Pilot, mühəndis, dəriçi, jurnalist – Ankarada qurulan təşkilat
25-07-2022, 09:19
Ötən yazılarımızda Azərbaycan mühacirlərinin Türkiyədə qurduqları müxtəlif təşkilatlar haqqında məlumat vermişdik. Həmin təşkilatlardan biri də 1948-ci ildə Ankarada qurulan Azərbaycan Müdafiəyi-Hüquq Cəmiyyətidir.
Bu cəmiyyət haqqında kifayət qədər məlumat olmasa da, qurucularının kimliyi və nizamnaməsi bəllidir. Başqa şəhərdə şöbəsi olmayan təşkilatın nizamnaməsində məqsədləri bu şəkildə qeyd edilib:
- Azərbaycanı, onun tarixini, mədəniyyətini araşdırmaq və tanıtmaq;
- Kitab, dərgi və qəzet çıxarmaqla nəşriyyat işləri həyata keçirmək və mədəni yığıncaqları tərtib etmək;
- Azərbaycanın haqlarını və mövcudiyyətini təhdid edən cərəyanlarla və kommunizmlə fikir sahəsində mücadilə aparmaq.
18 yaşını bitirmiş hər bir şəxs cəmiyyətə üzv ola bilərdi. Hər ilin yanvar ayında cəmiyyətin qurultayının keçirilməsi nəzərdə tutulurdu. Cəmiyyətin idarə heyəti sədr, ümumi katib, mühasib və iki üzvdən ibarət olmaqla 5 nəfərdən təşəkkül edirdi. İdarə heyəti bir il müddətinə seçilirdi. Heyət 15 gündən bir toplanmalı idi. Təşkilatın müşahidə və intizam şuraları fəaliyyət göstərirdi.
Azərbaycan Müdafiəyi-Hüquq Cəmiyyətinin qurucuları kimi nizamnamədə bu şəxslər göstərilib:
İsmayıl Saryal – yüksək mühəndis
Məhəmməd Altunbay – pilot
Əziz Alpoud – kimyagər, dəriçilik mütəxəssisi
Nurəddin Ardıçoğlu - jurnalist
Qurucular haqqında məlumat
İsmayıl Saryal - Mirismayıl Seyidzadə (Saryal) 1896-cı ildə Gəncədə doğulub.Azərbaycan Cümhuriyyəti hökumətinin Almaniyada təhsil almağa göndərdiyi tələbələrdəndi. Berlində Şarlottenburq Texniki Universitetini yüksək elektrik mühəndisi kimi 1924-cü ildə bitirib. Berlində alman qızı Helena Hofmannla ailə həyatı qurub, onunla birlikdə Bakıya qayıdıb. Bu zaman artıq Azərbaycanda Sovet hakimiyyəti idi. O, Bakıda tramvay idarəsində işə düzəlib, həmçinin müəllim kimi çalışıb. Lakin qısa zamanda Mirismayıl ÇeKa tərəfindən nəzarətə götürülüb, ona müxtəlif təzyiqlər edilib. Milli görüşlü insanların, dostlarının ÇeKa zindanlarında işgəncələrə məruz qaldığını görən Mirismayıl 1929-cu ilin payızında 10 nəfərlə birlikdə Güney Azərbaycana, oradan isə Türkiyəyə keçib. Ardınca xanımı və övladını da yanına gətirə bilib. Türkiyədə Saryal soyadından istifadə edən Mirismayıl Ankarada Elektrik və Havaqazı fabrikində işə girib, 1961-ci ildə bu müəssisədən baş mühəndis olaraq təqaüdə çıxıb. Oğlu Nuri Saryal da atası kimi ali təhsil alıb, 1977-1979-cu illərdə Türkiyənin məşhur Orta Doğu Texniki Universitetinin rektoru olub. Saryal həyatı haqqında “Bakı rüzgarı” adlı geniş xatirələrini yazıb. 1982-ci ildə doğulduğu 13 fevral tarixində vəfat edib.
Mehmet Altunbay - Məhəmməd İbrahim oğlu Altunbay 1911-ci ildə Gəncədə doğulub. İlk və orta məktəbi Gəncədə bitirdikdən sonra 1926-cı ildə Bakıya gəlib. Bakıda təyyarə məktəbində oxuyub. Daha sonra Odessa Ali Hərbi Hava Məktəbinə daxil olub, 1933-cü ildə buranı bitirib. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərib. Lakin Azərbaycanda baş verən repressiya, bolşevik zülmü Altunbayın ruslara qarşı gizli fəaliyyətə keçməsinə səbəb olub. İki pilot dostu ilə (Cəlal Məhəmmədzadə, Həsən Zeynallı) təyyarə ilə mühacirətə gediblər. Təyyarələri vurulduğu üçün İrana məcburi eniş ediblər. Buradakı hökumət onları həbs edib, 9 ay Təbriz həbsxanasında saxlanılıblar. Pilotlardan Cəlal İranda öldürülüb, digərləri isə Türkiyə səfirliyinin səyi nəticəsində 1941-ci ildə bu ölkəyə gəliblər. Altunbay Türkiyədə pilot kimi fəaliyyətinə davam etməyə qərar verib. 1943-cü ildə bu məqsədlə baş qərargahın sədrinə müraciət edib. Əskişəhər təyyarəçilik məktəbinə göndərilib. İmtahanlardan uğurla keçərək pilotluq sənədi alıb. 1945-1960-cı illər ərzində Türkiyə Hava Yollarında təyyarəçi işləyib. Altunbay bu dövrdə xatirələrini çap etməyə başlayıb. 1953-1954-cu illərdə İstanbulda “Hürriyyət” və “Yeni səhər” qəzetlərində xatirələrini “Türk təyyarəçisi Məhəmməd Altunbay Rusiyadan necə qaçdı?” və “Cəhənnəmdə gördüklərim” başlıqları ilə 8-9 ay ərzində dərc edib. 1960-1963-cü illərdə Altunbay Amerikanın Mərkəzi Avropada yerləşən “Azadlıq” radiostansiyasının Azərbaycan şöbəsi ilə əməkdaşlıq edib. 1963-cü ildə yenidən Türkiyəyə qayıdıb. Bu dövrdə Altunbayın həyatı ilə bağlı “501 №-li kamera” adlı film çəkilib. 1987-ci ildə vəfat edib.
Əziz Alpoud – Mirəziz Seyidov (Alpoud) 1895-ci ildə İrəvanın Dilican mahalında doğulub. 1905-ci ildə təhsil almaq üçün Tiflisin 1-ci klassik liseyinə göndərilib. Stravropolda, Xarkovda ali təhsil alıb. 1917-ci ildən etibarən aktiv siyasi fəaliyyətə başlayıb, Qafqaz Türk-Müsəlman Tələbə Birliyinin sədri olub. Cümhuriyyət dövründə Bakı Dövlət Dəmiryollarında istintaq hakimi vəzifəsinə təyin edilib. Bakı-Dəvəçi və Bakı-Ələt stansiyalarına nəzarət edib. Cümhuriyyətin işğalından sonra bir müddət İranda qalıb. 1925-ci ildə Türkiyəyə gəlib. Daha sonra Almaniyaya gedib, orada bir müddət dəriçilik sahəsində işlədikdən sonra Frayberq Dəriçilik İnstitutuna qəbul olub. Burada tanış olduğu İlse-Mariya adlı xanımla ailə həyatı qurub. Türkiyəyə döndükdən sonra bir neçə yerdə çalışıb. “Beykoz dəri fabriki”, “Şərq Dəri Türk Limited”, “Qapalı Dəri Fabriki”, “Elektrik və hava qazı şirkəti”ndə müxtəlif vəzifələrdə işləyib. Həmçinin bu müddətdə o, milli məsələlərlə məşğul olub, Düdənginski, Ceyhun Hacıbəyli kimi şəxslərlə məktublaşıb. Dəriçilik üzrə doktorluq dissertasiyası müdafiə edib, bu mövzuda bir neçə kitab yazıb. Bu dövrdə o, mühacirətdəki azərbaycanlı millətçilərin bir araya gəldiyi “Türk izi”, “Mücahit”, “Azerbaycan” kimi jurnallarda yazılar yazıb. Nejdət Sançarın sədri olduğu Türkiyə Millətçilər Birliyinin də üzvü olub. Eləcə də Azərbaycan Kültür Dərnəyinin ilk sədri Həmid Atamanın müavini idi. Ə.Alpoud 1988-ci il iyunun 17-də Ankarada dünyasını dəyişib.
Fikrimizcə üç azərbaycanlı mühacirin və türk jurnalistin qurduğu Azərbaycan Müdafiəyi-Hüquq Cəmiyyətinin Ankarada təsis edilməsinə rəğmən fəaliyyət göstərməməsinin səbəbi cəmi bir il sonra eyni şəhərdə Azərbaycan Kültür Dərnəyinin qurulması olub. 1947-ci ildə Ankaraya gələn Məhəmmədəmin Rəsulzadə iki il sonra bu dərnəyi təsis edib və fəxri sədri seçilib. Mühacirlərin Cümhuriyyət qurucusunun ətrafına yığışması Azərbaycan Kültür Dərnəyinin inkişafına səbəb olub. Təsadüfi deyil ki, AKD-nin qurucu üzvləri arasında Mehmet Altunbayla Əziz Alpoud da vardı.