Alban katolikosluğuna məxsus xristian monastırlarından Xudavəng (Dadivəng) monastırı tarixin heç bir dönəmində Erməni Qriqoryan Kilsəsinə tabe olmayıbdır
25-12-2023, 12:38
Alban katolikosluğuna məxsus xristian monastırlarından Xudavəng (Dadivəng) monastırı tarixin heç bir dönəmində Erməni Qriqoryan Kilsəsinə tabe olmayıbdır. Hətta 1836-cı ildən sonra, tarixdə ilk dəfə olaraq Qarabağda peyda olan Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyası tərəfindən ələ keçirilə bilinməyibdir. Lakin Qarabağın işğal altında qaldığı dövrdə bu monastır kompleksində qanunsuz bərpa adı altında saxtalaşdırmalar aparılaraq Erməni Qriqoryan Kilsəsinin Artsax yeparxiyası tərəfindən özününküləşdirmə cəhdi edilib. Monastır divarlarında olan statusdakı fotolarda görünən bu iki freskanın isə bütün erməni kilsələrində oxşarı yoxdur. Lakin 2020-ci ilin noyabr ayında, Ermənistan Kəlbəcərdən öz silahlı qüvvələrinin çıxarılması üçün verilən vaxt dövründən istifadə edərək, hər iki freskanı divardan sökərək - oğurlayaraq Ermənistana aparıbdır.
Kompazisiyalardan birini divardan düzgün sökə bilmədikləri üçün məhv etdikləri haqqında məlumatlar da var (ermənilərdən biri - Siranuş Manukyan adlı istifadəçi bu haqqda öz rəylərində yazır).
Üzərindən 3 il keçməsinə baxmayaraq Xudavəng monastırından oğurlanıb aparılan bu freskalardan xəbər yoxdur.
Bu tarixdən artıq 3 il keçməsinə baxmayaraq, hələ də bütün beynəlxalq təşkilatlarda bizi, Qarabağda erməni mədəni irsinin məhvində ciddi cəhdlə günahlandırırlar. Biz əsas faktı hələ ki, heç bir beynəlxalq təşkilatın kürsüsünə çıxarmırıq. Hər halda, mən beynəlxalq təşkilatlara Azərbaycan tərəfindən təqdim edilən istər hesabatlarda, istərsə də alternativ hesabatlarda bu fakta bağlı məlumata, sübuta rast gəlmirəm. Həmin boşluqdan istifadə edən Ermənistan isə günü-gündən mədəni irsin məhvində Azərbaycanı günahlandırır, Azərbaycandan "vəhşi obraz"ı yaratmaqla bağlı dayanmadan iş görür.
Bu Ermənistan tərəfindən efilmiş bir oğurluq hadisəsi olmaqla yanaşı, həm də beynəlxalq hüquqa zidd idi və qanunla bu mədəni irs abidəsini Azərbaycan geri qaytara bilinər. Xudavəng monastırı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2001-ci ildə təsdiqlənmiş 132 saylı abidələr siyahısında Azərbaycan xalqına məxsus dünya əhəmiyyətli 11 saylı inventarla qeydiyyatda idi.
Beynəlxalq hüquqda bu cür oğurluq hadisələri "Beynəlxalq Xüsusi Hüquqi Unifikasiya İnstitutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında Konvensiyası" ilə tənzimlənir. Biz bu konvensiyanın Azərbaycana verdiyi hüquqdan istifadə edərək freskaların geri qaytarılmasına çalışmalıyıq. Buna oğurlanmış mədəni dəyərlərin restitusiyası deyilir.
Qeyd: Freska üzərində yazılar Qrabarca olsa da, orada ermənilər haqqında heç bir məlumat yoxdur. Qrabar dilindən Alban Katolikosluğu da öz dini ayinlərində istifadə etmişdir. Bu əlifba və dil onun kilsə və monastırlarında istifadə edilibdir. Qrabar erməni xalqının dili yox, Parfiyalı Müqəddəs Qriqorinin yaratdığı Qriqori kilsəsinin dini ayin dili idi.
Səbuhi Hüseynov
Teref. Xocanın Blogu