Həyat yoldaşı azərbaycanlı olan Baş nazir...
28-08-2022, 17:15
Bu gün Azərbaycan Cümhuriyyətinin yaxın dostu, Şimali Qafqaz "Dağlılar Respublikası"nın siyasi lideri olmaqla onun baş naziri olmuş çeçen əsilli neft milyonçusu və qəhrəmanı Əbdülməcid-Tapa Çermoyevin 54 yaşında vəfat etdiyi gündür!
...Bəri başdan deyim ki, "Dağlılar İttifaqı"nın maliyyələşdirilməsində azərbaycanlı neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov və Mirzə Əsədullayev yaxından iştirak ediblər . Növbəti illərdə Tapa Çermoyev Dağlılar hərəkatının sıralarında bir sıra mühüm vəzifələrdə çalışmış, bir neçə vacib missiyaya rəhbərlik etmişdi. 1917-ci ilin mayından etibarən hərəkatın Mərkəzi Komitəsinin sədri vəzifəsini icra etməyə başlamışdı. Həmin ilin iyul ayında anti-inquş üsyanları dövründə o, Terek vilayətinin Müvəqqəti Hərbi Komitəsinin rəhbəri idi. 1918-ci ilin mayında Şimali Qafqaz Dağlılar Respublikasının rəsmi qurulmasından sonra isə Tapa Çermoyev Respublikanın Baş naziri seçilmiş və Osmanlı İmperiyası ilə müqavilənin imzalanmasına nail olmuşdu. Birinci Dünya müharibəsi bitdikdən sonra respublikanın taleyinin həll olunacağı Paris Sülh Konfransına göndərilmişdi.
Buna qədər isə ikitərəfli münasibətlərin tənzimlənməsi üçün Azərbaycan və Şimali Qafqaz nümayəndələrinin xüsusi komissiyası yaradılanda komissiyaya Azərbaycan tərəfindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, dağlılar tərəfindən Heydər Bammatvə o cümlədən Çermoyev və M.-Q.Dibirov daxil olmuşdular
Və 1918 il mayın 11-də Qafqaz dağlı xalqlarının İstiqlal bəyannaməsini Çermoyev və H.Bammat imzalamış, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yarandığını ilk dəfə bəyan etmişdilər Xüsusi olaraq diqqətinizə çatdırım ki, 16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev hətda Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar da qəbul etmişdi.!!
...Tarixi sənədlər göstərir ki, Tapa Paris Sülh Konfransında Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə bir müttəfiqdən daha yaxın olub . O, etibar edilən və lazım olan təqdirdə köməyə yetişəcək biri idi. Topçubaşov isə Şimali Qafqazın dağlı siyasi xadimləri tərəfindən nüfuzlu ağsaqqal kimi qəbul edilirdi. Onlar tez-tez məsləhət almaq üçün Topçubaşova müraciət edir, yaxud Əlimərdan bəy Şimali Qafqaz diaspora üzvləri arasında düşən mübahisələri yoluna qoyurdu. Azərbaycan və Şimali Qafqaz diasporları çətin dövrlər yaşadıqları yad Fransa mühitində hərtərəfli birlik nümayiş etdirirdilər. “Dördlüyün” (dörd Qafqaz respublikasının – Şimali Qafqaz, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri komitəsi) plenar iclaslarında da Azərbaycan və Şimali Qafqaz nümayəndə heyətləri biri digərinin mövqeyinə dərhal dəstək olurdu.
Onu da əlavə edək ki, Azərbaycan Cümhuriyyətinin Avropa universitetlərinə oxumağa göndərdiyi tələbələrin təqaüdlərinin ilk hissəsinin ödənilməsində də Tapa böyük maliyyə köməkliyi göstərmişdi. İmmiqrasiya dövründə də o, Şimali Qafqaz xalqlarının azadlığı uğrunda mübarizə aparmış, xarici dövlət nümayəndələri ilə görüşlər keçirtmiş və buraxdığı qəzetlərdə, mətbuatda yayılması üçün əlindən gələni etmişdir
O, Qarabağ xanlarının nəslindən olan Xavərsultan bəyim İbrahimbəyova ilə əlaqə qurmuşdur Bakı Şəhər Dumasının üzvü, mühəndis, xeyriyyəçi. Fərrux bəy Vəzirovla bacanaq olmuşdur
Ərinin razılığı ilə Xavər xanım da müharibəyə tibb bacısı qismində könüllü getmişdi. O, Beynəlxalq Qırmızı Xaçın Qafqaz “Vəhşi Diviziyası” yanında 22 saylı Mobil Bölməsinin tərkibində göstərdiyi fədakarlıqlara görə 1915-ci ildə Müqəddəs Anna ordeninin lenti üzərində “Çalışqanlığa görə” gümüş medalı ilə mükafatlandırılmışdı.
Əbdülməcid “Tapa” Çermoyev 1937-ci ilin avqustunda İsveçrənin Lozanna şəhərində vəfat edib və o, Parisin ətrafındakı Bobinyi müsəlman qəbiristanlığında dəfn olunub
Həyat yoldaşı (sonralar boşanmışdılar ) Xavər xanım isə 14 oktyabr 1953-cü ildə Lozannada 65 yaşında vəfat edib.. İstəklərinə uyğun olaraq cənazəsi Parisə aparılır və Bobinyi müsəlman qəbiristanlığında böyük bacısı Mahrux bəyim Zülqədərin (qızlıq soyadı İbrahimbəyova) məzarında dəfn edilir. Xavər xanımın məzarı Tapanın qəbrinin solunda yerləşir.. Onun sağında isə Nadir və Mirzə Əsədullayevlərin məzarlarını, eyni sırada da Ənuşirəvan Zülqədərovun qəbrlərini görmək olar...Bu ərazidə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin naziri və Paris Konfransında Azərbaycan nümayəndə heyətinin üzvü Əkbər Ağa Şeyxülislamov basdırılıb.
...Allah bu nəsildən olan bütün dünyadan köçmüşlərə rəhmət eləsin...
Baba Allahnəzərov
Teref.az