3 rəhbərin sevimli naziri olan Psurtsev – Onu “SSRİ rabitəsinin Marksı” adlandırıblar.

25-08-2022, 19:32           
3 rəhbərin sevimli naziri olan Psurtsev –
Ən yeni tarix. Maraqlı faktlar.
O, SSRİ-də ən uzunömürlü nazirlərdən biri olub. Nikolay Psurtsev 1948-ci ildən 1975-ci ilə qədər SSRİ-nin rabitə naziri vəzifəsini daşıyıb. Mövcud dövrün bir sıra nazirlərindən fərqli olaraq Psurtsevin adı siyasi hadisələrdə, korrupsiya qalmaqallarında, Kreml qruplaşmalarında hallanmayıb. Həm İosif Stalin, həm Nikita Xruşov, həm də Leonid Brejnev nazirin işindən tam razı qalıblar.
Müharibə illərində Psurtsev silahlı qüvvələrin rabitə qoşunlarında yüksək vəzifələr tutub. Stalin rabitə qoşunlarını çox vaxt “Psurtsevin qoşunları” kimi ifadə edib və onu xidmətlərinə görə iki dəfə “Kutuzov”, bir dəfə “Suvorov” və “Lenin” ordenləri ilə təltif edib. Psurtsevin nazir vəzifəsinə təyinatı da Stalinin təşəbbəssü ilə baş tutub.
Stalindən sonra hakimiyyətə gələn Xruşov kadr islahatları aparanda, köhnə komandanı təmizləyəndə Psurtsevə toxunmayıb. Hakimiyyətdən devrildikdən sonra Xruşov yazdığı memuarlarda Psurtsevi belə xatırlayıb:
“Nikolay Psurtsevi Stalin nazir təyin etmişdi. Amma o, özünü Stalin komandasının üzvü saymırdı. Dəfələrlə şahidi olmuşam ki, Psurtsev rejimin bəzi qayda-qanunlarını qəbul edə bilmir. Amma susmağa məcbur olurdu. Çünki bir artıq deyilən cümlənin nə ilə nəticələnəcəyini yaxşı anlayırdı. Stalin ona şəxsi rabitəçisi kimi baxmırdı, həm müharibə illərində, həm də müharibədən sonrakı dövrdə. Mən xüsusilə vurğulamaq istəyirəm ki, Psurtsevə lazımi qiymət verilmirdi. Müharibədən sonra SSRİ-nin sıradan çıxmış rabitə sistemini bərpa etmək, yeniləmək olduqca mürəkkəb bir məsələ idi. Psurtsev bu işin öhdəsindən yüksək səviyyədə gəldi. Mən heç vaxt onu kabinetində tapa bilmirdim, bir gün səsi Sibirdən, o bir gün Qafqazdan, digər gün Orta Asiyadan gəlirdi. Bu adam nazir olsa da, çöllərdə iş başında olurdu. Hətta bəzən vəzifə ranqına baxmayaraq, rabitə dirəklərinə də çıxırdı...”
Brejnevlə Psurtsevin tanışlığı isə hələ müharibə illərindən başlayıb. Brejnev hakimiyyətə gəldikdən sonra təklikdə qəbul etdiyi ilk nazirlərdən biri də məhz Psurtsev olub. Baş katib nazirə böyük etimad göstərdiyini bildirib. Zaman-zaman Brejnev Psurtsevi ən ali dölət mükafatları ilə təltif edib. Nazir Sosialist Əməyi Qəhrəmanı, 3 dəfə “Lenin” ordeni, “Oktybr inqilabı” ordeni kimi yüksək təltifləri Brejnevdən alıb.
Baş katib eyni zamanda nazirin məişət şəraitini də xüsusi diqqətdə saxlayıb. Psurtsevə məşhur “sahildəki ev”dən mənzil, Moskva ətrafındakı ən prestijli bağ massivində böyük torpaq sahəsi verilib. Brejnev hər dəfə Psurtsevə nə isə təqdim edəndə çıxışına belə bir giriş verib:
“Bütün bunlar Nikolay Demyanoviçin haqqıdır. Məhz onun gərgin əməyi sayəsində SSRİ rabitəsi ən yüksək səviyyədədir. Psurtsev sovet rabitəsinin Marksıdır...”
Qeyd edək ki, Nikolay Psurtsev 1900-cü ildə Kiyev şəhərində anadan olub. 15 yaşından teleqrafçı köməkçisi işləyib. 1918-ci ildə hərbi xidmətə çağrılıb. 9-cu orduda teleqrafçı kimi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra Psurtsev orduda qalmağa qərar verib və Leninqradda Ali Hərbi Rabitə Məktəbində təhsil alıb.
Müharibə başlanana qədər Psurtsev ayrı-ayrı bölgələrdə silahlı qüvvələrin rabitə qoşunlarında yüksək vəzifələr tutub. 1941-ci ildə onu Qərb cəbhəsinin rabitə idarəsinə rəis təyin ediblər. 1944-cü ildə Psurtsev mərkəzi aparata, Müdafiə Komissarlığının (nazirliyinin) baş rabitə idarəsi rəisinin birinci müavini vəzifəsinə gətiriblər. 1946-cı ildə isə o, general-polkovnik rütbəsində bu idarəyə rəis təyin edilib.
6adc23583b4228f1dce8f203cce6a7e5.jpg (47 KB)
Müharibədən sonra SSRİ-də ən problemli məsələlərdən biri də rabitə sisteminin yenidən qurulması olub. Bununla bağlı Mərkəzi Komitədə və Nazirlər Sovetində dəfələrlə müzakirələr aparılıb. Nəhayət, bu müzakirələrin birində Stalin öz qərarını verib:
“Müharibə ölkənin ən vacib sahələrindən biri olan rabitə sisteminə böyük zərbə vurub. Bir çox ərazilərdə bu sustem tamamilə yenidən qurulmalıdır. Bunun üçün bizə avadanlıqlar yanaşı, eyni zamanda təcrübəli mütəxəssilər də lazımdır. Mən belə düşünürəm ki, bu işin öhdəsindən Nikolay Psurtsev gələ biləcək. Amma bunun üçün gərək biz ona səlahiyyət verək. Bu məqsədlə Psurtsevin rabitə naziri təyin edilməsini məqsədəuyğun sayıram...”
Beləliklə, Nikolay Psurtsev 1948-ci ildə SSRİ-nin rabitə naziri təyin edilib.
Psurtsev təcrübəli mütəxəssi olmaqla yanaşı, həm də yüksək təşkilatçılıq qabiliyyətinə malik olub. Məhz SSRİ-də rabitə sistemindəki əsas yeniliklər onun adı ilə bağlıdır.
Psurtsevin xidmətlərinə, onun nazir kimi fəaliyyətibə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin xüsusi qiymət verib. Nazirlər Sovetinin, demək olar ki, bütün iclaslarında baş nazir rabitə nazirini nümunə kimi göstərib.
Psurtsev nazir vəzifəsində 75 yaşınadək işləyib. 1975-ci ildə o, Brejnevə və Kosıginə məktub ünvanlayıb. Səhhətində yarandığı problemlərə görə onu vəzifəsindən azad etməyi xahiş edib.
Psurtsevi nazir vəzifəsindən təntənə ilə yola salıblar, şərəfinə böyük ziyafət təşkil ediblər.
27 il nazir vəzifəsini daşıyan Nikolay Psurtsev 1980-ci ildə 80 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.