BABƏKİN OĞLU ŞƏRQİ ROMA İMPERİYASININ TAXT-TACINA NAMİZƏD İDİ...

27-07-2022, 00:06           
BABƏKİN OĞLU ŞƏRQİ ROMA İMPERİYASININ TAXT-TACINA NAMİZƏD İDİ...
II hissə
Ərsakilərin nüfuz və hörmətinin qaldığı bir dövrdə ən çox pərəstiş edilən, sevilən şəxsiyyətlərdən biri də Babək idi.
Bu, düşündürücü məsələdir. Babəkin Muhəmməd Peyğəmbərin nəslindən olmadığı bəllidir. Belə isə onun Ərsaki soyundan olduğunu iddia edə bilərikmi?
İslam mənbələrinə əsasən, Babəkin atasının adı Abdullah, anasının adı isə Bərumənd olub. Onlar Azərbaycanın Bilalabad (və ya Kəlanrud) kəndində yaşayıblar. Bir gözü görməyən Bərumənd bu kəndin yerli sakinlərindən idi.
Ailəsini yağ satmaqla dolandıran Abdullah isə buraya vaxtilə Ərsakilərin qış paytaxtı olmuş, xarabalıqları bugün də İraqın paytaxtı Bağdaddan 32 kilometr aralıda yerləşən Mədain şəhərindən gəlmişdi.
Müsəlman salnaməçilərinin yazdıqlarına görə, Əməviləri devirib Abbasiləri hakimiyyət başına gətirmiş xorasanlı sərkərdə Əbu Muslimin (718–755) qızı Fatimənin oğlu Mütəhhər Babəkin ata babası idi. Qeyd etmək lazımdır ki, Əbu Muslim Abbasi xəlifəsi Abdullah əl-Mənsurun (714–767) əmri ilə qətlə yetirilmişdi.
Babəkin valideynləri haqqında məlumatların doğruluq dərəcəsini bilmirik. Lakin aydın olan budur ki, informasiya müharibəsi (dezinformasiyaların ötürülməsi) bütün dövrlərdə hərbi əməliyyatları və siyasi qarşıdurmaları müşayiət etmişdir.
Haşiyə. İslam ənənəsinə görə, On İkinci İmam Mehdinin zühurundan əvvəl ortaya Dəccal adlı bir şəxs çıxacaq. O, İblisin sonuncu böyük xidmətçisi olacaq. Dəccal Yer üzündə zülmkar bir rejim qurub özünü ilah kimi təqdim edəcək. Sonda İmam Mehdi Dəccalı öldürüb bəşəriyyəti onun zülmündən, fitnə-fəsadından qurtaracaq.
Hədislərdə Dəccal təkgözlü bir varlıq kimi təsvir edilmişdir. Görünür, Babəkin anasının guya təkgözlü olduğunu az qala bütün salnamələrdə xüsusi vurğulayan Abbasi tarixçiləri Azərbaycan xalqının bu qəhrəman övladını belə bir yolla Dəccala bənzətmək istəyirdilər.
Fikrimizcə, Babəkin şah nəslindən olduğunu göstərən üç dəlil vardır:
- Bunlardan birincisi xürrəmilər hərəkatının rəhbəri Cavidan ibn Şəhrəkin (?–816) Babəki, 18 yaşlı “kəndlini” Bəzz qalasına aparıb öz varisi elan etməsidir.
- Digəri Babəkin öz sözləridir: “Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən şah adını daşıyıram və harada olsam, barəmdə harada nə danışsalar, yenə də şah olaraq qalacağam”.
- Üçüncüsü isə Teofobosun (820 və ya 822–842) müəmmalı şəxsiyyəti ilə bağlıdır.
İslam tarixçisi və sufi şeyxi Əbu Muhəmməd Abdullah ibn Əsəd əl-Yafei əl-Yəməni (1298–1367) özünün “Mirat əl-cinan və ibrət əl-yəqzan fi mərifət həvadis əl-zəman və təqəlləb əhval əl-insan” əsərində yazırdı: “833-cü ildə Həmədan əhalisinin əksəriyyəti xürrəmiliyi qəbul etdi.
Xəlifə Mötəsim Bağdad əmiri İshaq ibn İbrahimi onların üstünə göndərdi. (833-cü il dekabrın 25-də) Abbasilərin ordusu ilə Həmədan xürrəmiləri arasında döyüş baş verdi. Çoxlu xürrəmi həlak oldu. Sağ qalanlar Rum ölkəsinə (Şərqi Romaya) qaçdılar”.
Şərqi Roma tarixçisi və dövlət xadimi, pravoslav müqəddəsi Simeon Metafrastın (900–960) əsərində və “Theophanes Continuatus” (Teofanesin sələfləri) adlı salnamədə belə bir məlumat vardır: 834-cü ilin yanvarında imperiyanın ərazisinə ərəblərlə döyüşlərdən birində ağır məğlubiyyətə uğramış xürrəmilər daxil oldular.
Azərbaycandan gəlmiş bu qaçqınların sayı mənbələrdən bəzilərində 7.000, digərlərində 14.000, başqalarında isə 30.000 nəfər göstərilmişdir. Mühacirlərin başçısı “İran şahının” 12 yaşlı oğlu idi. Yazımızın bu yerində Babəkin dilindən nəql olunan belə bir fikrə diqqət yetirək:
“Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən şah adını daşıyıram və harada olsam, barəmdə harada nə danışsalar, yenə də şah olaraq qalacağam”.
İmperator Teofilos (813–842) ona Teofobos (Tanrıdan qorxan) adını verdi. Yeniyetmə xürrəmi Şərqi Roma sarayına qəbul edildi, orada yaxşı təhsil aldı. Bir neçə ildən sonra Teofobos imperatorun bacısı Teodora ilə evlənib Şərqi Roma ordusunun iri birləşmələrindən birinin komandiri təyin edildi. Şərqi Roma şəhərlərinin sakinləri Teofobosu çox sevirdilər. 842-ci ildə 22 yaşlı Teofobos ölümcül xəstə olan İmperator Teofilosun əmri ilə qətlə yetirildi. («Продолжатель Феофана. Жизнеописания византийских царей». Книга III. Москва – «Наука» – 1992)
İmperator Teofilosun anası Fekla (?–823) Vardan adlı Şərqi Roma sərkərdəsinin qızı idi. Həmin Vardan qədim ərmənlərin Mamikonyan nəslindən olmuşdur. Bir məsələni də vurğulayaq ki, qədim ərmənlərin indiki haylara, əslində, heç bir aidiyyəti yoxdur.
Mamikonyanlar özləri iddia edirdilər ki, onların ulu babaları – Mamqon və Konak qardaşları Çen adlı ölkədən gəlmişlər. Bu ehtimala əsaslanan hay, rus və Avropa tarixçiləri belə bir fərziyyə irəli sürmüşlər ki, guya ilk Mamikonyanlar etnik çinli olmuşlar. Amma onlar bir neçə fakta diqqət yetirməmişlər:
- XV əsrdə yaşamış Sibir türk hökmdarının adı Mamuk xan idi. Mamukxan adı ilə Mamikon (və ya Mamqon) adı arasında bənzərlik, bəlkə də eynilik dərhal nəzərə çarpır.
- Azərbaycanın Ağdam və Göranboy rayonlarında, İranın Qərbi Azərbaycan ostanının Qaraqoyunlu dehistanında Cinli adlı üç kənd vardır. Göründüyü kimi, Cinli və Çen toponimləri arasında da oxşarlıq vardır.
- İmperator Teofilosun Mamikonyan nəslindən olan ana babasının tam adı Türk Vardan idi.
Nəticə. Bu faktlar aydın şəkildə ona dəlalət edir ki, Mamikonyan nəsli türk əsilli olmuşdur.
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.