ƏSİRLİYİN NƏFƏSİ - Yaşadığım olayın hekayəti
26-08-2022, 08:37
Düz 31 il öncə, 1991-ci il, avqustun 23-26-sı arası, daha dəqiq yadımda deyil, önəmi də yox, günəşli günlərdən birində Qarabağın səmasında hərbi, böyründə “МИ-3” yazılmış hərbi helikopter, - o vaxt hamı ona rusca “vertolyot” deyirdi, - uçur. Salonda səkkiz-doqquz adam var, birindən başqa hamı hərbi geyimlidi. O yeganə mülki geyimli adam mənəm, hərbçilər isə sovet, indi isə rus ordusunun əskər və zabitləridir.
Şüşəsi olmayan illüminatorun qabağında rahat-rahat oturub aşağıdakı meşəli dağlara, təpələrə, yaşıl gen dərələrə maraqla, hətta acgözlüklə, ləzzətlə baxıram. Motorun gurultusundan qulaq batır, amma bu məni qətiyyən rahatsız eləmir, kefim kök, damağım çağ, könlüm xoş, canm rahatdır. Kefimim köklüyü, rahatlığım ilk ezamiyyətimin uğurla bitməsi, “Gənclik”- “Молодость” jurnalının baş redaktoru, mənim şefim Məmməd İsmayılın tapşırığını yerinə yetirməyimlə bağlıdır. Bir dəftərxana dəftəri qeydlərimlə - müsahibələr, müşahidələrim, Bakıdakı əlaqədar idarələrə və təşkilatlara suallar da var. Yığdığım material 1-2 məqaləyə çatar, biri də bəsdir.
Odu ki illüminatordan 100-150, bəzən isə 50 metr aşağıda üzüb keçən, arxada qalan üstü qalın meşəli dağ-təpə zirvələrinə, yallarına, ətəklərinə tamaşa edirəm, kəndə keçirdiyim günləri, tanış olduğum adamları, söhbətlərimizi xatırlayıram. Nə qədər adamla tanış oldum, nə qədər təzə söhbət eşitdim, necə yerləri gördüm, üstündən 30 ildən çox keçsə də, bəziləri dumanlansa da, yaddaşımdadır. O qədər tanış olduğum insandan indiyə ancaq biri qalacaq, həyatımda olacaq, o da şəbəkə hesabına - İmarət.-Qərvəndin yeganə həkimi Habil həkim, Habil Şirinov. Doktor, o günlər ağlımıza gələrdimi görəcəyimiz günlər, kəndin başına gələn o dəhşətlər?
O anlarda isə əsas diqqətim Qarabağın mənzərələrindədir, fikirləşirəm ki, hər dağın-təpənin, hər dərənin, bəlkə də hər qayanın, daşın adı var, amma mən bilmirəm o adları, onlar mənimşün adsızdı, amma yerli camaat üçün tanış, doğmadı, özü də, adı da.
Avqustun 21-də Minskdə Belovej sazişləri imzalandı, SSRİ dağıldı, dağlarda, Qarabağın İmarət-Qərvənd kəndində xəbəri tutdum. Yerli camaat kəndinə Kərəmli də deyir. Kənddə bir dəftərlik material yığandan sonra qayıtmaq istədim, amma necə? Kərəmli qonşu erməni kəndləri tərəfindən mühasirə edilib, əsil blokadadır, bütün yollar bağlı, təhlükəli, böyük dağ yalının o biri tərəfində byük erməni kəndi Aterk yerləşir. Kərəmlinin aşağı başı başqa kiçik erməni məhəlləsinə yapışır, kəndin o hissəsində ermənilər olurdu, bir ara atşmalar olurdu, indi o məhəllədə, evlərdə yaşayış yoxdur, hamısı köçüb gedib. Arada ora gəlib, ya da kəndin yuxarı başındakı meşədən çıxıb kəndə yuxarıdan aşağı atəş açırlar, qarasına, işığı gələn evləri nişan alırlar. Ona görə Kərəmlinin kişiləri gecələr növbə ilə kəndin kənarlarında keşik çəkirlər. Bir dəfə elə növbətçilikdə evində qaldığım Azadın qonşusu və qohumu, "Kamaz" sürücüsü Sahiblə keşik çəkdim. O qoşalüləsini götürmüşdü. Tüfəng belə yerdə yaxşı şeydir, əlbəttə, - lənət heçə, - amma erməni yaraqlıları gələndə Kalaşnikovla gəlir, qumbaraları da olur. Kalaşnikova qarşı ov tüfəngi nədir ki? Azərbayvan hakimiyyəti, prokuraturası, polisi isə Bakıda, Dağıstanda silah – ov tüfəngləri, patron alıb Qarabağın kəndlərinə, qohumlarına ya dostlarına gtirən, ya lap olsun pulla satan vətəndaşlarını tutur, həbs edir, qanunsuz silah alverinə ittihamlarıyla iş verir. Xəbərim var, bilirəm, zatən hamı bilir...
Amma mən kənddə qaldığım bu bir həftəni sakitlik idi, kənd camaatı “Jurnalistin ayağın yüngüldür” deyirdi. Kəndin ortasında camaatı erməni hücumlarından qorumaq üçün çadırlarda kiçik hərbi hissə yerləşdirilib, onlar olmasa, kənd duruş gətirə bilməz.
Ermənilərin Azərbaycana qarşı düşünülmüş, planlı, onillərlə hazlrlanan təcavüzünün dördüncü ilidir, bizə qarşı apardıqları müharibə tədricən genişlənir, miqyası artır, amma biz hələ bunu əsl müharibə saymırıq, bizi nələr gözlədiyini hələ də çox adam bilmir, anlamır. Azərbaycanın bir qrup rəhbər şəxslərini aparan vertolyotun vurulmasına 3 ay var, Xocalı qətliamına hələ yarım il var. On beş-itirmi dəqiqə sonra nə baş verəcəyini mən də bilmirəm, illüminatordan baxa-baxa xəyallara dalıram.
Qəfildən kimsə çiynimə toxunur, dönəndə qulağıma çığırır:
- Куда летите? (Hara uçursunuz?)
Başımı çevirirəm. Yanımda əyilib dayanan ucaboy, nataraz sovet ordusunun mayorudur, rusdur. Onun çığırtısı qabalığıyla bağlı deyil, bütün illüminatorları şüşəsizliyi, motorun gurultusundan salonda ağız deyəni qulaq eşitməz. “Osobist” – “Особый отдел” - "Xüsusi şöbə" əməkdaşı, ordu milli təhlükəsizlik zabiti olduğunu bilirəm, tanış olmasaq da kənddə 3-4 dəfə üz-üzə gəlmişdik, kənddəki müvəqqəti hərbi hissənin komandiri, milliyyətcə qazax olan mayor mənə kim olduğunu demişdi. Osobistin mənim fəallığım, ermənilərin girov götürdüyü, sonra silahsızqaytardığı əskərlər barədə məlumat almaq cəhdlərimə pis baxdığı aydın idi. Qazax-komandir mənə çox da fəallıq etməməyi, imkan düşəndə özü çağırıb kömək edəcəyini də demişdi...
Bu "osobistin" sualı adamı dolamağa oxşayır, necə yəni hara? Məndən xoşu gəlmir, bu aydın. amma məni dolamaq istəyi? Ona görə təkərə düşməmək üçün soruşuram:
- А куда летит вертолет? (Helikopter hara uçur?)
- В Степанакерт. (Stepanakertə - Xankəndinə)
Bu gözlənilməz xəbərdən dalağım sancır. Stepanakert?! Niyə?!! Helikpterin komandiri mənə Ağdam demişdi axı. Amma bunun da bir dolaq forması, məni qorxutmaq, pərt eləmək üçün deyilə bildiyini düşünüb, əhvalımı pozmadan, heç nə olmayıbmış kimi, süni bir laqeydliklə, sakitcə cavab verirəm:
- - Значит. я тоже в Степанакерт! (Deməli, mən də Stepanakertə (gedirəm))
Mayor başını razılıqla tərpədir, gülümsünüb yerinə qayıdır. Onu təbəssümündə kinayə vardı ya mənə elə gəlir? Bu barədə düşünə-düşünə yenə illüminatora baxıram, aşağıda bayaqkılara oxşar meşəli dağlar, təpələr, mənzərələrdi, amma onların füsunlkar gözəlliyi artıq məni valeh eləmir. Ürəyimə xal düşüb, bu mayorun dediyinin yalan olub olmadığını düşünürəm, təhlil edirəm. Məni incitmək, qorxutmaq üçün yalandan belə dəyə bilər, tam gözləniləndi. Amma yalandısa heç, bu “osobist” mənim qorxmadığımı, həyəcanlanmadığımı gördü, oxu hədəfə dəymədi, boşa getdi. Bəs yalan deyilsə, doğrudursa, onda necə? Real təhlükə qarşısındayam. Ermənilər girov ya əsir götürdükləri adamları pula dəyişirdilər, bəzən, kefləri istəyəndə öldürürdülər
Ardı var
Çingiz Sultansoy
Teref.az