İNADKAR - İLAHƏ İMANOVA YAZIR
26-07-2022, 16:35
. Ağ gipsdən tökülmüş büst sifarişçinin düşündüyündən də gözəl alınmışdı. Hələ də gəncin bacarığına şübhə ilə yanaşan müştəri sonradan peşman olacağı sualını verdi:
–Bunu siz hazırlamısız? Yəqin ki, sizə kömək edən kimsə də olub?
Sənan mənalı gülümsəyib başını buladı. Müdir onun əvəzinə cavab verdi:
–Axı, sizə demişdim ki, gənc olmasına baxmayın, əlləri qızıldır. O, əsl sənətkardır!
Müştəri heykəlin ətrafında gəzişdi, hər tərəfdən nəzərdən keçirdi. Baxışlarından, üzünün ifadəsindən razı qaldığı hiss olunurdu. Bir anlıq ayaq saxladı, qəfil nə isə xatırlayıbmış kimi təkrar heykəlin qarşısına keçdi. Üzünü gəncə tutub dedi:
–Dodağın üstündə kiçik xal olmalıdır, bax burada, sol tərəfdə. Bir də, boyunbağı olsun boynunda.
–Siz keçən dəfə büstün boynunda boyunbağı olacağını deməmişdiz, axı! -Sənan etiraz etdi. Təmkinini qorumağa çalışsa da, səsindən dilxorluğu hiss olundu.
–Keçən dəfə deməyi unutdum. -Sifarişçi sakitcə dedi.
–Siz narahat olmayın, necə istəyirsiniz elə də olar.-Mehman müəllim Sənanın əlavə söz deməsinə imkan vermədi.
Müştəri həmişə haqlıdır, prinsipi ilə bazar iqtisadiyyatı idarə olunsa da, gənc heykəltaraş üçün sifarişçinin hər yeni dəyişikliyi əlavə əziyyət demək idi.
Sənan müdirlə sifarişçini baş-başa buraxıb gipsin üstünə yenidən ağ örtük atdı. Onlar arasındakı razılaşmanın nəticəsi tezliklə Sənana məlum olacaqdı. İndi isə onun bir az istirahətə ehtiyacı vardı.
Sənan dənizkənarı parkda ağacların altındakı skamyalardan birində əyləşdi. Nəzərləri uzağa yönəldi. Diqqəti dənizin sularında rəqs edən Günəş şəfəqlərində idi. Arifin səhər dediyi sözlərini düşündü. Dostu haqlı idi, o, aşiq olmuşdu. Həyatında ilk dəfə aşiq olmuşdu. Özü də onun sevgisindən xəbərsiz, işvəli-nazlı bir gözələ aşiq olmuşdu. Çox düşündü. İçindən keçən sevgisini etiraf etmək coşğusu, rədd cavabı ala bilmək qorxusuna məğlub olub susurdu. Bir anlıq fikrindən keçdi ki, bu sifarişdən yaxşı pul əldə etsə, o da digər gənclər kimi özünə daha gözəl geyimlər alıb qızın qarşısına çıxa bilər. İnsafən, axı, o, heç də eybəcər biri deyildi. Əksinə, hələ məktəbdə oxuyanda sinfin, elə məktəbin də ən yaraşıqlı gənclərindən biri hesab olunurdu.
Nargin adasına yola düşən gəminin fiti onu arzu və xəyallar aləmindən qoparıb real həyata qaytardı. Emalatxanaya qayıtmalı idi. Yəqin ki, indi Mehman müəllim onu axtarır hər yerdə.
Onu uzaqdan görən fəhlə yüksək səslə çağırdı:
–Sənan, Mehman müəllim səni soruşurdu. Ofisə get.
Bu qısa müddət ərzində Sənan buradakı insanların xasiyyətinə artıq bələd olmuşdu. Ona elə gəlirdi ki, bəzən onların düşüncələrindən də xəbərdardır. Kimin harada və nə deyəcəyini də əvvəlcədən özü üçün təxmin edə bilirdi.
Müdir Sənanı qapı ağzında görüb sevincək ayağa qalxdı. Onu öz yanına çağırdı.
–Sifarişçi sənin işindən çox razı qalıb.
–Keçən dəfə büstün yanağında xal, boynunda boyunbağı olacağı barədə kəlmə də deyilməmişdi. -Sənan narazılığını bildirdi.
–Əşşi, nolacaq ki, kiçik bir xaldı da! Boyunbağı düzəltmək də sənin əlində iki vur iki! -Müdir əlini Sənanın çiyninə qoyub gülə-gülə dedi.
–Bu əlavə iş, əlavə əziyyət deməkdir. -Sənan etiraz etdi.
–Sən vaxt itirmədən işə başla, əziyyətini də necə lazımdır qiymətləndirəcəm. –Müdir masanın siyirməsindən bir xeyli pul çıxarıb Sənanın qarşısına qoydu.– Götür bu pulu, evə bazarlıq edərsən. Behdir, inşallah sifarişi təhvil verəndə yaxşı məbləğ alacağıq.
Sənan gözünün qarşısındakı pullara biganə nəzər saldı:
–Mən pula görə demədim ki! Sifarişçi üçün adi bir şey ola bilər, amma sənətkar üçün əziyyətdir.
Müdir masanın üzərindəki pulları qatlayıb məcbur Sənanın cibinə basdı. Qarşısındakı qürurlu gəncin xasiyyətinə, tərsliyinə qısa müddət ərzində bələd olmuşdu.
Dünən axşam evə gedəndə bir qədər bazarlıq edib, əlindəki pulun qalanını da anasına verən Sənan üçün qadın gecəni yatmayıb oğlunun sevdiyi yarpaq dolmasını büküb bişirmişdi. Qadının arzusu yeganə oğlunu evləndirmək idi. Gənc dəliqanlının qayğısına qalan başqa bir xanımın olması,onu oğlu sarıdan arxayın edərdi. Tərs oğlu isə evlənmək barəsində hələ ki, düşünmürdü.
Sənan üçün modelin üzərində dəyişiklik etmək, əlbəttə, çətin deyildi. O, bu işin də öhdəsindən ən qısa zamanda gələcəkdi. Onsuz da bu günədək həyatda heç nəyi asanlıqla əldə etməmişdi. Həyat onu mükafatlandırmazdan əvvəl həmişə çətinliklərlə sınayardı. Bütün problemləri zamana buraxan gənc getdiyi çətin yolun sonunda uğurlar qazanacağına ümidini heç vaxt itirmirdi.
Sənanı qarşıda çətin günlər gözləyirdi. İş yoldaşlarının dediyi kimi, mərmərlə işləmək gil və plastilinlə, adi daşla işləmək kimi asan deyildi. Tunc və qranitdən fərqli olaraq, mərmər daha yumşaq materialdır, hər an qırılma, çatlama ehtimalı var. Gənc ondan daha çox diqqət və peşəkarlıq tələb edən işin məsuliyyətini artıq öz üzərinə götürmüşdü. Geriyə yol yox idi. Bu məqamda etiraz etmək öz bacarıqsızlığını, qeyri-peşəkarlığını etiraf etmək, arxasınca danışılanları təsdiq etmək demək idi. Sənan buna yol verə bilməzdi.
Müdir:
–Bax, oğlum, peşəkarlığına, bacarığına şübhəm yoxdur, əlbəttə. Amma bunu deməliyəm: nəzərə al ki, bu dəfə adi deyil, qiymətli daşla işləyirsən. Mərmərlə son dərəcə ehtiyatla davranmalısan, -deyərkən Sənan bir daha üzərindəki məsuliyyətin böyüklüyünü dərk etdi. Korlanan hər daşın dəyəri ustanın maaşından tutulurdu. Aylarla işsiz qalan bir gənc üçün hər hansı səhv, ehtiyatsız davranış yolverilməz idi. Anlayırdı ki, bacarıq və peşəkarlıqdan savayı, xüsusi diqqət tələb edirdi bu iş. Özünü təsdiqdən əlavə, ona olan etibarı, güvəni doğrultmaq məsuliyyəti idi bu həm də.
Büst üçün seçilən ağ mərməri pəncərənin qarşısındakı masanın üzərinə yerləşdirdikdən sonra ona lazım olan bütün alətləri -müxtəlif növ tişə, iskənələri, çəkic və bıçaqları, fırçaları əlinin altına yığdı. İşə başlaya bilərdi. Gips modelin ölçülərini pərgarla mərmərin üzərinə köçürmək xeyli zaman və səbr tələb edirdi. Baxmayaraq ki, Sənan həyatda çox hövsəliz idi, amma işinə səbrlə yanaşardı. Xırdalıqlarına kimi diqqət edərdi. Çalışırdı ki, heç nəyi nəzərdən qaçırtmasın. Ən adi bir səhv, ehtiyatsızlıq bütün işini korlaya bilərdi.
Sənan üçün həyatda maddiyyatdan daha önəmli gördüyü işindən zövq almağı idi. Ona sevdiyi qızı xatırladan bu sifarişə fərqli yanaşırdı. Qarşısındakı daşa can verərkən qəlbinə hakim olan qızın surəti idi xəyallarında. Ağır işin sonunda xəyalındakı birinin gözlərinə, saçlarına, dodaqlarına xəyalən də olsa, toxuna bilmək istəyi onu daha böyük həvəslə işləməyə sövq edirdi.
Hamı çay və nahar fasiləsində olduğu müddətdə belə, Sənanın tişəsinin səsi eşidilirdi. Gips modeldən hazırladığı büstün gözlərinə baxmaq kifayət idi, bütün yorğunluğu canından çıxırdı. Qolunun, əllərinin ağrılarını unudurdu. İş görərkən musiqi dinləməyi sevirdi. Buradakı usta və fəhlələrdən fərqli olaraq, klassik musiqilərə üstünlük verirdi. İş yoldaşlarının yüksək səslə qoyduqları bayağı mahnıları nəinki bəyənməzdi, hətta qıcıqlanardı.
Günlər sonra adi daş parçası dalğalanan saçları çiyninə tökülmüş, incə üz cizgiləri olan zərif qadın büstünə çevrilmişdi. Sifariş hələ tam hazır olmasa da, rəsmdəki qadına çox bənzəyirdi. Ali təhsili olmayan, heykəltaraşlıq, tişə sənətinin sirlərindən xəbərsiz olan Sənanın bu günlər ərzində gecə-gündüz rahatlıq bilmədən yonub hazırladığı büstə baxmağa gələn hər kəs təəccübünü, heyranlığını gizlədə bilmir, onun bacarığına “əhsən” deyirdilər. Baxan hər kəsə elə gəlirdi ki, sanki heykəl elə indicə canlanacaq, dil açıb danışacaq.
Sənan işinin peşəkarı olmaqdan əlavə, həm də vurğunu idi. Hələ indiyə kimi heç vaxt gördüyü işdən bu qədər zövq almamışdı, bu qədər həvəslə çalışmamışdı. Yorulanda büstün qarşısında dayanar, bir az əvvəl yonduğu saçlara, gözlərə, dodaqlara barmaqları ilə toxunar, arada onunla pıçıltı ilə danışardı da hətta.
Sənanla bu cansız daş parçasının arasında qəribə bir bağlılıq yaranmışdı. Sevdiyi qıza bənzətdiyi üçün idi bəlkə, hər gün bir az daha hazır olunca büstün üstünü ağ örtüklə örtər, yad nəzərlərdən onu gizlətməyə çalışardı. Kənardan baxanlar onun bu hərəkətini adi qəbul etsələr də, yalnız, o, özü içindəki qısqanclığın səbəbini bilirdi.
Müdir son günlər Sənana tez-tez baş çəkirdi. Onun işinə nəzər yetirmədiyi gün olmurdu. Bu gün də ofisə gələn kimi ilk işi emalatxanaya onun yanına gəlmək oldu.
–Sənan, necə gedir işlər? Sabah günortadan sonra sifarişçi gələcək.
–Hələ hazır deyil.–Sənan sanki son günlər müddəti uzatmaq niyyətində idi.
–Eybi yox, hələ sifarişi təhvil vermirik ki! Sadəcə baxmağa gələcək, -deyib müdir emalatxananı tərk etdi.
İlk günlər necə böyük həvəslə işə başlamışdısa, indi işi bilərəkdən ləngitməyə çalışırdı Sənan. Ona doğma olan bu büstdən ayrılmaq istəmirdi. Bəzən saatlarla büstün qarşısında dayanıb öz işinə tamaşa edirdi. Axı, bu sifariş onun bu günədək gördüyü işlərdən ən gözəli, ən mükəmməli idi.
Günün sonunda emalatxanada daşdan yonulmuş qadın büstü ilə tək qalan Sənan öz əlləri ilə oyduğu gözlərin düz içinə baxırdı. Hər saat daha da canlı görünən qadının necə biri olduğunu, həyatda xoşbəxt olub, olmadığını düşündü. Görəsən, heykəl bir anlıq canlansa, danışa bilsəydi, ona ilk sözü nə olardı.
Sənan əlini başının altına dayaq verib gözlərini yummuşdu. Xəyalında sevdiyi qızın əllərindən tutur, saçlarına toxunur, düz gözlərinin içinə baxaraq sevgisini etiraf edirdi. Sevdiyi qızın surəti rəssam yaddaşına yazılmışdı.
–Bacıoğlu, sən deyəsən gecəni də burada keçirmisən e!
Sənan dik atıldı. Başı üstündə yaşı əllini keçmiş bəstəboy, kök ustanı görüb tez ayağa qalxdı.
–Gec oldu, gedə bilmədim.
Gah Sənanı, gah da büstü diqqətlə nəzərdən keçirən usta əlini gəncin çiyninə vurdu:
–Canıvun qədrini bil, bala! Neçə vaxtdu Fərhad kimi külüng vurursan! Çox özüvü yorma ye! Onsuz da qədir-qiymətivü bilən döyüllər. Heş kim sənə “sağol” diyən döyül. Əsas odu, işüvə görə yaxşı pul versünnər. Çox da can yandırmaginən!
–Mən pul üçün işləmirəm ki, Süleyman dayı! Pul bu gün var, sabah yox. Allah kimsəni ruzisiz buraxmaz! Məncə, əsas olan gördüyün işə vicdanla, peşəkarcasına yanaşmaqdır.
Süleyman kişi Sənanın sözlərini dinləyib onu başdan-ayağa süzdü. Qarşısındakı büstə təkrar nəzər salıb əlini havada yelləyib uzaqlaşdı.
Öz işindən zövq almaq qədər gözəl bir hiss ola bilməzdi sənətkar üçün. Əlindəki yun parça ilə mərmər büstü silib təmizlədi. Öz əlləri ilə yaratdığı heykələ xüsusi qayğı, sevgi ilə yanaşan gənc, bu aylar ərzində doğmalaşdığı sifarişini yaxın günlərdə təhvil verməli idi.
Bu gün işə bir az gec gəlmişdi. Əynini dəyişib emalatxanaya işinin başına qayıtdı. Dodaqlarında təbəssüm əlini büstə uzatdı, üstündən ağ örtüyü çəkdi. Gözlərinə inanmadı. Üzündəki mehribanlıq sərt ifadə ilə əvəz olundu.
–Kim edib bunu? Necə əliniz gəldi?!– Qəzəblə qışqırdı.
Burada işlədiyi bu müddət ərzində bircə dəfə də səsini yüksəltməyən gəncin bağırtısı hər kəsin diqqətini çəkdi.
Nə baş verdiyini anlamayan Arif əlindəki işi yarımçıq qoyub Sənana yaxınlaşdı. Təəccübdən yerindəcə donub qaldı.
–Aaaa...
Yaxınlaşan hər kəs heyrətlə ağ mərmər büstün üzərindəki qara ləkəyə baxırdı.
Sənan başını əlləri arasına aldı. Özünü ələ ala bilmirdi. Aylarla çəkdiyi əziyyət boşuna getmişdi. Səsi titrəyirdi.
–Bunu etməyə necə əliniz gəldi?! Necə qıya bildiz? Gözünüzün qarşısında nə qədər əziyyət çəkmişəm, gündüzlərimi, gecələrimi bu işə həsr etmişəm! Axı, siz də ustasız! Nə boyda əziyyət bahasına başa gəldiyini məndən də yaxşı bilirsiz! Necə edə bildiz bunu?!
Hər kəs bir-birinə baxıb çiyinlərini çəkir, özünü məsələdən xəbərsiz göstərirdi.
Sənan divarın dibinə çökdü. Özünü ələ almağa çalışırdı. Arif yanında oturub əlini oğlanın çiyninə qoydu. Hönkürüb ağlamağı özünə yaraşdırmayan gəncin gözünün yaşı kirpiklərində donub qalmışdı.
–Kim edib bunu, Arif? -Sənanı qəhər boğurdu. -Niyə ediblər? Niyə də? Niyə?
Arif təəssüf hissi ilə başını yellədi. Nə deyəcəyini bilmədi.
Ustalar büstün ətrafında dolanır, öz aralarında pıçıldaşır, mülahizələr yürüdürdülər.
–Mazut ləkəsinə bənzəyir.
–Görən kimin işi olar?
–Yazığ uşağ! Neçə vaxtdu can qoyurdu bu işə! Heyf elədülər uşağın əziyyətini...
–Yalnız paxıllıq hissi hər cür pisliklərə sövq edə bilər.
Xəbər qısa müddətdə ofisə qədər çatdı. Müdir qaranəfəs içəri girdi:
–Sənan hanı?
Sənan ayağa qalxdı. Nə deyəcəkdi? Necə izah edəcəkdi baş verənləri?
Büstün üzərindəki ləkəni gözdən keçirin müdirin gözləri hədəqəsindən çıxdı. Sərt baxışları Sənana yönəldi. Boğuq səsi ətrafa yayıldı:
–Sənan! Bu nə deməkdir? Nə baş verib? Mən izahat tələb edirəm!
Müdirin sərt baxışlarından özünü itirməyən gənc təmkinini qorumağa çalışdı. Qürurlu görünüşü ilə hər kəsə meydan oxuyurdu:
–Qəzəbinizdən çəkinməyib mənim işimi məhv edən birinin aşkarlanmasını xahiş edirəm! Gecə-gündüz rahatlıq bilmədən bu işə canımı qoymuşam. Başqasının zəhmətinə, əziyyətinə bu cür münasibət göstərilməsinə laqeyd qalmayacağınıza ümid edirəm.
Müdir gəncin sözlərindən bir anlıq duruxdu. O, haqlı idi. İzahat tələb ediləcək kəs Sənan deyildi. Ustalara tərəf boylandı. Hər kəsin eşidə biləcəyi qədər səsini yüksəltdi:
– Qulaqlarınızı açıb yaxşı-yaxşı eşidin! Mən bu işi belə qoymayacam! Gec-tez aşkarlanacaq. Odur ki, ən yaxşısı bu işi kim edibsə, gəlib özü etiraf etsin. Mən həmin adamı tapsam, halı çox pis olacaq!
Heç kəsdən səs çıxmadı. Müdir Sənana üzünü tutub soruşdu:
–Sənan, olan olub day. Sifarişçi bu gün baxmağa gələcəkdi. Mən onunla danışıb bir neçə gün sonra yaxınlaşmasını xahiş edərəm. Büstü bu halda görməməlidir! Adımıza xələl gəlməsinə yol verə bilmərik! Sifarişi təhvil verə bilmərik bu vəziyyətdə. Nəsə etmək lazımdır. Bu ləkəni silib təmizləmək olmaz ki?
Sənan büstün yanağından boynuna doğru uzanan ləkələrə ürək ağrısıyla təkrar nəzər saldı.
–Bu bir qədər zaman və böyük əziyyət tələb edir. Yoxsa ki, mümkün olmayan heç nə yoxdur.
Müdirin gözləri sevinclə parıldadı:
–Elə isə vaxt itirmə. Mən bir neçə gün sifarişçini yubadaram.
–Kiminsə qərəzinin təkrar qurbanı olmamaq üçün sizdən bir xahişim olacaq...
–Buyur, eşidirəm.
–İşi təhvil verəcəyim günə kimi bu otağın açarının yalnız məndə olmasını, kimsənin içəri daxil olmamasını istəyirəm! -Sənan öz şərtini bildirdi.
–Yaxşı. Sən necə istəyirsən, elə də olsun! -Müdir razılaşdı. Digər işçilər sözünü eşitsin deyə, ucadan səsləndi. –Sənan işini təhvil verənə qədər kimsə bu otağa daxil olmayacaq.
–Mən niyə bu qədər bəxtsizəm, Arif? -Sənan gileyləndi.
–Bəxtin bura nə aiddiyyatı? -Arif əlindəki siqaret kötüyünü yerə atıb ayağı ilə tapdaladı.
–O boyda əziyyətimi heç etdilər. Necə əlləri gəldi? Bir bilsəm kim edib!
–Bilsəm kim edib, səndən əvvəl mən onun boğazından iki əlimlə yapışaram!-Arif əsəblə dedi.
Sənan köksünü ötürdü:
–Eh... Guya bundan sonra bilsək nə dəyişəcək ki?! Olan olub da day...
–Ən azından sözümüzü deyib ürəyimizi boşaldardıq! -Arif Sənan qədər dilxor idi.
–Mənim bəxtim belədir e! Ömür boyu hər işim çətin düzəlir, ikiqat əziyyət çəkməli oluram. -Sənanın səsində inciklik, kədər duyuldu.
–Təki axırı yaxşı olsun! -Arif tez dedi. -Gör nə vaxtdır, səni tanıyıram. Amma heç soruşmamışam, bu sənəti harda, necə öyrənmisən?
Sənan adətən özü haqqında danışmağı sevməzdi. Ariflə uzun zamandır qonşu olmasına baxmayaraq, bu gün ilk dəfə onunla uşaqlıq xatirəsini bölüşdü:
–Mənim atam rəssam idi. Rəssamlıq bacarığı da ondan keçib mənə. Atam kəndimizdə xəttat-oymaçı kimi tanınırdı. Taxta və daş üzərində oyma işləri görər, müxtəlif fiqurlar, şəbəkələr hazırlayardı. Gününün çox hissəsini emalatxanasında keçirərdi. Atamın işindən zövq alırdım. Diqqətlə əlinə baxardım, taxta parçası üzərində yaratdığı şəbəkələri yadımda saxlamağa çalışardım. O, emalatxanada olmayanda icazəsiz onun bıçaqlarını, tişələrini götürərdim, divarın dibində yığılıb qalmış lazımsız taxta parçalarından birinin üzərinə naxışlar oymağa çalışardım. Əvvəllər elə də yaxşı alınmazdı. Atam həyətimizdə, sahildə qumların üzərində çəkdiyim şəkilləri gördükdən sonra, (o vaxt-atam sağ olanda Buzovnada qalırdıq), mənə oyma sənətini izah etməyə başladı. Taxta üzərində sadə naxışlardan insan heykəli yonmağa qədər öyrəndim. Mən yaxşı şagird olmasam da, yaxşı usta köməkçisi olmağı bacardım.
–Gəncsən! Həyatın qarşıdadır! Öz arzularının arxasınca get! Bu istedadla, bu bacarıqla sənin şəhərin sayılıb seçilən heykəltaraşlarından biri olacağına inanıram! -Arif dəfələrlə dediyi sözü yenə təkrar etdi.
Heç bir kəs, heç bir qüvvə Sənanı yolundan, işindən çəkindirə bilməzdi. O, uşaqlıqdan inadçı idi. Qarşısına çıxan maneələri, çətinlikləri dəf etməkdən usanmayacaqdı. Bu, onun həyat prinsipi idi. Həyat onun qarşısına nə qədər çox sınaq çıxarırdısa, işini nə qədər çətinə salırdısa, o, səbrlə, təmkinlə problemlərin öhdəsindən gəlirdi.
Sənan barmaqlarını büstün saçlarında, gözlərində, dodaqlarında gəzdirib ləkələnmiş yanağına, boynuna toxundurdu. Görünür, kimsə tələsdiyi üçün işini axıra çatdıra bilməmişdi. Məqsəd büstün yanaq və boynunu deyil, üzünü ləkələmək idi. Gənc sığal çəkirmiş kimi büstü əzizlədi.
–Mən sənin gözəlliyini bu ləkədən xilas edəcəm. Nə sənin üzündə, nə də mənim işimdə heç bir qüsur qalmayacaq!
Sənan alətləri əlinin altına yığdı. Cilalamaqdan savayı əlacı qalmamışdı. Bu dəfə daha diqqətli olmalı, mərmərlə daha incə davranmalı idi. Hazır olan üz cizgiləri zərif toxunuş tələb edirdi.
ardı var