Salman Rüşdi kimi tənqid etmişdi? - Xomeynini və ya Məhəmməd peyqəmbəri
22-08-2022, 17:56
Yerindən duran, üstəlik "Şeytan ayələri" romanını oxumayanlar Salman Rüşdini söyür, kafir adlandırır. Mən özüm də oxumamışdım, ama kitabın adı son dərəcə cəsarətlə elə seçilib ki, mən də gümana qapılıb "Quran"ı aşağıladığını düşünmüşdüm. Əslində isə romanın adında məqsəd kitabın yaxşı satılması olub. Sırf biznes xətrinə. Bu gün jurnalistikada bu başlıq fəndindən geniş istifadə edilir. Qəsdən yanlış göndərmə ilə, yanlış təəssürat yaradıb maraq çəkmək, oxutdurmaq. Bir dəfə 94-cü ildə mən bu fənddən istifadə edib "Azadlıq"da "Anasından bixəbər yazı" adlı bir reportaj yazmışdım, nadan rəhbər yönləndirdiyim yanlış istiqamətə gedib reportajın əsil məğzini tutmadı və böyük qalmaqal oldu, mən işdən çıxdım.
İndicə Qan Turalının bir yazısnı oxudum, onu paylaşıram. Kitabı oxumayıb söyənlər, barı bu kiçicik informativ yazını oxuyun, gerçəyi bilin, adınız beyinsiz kor cahillər cərgəsində qalmasın. Düşünün, özünüzə sual verin: əslində Quranı, Məhəmməd peyğəmbəri müdafiə edən bir romana görə bu yazıçını niyə ölümə məhkum ediblər? Tural informasiyanı verib, siz də beyninizi işə salıb, cavabı tapın. Hərçənd onu da açıq-aydın deyib.
****
Rüşdi peyğəmbəri yox, Xomeynini tənqid etmişdi...
Salman Rüşdinin “Şeytan ayələri” dünya ədəbiyyatının ən çox qalmaqal yaradan romanı, müəllifin bıçaqlanması isə son günlərin ən çox müzakirə olunan hadisəsidir desək yanılmarıq. Ancaq bu hadisənin səbəbi, ictimai və dini köklərini də ortaya çıxartmaq gərəkdir. Bir çox sahələrdə olduğu kimi burada da saz nadanların əlindədir, öz cahil nəğmələrini oxuyurlar.
Başlayaq, bu başıbəlalı “Şeytan ayələri” romanından. Xomeyni romanın müəllifinə ölüm hökmü çıxartdığı 1989-cu ildən bu yana yazıçının başı bəladadır. Müəllif İngiltərədə Cozef Anton gizli adıyla bir müddət yaşadı, daim polis mühafizəsində oldu. Bir neçə ildir Nyu-Yorka köçən Rüşdi burada nisbətən rahat və azad idi.
Bəs roman nədən bəhs edirdi? Romanı tənqid edənlər, eləcə də ölüm hökmü çıxaranlar onu oxumamışdı. Romanın adı onu damğalamaq üçün kifayət edirdi. Əsl səbəb isə başqadır, onu ayrıca yazacağıq. Çünki roman heç də Quranı “Şeytan ayəsi” adlandırmır, peyğəmbəri də təhqir etmirdi. Ədəbiyyatın kimisə təhqir etmək kimi bir missiyası ola bilərdimi? Rüşdi sensasiya arxasınca qaçmayan, epatajla uğur qazanmağa çalışmayan, yüksək ədəbi dəyərə malik və yetkin bir yazıçı idi. Hətta bu roman olmasaydı o Nobel mükafatı da qazanardı. Ancaq Nobel komitəsi kəskin böhran yaradan yazıçını mükafatlandırmaqla münaqişədə tərəf olmaq istəməmişdi. Bir sözlə, roman Rüşdiyə də çox mane olmuşdu.
Roman İngiltərəyə mühacirət edən iki hindlidən bəhs edir. Təyyarə qəzaya uğrayır, ardınca mistik hadisələr baş verir, hindlilərdən biri mələyə, digəri şeytana çevrilir. İngiltərədə başlarına gələn xeyli əhvalatdan sonra hər ikisi Hindistana qayıdır. Roman miqrantların taleyini, onların yad mühitə uyğunlaşa bilməməsini, özgələşməsini təsvir edir. Göründüyü kimi, roman əslində şərq insanlarının Qərbə adaptasiya oluna bilməməsi haqqında yazılmışdı və islama aidiyyəti yox idi.
Romana daxil edilmiş hekayələrin birində şeytan ayələrindən bəhs edilir. Əsas etiraz bu məqama qarşıdır. Məhəmməd peyğəmbər şeytanın vəsvəsəsi ilə bəzi ayələr oxumuş, ancaq buna peşman olmuş, Allah isə ayələr (Nəcm surəsi 19-20, Həcc surəsi 52-54) nazil edərək onun özünü bu qədər günahlandırmasının doğru olmadığını, bu vəsvəsənin hər peyğəmbərin başına gəldiyini bildirmişdi. İslami ədəbiyyatda bu əhvalat “Qaranik hadisəsi” adlandırılır və bütün islam alimləri bu hadisənin həqiqətən də baş verdiyini bildirir. Burada mübahisəli heç bir məqam yoxdur və Rüşdi də məhz hadisəni dini ədəbiyyatda baş verdiyi kimi təsvir etmişdi. (Hadisə ilə bağlı geniş məlumat almaq istəyənlər internetdən İslam Ensiklopediyasının “Garanik” məqaləsini oxuya bilərlər. “YouTube”da də bu haqda geniş məlumatlar yer alıb).
Bir sözlə, Rüşdi heç də küfrə yol verməmişdi. Üstəlik, islam dinini yaxşı bildiyi üçün romanın bir çox yerində dini islamofobiyanın hücumlarından qorumuş, islam peyğəmbərini müdafiə etmişdir. Kəşmirdə müsəlman bir ailədə doğulan Rüşdi ateist də deyildi. Bəs ona qarşı bu qədər hiddətin səbəbi nə idi? Nəyə görə Xomeyni ömrünün son aylarında Rüşdi haqqında belə bir fətva vermişdi? Dərin düşünməyə gərək yoxdur, romandakı bir obraz Xomeynini çox xatırladırdı və Rüşdi bu obraz ilə islam dinini yozlaşdıranları, onu öz mahiyyətindən qopardıb şəxsi mənfəəti üçün istifadə edənləri tənqid edirdi. Məhz bu məqam Salman Rüşdini hədəfə gətirmiş, ancaq məsələni pərdələmək üçün guya Rüşdinin islam peyğəmbərini təhqir etdiyi yalanı uydurulmuşdu.
Həqiqət də məhz bundan ibarətdir.
Pərviz Cəbrayıl