Daxili mənəvi dünyamızın şarlatan bələdçiləri - FOTOLAR
21-10-2022, 08:38
Hindistanın cənnətə açılan qapı adlandırdığı Kerala əslində cəhənnəmin belə, pəncərələrini bağladığı bir bataqlıqdırmı?
Son zamanlar olduqca rəğbət görüb məşhurluq qazanan bir çoxlarının mənəvi tərəqqi adlandırdığı yoqa təlimlərinin vətəni Hindistanda reallıqda baş verənlərdən xəbərsiz həmvətənlərimin diqqətinə şəxsi təcrübəmi və marağımın səbəb olduğu ətraflı araşdırmalarımın nəticəsini çatdırmaq istərdim. Bir çoxları kimi mən də gərgin həyatın düyünlərini açmaq, bilinən, görünən dünyadan uzaqlaşıb, özümlə qalıb, mənəvi dünyamda fərqli bir səyahətə çıxmaq və əslində qələmə almaqda olduğum yeni romanıma rəngarəng çalarlar qatmaq məqsədilə olduqca uzaqlara, doğrusu, bərabərlik və harmoniyanın hökm etdiyi özümə yaxın olacağım kimi qiymətləndirdiyim bir yolculuğa çıxdım.
Şəhərin səs-küyündən qaçıb tropik cəngəlliklərdə sükut tapmaq məqsədilə, doğma Bakımızdan nə az, nə çox - 4133 km uzaqlıqda, Hindistanın cənub sərhədində yerləşən Kerala ştatına yollandıq. Paytaxtı Trivandrum adlanan bu ştat sahil şəhəri kimi tanınır, çünki Keralanın qərb zolağını Ərəb dənizi yuyarkən tropik meşələrin yoxuşunu saysız çimərliklər və körfəzlər bəzəyir. Ancaq sözügedən bölgənin turistik cəhətdən məhşurlaşmasına səbəb məhz Keralanın mövcud qərb müalicə metodologiyalarından imtina edərək, irəli sürdükləri təbii müalicə texnikası onların terminologiyasi ilə desək, “Ayurvedik” qeyri-ənənəvi müalicə yöntəmləriylə fəaliyyət göstərən sanatoriya tipli tibbi araşdırma mərkəzləridir. Bu qurumlar təbii olmayan dərman preparatlarından istifadə etmədən, müxtəlif xəstəliklərin müalicəsini xüsusi masaj terapiyası, təbii, kimyəvi əlavələr olmadan, otlardan hazırlanmış dərman vasitələri və əlbəttə ki, yoqa təlimlərinin tətbiqi vasitəsilə təmin edirlər.
“Ayurvedik” müalicə sisteminin tarixinə nəzər yetirsək, onun yaranması olduqca qədim - bəzi mənbələrdə 3000, digərlərində 5000 il əvvələ yaxın göstərilir. Hərfi mənası isə Sanskrit dilindən tərcümədə “ayur” - həyat, yaşam, uzunömürlülük, “veda” - elm, bilik kimi qeyd olunarkən “Ayurveda” - uzunömürlülüyün elmi olaraq qəbul edilib. Təbiətin qanunlarına zidd gedən təbiilikdən uzaqlaşmış müasir dünyanın bağırdığı “organik” təbiilik kəlməsinin kütləvi tanınması bilavasitə “Ayurvedik” müalicənin də populyarlaşması, Hindistanla yanaşı bir çox Asiya ölkəsində tibbi turizmin inkişafına təkan verib və Qərb ölkələrindən gələnlərin, xüsusilə Fransa, Almaniya, Rusiyadan olan ziyarətçilərin kəskin marağına səbəb olub. Bununla yanaşı, bütün dünyada həm sağlam həyat tərzinin ayrılmaz parçası kimi, həm də mistik cərəyan olan yoqa təlimlərinin keçirilməsi, meditasiya ilə daxili hormoniyaya nail olunması praktikaları müasir dünyadan olduqca uzaq cəngəlliklərə fövqəladə diqqət cəlb edib.
Bəs, reallıqda sözügedən qədim müalicə metodologiyası “Ayurveda” adı altında Kerala - yerlilərin Cənnət, Allahın öz şəhəri adlandırdığı torpaqlarda turistlərə nə kimi xidmətlər təklif olunur? Müasir dünyanın toxinlərindən balansı pozulmuş təfəkkür, bədən və ruhun tarazlığının təminatçısı adlanan yoqanın kökləri yatan bu torpaqlarda arınmaq mümkündürmü?
Doğrusu, mənim Hindistana olan marağım yoqa təlimlərinə olan həvəsimlə, bu isə öz növbəsində məşhur hind yoqu və mistiki Jaggi Vasudevin müəllifi olduğu “Daxili Mühəndislik: Yoqinin Xoşbəxtlik Bələdçiliyi” kitabının təfəkkürümə əkdiyi inam toxumları səbəb olub. Jaggi Vasudevi çoxları Sadhguru kimi tanıyır və Hindistanda ən nüfuzlu 50 insandan biri hesab edilir. Belə ki, onun 2016-cı ildə Amerika Birləşmiş Ştatlarında işıq üzü görən kitabı böyük kütləvi marağa səbəb olmaqla, yazarın bir çox önəmli ədəbi lauretlarda yer almasına, şəxsi inkişaf kitabı üzrə “New York Times”-ın, “Washington Post”-un ən çox satanlar bölümündə sıralanmasına gətirib çıxarıb. Kitabın üz qabığında yer alan yoqanın atası hesab edilən Patanjalinin, zənnimcə, elə tərkibindəki bütün ideologiyanın da banisi təfəkkür, bədən və ruhun harmoniya altında birləşməsinin açarını təklif edən bu kitabın əsas məğzi fiziki və mənəvi baxımdan insanın öz daxili enerjisini idarə edərək ifrat xoşbəxtliyə nail olmasının mövcudluğu və bunun yollarının ətraflı izahatı təşkil edir.
İnsanların gündəlik həyatda üzləşdiyi problemləri və onların həll yollarını xarici dünyada axtarmasını mənasız çırpınış, vaxt itkisi adlandıran yazar əslində bütün kilidlərin açarının daxili dünyamızda yatdığından bəhs edir. Yəni yaşadıqlarımızın məsuliyyətini öz çiyinlərimizə aldıqda xoşbəxtliyə doğru bir addım atmış olarıq. Yoqanın ruhani özünüdərketmədə və fiziki, mənəvi balansın təminatındakı rolunu izah etməklə əslində insanın öz daxilinin mühəndisi olaraq xarici dünyanı tikməsi üçün fərqli yollar müzakirə edilir.
Çoxlarının marağına səbəb olan bu kitabın təsirinə qapılaraq biz də mənəvi dünyamızda fərqli bir səyahət etmək qərarı alıb, uzun uçuş saatlarının sonunda, sanki dünyanın tam da bitiş nöqtəsinə çatmağımıza az qalmış, bəlkə də, təyyarəmiz elə kainatın sonuna Kerala şəhərinin Trivandrum Hava Limanına enmişdik, axtarışında olduğumuz dərin bir sükunət və palma ağaclarının başının zorla seçildiyi zülmətli bir tənhalıq bizləri salamlamışdı.
Artıq qeyd edildiyi kimi, Hindistanın Kerala şəhəri xarici qonaqlara təklif etdiyi qeyri-ənənəvi müalicə prosedurlarına görə rəğbət görməkdədir. Biz də bu çox təriflənən toxinlərdən arınma üzrə olduqca köklü müalicə və araşdırma mərkəzlərindən biri olan “Dr. Franklin’s Panchakarma Institute and Research Centre”-də “Ayurveda” proqramına başladıq. Əslində elə yolun başından - müalicənin ilk günü dırnaqarası ixtisaslaşdırılmış həkimlərin dil çatışmazlığını hiss etsək də, pozitiv düşüncə ilə bütün dünyanın övdüyü sistemin effektivliyinə inamımızı itirmədik.
Gəl gör ki, xəstənin problemini anlamaqda çətinlik çəkən bir həkim onun dərdinə dərman tapmağa nə qədər müvəffəq ola bilərdi axı? Bütün anlaşılmazlığa rəğmən, 21 günlük müalicə proqramına qoşulduq və qeyd edim ki, burada fərqli (7, 14, 21, 28 günlük) zaman bölgüsü olan müalicə paketini də seçmək mümkündür. Müalicə bədənin daxili təmizlənmə və saflaşdırılması ilə başlanır, bu mərhələdə sizə hər gün 1 stəkan xüsusi “ghee” (kərə yağına bənzər yağ) adlanan yağ verilir və bütün növ qida və içkidən (çay və qəhvə daxil olmaqla) məhrum olunarkən, gündə 2 dəfə soyutma tərəvəz və qaynadılmış düyü suyu təklif olunur. Bununla yanaşı isə fərqli masaj terapiyaları və müalicəvi vannaların qəbulu həyata keçirilir. Bütün müalicə proqramını isə yoqa təlimləri dəstəkləyərək təmizlənmiş bədənin təfəkkür və ruhunu tənzimləyərkən mövcud sağlamlıq problemlərindən tam və qismən bərpası vəd edilir. Bəs möcüzəvi səslənən bu müalicənin nəticəsi danışılan qədər effektlidirmi?
Əfsuslar olsun ki, şəxsən yaşadığım və şahidi olduğum reallıq bu sadalanan təbiilikdən olduqca uzaq bazar iqtisadiyyatının güclü marketinq tələsindən və maddiləşmiş dəyərlərin arxasınca qaçan hind fırıldaqçıların oyunundan savayı bir şey deyilmiş. Belə ki, ilkin mərhələdə həyata keçirilən bədənin təmizlənməsi, yəni ac qalma hər bir xəstənin yaşı, kilosu və tab gətirmə gücünə əsasən xüsusi və ciddi nəzarət altında həyata keçirilməlidir, reallıqda isə insanlara bədən strukturundan asılı olmayaraq, 7 gün kimi uzun bir zaman aclıq, hindlilərin dilində desək, detokslaşdırma planı məcburi qaydada uyğulanır. Amma bir çox kitablarda bu müddət 3 gün kimi qeyd olunur və risklərindən də bəhs edilir.
Bəs, bu uzun çəkən aclığın səbəbi və ya nəticəsi nədir? Ən sadə dildə desək, bədən öz müqavimətini itirərək, immun sistemin şiddətli zəifləməsi, bədənin qidasızlıqdan aşırı su itkisi və bunun nəticəsində yüksək temperatur, baş ağrıları, şiddətli halsızlıq və ən sonunda bədəninizi xəstəxanalıq edən bir müalicə sistemi. Təbii ki, xəstəxanada aldığınız yüksək dozada toksinli dərmanlar, antibiotik, sistem və sair. Bununla yanaşı yaşadığınız stress və qorxunu da nəzərə alsaq, belə bir sual yaranır: sağlam bədənimiz “Ayurveda” adı altında təmizlənir, yoxsa lazımsız dərmanlarla yüklənir? Gələn turistlərə laqeydliyin səbəbi və ya bu cür insan sağlamlığına təhlükəli yanaşmanın kökü nəyə əsaslanır?
Əslində, hindliləri tanıdıqca onların həyata baxış psixologiyasını və gələn ağ rəngli turistlərə, onların dilində desək, pullu insanlara olan münasibətlərini anlamaq elə də çətin deyil. Qərb tolerantlığına sığınaraq, “hər nə desək, insanlar inanar” fəlsəfəsindən yanaşıb ölkəni ziyarət edən qonaqlara həm maddi, həm mənəvi, həm də həyati baxımından ciddi zərbə endirməkdən savayı bir işə yaramayan “ayurvedik” müalicəni isə özlərinin belə, anlamadığı yoqa fəlsəfəsinin arxasında gizlədirlər. Belə ki, əslində insanları qidadan kəsmək otel büdcəsini yemək xərclərindən azad etməklə və sizi halsızlaşdırıb xəstələndirən müalicə masaj prosedurlarından imtina etməyinizə, bu da öz növbəsində xəstələnməyinizin orada qalma müddətinizi uzatmağınıza, ümumilikdə hərtərəfli sizi xəstələndirib sağaltmağa çalışan teatr səhnəsinin oyununun davam etməsinə dəstək göstərir.
Əlbəttə ki, bu teatrın arxasını isə natəmizlik, anti-sanitariya nəticəsində bədəninizə keçən mikrop və bakteriyaların sizin bədəninizi daxilən təmizləməsi izləyir. Beş ulduza sahib araşdırma mərkəzi xəstələri toksinlərdən arındırmaq istərkən, mətbəxində paslı bıçaqla meyvə-tərəvəz doğrayır, müalicədə istifadə olunan bütün şəxsi gigiyena vasitələri əl ilə soyuq suda yuyulur, masaj otaqları yanmış yağın hisindən insanın nəfəsini kəsir, bir sözlə, saflaşdırma mərkəzi olan binanın hər bir yerindən xəstəlik və çirk axarkən təmiz insanların batdığı bu xəstəxanaya bataqlıqdan başqa nə demək olar?
Müalicənin digər gülməli tərəfi yoqa təlimlərini keçirən oyunbazlardır. Başqa sözlə, yaşlıların ziyarət etdiyi bu tip araşdırma mərkəzlərində nə də olsa, bu yaş kateqoriyasındakı insanların yoqa bilgisi yoxdur deyə yoqanın vətənində bu təlimlərin kökünü öyrənmək istəyənlərə məktəbdə bədən tərbiyəsində fiziki hərəkətlərə başlamamışdan əvvəl etdiyimiz isinmə hərəkətləri qonaqlara yoqa adı altında satılır. İşdir birdən məmnun qalmayıb müəllimə etiraz etsəniz, sizə gülümsəyib (yeri gəlmişkən, gülümsəyib baş oynatmaq hindlilərin işin içindən çıxmaq üçün yaratdıqları dünyaya pozitiv baxan personajlarının ən ayrılmaz hissəsidir), “mən hər kəsin bədəni nəyə qadirdir bilə bilmərəm, onunçün ən adi hərəkətlərlə kifayətlənməyi məsləhət bilirəm. Əgər siz daha dərin məşq etmək istəsəniz, o zaman şəxsi təlim paketləri ilə tanış olun” deyə söyləyəcək.
Əlbəttə ki, bu paketlərlə tanış olub aldanan bir tək mən olmadığımdan əminəm. Belə ki, aclıq və safalətdən danışıb, aylıq maaşı 100$ olan bir ölkənin yoqa dərslərinin saatını 50 avro kimi qiymətləndirib, 10 dərs alan birini hədiyyə etməklərinə gülüb yoxsa ağlamaq lazımdır, bilə bilmədik, ancaq 3 şəxsi dərsin biri digərinin təkrarı olub, qrup dərslərindən əslində bir fərqi olmadığını anladıqda dayandırmalı olduq. İnandığımız böyük yalanların yaşadığımız həqiqətlərin çirkin üzüylə qarşılaşmasının səbəb olduğu əsəb sarsıntısı və məyusluğun izini silməyə nə nəfəs alıb vermək, nə də ac qalıb təmizlənmək kömək ola bilərdi. Qısaca olaraq 1 ay ərzində gördüyüm yoqa təlimlərinin mənə öyrətdiyi ən önəmli həqiqət - Hindistanda nəfəs alıb-nəfəs vermək, olduqca təhlükəli toksinləri bədəninizə, təfəkkürünüzə və qeyri-insani davranışlardan məəttəl qalan ruhunuza aşılayarkən, sizin itirdiyiniz balansı nəinki tapmağa, inancınızdakı bütün tərəzilərin məhvinə və harmoniyanızın şahidi olduğu acı yalançılıqlardan tamamilə pozulması ilə nəticələnir. Əgər ki, bütün yaşananlardan sağ çıxa bilib, evinizə geri dönmək şansınız qalıbsa, o zaman sizi daha da təhlükəli təcrübələr hava limanından, yəni cəhənnəmdən fərar etməyinizə bir addım qala yola salacaq.
Hindistanda yaşadığım bütün məyusluq, yalan və fırıldaqları unudub, Sadhgurunun belə, sözün əsl mənasında, o cür mükəmməl oyunbazlardan biri olması həqiqətini istəməsəm də, qəbul edib, acı reallıqla üzləşib, hind filmlərinin mükəmməl aktyorları kimi yerli-yersiz hər şeyə rəqs edib, qəddarlığı zövq alaraq edən bir cəmiyyətin əslində mükəmməl yalanı sizə satma qabiliyyəti ilə tanışlığımı pis bir təcrübə kimi yaddaş dəftərimə yazıb bağlaya bilərdim. Hərçənd hava limanında yaşıl pasportumun bütün işıqları qırmızı edib yollarımı bağlaması şokunu yaşamasam, bütün bu təcrübələrimə görə məşhur mistik Sadhgurunu yalançı aldandırıb, səyahəti peşmançılıq hesab edərdim. Hərçənd şəxsən bir azərbaycanlı olaraq hava limanında yaşadığım qanunsuzluq və səbəbsizcə biletimin əlimdən alınması və haqqımı tapdalayan insanlarla doğma ana dilim kimi danışdığım ingilis dilində qanun-qayda tələb edərkən, mənə təhqirə bərabər vecsizlikləri və durmadan gülümsəməkləri olmasaydı.
Deməli, Kerala hava limanında 6 saatlıq növbədən sonra təyyarə üçün yoxlanış qapısında çantalarımızın xətkeşlə ölçülməsi, normadan artıq göstərilən çamadanlara heç bir qiymət cədvəlində qeyd edilməyən bir məbləğin tələb edilməsi (nə az, nə çox - $2200) məbləğin ödənməsini qəbul etməyib və baqajdan imtina etsək belə, təyyarəyə buraxılmamağımızın səbəbini və bir göz qırpımında artıq bizim almış olduğumuz biletimizi başqa bir sərnişinə satıb, bizi isə gecə saat 4-də aeroport binasından terrorçu kimi uzaqlaşdırmalarına məntiqli bir açıqlama tapa bilmədik. Qeyd edim ki, bizi təyyarəyə səbəbsizcə ötürməyən aviaşirkətlə əlaqə yaradıb açıqlama tələb etdikdə, boyun qaçırıb dəstəyi bağlamaqla kifayətləndilər. Üç gün sonra eyni hava limanında “biz sizi ötürmədik o gün” deyə gülərək lağlağayla qarşılayan işçilərin qanunsuzluğunun rahatlığını, doğrusu, hələ də anlaya bilməmişəm.
İtirdiyimiz təyyarənin ardından bir açıqlama, bərpa və ya normal insani davranış görmədik, belə ki, hindlilər haqq yeyərkən sadəcə ironik gülüşlə gələn turistlərə qonaqpərvərliklərini nümayiş etdirirdilər. Əslində yaşadıqlarımıza məntiqli bir açıqlama tapa bilməməkdən çox şikayətlənirdim, ancaq ermənilərə silah-sursat təminatını həyata keçirən bir xalqdan insani davranış gözləməyin özünün ən böyük məntiqsizlik olduğu qənaətindəyəm. Vətənimizə zidd gedən xalqların siyahısında heç bilməzdim ki, indi turist kimi şəhərimizə qonaq gəlib, immiqrasiya qanunlarını tapdalayıb gizli işləyən hindlilər də olacaq.
Hindistana və yoqaya marağı olan əziz həmvətənlərimə tövsiyəm: yurdumuzun səmasında azadcasına dərindən nəfəs alıb-verməyin ən böyük harmoniya, Vətən torpağında addımlamağı isə bütün mistik yoqaların yaşada bilməyəcəyi ifrat xoşbəxtlik olduğunu unutmayın, sükunəti çox uzaqlarda yox, öz yurdumuzda dadmağa çalışın. Çünki sahib olduqlarımızın qədrini, təəssüf ki, yalnız itirdikdən sonra anlaya bilirik. Məhz bu səbəbdən, Hindistana yaşatdığı bütün faciəvi xatirələrə, qanunsuzluqlara və haqsızlıqlara görə təşəkkür etməklə, sahib olduğum dəyərləri və ifrat xoşbəxtliyimi mənə bir daha xatırlatdıqları üçün minnətdaram. İşdir bir gün şükr etmək istəsəniz, həyatla ölüm arasındakı incə ipdə addımlamaq üçün yalnız Hindistana getməyi düşüncənizdən ehtiyatla keçirin.
Müəllif: Şah Selimi Türkay,
Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyasının sədri (AMİTA),
“Queen Mary University of London”-un keçmiş tədqiqatçısı,
“Ev dustağıyam” əsərinin müəllifi
(xüsusi olaraq AYNA üçün)