Ağa Məhəmməd şah Qacarın Osmanlı hökuməti ilə ittifaq yaratmaq cəhdi
13-11-2022, 08:51
1795-ci ildə Ağa Məhəmməd xan Qacarın Tiflis səfəri rusların narahatlığını daha da artırdı. Bu səfərin ardından Qacar xanının özünü şah, eləcə də Səfəvi xanədanının davamçısı elan etməsi II Yekaterinanı lap təlaşlandırdı. Valeryan Zubovu Dərbəndə göndərən çariça ona nəyin bahasına olursa olsun, bölgədə Rusiyanın mənfəətlərini tam təmin etməyi tapşırdı.
Vəziyyətin gərginliyini anlayan Ağa Məhəmməd şah çıxış yolu kimi Osmanlı hökuməti ilə danışıqlar apardı. İstanbula yolladığı elçilər vasitəsilə Qafqazda getdikcə güclənən rus təhdidini "iki ölkənin ortaq bəlası" kimi qiymətləndirdi. Digər tərəfdən özünü Azərbaycan və Tiflisin qanuni sahibi adlandıraraq Babi-Alidən adları çəkilən bölgələr üzərindəki miras hüququnun tanınmasını istədi. Lakin Osmanlı hökuməti həmin istəyə isti yanaşmadı. Bu, səbəbsiz deyildi: osmanlılar uzun müddət idi ki, türk xanlıqlarının inkişafı üçün əllərindən gələni edirdilər, odur ki, mövcud situasiyada həmin xanlıqlarla, xüsusilə də Qarabağ, İrəvan və Şəki ilə müttəfiqlik münasibətlərinin kəsilməsi Babi-Alinin maraqlarına uyğun deyildi.
1796-cı il dekabrın 29-da Ağa Məhəmməd şahın elçiləri İstanbula gəlib Osmanlı sultanı III Səlimin hüzuruna çıxdılar. Elçilər bəyan etdilər ki, Qacar hökmdarı növbəti ilin yazında 150 min nəfərlik ordu ilə Rusiyaya qarşı savaşa hazırlaşır. Ağa Məhəmməd şah bu səfər ərəfəsində III Səlimin də Gürcüstana səfər təşkil etməsini, beləliklə, rusların bölgədə zəiflədilməsini istəyirdi. Ancaq həmin dövrdə III Səlimin vəziyyəti heç də yaxşı deyildi: Osmanlı ordusunun mühüm hissəsini Rusiya ilə müharibədə itirmişdi. Üstəlik, haqqında bəhs etdiyimiz müharibələrin gedişində Osmanlı ordusunun zamanla ayaqlaşa bilmədiyi və yarıtmazlığı bütün çılpaqlığı ilə ortaya çıxmışdı. Ona görə də III Səlim yeni və modern ordu yaratmaq qərarına gəlmişdi. "Nizami-cədid" adlanan bu ordunun qurulması İstanbulda ciddi mübahisələrə yol açmışdı. Digər tərəfdən, Osmanlı hökuməti Ağa Məhəmməd şaha bir o qədər də inanmır, etibar etmirdi. Məsələ ondadır ki, Babi-Ali osmanlıların Rusiya-Avstriya ittifaqına qarşı apardığı mübarizədə səfəvilərdən dəstək görmədiklərini iddia edirdi. Lakin bu çox mənasız bəhanə idi. Belə ki, özünü Səfəvi mülkünün sahibi sayan Ağa Məhəmməd xan həmin vaxt kifayət qədər güclü deyildi. Üstəlik, Osmanlı dövləti gələcəkdə situasiyanın dəyişə biləcəyindən, ruslarla qacarlar arasında ittifaqın yaranacağından narahat idi. Qısası, Babi-Alidə Ağa Məhəmməd şah haqqında çoxsaylı şübhələr vardı. Nəticədə Ağa Məhəmməd şahın istəklərinə rədd cavabı verən Osmanlı dövləti bununla da Rusiyanı Qafqazdan uzaqlaşdırmaq üçün tarixi fürsəti qaçırdı. Bölgədə yeni "Nadir şah"ın ortaya çıxmasını istəməyən osmanlılar Ağa Məhəmməd şahın müttəfiqlik təklifindən boyun qaçırmaqla necə böyük səhvə yol verdiklərini xeyli sonralar anlayacaqdılar. Belə ki, Rusiya ilə Osmanlı arasında ard-arda baş verən müharibələr (1806-1812 və 1827-1829) sonuncu üçün ağır nəticələrə gətirib çıxardı. Belə ki, osmanlılar Şimali və Qərbi Qafqazı, Krımı, Karpatları və Balkanları itirdi.
Əkbər Nəcəf, Ağa Məhəmməd şah Qacar. səh 139-140
Teref.z