Aqşin Yenisey ÇAĞIRIŞ ETDİ: "AYB büdcəsinin 3-də 1-i Həmidə verilsin"

4-05-2024, 13:08           
Aqşin Yenisey ÇAĞIRIŞ ETDİ: "AYB büdcəsinin 3-də 1-i Həmidə verilsin"
Xəbər verdiyimiz kimi, ötən gün yazıçı, telejurnalist Həmid Hərisçinin AYB- yə üzv olmasını bir çox yazıçı sərt şəkildə təndiq edib. Yazıçı Şərif Ağayar Həmid Hərisçinin və AYB sədri Anar Rzayevin fotosunu paylaşaraq Həmidi satın alınan mövqedə təsvir etmiş, birlik sədri Anarı isə Nikol Paşinyana bənzətmişdi. Digər yazıçılar da ona dəstək verib, təndiqlərini əsirgəməmişdi.

Həmid Hərisçi bununla bağlı hələki susma mövqeyində, gözləməkdədir. Yazıçıların üzvlüyə görə bu qədər reaksiya göstərməsi yəqin ki, təsadüfi deyil. Həmid Hərisçi illər öncə AYB üzvlüyünü tərk edib və o Azad Yazarlar Ocağı (AYO) qurucularından sayılır.

Bir sözlə, Həmid Hərisçinin Yazıçılar Birliyinə yenidən üzv olması başına bəla olub və mövzü günlərdir ki, danışılmaqdadır. Yazıçıların bəziləri bu addımı Həmidin AYB sədri Anar Rzayevə məğlibiyyəti, bəziləri isə maddiyyata yenilgisi kimi qiymətləndirir.

Yazıçılar arasında nə baş verir?

Bununla bağlı Referans.az-a şair, yazıçı, publisist Aqşin Yenisey danışıb.

"Bu Həmidin öz şəxsi qərarıdır, istənilən təşkilata üzv ola bilər, istənilən təşkilatdan çıxa bilər. Burada qalmaqal yaradan budur ki, Həmid bəlkə də dünyaya gələndən inqilabçılıqla, Yazıçılar Birliyinə meydan oxumağı ilə tanınıb. 15 il bundan əvvəl onun sözü idi ki, deyirdi ki, Yazıçılar Birliyinə öz bayrağımızı sancacağıq. Bu cür iddalardan, inqilabçı çıxışlardan sonra onun bayraq sancmaq istədiyi yerə siravi üzv kimi qəbul olunmağı, bunu özünə rəva bilməyini mən yaşla, xarakterlə, bir az zamanın tələblərinə yenilməklə əlaqələndirirəm. Bir az da təbii qarşılayıram. Heç də Həmidi ittiham edəcək, qınayacaq mövqeyim yoxdur. Çünki Azərbaycanda elə bir dönəmdəyik ki, dəyərlərin oturuşmadığı, çarpışdığı zamandayıq. Ona görə də insanları həyatları ilə, dolanışıqları ilə sınağa çəkmək çox əxlaqsız, qeyri-etik yanaşma olardı. Biz bunu birinci özümüz eləməliyik, sonra başqalarından tələb eləməliyik".

Aqşin Yenisey deyir ki, Həmidin qərarına məişət hadisəsi kimi baxır:

"Azərbaycan ədəbiyyatında xeyli ciddi adamlar olub ki, onlar məişətə yeniliblər. Onlardan da biri Həmid Hərisçi olsun. Həmidə yönəlmiş tənqidlər və tənqidin sahibləri isə daha çox şüuraltı instinktin qurbanlarıdır. Bizim cəmiyyətdə belə bir tendensiya var, harda bir yıxılan varsa, dərhal insanlar onun üzərinə çıxıb, böyük görünmək istəyirlər. Həmidi tənqid edənlər kimlərdir? Onlar Azərbaycanda hansı cümlənin, hansı misranın sahibidirlər? Sadəcə, Həmidin məişət yenilgisinin üzərinə dırmaşıb, bir az böyük görsənmək, boy göstərmək istəyirlər. Hamının bir- biri ilə parazit vəziyyətdə olduğu müddətdə hansısa yazıçını hansısa təşkilata üzv olduğuna görə qınamaq qeyri-etik və nadanlıqdır. Mən düşünürəm ki, Həmid təmamilə məişətin diqtəsi ilə bu ittifaqa üzv olub. Ömrünün elə bir yaşıdır ki, artıq enerjisi də tükənib. Axı nə iş görəcək, neyniyəcək?! Müəyyən imtiyazlar lazımdır ki, o rahat oturub öz yaradıcılığı ilə məşğul olsun".

Yazıçı AYB rəhbərliyinə çağırış edərək bildirib ki, Həmidi kifayət qədər imtiyazlarla təmin eləsinlər:

"Hələ onun çox yazası mövzuları var. Çünki bu şeyləri Həmid yazmasa, onu Azərbaycan ədəbiyyatında heç kim yazmayacaq, heç kimin belə bir potensialı yoxdur. AYB büdcəsinin heç olmasa 3 də 1-ni ona ayırsınlar ki, o evdən çıxmasın, oturub yazısın yazsın, daha bir də gedib başqa ittifaq axtarmasın".

Müsahib qeyd edir ki, dostlarından biri Həmidin addımını qiyamət əlaməti kimi yozmağa çalışıb: "Halbuki, həmin dostlarımızın içərisində xeylisi var ki, dəfələrlə Yazıçılar Birliyinə niyyətli şəkildə girib, niyyətləri həyata keçəndən sonra çıxıblar. İndi həmin insanların bu hadisəyə belə münasibət bildirməyi qeyri- etikdir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.