BÖYÜK SƏLCUQLU TÜRK XAQANI ALP ARSLAN

26-08-2022, 00:07           
BÖYÜK SƏLCUQLU TÜRK XAQANI ALP ARSLAN
Səlcuqlu Türkləri Türk-İslam tarixinə dörd böyük İmperator (Toğrul Bəy, Alp Arslan, Məlikşah və Sultan Səncər) bəxş etmişlər ki, bunlardan biri də dünya tarixində dönüş yaradan, sağlığında belə “Cahan Sultanı”, “Fatehlər Atası”, “Adil Sultan” adlandırılan, “Malazqırt qəhrəmanı” Alp Arslandır.
Əmisi Sultan Toğrul Bəy öldüyü zaman (1063) Alp Arslan 34 yaşında idi. Bir sıra meydan müharibələrində qələbə qazanan Alp Arslan çox şöhrətli bir komandan olaraq tanınırdı. Xorasan kimi Səlcuqlu Türk İmperatorluğunun ən mühüm əyalətinin başında duran Alp Arslanı atası Çağrı Bəy öldükdən sonra əmisi Sultan Toğrul Bəy onu Atasının yerinə “Əmir” təyin etmişdi.
Böyük Səlcuqlu İmperatorluğunun yaradıcısı Sultan Toğrul Bəyin övladı olmadığından o, qardaşı Çağrı Bəyin oğlu Süleymanı vəliəhd təyin etmişdi. Lakin bu böyük İmperatorluğu zəif qardaşı olan Sülüyman idarə edə bilmədiyindən Alp Arslan əmisi Sultan Toğul Bəyin ölümündən 7 ay 20 gün sonra, 27 aprel 1064-cü ildə taxta çıxmışdı. Bu 7 ay 20 gün müddətində Alp Arslan Şahzadə Süleymanın taxt-tac üzərindəki haqlarını bərtərəf etdikdən sonra bu iddiada bulunan atası Çağrı Bəyin əmisi, Qəznəli Sultan Mahmud tərəfindən aldadılaraq əsir götürüb Hindistana sürgün edilən və orada 7 il əsir saxlanılandan sonra Qalıncar qalasında 1032-ci ildə ölən Arslan Yabqunun oğlu Məlik Qutalmışın üzərinə yürümüşdü. Döyüş əsnasında məğlub duruma düşərək qaçarkən atı büdrəmiş və özü ölmüş, Qutalmışı məğlub edən Alp Arslan Qutalmışın qardaşı Rəsul Təkini də əsir aldıqdan sonra 27 aprel 1064-cü ildə Səlcuqlu Sultanı elan edilmişdi. Mərvdə vali ikən vəziri olmuş Nizamül mülkü hökumət başına gətirən Alp Arslan dövlət məqamlarında dəyişiklik aparmış və öz fəthlərinə davam etmişdi.
Alp Arslan Səlcuqlu taxtına çıxdıqdan sonra 1064-cü ildə ölən atası Çağrı Bəyin əmisi, Səlcuq Bəyin üçüncü oğlu, Doğu Xorasan və Sistanın ümumi valisi Musa Yabqunun “Yabqu” ünvanını ləğv etmişdi.
1064-cü ilin yazında Azərbaycana doğru hərəkət edən Alp Arslan kişik Lori Krallığını itaət altına aldıqdan sonra Gürcüstana daxil olarkən yanında olan oğlu Məlikşah ilə vəziri Nizamülmülk də Araz çayı boyunca Gürməli Çuxurunu və kilsələri ilə məşhur Məryəmnişin qalasını və ətrafını fəth etmişdilər. Oğlunun başarısından çox məmnun olan Alp Arslan onları da yanına alaraq Sepid şəhərini hücumla ələ keçirib Baqrat xanədanının paytaxtı olan, Bizansa bağlı və Bizanslılar tərəfindən müdafiə edilən, hasarları ilə məşhur Ani şəhərinə hücum edərək 16 mart 1064-cü ildə oranı almış, sonra Alp Arslanın təbəəliyini qəbul edən şəhərin prensi Qadiklə birgə Qarsa daxil olmuşdu. Alp Arslanın Ani şəhərini fəth etməsi İslam dünyasında böyük məmnunluq yaratmış, xəlifə Alp Arslanın başarısını bildirən bir “Bəyannamə” yaymış, sultana “Əbülfəth” ünvanı vermiş və bu böyük qələbə Bizans İmperatorluğunu Alp Arslanla bir müqavilə bağlamağa məcbur etmişdi. 1064-cü ildə Gürcüstanı fəth edərək Səlcuqlu İmperatorluğuna qatan Alp Arslan Bizansın Doğu Qaradəniz ətrafı bölgələri ilə bütün əlaqələrini kəsmişdi.
1065-ci ildə Mərvə gələn Alp Arslan burada oğulları Məlikşahla Qəznəli prensesi Türkan Xatun Cəlaliyə ilə, Arslanşahı da Qaraxanlı imperatorluq prensesi ilə evləndirib bu iki Türk İmperatorluğu ilə bir yaxınlaşma siyasəti yaratmağa müvəffəq olmuşdu.
Alp Arslan 1065-ci ildə Qafqazları və Xəzər sahillərini dolaşaraq Manqışlaq yarmadasına varıb burada müsəlman olmayan Türklərlə birləşib ətrafa axınlar yapan Türkmən, Qıpçaq və Cazığlara qarşı hücum edərək onların 30 minlik ordusunu dağıtmış, Qıpçaqları buradan uzaqlaşdırmışdı. Alp Arslan Cənddə dəfn edilən babası Səlcuq Bəyin məzarını ziyarət etdikdən sonra 1066-cı ilin may ayında Gürgənc üzərindən Mərvə dönmüşdü.
Bu ilk Türküstan səfəri ilə nəslinin vətəni olan Mavəraünnəhrə qonşu olan əraziləri də Səlcuqlu Sultanlığına qatan Alp Arslan, Nişabur yaxınlığındakı Radqana gələrək burada oğlu Məlikşahın vəliəhdlik törənini yapdırmış, 1066-cı ilin iyul ayında Nişabura gəlmişdi.
1067-ci ildə Kirman məliki Kavurdun üsyanını yatırdan Alp Arslan Kirdmandan Şiraza doğru hərəkət edərək İstəxr qalasını özünə tabe etmişdi. Beləliklə, 1067-ci ildə Xarəzmə gələn Alp Arslan Aral gölünün quzey və doğusunu dolaşaraq qədim Oğuz ellərini tamamilə Böyük Səlcuqlu Xaqanlığına bağlamış, yaxınlarda Bizans sərhəddinə gələcəyini bildirərək Bizansa qarşı mübarizə aparan qərb ordusuna böyük ölçüdə hərbi qüvvə göndərmişdi.
“Sultan Alp Arslan Azərbaycandakı vassalları olan dövlətlərin daxili müstəqilliyinə son qoymaq məqsədilə 1067-ci ilin payızında Arana səfər etmiş, 1068-ci ildə Araz çayını keçərək Gürcüstana varmış, bir müddət Tiflisdə qaldıqdan sonra 1069-cu ilin yanvarında Gəncəyə gəlmişdi. Gəncədə Şəddadi hakimi Fəzl qala qapılarının açarlarını Alp Arslana təqdim etmiş, Sultana xeyli miqdarda qiymətli hədiyyələr vermişdi.”
Şirvanşah Fəriburz da Gəncəyə, Alp Arslanın hüzuruna gələrək ona itaət edəcəyini bildirmişdi (Seçmələr bizimdir-A.M. Bax: Azərbaycan tarixi, I cild, Z.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsilə, Bakı 1994, səh 291) Bir müddət Gəncədə qaldıqdan sonra Qarsa gələn Alp Arslan axıncılarını Trabzon ətrafına yollamışdı.
1070-ci ilin yayında güney doğuya doğru irəliləyən Alp Arslan bir müddət şox bəyəndiyi Amid (Diyarbəkir) şəhərində qaldıqdan sonra Hələbə gəlmiş, buranı da Səlcuqlu Türk İmperatorluğuna bağladıqdan sonra Fərat və Dəclə çaylarını keçərək Diyarbəkir-Bitlis yolu ilə Əhlətə varmışdı. Alp Arslan Fərat çayını keçərkən yanındakı imamı Buxaralı qazı Əbu Cəfər Məhəmməd: “Sultanım! Nemətlərindən dolayı Allaha həmd edirəm. Məmlüklər (Suriya və Misir Türk Məmlükləri nəzərdə tutulur-A.M.) istisna olmaqla bu çayı nə qədim zamanlarda və nə də İslam dövründə bir Türk hökmdarı keçməmişdir, ilk dəfə olaraq Siz keçirsiniz”-demiş, Alp Arslan da bəy və komandanlarını toplayaraq imama bu sözləri təkrarlatmış və Tanrıya şükr edərək Fatimiləri Suriyadan çəkilməyə məcbur etmiş və bundan sonra artıq Məkkə əmiri Fatimi xəlifəsi yerinə xütbəni Türk sultanı Alp Arslan və Abbasi xəlifəsi adına oxumuşdu.(İqtibas Prof.Dr.Osman Turanın “Türk Cihan hakimiyyəti mefkuresi tarihi” adlı əsərindən götürülmüşdür.Bax:göstərilən əsər, səh.191).
Sultan Alp Arslan Suriya səfərindən sonra Anadoluya yerləşən və Bizanslılar tərfindən təzyiqlərə məruz qalan Türkmənləri müdafiə etmək və İslamın bu qədim rəqibi ilə hesablaşmaq üçün Fatimilərə qarşı yürüşünü təxirə salaraq Anadoluya dönməyə məcbur olmuş,200 minlik böyük bir bizans ordusu ilə az bir ordu ilə savşmalı olmuşdu.Öz gücünə arxayın olan Bizans İmperatoru Romanos Diogenis Alp Arslanın sülh təklifini rədd etmiş və yalnız Anadolunu deyil,İslam ölkələrini də zəbt edəcəyini, camiləri kilsəyə çevirəcəyini söyləmiş, Alp Arslanın harada təslim olacağını sormuş, ordusunun İsfahan və ya Həmadanda qışlayacağını elçiyə bildirmişdi.Bu kobud ultimatuma cavab olaraq Alp Arslanın elçisi “Heyvanlarınız oralarada qışlaya bilər, amma sizin harada qışlayacağınızı deyə bilmərəm” tərzində kəskin və mənalı bir cavab vermişdi.Beləliklə, Alp Arslan 26 avqust 1071-ci ildə Buxaralı imam Əbu Cəfər Məhəmmədin: “Ey Sultanım! Sən Allahın başqa dinlərə zəfər vəd elədiyi İslamiyyət uğrunda cihad edirsən,.Bütün müsəlmanlar minbərlərdə sənə dua eylədiyi Cuma günü savşa başla. Mən Tanrının zəfəri sənin adına yazdığına inanıram” müjdəsinə əməl edərək əsgərlərini toplamış, atından enərək səcdə etmiş və: “Ya Rəbbim! Səni özümə vəkil edir, əzəmətin qarşısında üzümü yerə sürtür, Sənin uğrunda savaşıram.Ey Tanrım, niyyətim təmizdir,mənə yardım et.Sözlərimdə yalan varsa,məni məhv et”- demiş, sonra da üzünü əsgərlərinə tutaraq : “Burada Allahdan başqa bir sultan yoxdur.Əmr və tale onun əlindədir.Ona görə də mənimlə birlikdə savaşmaqdan və ya məndən ayrılmaqda sərbəstsiniz” demişdir.Əsgərləri bir ağızdan: “Əsla əmrindən cıxmayacağıq” deyincə Sultan Alp Arslan ağ geyinərək qədim Türk törəsinə görə atının quyruğunu özü bağlamış və son müraciətini edərək “Ey əsgərlərim! Əgər şəhid olarsam, bu bəyaz geyimim kəfənim olsun. Məni şəhid olduğum yerdə dəfn edin.O zaman ruhum göylərə çıxacaqdır.Məndən sonra oğlum Məlikşahı taxta şıxarınız və ona bağlı qalınız.Zəfər qazanarsaq, istiqbal bizimdir.”- deyərək tarixdə məşhur Malazqırt meydan müharibəsinə başlamışdı.
Savaş əsnasında Bizansların Balkanlardan gətirdiyi Şamani Oğuz və Peceneqlərdən təşkil etdikləri süvari ordu dəstələri irqdaşları olan Səlcuqlular tərəfinə keçmiş, şaşqınlıq içərisində qalan Bizans ordusu dağılmış, Alp Arslan tarixi zəfər qazanmışdır.Tarixin bu böyük zəfəri ilə Alp Arslan Türk, islam və hətta dünya tarixində nəticələri çox böyük olan bir dönüş nöqtəsinin qəhrəmanı olmuş, Bizans İmperatoru Romanos Diogenisi əsir almışdı. Əsirə əsir kimi deyil, qonaq və dost münasibətləri bəsləyən Alp Arslanın İmperator rəqibinə “Mən bu duruma düşsəydim,mənə nə edərdin?” sualına qarşı İmperatordan “Düşmənə yapılması gərəkəni edərdim” cavabını alınca Alp Arslan İmperator Diogenisə: “Mən burada qalib olarsam, yaxşılıq edəcəyimə dair Tanrıya bir əhddə bulunmuşdum.Allah yaxşılıq düşünənlərin arzusunu gerçəkləşdirir. Ona görə də səni yenidən taxt-tacına qaytaracağam”- demiş və dediyinə də əməl etmişdi. Bütün o dövr müəllifləri Sultan Alp Arslanın bu böyüklüyünü heyranlıqla qeyd etmiş, tarixdə ilk dəfə bir Bizans İmperatorunun əsir olması ilə nəticlənən bu böyük zəfər, dövründə də təqdir edilmiş, bütün İslam aləmində qələbə şənlikləri keçirilmiş, bir çox hökmdarlar Alp Arslanı təbrik etmişdilər (Seçmələr bizimdir- A.M. Bax: Osman Turan, Selcuklular tarihi, Ankara 1965, səh.156-160).
Alp Arslan Malazqırt zəfərindən sonra əsir etdiyi Bizans İmperatoru Romanos Diogenis ilə bir sülh anlaşması yapmış və bir “qardaşlıq andı” ilə bir-birlərinə bağlanmışdılar.Yeni İmperator Mixael, Romanos Diogenisi taxtdan kənarlaşdırdıqdan sonra onun gözlərinə mil çəkdirdiyini eşidən Alp Arslan buna çox hiddətlənmiş,Bizanslılarla sülhün pozulduğunu və müharibənin başlandığını elan etmiş və Türklərə: “Aslan və qartal yavruları kimi olunuz! Yer üzündə gecə-gündüz uçunuz! Artıq Romalılara aman verməyiniz!”-deyərək Andolunun bütün qapılarını Türklərin üzünə açmışdı.Bundan sonra Türklər Anadoluya axışmaqda, hər tərəf Oğuz boyları ilə dolmaqda idi (Bax: Urfalı Mathieu,Chronique, Fransızcaya çevirən E. Dulaurier, Paris 1858, səh.170).
Sultan Alp Arslan Bizans İmperatorluğuna qarşı 1071-ci ildə qazandığı “Malazqırt zəfəri” ilə Türklərin ondan sonraki min illik tarix səhifəsini açmışdır.Ədalətli və büyük dövlət xadimi dahi bir sərkərdə olan Alp Arslan hətta ona qarşı üsyan edənlərə döyüşdə əsir düşənlərə qarşı belə mərhəmətli davranmış, onları bağışlamış, müharibələr istisna olmaqla qan tökülməsinin əleyhinə olmuşdur.
“Malzqırt zəfəri” ilə adı Dara, İskəndər, Sezar, Xalid ibn Vəlid və Əmr ibnül-Asla bərabər şəkilən Alp Arslan İngiltərədən Yaponiyaya qədər uzanan müəzzən bir ərazidə böyük bir şöhrət qazanmışdır.Bütün tarixçilər Alp Arslanın “Malazqırt zəfəri”ni “Bütün dünya tarixinin dönüş nöqtəsi” adlandırmışlar.Bütün Avropada dərin əks-səda oyandıran və İslam dünyasını sevincə qərq edən “Malazqırt zəfəri”-nin böyük qəhrəmanı Alp Arslanın qısa səltənəti( 1063-1072) Türk tarixinin mühüm dövrlərindən birini təşkil edir.Onun hakimiyyət dövrü Türk dövlət sistemi və cahan hakimiyyəti məfkurəsinin ən parlaq dövrlərindən biri olmuşdur.Onun sayəsində Səlcuqlu İmperatorluğu qısa müddət ərzində ulu babası Səlcuq Bəyin yaşadığı Sır-Dərya boylarından Aralıq dənizi sahillərinə qədər genişlənmişdir.O, ildırım sürəti ilə Türküstanı, Xəzər sahillərini, Qafqazı öz tabeliliyinə aldıqdan sonra İslama ağır zərbə vuran Fatimilərə və İslamın düşməni xristian Bizanslılara qarşı iki böyük səfərə çıxmış və üçündə də qələbə qazanmışdı.
Türk tarixinin unudulmaz şəxsiyyətlərindən olan, Andolunu türklər üçün vətən yapan Malazqırt qəhrəmanı Sultan Alp Arslan 9 illik sultanlıqdan sonra 25 noyabr 1072-ci ildə 43 yaşında hiylə ilə onun yanına soxulan bir qaraxanlı qala mühafizi tərəfindən xəncərlə qətlə yetirilmiş,Mərvdə dəfn edilmişdir.Xain qala komandanı tərəfindən qətlə yetirilərkən: “Türküstan səfərində bir təpə üzərinə cıxdığımız vaxt ordumun əzəmətindən və əsgərlərimin çoxluğundan altımda yerlərin titrədiyini hiss edir və öz-özümə :Mən dünyanın hökmdarıyam. Heç bir qüvvə mənə qarşı çıxa bilməz. Bu ordu ilə Çini də fəth edərəm- deyirdim. Bu qürur üzündən bu vəziyyətə düşdüm.Halbuki hər səfərə çıxışımda Allahdan yardım diləyirdim”- deyərək təkəbbürün, lovğalığın kimsəyə xeyir gətirməyəcəyini bəyan etmişdi.
Böyük Türk Xaqanının gənc yaşda bir suiqəsdə qurban gedərək ölməsi Türk İmperatorluğunun dostları arasında dərin təssüf hissi yaratmış,Xəlifə öz təssüfünü bildirən və bütün dünya müsəlmanlarına baş sağlığı diləyən rəsmi bir “ Bəyamnamə ” yayınlamışdı ki, bu da 1072-ci ildə Türk İmperatorluğunun erişdiyi əzəməti göstərən bir mənbə, Səlcuqlu Türk Xaqanlığının bir Cahan İmperatorluğunu təsdiq edən rəsmi sənətdir.
Öz sağlığında “ Cahan Sultanı”, “ Fatehlər atası”,”Adil Sultan” ləqəbləri daşıyan Alp Arslanın hakimiyyəti dövründə Şərqdə məşhur “Nizamiyyə mədrəsəsi” 1065-1067-ci illərdə inşa edilib fəaliyyətə başlamış, din-dövlət məsələləri onun zamanında dövlətin gündəminə gəlmiş, vəziri Nizamül-mülk Sultanın izni ilə bu məsələ ilə yaxından maraqlanmışdı. Alp Arslan tarixi zəfərləri ilə yanaşı bir sıra mədrəsələr tikdirmiş, elm adamları və tələbələrə vəqf gəlirləri ilə maaşlar və təqaüdlər təsis etmiş, böyük quruculuq işləri görmüş, karvansaraylar, körpülər tikdirmiş, su kanalları çəkdirmişdi. Onun zamanında Zeyn əl-İslam Əbül Qasim Quzeyri və İmamül-Harameyn Cüveyni kimi məşhur elm adamları yetişmişdi.
Xristianlar üzərində ən böyük qələbə qazanmasına və xristianları məğlub etməsinə baxmayaraq hakimiyyəti altına aldığı xristian ölkələrdə ədaləti və mərhəməti ilə məşhur olmuş, dövrünün xristian mənbələri onun yüksək insani keyfiyyətlərini öymüş, onu “ Adil Sultan“ adlandırmışlar.
Dörd yüz il parlaq bir dövr yaşayan Xəzər Türkləri də Səlcuqların İslam dünyasına hakim olduğu Sultan Alp Arslan zamanında tarix səhnəsindən çəkilmiş, Oğuz Türkləri olan Səlcuqlularla qaynayıb qarışmışlar.
Alp Arslan Türk törəsinə əməl edərək ziyafətlər vermiş, müntəzəm olaraq Türk törələrinə əməl etmişdir. Onun məşhur bir deyimində göstərirlər ki: “Biz Türklər təmiz müsəlmanlarıq, bidət (küfr) nədir bilmərik. Bu səbəblədir ki, Allah bütün Türkləri əziz etmişdir.”
Tarixi mənbələr Alp Arslanı “hökmdarlar arasında onun qədər Allaha, dinə və cihada bağlı kimsə yoxdur” kimi vəsfləndirmişlər. Onun şəxsiyyəti əfsanələşmiş, bir sıra vəlilik kəramətləri tarixi mənbələrdə özünə yer almışdır.
Alp Arslan çox sevdiyi, bir sıra yürüşlərə özü ilə bərabər apardığı və vəliəhd təyin etdiyi oğlu Məlikşaha (1072-1092) gənc yaşında ikən böyük bir İmpratorluq və Nizamülmülk kimi məşhur bir dövlət xadimi miras qoyub getmişdir. Atası Alp Arslandan sonra tək əngəl olan əmisi Kavurt Bəyi vəziri Nizamülmülk vasitəsilə zərərsizləşdirən Məlikşah artıq İslam dünyasının tək hakimi olmuş, Kaşğardan Boğazicinə, Aral gölündən Hind dənizi və Yəmənə, Sırdəryadan Aralıq dənizi sahillərinə qədər dövlətin sərhədlərini daha da genişləndirərək atası Alp Arslan kimi müəzzəm Səlcuqlu Türk İmperatorluğunu mədəni və iqtisadi cəhətdən yüksəltmiş, hər tərəfdə geniş quruculuq işləri aparmış, böyük şəhərlərdə Nizamiyyə mədrəsələri təsis etmiş, elmin, mədəniyyətin, sənaye, kənd təsərrüfatı və ticarətin inkişafına rəvac vermişdi. Belə bir İmperatorluğun başında dayanan gənc Sultan Məlikşah əcdadlarından miras qalan bu dəyəri qiymətləndirmiş, Antakyadan Aralıq dənizi sahillərinə varınca atı ilə dənizə girmiş, qılıncını üç dəfə dalğalara çırparaq dövlətinin sərhədlərini buralara qədər genişləndirdiyi üçün Allaha şükr etmiş və : “Ey atam! Sənə müjdələr olsun, kiçik yaşda buraxdığın oğlun ölkəsini quru sahələrin sonuna qədər genişlətdi” – deyərək Aralıq dənizindən götürdüyü qumları Mərvdə atası Alp Arslanın məzarına səpmişdi. (Seçmələr bizimdir-A.M. Bax: Prof. Dr. Osman Turan, Türk Cihan hakimiyeti mefkuresi tarihi, səh.196).
Böyük Səlcuqlu Türk Sultanı Alp Arslanın adı zamanımıza qədər ən böyük sayğı və sevgiylə anılmış, ən böyük tarixçılər, ədib və sənətkarlar, o cümlədən də böyük mütəfəkkir Mövlana Cəlaləddin Rumi tərəfindən adı hörmət və ehtiramla yad edilmiş, şəninə yüzlərlə qəsidə və təbriknamələr həsr edilmişdir.
Ruhu şad olsun! Amin.
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.