Rusları məğlub edərək Qafqazdan qovan Səfəvi hökmdarı - 2-ci şah Abbas
30-08-2022, 08:04
1651-ci ildə II Şah Abbasın əmri ilə ruslara qarşı hərbi kampaniyanın təşkili və ümumi rəhbərlik Şirvan hakimi Xosrov xana həvalə edildi. Onun topladığı qoşun Tərki yurdunun şamxalı Surxay xanın qüvvələrindən, Endirey məliki Qazan Alp, Qaytaq usmisi Əmirxan Sultanın dəstələrindən, o cümlədən bir neçə dağlı camaatının hərbi birliklərindən formalaşdırılmışdı.
Bundan başqa, Xosrov xan Şamaxıda və Dərbənddə toplanmış ümumilkdə 800 əsgəri və Səfəvi ordusundan 800 sərbazı iki topla birlikdə şamxal Surxayın ixtiyarına verir. Xosrov xanın topladığı qoşundakı əsgərlərin sayı Noqay və Kumık uluslarından qoşulmuş dəstələrlə birlikdə 12 min nəfər civarında idi. Hərəkətə keçən qoşun 1651-ci il oktyabrın 12-də Sunca çayına yetişir. Eyniadlı qalada müdafiə mövqeyi tutan ruslar öz sıralarına Qafqaz kazakları, kabardinlər və başqa uluslardan dəstələr cəlb etməklə əhəmiyyətli dərəcədə güclənmişdilər. Bu səbəbdən şamxal Surxayın həmin il noyabrın ilk günlərində Sunca qalasına etdiyi həmlələr nəticəsiz qaldı. Qoşunu yenidən toparlamağa ehtiyac olduğunu görən şamxal Surxay noyabrın 7-də Sunca qalasının həndəvərindən geri çəkilməyi qərara aldı.
Ancaq ilk hücumun uğursuzluğundan sonra II Şah Abbas soyuqqanlılığını itirməyərək, növbəti həmləyə daha ciddi hazırlaşmağa başladı. Şimali Qafqazda formalaşdırılmış ordudakı əsgərlərin sayını dağlı uluslarının hesabına artıraraq, 20 min nəfərə çatdıran şah silah təchizatını da əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail oldu. Hazırlıqlar yekunlaşdıqdan sonra Səfəvi ordusu yenə də şamxal Surxayın rəhbərliyi altında 1653-cü il martın 7-də Sunca qalasını mühasirəyə aldı. Rusların qalada bir neçə min nəfərlik hərbi kontingent yerləşdirmələrinə baxmayaraq, onlar bu dəfə Səfəvi qoşunlarına müqavimət göstərə bilmədilər. Vəziyyətin ümidsizləşdiyini görən rus hərbi komandanlığının ətraf bölgələrdən Sunca qalasının müdafiəçilərinə kömək üçün əlavə qüvvələr göndərmək cəhdləri səfəvilərin manevrləri sayəsində boşa çıxdı. Aramsız həmlələr qarşısında böyük itki verən rusların son bölüyü, nəhayət, 1653-cü il martın 25-də Sunca qalasını tərk etdi.
Dövlətin hüdudlarını şimala doğru genişləndirməyi düşünən II Şah Abbas o ərəfədə Səfəvi İmperiyasının paytaxtı İsfahanda böyük ordu toplayaraq Həştərxanın fəthinə hazırlaşırdı. Lakin moğolların yenidən Səfəvilərin şərq sərhədlərinə hücumu və Qəndaharı təkrar mühasirəyə alması şahı hərbi qüvvələri bu istiqamətə göndərməyə vadar etdi.
II Şah Abbasın hökmdar kimi qeyd olunası ən müsbət işlərindən biri kimi dövlətin zəifləməsindən sui-istifadə edərək mərkəzi hakimiyyətə itaətsizlik göstərən və müsəlman əhaliyə qanlı divan tutan gürcü knyazlarını sərt şəkildə cəzalandırmasını göstərmək olar. Səfəvi İmperiyasının nüfuz və hakimiyyətini Gürcüstanda yenidən bərpa etməyi qarşıya məqsəd qoyan II Şah Abbas buna nail olur. 1662-ci ildə separatçı knyazları bir-bir sıradan çıxaran hökmdar müsəlman əhalinin müdafiəsinin də qayğısına qalır. Onun göstərişi ilə Gürcüstanda dövlətin daimi hərbi qarnizonunun yerləşdirilməsi üçün yeni qalalar tikilir.
Əlbəttə, II Şah Abbasın hakimiyyət dövrünü nəzərdən keçirərkən Səfəvi-Osmanlı münasibətlərinə toxunmamaq mümkün deyil. Amma çox əlamətdar haldır ki, Səfəvilərin 7-ci hökmdranın dövründə iki türk imperiyası arasında münasibətlər ən yüksək səviyyəyə çatıb.
Elmar Həsənli
Teref.az