmin olunmasına hər vəchlə mane olmaqdadır.
Mümkündür ki, o ifadələri işlədən qələm adamları məsələnin mahiyyətini anlamır, onlar elə düşünürlər ki, həqiqətən də regionçuluq və traybalizm, korrupsiya və rüşvət kimi neqativ halların təməli 1969-cu ildə atılıb və bunun baiskarı da məhz Heydər Əliyevdir. Çünki bu günə qədər düşüncələrə yeridilən fikrin mahiyyəti elə bu konsepsiyaya əsaslanıb. İnsanların düşüncəsində artıq bu fikir hakimdir ki, əgər söhbət regionçuluqdan gedirsə, siyasi hakimiyyətdə tayfabazlıq mövcuddursa, bütün bürokratik aparat, nomenklatur təbəqə rüşvət və korrupsiyaya bulaşıbsa, deməli, hakimiyyətdə naxçıvanlılardır. Kimsə araşdırmır, hamı işin asanına qaçır və uzun illərdir siyasi çevrələrdə hakim olan idbar konsepsiyanı əsas götürərək, "Naxçıvan klanı" kimi mifə dayanan bir deyimi təkrarlamaqdan zövq alır və heç fərqinə də varmır ki, o, bu yalanları ilə əslində, 80 illik tarixi olan və bu gün hər şeyi pərdə arxasından yönləndirən böyük və güclü bir klanın planlarını icra edən miskin icraçıdan başqa bir şey deyildir.
1937-Cİ İLİN QIRMIZI TERRORU
1937-ci il digər keçmiş sovet xalqları kimi Azərbaycan xalqının tarixində də öz izini qoyub. Bu elə bir dərin izdir ki, onun açdığı yaraları, aradan 80 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də tam sağaltmaq mümkün olmamışdır. 37-ci il qanlı repressiyaları xalqımızın üst aristokratik təbəqəsini demək olar ki, məhv etdi. Bu repressiyalardan ən çox zərərli çıxan paytaxt Bakı, Naxçıvan və Ermənistan SSR-in ərazisi kimi tanınan Qərbi Azərbaycanda yaşayan soydaşlarımız olublar.
Bakı məlumdur, ölkənin paytaxtıdı və təbii ki, ən çox ziyalı, aristokratik təbəqə və Sovet idarəetmə orqanlarında, partiya təşkilatları rəhbərliyində təmsil olunanlar paytaxtın payına düşürdü. Repressiyaların qurbanı olanların 80-85 faizinin məhz əhalinin üst təbəqəsinə mənsub olduqlarını nəzərə alsaq, vahiməli durumu təsəvvür etmək o qədər də çətin olmasın gərək. Qısaca olaraq onu deyək ki, 37-ci il Bakını büsbütün boşaltdı. Bakı başsız qaldı, kənddən fərqsiz bir duruma gəldi. Ölkəni idarə edən və edə biləcək kim vardısa, məhv edildi...
Gələk Naxçıvan və Qərbi Azərbaycana. Bəhs edilən dövrdə Naxçıvanın qabaqcıl ailələri mazisi olan, tarixi kökə sahib türk Kəngərli tayfalarına mənsub idi - naxçıvanskilər, şahtaxtinskilər və s. İstər mərkəz Moskvada, istərsə də Bakıda kök salmış erməni mənşəli və onların əlinə oynayan cəlladlar bu qədim türk tayfasını həm Sovet hökuməti, həm də ermənilərin gələcək planları üçün ən böyük maneə olaraq görürdülər. İrəli görüşlü, savadlı və idarəetmə qabiliyyəti olan bütün kəngərlilər ya öldürüldü, ya da uzaq Sibir və Qazaxstan çöllərinə sürgün edildilər. Eyni aqibətlə Qərbi Azərbaycan türkləri də qarşılaşdılar. Məqsəd də bəlli idi, o torpaqda yaşayanların başbilənləri ortadan qaldırılarsa, sonrakı proseslərdə həmin torpaqların erməniləşdirilməsi daha asan olacaqdı.
Qeyd etdiyim kimi, 37-ci il repressiyaları bütövlükdə Azərbaycana çox ağır bir zərbə vurdu, ancaq bundan ən çox nəsibini alan Bakı, Naxçıvan və Qərbi Azərbaycan regionları oldu. Bu 3 regionun bütün elitar təbəqəsi demək olar ki, zərəsizləşdirildi - ya öldürüldülər, ya da sürgün edildilər. Bu deyilənlər arxiv materiallarında öz əksini tapıb. Məsələn, Sov.İKP MK və SSRİ DTK-nın arxiv materiallarına nəzər salıb görə bilərik ki, ötən əsrin 30-cu illərinin ortalarına qədər Nxçıvan MSSR-in partiya və sovet idarəetmə orqanlarında əsasən yerli kadrlar təmsil olunublar. Ancaq 30-cu illərin ortalarından başlayaraq, Naxçıvan Vilayət Partiya Komitəsi, Nazirlər Soveti, Ali Sovet, prokurorluq, milis və məhkəmə orqanlarında bütün nomenklatur vəzifələrdə çalışanların mütləq əksəriyyəti digər regionlardan gələnlərdən ibarət idi. Konkret fakt göstərim: ötən əsrin 30-cu illərinin ortalarından 1990-cı ilə qədər olan müddətdə, təxminən 55 illik periyodda Naxçıvan Vilayət Partiya Komitəsinin 1-ci katibi olmuş 16 nəfərdən cəmi 2 nəfər yerli kadr idi: 1) 1952-55-ci illərdə Ordubad rayonundan Əsgərov İsmayıl Nəsrulla oğlu; 2) 1975-83-cü illərdə Şərur rayonundan Rəhimov Kamran Nəbi oğlu.
Naxçıvan Nazirlər Soveti, Ali Məhkəmə, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi sistemlərində də eyni vəziyyət olub. Bütün bunlar ondan irəli gəlirdi ki, repressiya illərində Naxçıvan daha çox zərər çəkmiş, elitar təbəqə məhv edilmiş və yeni elit təbəqənin formalaşması uzun illər tələb etmişdi. Prosesin belə uzun illər davam etməsinin bir səbəbi də Naxçıvanda Sovet hakimiyyətinə qarşı inamsızlıq və bu hakimiyyətə qarşı dirənişdən qaynaqlanırdı. Yaşlı nəsil çox gözəl xatırlayır: 1970-ci illərin ortalarına qədər Naxçıvan dağlarında, əsasən Şahbuz rayonunun dağlarında Sovet quruluşuna qarşı əli silahlı qruplaşmalar mövcudiyyətini qoruyub saxlayırdı.
Bəhs edilən repressiya illərində Sovet cəza maşınından ən az zərərlə çıxan Gəncə və Qarabağ regionları olub. Doğrudu, hər iki bölgə insanları da qırmızı terrordan öz nəsibini alıb. Ancaq bu iki bölgədə həm insanların sayca çoxluğu, həm də hələ XIX əsrdən bu iki bölgədə ziyalı təbəqənin formalaşması prosesinin daha sürətlə getməsi hər iki regionda elit təbəqənin sayca çoxluğunu saxlamışdır. Digər çox mühüm bir səbəb də var: Teymur Quliyev faktoru...
AZƏRBAYCANDA KLANLAŞMANIN TARİXİ
Kimdir Teymur Quliyev?..
25 noyabr 1888-ci ildə Qaryagin qəzasının Cəbrayıl kəndində anadan olmuş Teymur İmamqulu oğlu Quliyev 1937-ci ilin qırmızı terrorunda ən çox canfəşanlıq edən, repressiv çarxın arxasında duran, dəyərli Azərbaycan ziyalılarının ölüm fərmanına imza atanların başında gələnlərdəndi. O, siyasi fəaliyyətinə çox gec başlasa da (1920-ci ildə Cəbrayıl İnqilab Komitəsinin sədri kimi), sonradan hakimiyyət pillələrində sürətlə irəliləmişdi. 1 il Cəbrayıl İnqilab Komitəsinin sədri olduqdan sonra 13 il ərzində Azərbaycan Fövqəladə Komissiyasının orqanlarında işləmişdir. Teymur Quliyev 1923-1929-cu illərdə Bakıda Azərbaycan Dövlət Siyasi İdarəsində gizli şöbənin və xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır.
1929-1930-cu illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin Lənkəran şöbəsinin rəisi olmuş, 1930-1931-ci illərdə isə Gəncə xüsusi əməliyyat şöbəsinin rəisi vəzifəsində işləmişdir. O, bu dövrdə Azərbaycanda dini hərəkatlara, kolxoz və sovxozların komsomol təşkilatlarının yaradılması əleyhinə çıxanlara qarşı aparılan mübarizədə fəal iştirak etmişdir. Gəncə hadisələri yatırıldıqdan sonra Bakıya çağırılan T.Quliyev 1931-1934-cü illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin mərkəzi aparatında iqtisadi şöbə rəisinin müavini vəzifəsini daşımışdır.
Teymurun öz xalqına qarşı amansız mövqeyi ilə fərqləndiyini görən yuxarılar onu daha da irəli çəkdilər. Belə ki, 1934-1937-ci illərdə əvvəlcə Azərbaycan SSR Ali Məhkəməsi xüsusi kollegiyasının sədri, qısa müddət sonra isə Azərbaycan SSR Ali Məhkəməsinin sədri oldu.
Teymur Quliyevin məhkəmə sisteminin başına gətirilməsi xüsusi planın tərkib hissəsiydi. Arxiv materiallarını diqqətlə incələdikdə belə bir mənzərənin şahidi oluruq: Stalin rejimi hələ 20-ci illərdən repressiyalara start versə də, bu, lokal xarakter daşıyırdı, ancaq qəbul edilən xüsusi qərarlar çox yaxın illərdə kütləvi terrora başlanılacağının siqnalıydı. Təbii ki, belə durumda məhkəmə orqanlarının başında Teymur Quliyev kimi adamların olması olmazsa olmaz şərtlərdən idi.
İnternetdə işıq üzü görən bir arxiv materialı - 144 saylı sənədin 2-ci əlavəsindən (Сталинский план по уничтожению народа: Подготовка и реализация приказа НКВД № 00447 "Об операции по репрессированию бывших кулаков, уголовников и других антисоветских элементов", Приложение 2. Составы троек НКВД-УНКВД 1937-1938 гг., созданных для рассмотрения дел арестованных в ходе массовой операции по приказу НКВД СССР № 00447 от 30 июля 1937 г.) görürük ki, Teymur Quliyev NKVD-nin П51/206 10.07.37 saylı əmriylə Azərbaycan üzrə məşhur xüsusi "troyka"nın üzvü olub. Onunla birlikdə həmin illərdə "troyka"nın üzvü olan digər şəxslər bunlardı:
1) Yuvelian Davıdoviç Sumbatov-Topuridze - Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı, "troyka"nın sədri olub. 1889-cu il Kutaisi doğumludu;
2) Cahangir Saleh oğlu Axundzadə - Azərbaycan KP MK-nın katibi, 1904-cü il Salyan doğumlu;
3) Rayev Mixayıl Qriqoryeviç (Kaminskiy Yakov semyonoviç) - 1938-ci ildə Sumbatovu Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı və "troyka"nın sədri kimi əvəz edib. 1894-cü il Kiyev doğumludu;
4) Ağahüseyn Mehdi oğlu Əlihüseynov - Azərbaycan SSR Baş prokuroru. Kommunist Partiyasının arxivlərindəki sənədlərdə doğum tarixi və yeri olaraq belə yazılıb: 1908-ci il, Azərbaycan. Ancaq SSRİ DTK-nın internetdə yayımlanan arxiv sənədlərində Əlihüseynovun tərcümeyi-halında Qarabağ əsilli olduğu göstərilir;
5) Mir Teymur Mir Ələkbər oğlu Yaqubov - bəhs edilən dövrdə Azərbaycan LKGİ MK-nın 1-ci katibi olub. 06 noyabr 1904-cü ildə Bakıda doğulub, əslən şuşalıdı.
Göründüyü kimi, Azərbaycan üzrə xüsusi "troyka"da təmsil olunan 6 nəfərdən 4 nəfəri azərbaycanlıdı. Onlardan biri - salyanlı Cahangir Axundzadə özü də "troyka" üzvü olduqdan 3 ay sonra repressiyaya məruz qaldı və 1938-ci ilin aprel ayının 21-də güllələndi.
Digər 3 nəfərdən iki Teymur - Cəbrayıldan olan Teymur Quliyevlə əslən şuşalı Mir Teymur Yaqubov "xidmətlərinin" qarşılığını alaraq, vəzifə pillələrində çox irəli gedə bildilər. Teymur Quliyev Azərbaycan SSR Xalq Komissarlar Sovetinin (sonra bu vəzifə Nazirlər Soveti adlandırıldı) sədri, onun seyid adaşı isə əvvəlcə Ali sovetin sədri, sonra daxili işlər naziri, Azərbaycan KP MK-nın II və I katibi vəzifələrini tutdu.
Bu ikili Teymur Quliyevin liderliyi altında Azərbaycanda ilk regional klanı yaratdı. Bu klanı siyasi tarixdə şərti olaraq "Şuşa klanı" adlandırırlar. Meydanı boş görən teymurlar sonrakı illərdə siyasi hakimiyyətdə və partiya rəhbərliyində "Şuşa klanı" üzvlərini yerləşdirməyə başladılar və bu proses tam 30 il davam etdi...
Ardı var
Fərəməz Allahverdiyev