Xətai və İnsan

19-08-2022, 08:39           
Xətai və İnsan
İnsan. Tanrının yaratdığı ən üstün varlıq hesab olunur. Bu üstünlüyün sirri insanın ruhunda gizlənmişdir. Düzdür, insan aləm olaraq heyvanlar, tip olaraq primatlar dəstəsinə aiddir. Bir çox filosofun fikrincə, insan özü “danışan, ünsiyyətdə olan heyvan” mənasını kəsb edir. Maraqlısı budur ki, heyvan sözü ərəb dilində “canlı olan, yaşayan, diri” deməkdir.

Baği-hüsnində bоyun sərvi-xuraman dedilər,
Zülmət içində ləbin çeşmeyi-heyvan kimidir

Beytdə diqqət olunası əsas məsələ “çeşmeyi-heyvan” izafət birləşməsidir. Şairin sözlərinə görə onun yarının hüsnü(gözəl üzü) cənnət bağı kimidir və yarının boyunun uzunluğu sərv ağacına bənzəyir. Onun dodaqları isə qaranlıq aləmdə dirilik bulağıdır(çeşmeyi-heyvandır). Təsəvvüfdəki dirilik bulağı imansız insanları hidayət edən bir anlayışdır. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi İslam dinində diri anlayışı qəlbi ibadət eşqi ilə döyünən, Allaha səcdə edən mömin insanlara deyilir. Qəlbi daş insanlar isə iman çərçivəsinə yaxın durmaq istəməyən, o fəzilətdən uzaq olan insanlardır.
Mövzumuz bir az dərin mövzudur. Müəyyən müşkül məsələlər var ki, bu məsələləri “rasionalizm” və “irrasionalizm” cərəyanı ilə açacağıq.
Rasionalizm(məntiq, təfəkkür)
Hüsnün bəyani sureyi-Yasinu haləta,
Ey Kəbeyi-mübarəkü vey Marveyi-Səfa


Xətayinin fəlsəfi görüşü sufiyanədir. Şair bu beytdə öz yarının surətini (üzünü) Yasin surəsinə bənzədir. Niyə məhz Yasin surəsi?!

Bu sirrin cavabı “sin” hərfindədir. İnsan və Yasin sözlərindəki “sin” hərfi. Ərəb dilində bu hərf pak-pakizə olan məsum adam mənasını verir. “Ya” sözü isə xitabdır. Mənası “Ey” deməkdir. Dinimiz islamda “Yasin” olan şəxs Məhəmməd peyğəmbər (s.ə.s)dir. Bəs insan necə xətasız, pak-pakizə olur?!
İnsanda heyvanlarla müştərək hissi duyğular vardır. Şəhvət, aclıq, qorxu və.s,lakin insanın heyvandan ən böyük fərqi “şüurdur”. İnsan öz şüuru ilə heyvani hislərini cilovlaya bilir.

Yüz eybilə kim, bu şöhrətin var,
Bu şəhvət ilə nə hörmətin var?!


Klassizmdə şəhvət hissinə qapılmış insanlar cahil insanlardır. Kamillik nöqtəsinə çatmaq üçün insan gərək öz şəhvətini şüur, məntiq və təfəkkürü ilə cilovlaya bilsin. Misal üçün heyvandakı şəhvət hissini, insan cilovlayaraq, seçim edərək eşqə çevirə bilir. Məsələni sadə dildə izah edək :
Heyvan onun orqanizminə uyğun olan yemlər ilə qidalanır. Məsələn qoyun, otun hər növünü yeyir, ət yeyə bilməz. İnsan isə belə deyil, o öz şüuru ilə qisasını seçə bilir. Eyni zamanda da heyvan şəhvətinə düşkün canlıdır, insan isə şəhvət hissinə sevgi anlayışını əlavə edir və ona uyğun formada özü öz yarını seçir. Rasionalizm sevgi, eşq, qorxu, düşüncə kimi məsələləri şüura bağlayır. Yəni ki, insanın bioloji yol ilə aşiq olması, şüur və instinkdən aslı olan birşeydir. Şüur özü mücərrəd varlıqdır və fikrimizcə, o ruhun bir parçasıdır. Çünki, özü – özlüyündə beyinin heçbir funksiyası yoxdur. Məsələn ölmüş cəsəddə nə düşüncə var nə məntiq, çünki şüur ruh ilə birgə bədəni tərk edir.

Qeyd :
Misal üçün aşiq olmaq hissi sensualizmə görə ürəkdən başlayır və o zaman beyin öz fəaliyyətini azaldır. Halbuki, rasionalizmlə məsələyə yanaşsaq, problematika başqa cür həllini tapacaqdır. İnsan aşiq olanda şüurun göndərdiyi siqnallarla bədən parasimpatik sinir sistemindən, simpatik sistemə keçir, endorfin(xoşbəxtlik) , oksitosin(bağlılıq) və adrenalin hormonları həddən artıq ifraz olunur, ona görə də insan özünü xoşbəxt hiss edir və xoşbəxtlikdən düşüncəsiz (şüursuz) hərəkət edir. Yeri gəlmişkən onu da qeyd edək ki, bədən simpatik sinir sisteminə keçən zaman adrenalin artığı vaxt, parasimpatik sistem fasilə verir ona görə də noradrenalin ifraz olunmadığına görə bəzi hisslər həmin an fəaliyyət göstərmir. Misal üçün insan qorxan zaman simpatik sinir sistemi işə düşür və parasimpatik olan yuxu hissi fəaliyyət göstərmir.

İrrasionalizm(hisslər və duyğular)
Son haqqı yabanda arama, sağın
Uyduysan qəlbinə, haq sana yaxın,
Şair burda olduqca maraqlı məsələyə toxunmuşdur. Qəlb anlayışı. Bu məfhumun hesabına insan haqqı nahaqdan ayırır və aşiq olur. Sözügedən məsələdə irrasionalizm və rasionalizm kəsişir və ədəbiyyatda böyük ziddiyyətlər doğurur. İrrasional cərəyan sırf hissi duyğulara önəm verir və hissi duyğuları beyindən (şüurdan) alıb ürəyin ruhu olan qəlbə həvalə edir. Düzdür, irrasionalizm fəlsəfə tarixində geniş şəkildə tədqiq olunmasa da ədəbiyyata və fəlsəfəyə güclü şəkildə təsir göstərmişdir. Bu təsirlərdən biri də sentimentalizm cərəyanıdır.

Onların qəlbləri var, lakin haqqı düşünməzlər... (Əraf surəsi 179-cu ayə)

Sual yaranır ki, bəs qəlb hara, düşüncə hara, axı düşünən məfhum şüurdur,ürək deyil. İlk öncə ürək barədə danışaq. Ürək bədənin orqanıdır, vəzifəsi qan dövranını tənzimləməkdir, qəlb isə aşiq olmaq, haqqı nahaqdan ayırmaq üçün vasitədir. Ədəbiyyatımızda gözəl bir deyim var. Sidqi-qəlblə sevin. Yəni təmiz, saf qəlblə aşiq olun. Sual yaranır, məgər qəlb ruhun bir parçası deyilmi?! Məgər qəlb ürəyə metafiziki olaraq can verən orqan deyilmi?! Bəs qəlblə düşüncənin, hissi duyğuların nə əlaqəsi var?! Bəs rasionalizmə görə hərşey şüurdan aslı deyildimi?!

Əksigə qalmayan pirim Əlidir,
Qəlbində şübhəsi olan gəlməsin.

Şeyx bu beytdə qəlbində Əli(ə) yoluna şübhəsi olanlar həqq yolda ola bilməz, onlar bizimlə eşq yoluna çıxmasınlar fikrini irəli sürmüşdür. Qeyd etdiyimiz kimi klassizm və islamda qəlb anlayışı bir çox mənada işlənmişdir. Misal üçün aşiq olmaq üçün vasitə, haqqı nahaqdan ayıran məfhum və düşünən orqan. Mütəfəkkir orqanımız beyin(şüurdur), düzdür,lakin ingilis alimi Doktor Andrew Armourun tədqiqatları onu göstərir ki, ürəkdə də sinir neyronları ilə düşünmə qabiliyyəti mövcuddur.

D.R Andrew Armourun “Nevrokardiologiya” əsərindən sitat.
“Laceylər psixofiziologiya sahəsində tədqiqatlarını apararkən, kiçik bir qrup kardioloqlar qarşılıqlı maraq doğuran sahələri araşdırmaq üçün bir qrup neyrofizioloq və neyroanatomistlə birləşdilər. Bu, indi neyrokardiologiya adlanan yeni intizamın başlanğıcını təmsil edirdi . Onların ilk tapıntılarından biri ürəyin ürək üzərində beyin kimi xarakterizə oluna biləcək qədər geniş olan mürəkkəb neyron şəbəkəsinə malik olmasıdır. Ürək -beyin, adətən adlandırıldığı kimi, və ya daxili ürək sinir sistemi, başdakı beyindəki kimi mürəkkəb qanqliya, neyrotransmitter, zülal və dəstək hüceyrələrindən ibarət mürəkkəb bir şəbəkədir. Ürək-beynin sinir dövrəsi ona öyrənmək, yadda saxlamaq, qərar qəbul etmək və hətta hiss etmək və hiss etmək üçün kəllə beynindən asılı olmayaraq hərəkət etməyə imkan verir.”

Xülasə, professorun sözlərinə görə insan bədənində düşünən orqan təkcə beyindəki şüur deyil, eyni zamanda ürəkdəki qəlbdir. Deməli, insan ürəkdəki sinir neyronları vasitəsi ilə aşiq ola, haq yola gələ bilər. Qeyd etmək lazımdır ki, dualizmə görə sözügedən neyronları hərəkətə gətirən əsas vasitə ruhdur, daha dəqiqi desək ruhun bir parçası olan qəlbdir. Dualizm özü ikililikdir, yəni bir məfhumun həm maddi, həm mücərrəd tərəfinin olduğunu qəbul edir. Necə ki, saat əqrəblərini fırladan batareyadakı enerjidir, eyni zamanda o enerjini işə sövq edən mücərrəd zamandır, eyni ilə ürəyi çalışdıran da ruhdakı qəlb və beyni fəaliyyət göstərməsinə məcbur edən məfhum da mücərrəd ruhdakı şüurdur.

Mənbələr :
Xətayi şeirləri şərq qərb nəşriyyatı Bakı 2015
Andrew Armour” Neurocardiology”
Ağayar Şükürov “Fəlsəfə”
Həmid İmanov “Fəlsəfənin əsasları”

İnternet resursları :
https://www.heartmath.org/research/science-of-the-heart/heart-brain-communication/
Tanrıverdi Əliyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.