Eşq üzərində qurulmuş harmonik ailə
28-02-2024, 17:04
Məqalə Bəhai dini təliminin nikah və ailə konsepsiyası əsasında hazırlanmışdır.
Evlisənmi?
Yox.
Niyə evlənmirsən?
Üç nikahdan biri boşanma ilə bitir. Bu mənim də başıma gələ bilər.
Əlbəttə boşanma ilə bitən nikahlar cütlüklər və onların yaxınları, ilk növbədə valideynləri üçün xoşagəlməz hadisədir. Boşanmış ailələrdə uşaqların müxtəlif sindromlardan əziyyət çəkməsi də yaxşı məlumdur.
Uğursuzluğun qarşısını almaq və harmonik ailə yaratmaq mümkündürmü? Əbdül-Bəha yazır: heç kim kişi və qadın üçün Allahın bütün aləmlərində yaratdığı birliyi və harmoniyanı təsəvvür edə bilməz.
Ömür-gün yoldaşını seçəndə eşqin olması mütləqdir. İnsanların bir-birinə qarşı hissləri müxtəlifdir. “Məhəbbət” və ya “sevgi” ifadəsinin çox sayda mənası vardır: İlahi məhəbbət, insanlıq sevgisi, qohumluq sevgisi, qeyri-şərtsiz məhəbbət (eşq) və s. Həqiqi eşq zamanı tərəflər maqnit kimi bir-birinə həm fiziki, həm də ruhi (ülvi) cəzb olunurlar. Eşq, həmin o “yapışqandır” ki, tərəfləri bir-birinə bağlayıb, onları bütövləşdirir. İlkin münasibətlər zamanı alovlanmış eşqi ailə həyatında daim “yanar” vəziyyətdə saxlamaq çox çətindir, lakin mümkündür. Bundan ötrü bir neçə vacib cəhəti nəzərə almaq lazımdır.
Birinci ən vacib cəhət Allahın bizə, bizim Allaha olan sevgimizdir. İlahi sevgi eşqin mənbəyidir. Allah Kəlamında deyilr: Ey Varlıq oğlu! Məni sev ki, Mən sə səni sevim. Sən Məni Sevməsən, Mənim məhəbbətin sənə heç vəchlə çatmaz. Beləliklə, İlahi sevgi davamlı, sönməz eşqin əsas qidavericisidir. Bu illərcə davam edəcək qeyd-şərtsiz sevgini ehtiva edir. Bu tərəflərin bir birinə qarşılığında heç nə gözləmədən verdiyi sevgidir. Allah sonsuzdur, məhəbbət isə Ondan axıb gələn saf ruhun şüasıdır.
İkinci şərt bir-birinə köməkçi, sədaqətli dost və arxa olmaqdır. Münasibətlərin bu forması aşağıdakıları nəzərdə tutur: bir-birinə qayğı göstərmək; etibarlı və sədaqətli olmaq; qarşılıqlı ehtiram, səbr və dözümlülük, bir-birinin qohumlarına, dostlarına qarşı qayğı, mehribanlıq və qonaqpərvərlik nümayiş etdirmək. Əbdül-Bəha yazır: qadın və kişi bir biri ilə ən yaxın yoldaşlıqda qalmalı və tək bir can kimi olmalıdırlar. Onlar bir-birinin rifahı üçün qayğı göstərməli olan iki köməkçi, iki yaxın dostdur.
Eşq və dostluq bağlantıları ən yüksək səviyyəyə çatanda, münasibətlərin növbəti cəhəti qarşılıqlı sevgini kənara ötürmək bacarığıdır: insanlıq naminə birlikdə çalışmaq, ehtiyacı olanlara kömək etmək, planetimizdə sülh və birliyin yaradılmasından ötrü əmək qoymaq və beləliklə, dünyanı sevmək və yaxşılaşdırmaqla eşqi gücləndirmək, onun alovunu artırmaq mümkündür. Əbdül-Bəha hər kəsə kamiliyin ən yüksək səviyyəsinə – bütün bəşəriyyəti fədakarlıqla sevmək mərhələsinə çatmağı tövsiyyə edir: Qoy görünsün ki, siz ümümbəşəri sevgi ilə dolmusunuz; tanımadığın adamla görüşəndə dost kimi danış; yoxsula kömək et; məzlumu xilas et. Bunu etməklə siz yalnız sözdə deyil, əməldə və həqiqətdə hamını öz qohumuzun hesab etdiyinizi göstərəcəksiniz. Bəhai təliminə görə hər kəsin əldə edə biləcəyi ən yüksək məqam irqindən, dinindən, etnik məsubiyyətindən asılı olmayaraq bütün insanları sevmək və onlara xidmət etməkdir. Bu sevginin ən saf formasıdır, alturizm və fədakarlıqdır. Bu insanın ruhuna sevinc bəxş edir və eşqin təməlinə – Allahın sonsuz məhəbbətinə yönəldir.
Sevdiyin insanın xasiyyətindəki zəif və güclü cəhətləri bilmək də çox vacib şərtdir. Səndən gələcək həyat yoldaşının xasiyyətini hərtərəfli tanımaq tələb olunur. Əbdül-Bəha yazır: Bəhai nikahı iki tərəfin bir-birinə bağlılığı, ağıl və qəlblərin bir-birinə bağlanmasıdır. Bununla belə, hər biri digərinin xasiyyəti ilə hər tərəfli tanış olmaq üçün son dərəcə diqqətli olmaldır ki, onların arasında bağlanan əhdi-peyman əbədi qalacaq bir bağ olsun.
Müasir dövrdə insanlar materialist cəmiyyətin sırıdığı zahiri əlamətləri əsas götürüb, daxili keyfiyyətlər kimi insanın həqiqi mahiyyətinə bağlı şərtləri arxa plana keçirirlər. Bu da uyğunsuz adamların tələsik evlilik qərarı verməsinə və bunun ardınca boşanmalara gətirib çıxarır. Evlilik qərarı verməzdən əvvəl qarşı tərəfin daxili dünyası haqda məlumatlı olmaq da vacibdir: tərəflərin stess və çətinliklər zamanı təmkin və xeyirxahlıqlarını saxlamaq qabliyyəti, qarşı tərəfin əqidə və dünyabaxışına dözümlülüyü, ədalət və doğruçuluğun qabarıqlığı, fədakar xidmət ruhu, ailə və gender münasibətləri haqqında agahlığı və s. Bu, yüksək insani standarlar kmi görünə bilər. Lakin biz cütlüklərin xoşbəxtlik, əmin-amanlıq, sevinc, fiziki və mənəvi zövqlər içində yaşadığı “harmonik ailə” haqqında danışırıqsa, tərəflərdə bu keyfiyyətlərin olması tələb olunur.
Eşq yaşadıqdan və bir birinin xasiyyətinə bələd olduqdan sonra növbəti mərhələ valideynlərin razılığının alınmasıdır. Bu, qızın əlini atasından istəmək kimi bəzi xalqlardakı qədim adət kimi görünə bilər. Bəhai təlimində bu həm atalara, həm də analara eyni dərəcədə aiddir: həm oğlanın, həm də qızın valideynləri bu nikaha razılıq verməlidirlər. İki ailə arasında ittifaqın yaranması cütlüklər arasında birliyi daha da gücləndirir. Bəhaullah yazır: Biz bəndələrimiz arasında sevgi, birlik və harmoniyanı bərqərar etmək üçün ər-arvadın istəyi məlum olduqdan sonra aralarında ədavət və nifrətin yaranmaması üçün valideynlərin icazəsi ilə evliliyi şərt etdik. Əbdül-Bəha bu dini qanunu bu cür izah edir: əvvəlcə sən xoşuna gələn birini seçməlisən, sonra məsələ ata və ananın razılığından asılı olacaq. Sən öz seçimini etməmişdən əvvəl onların müdaxilə etməyə haqqı yoxdur.
Bu qanuna görə valideynlər övladlarının seçim məsələsinə qarışmamalı, öz “namizədlərini” övladlarına sırımamalıdırlar. Beləliklə, Bəhai nikahı yalnız könüllü deyil, həm də hamının xeyir-duası və razılığı ilə bağlanır və cütlük və onların ailələri arasında davamlı sevgi bağı yaradır.
Gündəlik ailə həyatında aparıcı münasibətlərdən biri də nəzakət və nəciblikdir. Nəzakət ehtiram doğrurur, ehtiram isə dostluq və birliyi gücləndirir. Bəhaullah buyurur: Ey Allahın xalqı! Mən sizə nəzakətli olmağı tövsiyə edirəm, çünki o, fəzilətlərin hökmdarıdır. Kim nəzkətli olarsa, şübhəsiz ki, ən uca məqama çatmışdır. Uşaqların və valideynlərin iştirakı ilə ailədaxili məşvərət mədəniyyətinin gözlənilməsi harmonik ailənin yaradılmasında güclü amil kimi çıxış edir. Bəhai Yazılarında deyilir: Əzm, fədakarlıq, qarşılıqlı hörmət, əməkdaşlıq etmək və bağışlamaq istəyi, səmimi və sevgi dolu məşvərətin aparılmasını tələb edir. Hər kəs rahatlıq, həzz və sevinc halında xoşbəxt ola bilər, amma bəla, sıxıntı və xəstəliyin hökm sürdüyü vaxtda şadlıq və səbr olarsa, bu, nəcibliyin göstəricisidir. Beləliklə, evliliyin məqsədi ailədaxili mənəvi həyatı yaxşılaşdırmaqdan ibarətdir. Əbdül-Bəha deyir ki, ailə mənəvi fəzilətlərin tətbiq edildiyi və təkmilləşdirildiyi “emalatxanadır”. O, yazırdı: Sevgi və razılıq ailədə təzahür edərsə, o ailə irəliləyəcək, işıqlı və ruhani olacaq. Bütün fəzilətlər ailəyə öyrədilməlidir.
Ailə nədir? Bu, yaratmalı olduğumuz bir şəbəkəmi, yoxsa xoşbəxt olmaq üçün birlikdə vaxt keçirən iki aşiqin əldə etdiyi fürsət? əslində evlilik fiziki münasibətlərdən çox kənara çıxır. Bəhai yazılarının heç bir yerində “can yoldaşı” ifadəsinə rast gəlinmir. Lakin inanmalıyıq ki, hardasa “ruh yoldaşımız” vardır. Bu “ruh yoldaşımız” fiziki, mənəvi, emosional cazibəsinə düşdüyümüz həmin o şəxsdir ki, həyatımızın son anına kimi onunla birgə olmaq istəyirik. Əbdül-Bəha yazır: Allah qadın və kişini ən yaxın yoldaş və tək bir can kimi yaratmışdır. Onlar bir-birinin rifahı üçün qayğı göstərməli olan iki köməkçi, iki yaxın dostdur. Ər və arvad həm fiziki, həm ruhən birləşsinlər ki, onlar bir-birlərinin mənəvi həyatını daim təkmilləşdirsinlər və Allahın bütün aləmlərində əbədi birlik əldə etsinlər.
Azər Cəfərov
Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru