Onu həbs etməyə gələnləri pulemyotla qarşılayan marşal- Tarixi faktlar.

25-12-2023, 12:58           
Onu həbs etməyə gələnləri pulemyotla qarşılayan marşal- Tarixi faktlar.
Ən yeni tarix. Maraqlı faktlar.
90 illik həyatında o, çox sürprizlərlə qarşılaşıb, həyatında xoşagəlməz hadisələrin sayı az olmayıb. Amma Semyon Budyonını heç bir hadisə ruhdan salmayıb. Hətta Beriyanın göstərişi ilə “NKVD” əməkdaşları yaşadığı evdən onu həbs etmək istəyəndə o, çağrılmamış qonaqlarını pulemyotla qarşılayaraq layiqli cavablarını verib.
Əfsanəvi marşal titulunu qazanan Budyonı hərbi karyerasında ən yüksək pillələrə çatıb. Bütün maneələri, süni yaradılan əngəlləri dəf etməyi bacaran marşalın təkcə ailə məsələsində bəxti gətirməyib. Amma o, bu “bəxtsizliyi” də sonda düzəltməyi bacarıb.
1883-cü ildə Rostovda yoxsul kəndli ailəsində anadan olan Semyon Budyonı hərbi xidmətə 1903-cü ildən başlayıb. Elə həmin ildə də o, qonşu qəsəbədən olan Nadejda İvanovna ilə ailə həyatı qurub. Vətəndaş müharibəsi illərində onlar birlikdə xidmət ediblər. Budyonı alay komandirinin müavini, həyat yoldaşı isə tibb xidmətinin təchizat rəisi vəzifəsində. Marşalın bu nikahı 22 il davam edib. 1925-ci ildə Nadejda İvanovna bədbəxt hadisə nəticəsində həlak olub. Belə ki, o, zarafatla Budyonının tapançasını gicgahına qoyaraq özünü güllələcəyini bildirib. Ehtiyatsızlıq ucbatından açılan atəş onun həyatına son qoyub.

Bu hadisə böyük səs-küyə səbəb olub. Hadisə ilə bağlı fərqli versiyalar da səsləndirilib ki, onlardan biri də marşalın həyat yoldaşını özü güllələməsi olub. İosif Stalin isə Budyonını ciddi şəkildə danlayıb, onu bir qadını idarə edə bilməməsində günahlandırıb. Həmişə nikbin olan Budyonnı səsləndirilən fikirlərə elə də ciddi reaksiya verməyib. Amma marşal bu hadisədən yeddi il sonra, 1932-ci ildə Stalinin cavabını verib. Stalinin həyat yoldaşı Nadejda Alliluyeva özünü güllələməklə intihar edəndə Budyonı silahdaşına aşağıdakı kimi “təskinlik” verib:
“Koba, o dünyanı arzulayanların yolunu kəsmək olmaz. Hər kəsin öz seçim hüququ var. Mən bizim Nadejdaya bu hüququ verəndə, az qala məni dar ağacından asmaq istəyirdiniz. İndi sənin Nadejdan da bu yolu seçdi. Nə edək, səni topa tutaq?”
Qeyd edək ki, Budyonı-Nadejda cütlüyünün övladları olmayıb. Tək qalan marşal həyat yoldaşını itirdikdən bir neçə gün sonra yenidən ailə həyatı qurub. O, ikinci dəfə özündən iyirmi yaş kiçik olan opera müğənnisi Olqa Mixaylova ilə evlənib. Budyonıya ikinci həyat yoldaşının öhdəsindən gəlmək çətinlik yaradıb. Böyük qoşunları idarə edən marşal öz həyat yoldaşına nəzarət edə bilməyib. Həmişə qastrollarda olan müğənni tez-tez xarici səfirliklərin rəsmi və qeyri-rəsmi tədbirlərində də görünüb. 1930-cu illərin repressiya dalğalarında Olqa Mixaylovanın əlaqələri “NKVD”-nin şübhəsi altına düşüb. Bu haqda Budyonıya da məlumat verilib. Məlumatlarda o da qeyd edilib ki, həyat yoldaşı xarici kəşfiyyata işləməkdə şübhəli bilinir. 1937-ci ilin yay günlərinin birində Stalin də marşala xəbərdarlıq edib:
- Semyon, sən yenə də bir qadına nəzarət edə bilmirsən.
Budyonı Stalinin nəyə işarə etdiyini yaxşı anlayıb. Səhəri gün tezdən o, həyat yoldaşını yuxudan ayıldaraq bildirib ki, hazırlaşın, birlikdə getməlidirlər. Müğənni xanım hara getdiklərini soruşanda, marşal konkret cavab verib:
- Günahlarımızı yumağa gedirik.
Olqa Mixaylova elə düşünüb ki, kilsəyə dua etməyə gedirlər. Hər ikisi marşalın xidməti avtomobilinə əyləşiblər. Maşın 15-20 dəqiqədən sonra “NKVD”-nin inzibati binasının qarşısında dayanıb. Budyonı həyat yoldaşını növbətçi hissəyə təhvil verib.
Olqa Mixaylova “Lubyanka”da işgəncələrə məruz qalıb. Nəhayət, sübut olunub ki, o həqiqətən də səfirliklər tərəfindən əməkdaşlığa cəlb edilib. “NKVD”-də gedən proseslərdən Budyonı xəbərdar olsa da, həyat yoldaşını xilas etməyə cəhd göstərməyib. Olqa Mixaylova sürgünə göndərilib. Bu nikahdan da Budyonının övladı olmayıb.

Elə həmin il, 1937-ci ildə marşal üçüncü dəfə “bəylik kostymu”nu geyinməyə qərar verib. Bu dəfə ona bu məsələdə öz qayınanası, Olqa Mixaylovanın anası kömək edib. Budyonı sürgündə olan həyat yoldaşı Olqa Mixaylovanın doğma xalası qızı Mariya Vasilyevna ilə ailə həyatı qurub.
Nəhayət ki, bu nikah marşala xoşbəxt həyat bəxş edib. 1938-ci ildə cütlüyün bir oğlu, 1939-cu ildə qızı dünyaya gəlib. 1944-cü ildə isə Budyonı 61 yaşında üçüncü dəfə ata olub. Sonuncu həyat yoldaşı ilə aralarında 30 yaş fərqi olsa da, yaxınları cütlüyün biri-birlərinə bağlılığına həmişə həsədlə baxıblar. Stalin də tez-tez köhnə silahdaşına atamacalar atıb.
“Semyon, nəhayət, sən ailədə marşal rütbəsini bərpa edə bildin...”
Qeyd edək ki, Semyon Budyonı ömrünün son günlərinə qədər heç bir xəstəlikdən əziyyət çəkməyib, həmişə gümrah görünüb. O, 1973-cü ildə 91 yaşında vəfat edib. Marşal Qırmızı meydanda, Kreml divarları qarşısında dəfn edilib, məzarı üstünə büstü qoyulub. Budyonının sonuncu həyat yoldaşı Mariya Vasilyevna isə 2006-cı ildə 90 yaşında vəfat edib.
Onu da qeyd edək ki, Budyonının nəvəsi Anastasiya Budyonaya Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun birinci həyat yoldaşı olub. Onların nikahı 1994-cü ildə pozulub.
İlham Cəmiloğlu.
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.