Ərəblər bizim səltənətimizi dağıtdılar
26-12-2023, 16:23
Əslində, Axundovun dediyində həqiqət var. Ərəblərin türk ellərində yıxdığı maddiyyatı bir tərəfə qoyub, islamı qılınc gücünə qəbul etdirməsi qanlı və zorakı bir tarixi dəhşət idi. Yadınızdamı, şaman Çingiz xan müsəlman elçilərinə nə deyirdi? Təxminən belə deyirdi ki, görmədiyiniz, tanımadığınız, bilmədiyiniz və bizə ehkamlarını gətirmək istədiyiniz Allahın dediklərini mən, Çingiz xan, bu dünyada əməlimlə yerinə yetirirəm; mənim ona ehtiyacım yoxdur.
Ərəblərin türk ellərində vüsətli yürüşləri Çingiz xandan sonra baş tutdu. O qisası İslam xəlifəsindən isə Bağdadı işğal edən şaman Hülakü xan aldı.
Ərəblər bizim dini inanclarımızla bərabər ən qədim türk əlifbamızı da məhv etdilər. Bu siyasi presedent sonralar permanent xarakter aldı. İslam əlifbasından sonra latın, sonra kiril, sonra yenə latına keçdik.
Axundov rus canişininin sarayında oturub əlifbanı dəyişmək layihəsi irəli sürürdü ki, bu da rus siyasətinin türkləri mənəvi cəhətdən də işğal etmək planlarının tərkib hissəsi sayıla bilərdi. İstanbul o layihəni eşşəyə minməyin bir ayıb, düşməyin isə iki ayıb olması məntiqi ilə rədd etdi. Yəni türk öz qədim əlifbasını itirərək ərəb əlifbasını qəbul edibsə, artıq onun öz tarixi bağları ilə mühüm əlaqələri ən azı 80-90% kəsilib. Yeni, ikinci əlifba bu faizi bir qədər də artıracaqdı.
Bizim indiki latın qrafikamız, bir növ, kirilin acığına həyata keçirilmiş layihədir. İndi ümumi türk əlifbası məsələlərini müzakirə edərkən biz qədim əlifbamızı diqqətdən kənarda qoymamalıyıq. O əlifbada Bilgə xaqan daşın üstünə gözəl mətnlər yaza bilirdisə, bizim kompüterdə yazmağımız elə də çətin olmaz.
Səfər Alisharli
Teref. Xocanın bloqu