TOPLUMA TƏSİR EDƏN LEV TOLSTOY SÖZÜ
14-06-2023, 09:16
XX yüzilliyin əvvəlində Rusiyada araq düşgünlüyü, alkoholizm xəstəlikləri və ölümləri o qədər çoxalmışdı ki, içməklə mübarizə cəmiyyətləri yaradılırdı. Onlar „Общество трезвости“ – „Ayıqlıq Cəmiyyəti“ adlanırdı. 1904-cü ildə cəmyyətlərin ümumrusiya təsis konfransı keçirildi, vahid İdarə Heyəti seçildi və birinci iclasa dünyada o vaxtlardan məşhur və çox nüfuzlu Lev Tolstoyu dəvət etdilər.
Bizim dünyada məşhur qarışıq çağdaş yazıçıların çoxundan fərqli olaraq yaşlandıqca nüfuzu artan, Rusiya imperatorundan mənzil, orden-medal, başqa mükafat, Fəxri Xiyabanda yer ummayan, yaltaqlanmayan, hər cürə aftafa-dəsmal gəzdirməyi qraf adına, qələminə yaraşdırmayan Tolstoy gəldi və bir qıraqda oturub məruzəçilərə qulaq asmağa başladı. Bir azdan gözlərini yumdu, yaşı da 76, yanındakılar, görənlər elə bildi ki, qoca mürgüləyir. Amma sözü ona verəndə Lev Tolstoy həmən eşitdi və hamının diqqət kəsildiyi sükut içində ayağa qalxaraq dedi:
- Xanımlar və cənablar, araq içməmək üçün yığışmaq lazım deyil! Amma bir halda ki yığışmışıq, niyə əlli-əlli, bəlkə lap yüz-yüz vurmayaq?
Böyük zal gözlənilməzlikdən duruxdu, sonra mərəkə qopdu, qırğın düşdü, ağız deyəni qulaq eşitmədi. Böyük yazıçını qınayan da, dəstəkləyən də xeyli adam tapıldı. Deyilənə görə, o toplantı „Ayıqlıq Cəmiyyəti“ İH-nin ilk və son iclası old. Oradan yığışıb vurmağa gedənlər oldu ya yox, bilmirəm...
SÖZARDI
Dəyərli dostlar! Bu mətnə İnternetdə gördüm, ehtimal ki gülmək üçün uydurulub, bi zarafatdır. Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz haqqında söhbət gedən olaya və adamlara, zülm edənlərə, zülmə dəstək olanlara, cinayət ya ziyanlı əməl törədənlərə, bizi susdurmaq istəyənlərədirsə, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.
Cingiz Sultansoy
Teref.az