Əgər 15 min nəfər edam olunsa...

12-11-2022, 12:49           
Əgər 15 min nəfər edam olunsa...
Əlli gündən çox vaxt, üç yüzdən çox həlak olmuş adam – bəli, İrandakı siyasi etirazların hələ ki kəmiyyət göstəriciləri budur.

Amma proseslər davam edir və hələ bilinmir ki, onların sonu nə olacaq – etirazlar səngiyəcək, yoxsa mövcud siyasi rejimin süqutuna qədər davam edəcək?

Hələki siyasi aktorların, tərəflərin heç biri geri çəkilməyi, güzəştə getməyi düşünmür. Xüsusən də hakimiyyət ciddi dirəniş göstərir. İran parlamentindəki deputatlar təmsil etdikləri cəmiyyətin etirazlarını eşidib geri addım atmaq əvəzinə repressiyaları gücləndirməyi tələb və təklif edirlər.

Ən son məlumatlara görə, hakimiyyət 15 min nəfəri edam etməyi planlaşdırır. Doğrusu, adam bilmir ki, buna inansın, yoxsa yanlış xəbər kimi bir tərəfə qoysun? Məsələ bundadır ki, bu cür kütləvi repressiyaların iki nəticəsi ola bilər. Birincisi, onlar siyasi etirazaları müvəqqəti səngidə bilər. Qəddarlıq avtorirat rejimlər üçün xarakterik haldır, onlar məhz qəddarlığın sayəsində duruş gətirə bilirlər.

Məsələn, ötən əsrdə kommunistlər elə də kütləvi siyasi hərəkat deyildilər. Amma onlar kütləvi repressiyaların sayəsində hakimiyyətə gələ və hakimiyyətdə qala bildilər. Amma bu, cəmi yetmiş il çəkdi. İrandakı siyasi etirazları da kütləvi repressiyalar hesabına söndürə bilərlər, amma ki, müvəqqəti. Ona görə ki, heç bir avtoritar rejim əbədi deyil, gec-tez onların da sonu gəlir.

İkincisi, kütləvi etirazlar böyük repressiyalardan sonra daha da güclənə bilər. İndi İranda belə ssenari daha ehtimallıdır. Əgər bir qızın öldürülməsinə görə belə böyük etirazlar başlandısa, kim deyə bilər ki, on beş min nəfər edam olunandan sonra etirazçılar sakitcə evlərinə dağılışacaqlar? Bu, elə də ehtimallı görünmür. Əksinə, bəlkə də hakimiyyət güzəştlərə getsəydi, islahatlar aparıb milli vahidlərin mədəni hüquqlarını artırsaydı, “əxlaq polisi” kimi 21-ci əsrə uyuşmayan siyasi-inzibati atavizmləri ləgv edib gənc qızın ölümündə təqsiri olanları cəzalandırsaydı, bəlkə onda demək olardı ki, bəli, bundan sonra etirazlar zəifləyəcək. Amma hakimiyyət bunu etmədi və indi də etmək fikri yoxdur. Ona görə də ehtimal olunanı budur ki, etirazlar davam edəcək.

Bəli, ortada “ərəb baharları”nın nümunəsi var. Onlar heç də azadlıq və demokratiya ilə nəticələnmədi. Misirdə bir hərbçi diktatoru digəri əvəz etdi. Liviyada vətəndaş müharibəsi bu gün də davam edir. Suriya tamam dağılsa da Bəşər Əsəd hakimiyyətdən getmədi. Ona görə də biz İrandakı siyasi etirazlarla bağlı uzağa gedən nəticələr çıxarmağa tələsmirik. Amma burada bir nüans var. İran teokratik dövlətdən dünyəvi dövlətə doğru dəyişməlidir. Burada dünyəvi islahatlar aparılmalıdır. Rejim bunu istəmir, çünki ruhani siyasi elitası bunu öz hakimiyyətləri üçün ən böyük təhlükə hesab edir. Hakim siyasi elita teokratik rejimin sayəsində hakimiyyətdədir və onlar dünyəvi islahatlara “hə” desələr, gec-tez müttəhimlər kürsüsündə əyləşməli olacaqlar, çünki islam rejiminin qırx illik dövründə o ki var, qan töküblər, repressiyalar aparıblar. Amma ruhani rejimi heç olmasa, islam dinini düşünməlidirlər. Bu qırx ildə onlar islam dininə nə verdilər? Dünyada ona qarşı rəğbəti artırdılarmı?

Hər şey tamam əksinə oldu. İran kimi dövlətlərin sayəsində islam qorxunc bir fenomenə çevrilib. Halbuki əslində belə deyil və belə olmamalı idi. Qərəz, çətin bir prosesdir. Qırx üç il ərzində İran rejimi nəinki cənnət qura bilmədi, əksinə, İranı öz vətəndaşları üçün əsl cəhənnəmə çevirdi. İndi insanlar bu cəhənnəmə qarşı çıxırlar. Nə ilə bitəcək bu proses? Xeyir şər üzərində qələbə qalacaqmı? Birmənalı şəkildə demək çətindir. Amma o da aydındır ki, şər də xeyri üstələyə bilir, fəqət, bu, çox çəkmir, müvəqqəti olur...

Hüseynbala Səlimov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.