İnsanın iki düşməni. Onlara qalib gəlmək niyə mühümdür?

29-08-2022, 10:03           
İnsanın iki düşməni. Onlara qalib gəlmək niyə mühümdür?
Qafil insan həmişə günah içində olar və özü də dərk etməz ki, günah etməkdədir. O kəsə bənzəyir ki, yuxu aləmində hərəkət etməkdədir. Əgər kamil insan olmaq istəyiriksə, gərək iki düşmənimizi yaxşı tanıyaq. Biri qəflətdir, biri isə təkəbbür.

Qəflət odur ki, insan günah etdiyini anlamaz və dərk etməz. Misal üçün yalan danışır, şayiə yayır, fitnə yaradır, şər işlərlə məşğul olur... İnsanları yolundan azdırır və onları həlakət dərəsinə gətirir.

Əgər kimsə ona desə ki, sən günah edirsən, o, bunu qəbul etməyəcəkdir. Çünki qafildir, etdiyi əməldən xəbərdar deyildir.

Bu insanların əksər hissəsi axirətə inanmır. Bəziləri inansa da, qəflətdədirlər. Ona görə də insanın ən böyük düşmənlərindən biri - qəflətdir.

Bu cür insan heç bir zaman tövbə etməyi düşünməz. Kamala çatmaq yolunda addım atmaz. Çünki tamamilə günaha qərq olmuşdur.

İnsanın təkamülünə mane olan başqa amil isə - təkəbbürdür. Belə insan gördüyü kiçik bir əmələ görə qürurlanar və özünü hamıdan üstün bilər.

Təkəbbürlü insanın xeyirlə işi olmaz. Bu cür insan özünü başqalarından üstün hesab etdiyi üçün tövbə fikrində olmaz. Çünki özünü günahsız hesab edər və elə bilər ki, ancaq başqaları günah etməyə qadirdir. Onun belə bir qəbahətli işi yoxdur.

Bəli, bütün bunların səbəbkarı - günahdır. Ona görə də günaha kiçik bir şey kimi baxmayın. İnsanları bu hala salan məhz günahdır. Günah onların gözlərini, qulaqlarını, ürəklərini bağlayar və həqiqətdən qafil edər.


"Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır". ("Bəqərə" 7).

Günah onları şeytana bənzətmişdir. Onlar da İblis (lən) kimi özlərini başqalarından üstün hesab edir və başqalarını xar və alçaq görürlər.

"Və (yadına sal) o zaman(ı) ki, mələklərə "Adəmə səcdə və təzim edin!" buyurduq. İblisdən başqa, onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi". ("Bəqərə" 34).

Əgər insan bu iki düşmənini tanıyıb onunla mübarizə aparsa, inşəallah ki, günahın ətrafında hördüyü bu torlardan xilas ola bilər. Ancaq mühüm olan budur ki, qəflətdə olduğunu dərk edə bilsin.

Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.