Seks köləliyi, mafiozun qisası, qazılan qəbirlər... - 39 ildir ÜSTÜ AÇILMAYAN CİNAYƏT
14-08-2022, 11:46
Onun cəmi 15 yaşı var idi. Bir gün sevimli fleyta dərsinə getmək üçün evdən çıxdı və bir daha ondan xəbər alınmadı. Ailəsi onu tapmaq üçün var gücü ilə mübarizə apardı. Onun taleyi ilə bağlı iddialar 1983-cü ildən bu günə qədər gəlib çatıb. 39 il öncə yeniyetmə qızın başına nə gəlib?
Emanuela Orlandi 22 iyun 1983-cü ildə yoxa çıxanda cəmi 15 yaşında olub. Onu sonuncu dəfə Romadakı Navona meydanında Sant'Apollinare Bazilikasının qarşısında görüblər. Kilsə katolik xristianlığının ən sirli sektalarından biri hesab edilən Opus Deiyə aid olub. Emanuela fleyta dərsləri almaq üçün həftədə üç gün müntəzəm olaraq kilsəyə gedib. İyunun 22-də dərsə gedib, hətta çıxandan sonra telefonla bacısına zəng edib. Onunla ən son danışan bacısı olub.
Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, bəzi şahidlərin dediyinə görə, Emanuela avtobusa minərək onu qapı-qapı gəzib kosmetika satmağa razı salmağa çalışan sarı saçlı qadınla söhbət edib. Digərləri qızın yaşıl BMW-yə mindiyini gördüklərini söyləyib.
O gündən sonra Emanueladan bir daha xəbər alınmayıb. 39 ildən çox vaxt keçməsinə baxmayaraq, Emanuelanın başına nə gəldiyi müəyyən edilməyib. "O, qaçırılıb, yoxsa qaçıb?" sualı cavabsız qalıb. Emanuelanın sağ olub-olmaması da məlum deyil.
Emanuela Orlandi fleyta dərsində
Emanuela Orlandinin italyan həmyaşıdlarından bir fərqi olub: atasının işi.
Atası Erkol Orlandi Papalıqda yüksək vəzifə tutub. Orlandi ailəsi Vatikanın divarları arxasındakı iqamətgahda yaşayıb.
Emanuela iyunun 23-də rəsmən itkin düşüb və mətbuatın dəstəyi ilə qısa zamanda bir çox ipucu əldə edilib. İyunun 25 və 28-də gələn iki zəng xüsusilə diqqəti cəlb edib.
İlk zəng edən şəxs özünü Pierlusi kimi təqdim edib. O, Emanuelanı həmin gün Romada gördüyünü deyib, əlindəki fleyta qutusu və geyindiyi paltar haqqında bəzi detallar verib. Buna görə də polis onun doğru danışdığına inanıb. Kişi qızın özünü "Barbarella" adlandırdığını və kosmetika satmaq üçün evdən qaçdığını deyib. Yeri gəlmişkən, Emanuela yoxa çıxmazdan əvvəl bacısına kosmetika biznesi haqqında danışıbmış.
İkinci zəng edən şəxs evdən qaçan “Barbara” adlı gənc qızla tanış olduğunu bildirib. Kişi qızla fleyta dərslərinin verildiyi kilsənin yaxınlığındakı barda görüşdüyünü deyib.
Emanuelanın yoxa çıxması ilə bağlı bəzi iddialar Mehmet Ali Ağcaya qədər gedib çıxıb. Bəzi mənbələr Emanuelanın Ağca ilə mübadilə üçün qaçırıldığını deyir.
Roma Papası onu öldürmək istəyən Ağcanı bağışlayır
Xatırladaq ki, 1979-cu ildə “Milliyet” qəzetinin baş redaktoru Abdi İpəkçini qətlə yetirən Ağca həbsxanadan qaçdıqdan sonra “Milliyet”ə yazdığı məktubda noyabr ayında Türkiyəyə səfər planlaşdıran Roma Papası II İohann Paveli öldürəcəyini iddia etmişdi.
Bu plan 1981-ci il mayın 13-də həyata keçirilib. Ağca Romada Papaya sui-qəsd hazırlayıb, lakin onu öldürməyə nail olmayıb və həbs edilib. Yəni Emanuela yoxa çıxanda Ağca İtaliyada həbsxanada olub. Həm Orlandi ailəsinə, həm də polisə edilən bir çox zənglərdə diqqət məhz bu məqama yönəldilib və Emanuelanın Ağca ilə dəyişdirilmək üçün qaçırıldığı iddia edilib.
Bir məlumat verənin dedikləri xüsusilə diqqətçəkən olub. Aksentinə görə "amerikalı" kimi qələmə verilən kişi 25 və 28 iyun tarixlərində məlumat verən şəxslərin bu planın bir hissəsi olduğunu iddia edib. Bu şəxs Ağca ilə Emanuelanın 20 gün ərzində dəyişdiriləcəyini bildirib. Lakin Vatikan bu sözləri ciddiyə almayıb, çünki sonralar belə bir mübadilə baş verməyib.
İTALYAN MAFİOZUNUN QƏBRİ AÇILIB...
Banda della Magliana
Başqa bir iddia isə Emanuelanın Romada yerləşən, gizli təşkilat olan Banda della Magliana tərəfindən qaçırılması olub.
Mafioz Enriko "Renatino" de Pedisin rəhbərlik etdiyi təşkilatın Vatikan Bankı ilə əlaqəsi olduğu bilinən "Banco Ambrosiano"ya külli miqdarda borc verdiyi deyilir. Bildirilir ki, bankın qəfil müflis olması nəticəsində təşkilat pulunu geri ala bilməyib, ona görə də Vatikan məmurunun qızını qaçırıb pul tələb etmək qərarına gəlib.
Pedisin keçmiş sevgililərindən biri 1990-cı ildə başqa bir təşkilat tərəfindən öldürülən mafiya başçısının Emanuelanı qaçırdığını ona dediyini bildirib. Lakin bunu sübut etmək mümkün olmayıb.
2005-ci ildə İtaliya televiziyasına zəng edən anonim mənbə Emanuelanın Pedislə bir yerdə dəfn edildiyini iddia edib. Qazılan məzarda həqiqətən də Pedisə aid olmayan bir çox sümük tapılıb, lakin araşdırmalar nəticəsində sümüklərin Emanuela ilə heç bir əlaqəsi olmadığı ortaya çıxıb.
Qorxunc iddialar bununla bitmir. Deyilənə görə, Emanuela və onun kimi bir çox gənc qız Vatikan, yerli polis və həmin bölgənin bəzi deputatlarından ibarət dəstənin qurbanı olub. Emanuelanın seks köləsi kimi istifadə edilmək üçün qaçırıldığı, zorakılığa məruz qaldığı, daha sonra öldürüldüyü və cansız bədəninin harasa atıldığı bildirilir.
Üstəlik, bu iddianı irəli sürən adi adam olmayıb. Papa XVI Benediktin yaxın sirdaşı olan və şəxsən Papa II İohann Pavel tərəfindən Vatikanda şər ruhları qovmaq tapşırığı verilmiş Ata Qabriel Amort bu sözləri 2012-ci ilin mayında “La Stampa” qəzetinə müsahibəsində səsləndirib.
2016-cı ildə Vatikanın arxivində işləyən Monsenyor Simeone Duka Amortun iddialarını dəstəkləyib və Vatikanın diplomatiya bölməsində çalışan müəyyən qrupların yeniyetmə qızlardan seks köləsi kimi istifadə etdiyinə dair “mötəbər məlumatlara” sahib olduğunu bildirib.
2017-ci ildə italyan jurnalist Emiliano Fittipaldi əldə etdiyi Vatikan sənədini dərc edib. Sənəddə Orlandi üçün xaricdə yaşayış, yemək-içmək, ginekoloji müayinə kimi xərclər maddə-maddə sıralanıb. Vatikan sənədin həqiqiliyini qəti şəkildə inkar edərək, "yalan və gülünc uydurma" kimi xarakterizə edib.
2018-ci ilin oktyabrında Romada Papalıq binasında aparılan təmir işləri zamanı səkilərin altında basdırılmış sümüklər tapılıb. Təbii ki, hər kəsin ağlına ilk Emanuela gəlib, lakin sümüklərin 200 il öncəyə aid olduğu ortaya çıxıb.
"MƏLƏYİN GÖSTƏRDİYİ YERƏ BAX"
Tevton qəbiristanlığı
2019-cu ilin əvvəlində hər kəsi həyəcanlandıran bir hadisə baş verib. Orlandi ailəsinin vəkili Laura Sqroya göndərilən məktubda Emanuelanın məzarının yeri ilə bağlı eyham vurulub. Məktubu göndərənin kimliyi məlum olmayıb, lakin göndərənin Vatikan daxilindən olduğu dəqiqdir.
Məktubun mətnində “mələyin göstərdiyi yerə bax” ifadəsi yer alıb. Bu cümlə zərfdən çıxan fotoşəkillə birləşdirildikdə böyük məna kəsb edib.
Fotoda Vatikanda yerləşən, lakin ictimaiyyətə açıq olmayan Tevton qəbiristanlığındakı sarkofaq göstərilir. 1836-cı ildə tikilmiş sarkofaqın başında daş mələk heykəli var. Mələyin əlindəki perqamentin üzərində “Requiescat in Pace” (“dinclik içində yat”) ifadəsi yazılıb. Ən maraqlısı o idi ki, sarkofaqın başında həmişə qırmızı şam yandırılır və vazadakı çiçəklər həmişə təzə olur. Eyni şey qəbiristanlıqdakı digər sarkofaqlar üçün keçərli deyil...
Üstəlik, İtaliyanın “Corrierre Della Sera” qəzeti o zaman yazıb ki, həmin məzar son 50 ildə ən azı bir dəfə açılıb və qapağın altındakı sementdə yenidən möhürlənmə izləri var.
Bu hadisə Emanuelanın yoxa çıxmasında Vatikanın rolunun olması şübhəsini yenidən gündəmə gətirib. Çünki Emanuela Tevton qəbiristanlığında dəfn edilsəydi, Ata Amortun irəli sürdüyü seks alveri şəbəkəsi iddiaları güclənəcəkdi. Emanuelanın qardaşı Pietro Orlandi 2019-cu ilin martında "The Daily Beast"a verdiyi açıqlamada bildirib ki, Vatikanın Emanuelanın yoxa çıxmasından 100 faiz xəbəri olub.
"Kaş ki, bütün hekayə yalan olardı. Mən Emanuelanın burada olmasını arzulamıram" deyən Pietro Orlandi 35 ilini yalan çıxan ipuclarını araşdırmaqla keçirdiyini və artıq yorulduğunu bildirib.
Daha sonra Orlandi ailəsi sarkofaqın açılması üçün Papadan icazə istəyib. Vəkil Sqro Vatikana yazdığı məktubda bəzi müstəqil mənbələrin Emanuelanın cəsədinin sözügedən sarkofaqın içində ola biləcəyini deyib. Papa sözçüsü Alessandro Gisotti də mövzu ilə bağlı verdiyi açıqlamada Orlandi ailəsinə belə bir məktubun göndərildiyini təsdiqləyib.
BOŞ YERALTI OTAQ
Sözügedən sarkofaq 2019-cu ilin iyul ayında açılıb, lakin yenə heç bir nəticə əldə etmək mümkün olmayıb. Gisotti o zaman verdiyi açıqlamada bildirib ki, sarkofaqın içərisində nə insan qalıqları tapılıb, nə də kül saxlama qabı. Sarkofaq tamamilə boş olub.
"Biz hər şeyə hazır idik, amma böyük bir boşluqla qarşılaşacağımızı gözləmirdik. Niyə oraya göndərildiyimizi və içərinin niyə boş olduğunu bilmək istəyirik" - Vəkil Sqro deyib.
Emanuelanın qardaşı isə baş verənlər haqqında deyib: "Bacımın orada olmadığını öyrənincə bir az rahat nəfəs aldım. Amma sarkofaqın boş olması məni təəccübləndirdi".
Pietro Orlandinin diqqət çəkdiyi digər məqam 30 ildən çox istintaqa qarışmamağa üstünlük verən Vatikanın birdən-birə onlara dəstək verməyə başlaması olub. Orlandi 2013-cü ildə Roma Papası Fransiskdən kömək istəyəndə “bacın cənnətdədir” cavabını aldığını da deyir və iddia edir ki, Vatikanın hər şeydən xəbəri var.
VƏ BU GÜNƏ GƏLİRİK…
Emanuelanın qardaşı Pietro Orlandi
“La Repubblica” qəzeti ötən həftə Emanuelanın yoxa çıxması ilə bağlı çox maraqlı xəbəri manşetlərə çıxarıb. Məlumata görə, bir vaxtlar Banda della Magliana qrupunun üzvü olan Salvator Sarnataro Emanuelanı qaçıranın oğlu Marko olduğunu etiraf edib.
Xəbərdə bildirilib ki, Sarnataro bu etirafı 2008-ci ildə edib. Lakin bu məlumatın 14 il ərzində niyə gizli saxlanmasına dair heç bir açıqlama verilməyib. Sarnataronun ifadəsindən sonra polis 22 iyun 1983-cü ildə ərazidə çəkilmiş bir neçə fotoşəkli araşdırıb. Kadrlardakı gənclərdən birinin Marko Sarnataro ola biləcəyi qənaətinə gəlinib.
Sarnataronun ifadəsinə görə, Banco Ambrosiano iflas etdikdən sonra Banda della Magliana Vatikana qəzəblənib. Mafiya başçısı De Pedis adamlarına itkisinin qisasını almaq üçün Emanuelanı qaçırmağı əmr edib.
Marko və iki dəstə üzvü bir motosiklet qarşılığında Emanuelanı qaçırıb və onu Romanın ağaclarla əhatə olunmuş məhəlləsində süni gölün sahilinə aparıblar. Burada qız dəstənin ən məşhur simalarından birinə həvalə edilib.
Sarnataro oğlunun günlərlə Emanuelanı necə izlədiyini, hətta bir anda toxuna biləcək qədər yaxınlaşdığını da təsvir edib.
Sarnataronun açıqlaması hadisəyə işıq salmaq üçün vacib bir detaldır. Bununla belə, hələ də cavabsız çox suallar var. Emanuelanın özü və ya məzarı tapılmadan bu suallara cavab tapmaq mümkün deyil.
Nigar Cəfərli,
Musavat.com