"Çünki görürsən ki, özün azadsan, ancaq kölələrdən asılısan..."- Kəramət Böyükçöl yazır...
22-10-2022, 10:33
Yadınızdadırsa, Zaur təbrizli müğənnini ARB-nin efirindən qovmuşdu. Onda hamı Zauru söyürdü. Həmin vaxt Tolik də Zaura döşəməyə başladı. Camaat rəydə Tolikə yazırdı ki, halal olsun, kişisən! Yəqin o da yadınızdadır ki, mən onda demişdim ki, soxasoxda Tolik də kişi oldu.
Baxıram, Siyavuş Novuzov İranı haqlı olaraq tənqid edir. Deyir, Mehdi gəlsə, ədaləti bərpa etməyə İrandan başlasın. Bir çoxları Siyavuş müəllimin bu mövqeyini haqlı olaraq alqışlayır, ona təşəkkür edir.
Soxasoxda Siyavuş Novruzov da düz danışan kişi oldu.
Yadıma gəlir, bir dəfə Eynulla Fətullayev də demişdi ki, əvvəlki xalq sevgisini geri qaytarmaq mənim əlimdə iki vur ikidir.
Belə şeylərə görə hərdən hakimiyyətlə mübarizə aparan dostlarıma deyirəm ki, sizi başa düşürəm, mübarizənizi aparın, əqidənizdən və yolunuzdan dönməyin. Amma özünüzü şəhid də eləməyin. Çünki vaxt çatanda, zaman yetişəndə elə adamlar qəhramana çevriləcək, elə adamlar prosesin önündə gedəcək, elə adamlar kişi olacaq ki, onda sizin adınız heç it dəftərinin qulağında da olmayacaq. Onda bərk sarsılacaqsınız ki, gör ömür nəyin uğrunda hədər getdi.
Necə ki Sovet hökumətinə yaltaqlananlar sonralar xalq hərəkatının önündə getdilər. Necə ki Azərbaycanın müstəqilliyinin əlehinə səs verənlərin özləri də, balaları da 31 ildir bəy kefində yaşayırlar. Həqiqi azadlıq aşiqləri isə ac, yoxsul və məhrumiyyətlər içərisində heç metrodakı basabasdan imkan tapıb olmayan evinə gedə bilmirlər.
Bu sözləri bir siyasətçi sizə heç vaxt deməz, çünki onun tutduğu xəttə, yola və ritorikaya uyğun deyil. Amma yazar deyə bilər. Siyasətçi ilə yazarın fərqi də elə budur.
Heç nə siz düşündüyünüz qədər sadə deyil. Bir tərəfdən də vaxt, zaman gedir, ömür yekunlaşır. Bir gün geriyə baxırsan ki, uzun bir yol gəlmisən, qabaq uçrumdur, geri məğlubiyyətdir, yerində də dayana bilmirsən. Bütün münasibətlər sistemini də getdiyin yola uyğun qurmusan deyə o yolun, üslubun, ritorikanın əsirinə çevrilmisən. Bir balaca dəyişsən, bütün münasibətlər sistemi dağılacaq, tək qalacaqsan. Ömür isə heç ətrafındakı riyakar, ağcaqanada oxşayan adamlarla dalaşıb qurtarmağa bəs etmir, o ki qala bəşəri, regional arzularını həyata keçdiyinin şahidi olasan.
Az-çox həyat təcrübəm mənə elə şeyləri başa salıb, elə şeyləri anladıb ki, o yerdə bütün hərəkət məhdudlaşır. Bizə gələcəyi görmək imkanı məhz ona görə verilməyib ki, hərəkətsiz qalmayaq, ümidsiz olmayaq, ömrün bir aldanış olduğunu bilməyək.
Azadlıq...
Adamın azadlığını təkcə hakimiyyət, iş yeri, müdir, bir tikə çörək məhdudlaşdırmır. Dostların, çevrən, atan, anan, bacın, qardaşın, qohumların, arvadın, övladların, hamısı azadlıq düşmənləridir. Sonda elə vəziyyət yaranır ki, özün də öz azadlığınla dalaşmalı olursan. Niyə? Çünki görürsən ki, özün azadsan, ancaq kölələrdən asılısan. Ömrün bir yerində isə necə yorulduğunu anlayırsan, bircə saat dincəlməyə, başını qollarına söykəyib düşünməyə, şirin bir yuxuya getməyə imkan belə tapmırsan.
İçim deyə bilmədiyim sözlərlə doludur.
Kitab yazmağa, çap etdirməyə də həvəs qalmır, adamın kağız-kuğuza heyfi gəlir.