Şah Abbasın Avropa casusları – İspaniya səfirliyi və xristianlığa keçid
11-07-2024, 18:38
Ötən 6 yazıda Şah Abbasın Avropadakı casusluq və diplomatik fəaliyyətləri haqqında bəhs etmişdim.[1] Bu yazıda Hüseynəli bəyin Romanı tərk etməsi və Azərbaycan tarixində unikal hadisələrdən olan, onun səfirlik komandasının müəyyən üzvlərinin xristianlığa keçidi haqda qeyd edəcəyəm.
Romada
Ötən yazıda Şörli haqda əhvalatı bitirəndən sonra Hüseynəli bəyə fokuslanacağımı qeyd etmişdim. Fransız kardinal d’Ossatın raportuna görə, Yerusəlim patriarxı Fabio Biondi 2 iyunda onu görməyə gəlmiş, Papanın Hüseynəli bəyə İspaniyaya dənizlə səyahət etmək yerinə quru ilə getməyini məsləhət gördüyünü tapşırmışdı. Belə bir səyahətin marşrutu qismən Fransadan keçəcəyi üçün Papa kardinaldan Fransa ilə vasitəçi olmağını və səfirlər üçün pasport və sənədlərin hazırlanmasını xahiş etmişdi.[2] Papanın tələblərinə tabe olan kardinal, Bioniyə cavabında Provans valisi Şarl de Lorenə[3] və Lanqedok valisi Ann de Leviyə[4] məktub yazıb səfirin gələcəyini çatdıracağını demiş və elə həmin gün ondan tələb olunan sənədləri Vatikana göndərmişdi.
Həm Oruc bəy Bayatın yazdıqlarına[5], həm də Vatikan arxivinə əsasən səfirliyə Françesko Vasko[6] adlı barselonalı bir kanonik[7] bələdçilik edəcəkdi. [8] Səfirlik Barselonaya, oradan da Valyladolid sarayına yönlənəcəkdi. Fransa üçün olduğu kimi, İspaniya səfirindən də məktub və pasporta ehtiyac duyan səfirlik 4 iyunda Sessa hersoqundan 3 tövsiyə məktubu əldə etdi. Bunlardan biri Kataloniya canişini Lorenzo Suarezə[9], biri Araqon canişini Beltran de Kuevaya[10], digəri də dövlət katibi Pedro Frankezaya[11] ünvanlanmışdı. Kataloniya canişinə ünvanlanan məktubda səfirliyin neçə ay yolda qalıb Moskvada ilişdiyi üçün pulunun tükəndiyi bildirilir, ondan Hüseynəli bəy üçün maddi vəsait verməsi xahiş edilirdi.[12]
Növbəti gün Hüseynəli bəy kardinal vasitəsilə Fransa kralına rəsmi məktub ünvanlamışdı. Məktubdan Vatikana gələndən bəri Papalıq tərəfindən səfirliyə 6000 skudi xərcləndiyi məlum olurdu.
Venesiyanın Romadakı səfirləri Marko Venyer və Ciovanni Moçeniqo 9 iyun 1601-ci il tarixli raportlarında Şörlinin Romanı tərk etdiyini, Hüseynəli bəyin isə Papa ilə üçüncü dəfə görüşdüyünü qeyd edirdilər:
İran səfiri ingilis getdikdən sonra Papa həzrətləri tərəfindən üçüncü dəfə qəbul edildi; artıq aldığı mindən əlavə ona min skudi də vermiş və ingilisə göstərdiyi münasibətdən fərqli olaraq, bir dost münasibəti göstərmişdir. İranlı, nəhayət, çıxıb Genuya tərəfə getdi. Onun xidmətçilərindən üçü geridə qalıb xristian oldular – katib, aşbaz və bərbər.[13]
Bu hadisənin nə vaxt baş verdiyi və ya xidmətçilərin kim olması ilə bağlı məlumatı biz Oruc bəy Bayatdan almırıq. Oruc bəyin dediyinə görə, səfirlik yola düşərkən üç nəfərin çatışmadığını görüblər və onları axtarmaq üçün geriyə qayıdıblar. Səfirin Papadan aldığı məlumata görə, bu üç şəxs heç bir təzyiqə məruz qalmadan, azad şəkildə xristian olmuşdular. Kardinal d’Ossatın raportuna əsasən, səfirlik xəbəri Ponte Milvioda, Tiber çayının üzərindəki Roma dövründən qalma körpüdə, şəhəri tərk edərkən almışdı. Vatikan arxivlərində saxlanılan, Papadan Şah Abbasa ünvanlanmış bir məktuba əsasən, bu hadisənin 6 iyunda baş verdiyini demək mümkündür. Belə ki, həmin tarixdə yazılmış məktubda Scia Ossein, Riza və Alli (məncə, Şahhüseyn, Rza və Əli) adlı xidmətçilərin geridə qalıb xristian olduqları, bu qərarı öz yetkin düşüncələri ilə verdiyi qeyd olunurdu. Sonda bu üç şəxsin ölkəyə qayıtmadığını görən Şah Abbasın narahat olmasına səbəb olmaması üçün bu məktubun yazıldığı qeyd edilir, həmçinin bunun pis bir yenilik olmadığını, əksinə Vatikan və Səfəvilər dövləti arasında münasibətləri xeyli yaxşılaşdırılacağı deyilir.[14]
Fikrimcə, bu məktub ölkəyə qayıdarkən şahın qəzəbinə tuş gəlməkdən qorxan Hüseynəli bəyin xahişi ilə yazılmışdı. Bəlkə də, bu qorxu üçün əsas var idi, çünki üç müsəlmanın Romada xristian olma xəbəri bütün Avropaya ildırım kimi yayılmışdı. Müqəddəs Roma imperiyasının nüfuzlu bankir və tacir ailəsi Fuqqerlərin Auqsburq ofisinə bu xəbər 9 iyunda gəlib çatmışdı.[15] Məktubda Papanın xidmətçiləri şəxsən xaç suyuna saldığı, onlara hər gün üçün 10 skudi xərclik ayrıldığı qeyd edilirdi. Oruc bəy Bayatın yazdıqlarına əsasən səfir hər üç xidmətçi ilə ayrı-ayrılıqda görüşmüş, fikirlərinin qəti olduğunu anlayıb yola davam etmişdi.
Şahhüseyn, Rza və Əli (bundan sonra üçlük) öz növbələrində kardinal Santoroya tapşırılmışdı. Neofitlər kollegiyasında təhsil alan üçlük haqda 3 iyul 1601 tarixində Papaya yazan kardinal onların yeni geyimlərə ehtiyacı olduğu haqda yazır, 12 iyulda isə artıq xaç suyuna salınmağa hazır olduqlarını bildirirdi.[16] 29 avqust 1601 tarixində Lateran vəftizxanasında Papa tərəfindən şəxsən xaç suyuna salınan üçlük haqda Vatikanın rəsmi mərasimlərindən məsul məmurları Paolo Alaleone[17] və Ciovanni Paolo Mukante[18] sayəsində bizə gəlib çatan məlumatlar bunlardır:
30 yaşlı kişi – xaç suyuna salınandan sonra papanın adı olan Klement adını götürmüş, kardinal d’Ossat tərəfindən dəstəklənmiş[19], kardinal Baronio tərəfindən təsdiqlənmişdi.
25 yaşlı kişi – Pietro adını almış, kardinal San Marselo tərəfindən dəstəklənmiş, Kardinal Biançetto tərəfindən təsdiqlənmişdi.
22 yaşlı kişi – Paolo adını almış, kardinal Antoniani tərəfindən dəstəklənmiş və kardinal Arriqoni tərəfindən təsdiqlənmişdi.
Təəssüf ki, bunların hansının aşbaz, hansının katib və ya bərbər olduğunu bilmirik. Üçlük yepiskop Leonardo Abel tərəfindən təqdim olunmuş, mərasimdən sonra Papanın ayağını öpmüşdülər.
İspaniyaya doğru
Oruc bəyin yazdığına görə, xidmətçilərin xristian olmağı hadisəsindən 15 gün sonra (21 iyun 1601) Genuyaya gəlib çatmışdılar.[20] Karlos Alonsonun fikrincə, onlar böyük ehtimal Via Aurelia yolu ilə sahilboyu marşrutla getmiş, Pizada dayanmadan Genuyaya yollanmışdılar.[21] Oruc bəy Bayat səfirliyin Genuyada 1 həftə qaldığını, respublika rəhbərliyi tərəfindən xoş rəftar edildiyini desə də, İspaniyanın Genuyadakı səfiri Pedro de Mendoza Hüseynəli bəyin Genuya rəhbərliyi tərəfindən soyuq qarşılandığını, səfirin də buna qəzəblənərək tez yola düşdüyünü yazmışdı.[22] Mendoza ilə görüşən Hüseynəli bəy ona Antib və ya Frejüsə qədər dənizlə, daha sonra isə Avinyona quru yol ilə getmək istədiyini bildirsə də, görünür, daha sonra fikrini dəyişib, çünki Oruc bəy Bayat səfirliyin dəniz yolu ilə sadəcə Genuyadan Savonaya 2 günə getdiyini yazırdı.[23] Oruc bəyin yazdığını Savonalı tarixçi Ciovanni Vinsentzo Verzellinonun (1562-1638) qeydləri də təsdiqləyir. O, Hüseynəli bəyin 27 iyun tarixində “Del Capello sulla calada” adlı bir mehmanxanada nahar etdiyini, yeməyi yerdə – xalçanın üstündə oturaraq yediyini öz xronikasına yazmışdı.[24]
Bundan sonra Səfəvi səfirliyinin Savonadan İspaniyaya qədərki səyahəti haqda məlumat üçün Oruc bəyin xatirələrinə əsaslanmağa məcburuq. Savonadan sonra birbaşa Avinyonun adını çəkən Oruc bəy bu iki şəhər arasında 300 kilometrdən çox məsafə olmağına baxmayaraq, getdikləri və ya nahar etdikləri yolların adını çəkmir. Öncəki səyahətlərində qədim Roma yolları ilə gedən Səfəvi səfirliyinin bu səyahətində də həmin yollarla davam edəcəyini düşünürəm. Bunun səbəbi Hüseynəli bəyin səfir Mendoza ilə söhbəti zamanı Antibes və Frejüs şəhərlərinin adlarını çəkməyidir. Savonadan Via Julia Augusta yolunu izləsəydilər, dəniz sahili ilə Albenqa, Ventimilya, Nitsa, Antib, Frejüs, Tulon, Marsel və Arl şəhərlərindən keçərdilər. Bu marşrut Vatikanın Fransadan keçid icazəsi istədiyi vilayətlərə də uyğun gəlir. Böyük ehtimalla, Arl şəhərindən şimala burularaq Via Alta yolu ilə Avinyona gedən səfirlik Oruc bəyin dediklərinə görə, burada Vatikan təmsilçisi ilə görüşərək at və qatırlarını dəyişmişdi. Oruc bəyin Avinyondan sonrakı marşrutu da başqa bir Roma yolu ilə üst-üstə düşür: Nim-Montpelyer-Narbon-Salses-Perpinyan marşrutu Via Domitia yolunun bir hissəsidir. Maraqlıdır ki, Oruc bəy Marsel və Nitsa kimi iri şəhərlərdə nə etdikləri haqda yazmayıb. Əgər bu şəhərlərin həmin dövrlərə aid xronikaları araşdırılarsa, bəlkə, maraqlı detallar əldə edilə bilər.
İspaniyada
Perpinyanda xoş qarşılandıqlarını qeyd edən Oruc bəy səfirliyin buradan Barselonaya 30 nəfər ispan əsgərinin müşaiyəti ilə getdiyini qeyd edir. Səfirlik Barselonanın yaxınlığında olarkən Kataloniya canişini onlara çoxlu arabalar və atlar göndərir. Hüseynəli bəyin 15 iyul 1601 tarixində Barselonaya girişi şəhər xronikasında detallı qeyd edilib:
Bazar, 15 – Bu gün İran səfiri Hüseynəli bəy Barselonaya daxil oldu. O, Romadan gəlirdi və kralımızla ittifaq haqqında danışıqlar aparmaq üçün Valyadolidə gedirdi. Onu doqquz iranlı və perpinyanlı on iki cəngavər müşayiət edirdi. Onlar Fransadan gəlmişdilər, canişin 8-10 cəngavərlə onları qarşılamağa çıxdı və tərcüməçi vasitəsilə danışdılar. Həmin səfir canişinin göndərdiyi atın üzərində, qırmızı məxmər gödəkçə geyinmiş və əlində təxminən bir yarım qarış uzunluğunda əsa daşıyırdı. O və bütün xidmətçiləri müxtəlif rəngli parçalardan çalma geyinirdilər. Onlarla birlikdə Romadakı Barselona katedralından olan kanonik Quaş da var idi. Papa onları ona əmanət edib və xərclərini ödəmək üçün Romadan çıxanda ona üç min funt[25] və lazım olanda Apostol Palatasının inkassatorlarından pul ala bilməsi üçün sənəd verib. Onları Valyadolidə müşayiət edib nunsiyə təhvil verəcəkdi. Allah onlara uğur versin![26]
Barselonada 10 gün qalan səfirlik buradan Zaraqozaya yollandı. Montserrat dağının ətəyindən keçib Santa Mariya monastırını ziyarət edən səfirlik daha sonra Araqona daxil oldu. Araqon canişini tərəfindən 6 araba göndərilərək qarşılanan Hüseynəli bəy və Oruc bəy burada yüzlərlə sakinin heyrətli baxışları arasından canişin sarayına daxil olaraq 2 gün burada qaldılar. Oruc bəy şəhərdəki Nuestra Senyora del Pilar bazilikasını çox bəyəndiyini xüsusilə qeyd edir. Araqondan çıxaraq Olivares de Duero kəndinə gələn səfirlik Oruc bəy Bayat və kanonik Quaşı saraya göndərərək Valyadolidin 15 kilometrliyindəki Tudela de Duero–da dayanmalı oldu. Nümayəndələr kralın mehmandarı Qomez Davila[27] tərəfindən xoş qarşılanan Oruc bəy bu görüşdən çox təsirlənmişdi. Tudelaya qayıdan Oruc bəy Hüseynəli bəyə mehmandarın sözlərini çatdırdı – sarayın onlardan tələbi burada azı 8 gün gözləmək idi.
Sarayın onları gözlətməsinin səbəbi Sessa hersoqunun 8 iyunda Romadan göndərdiyi raportun gec gəlib çatmağı idi. Kral kabineti Səfəvi səfirlərinin gəlişini müzakirə etməyə səfirlər Barselonada olarkən – 17 iyulda başladılar. Əsəd bəy, Entoni Şörli, Dieqo de Miranda kimi şəxslər və onların hekayələri haqda detallı müzakirələr aparan, Romadan göndərilən sənədləri yoxlayan kabinet kral III Filippə Səfəvilər dövləti ilə Hindistandakı müstəmləkə üzərindən əlaqə yaradılmasını məsləhət görürdü. Miranda və Alba qrafları Portuqal canişini Kristobal de Mouranın məsləhəti ilə bir portuqal, keşiş Qaspar de Kordoba isə ispan bir səfir göndərməyi uyğun görmüşdü.[28] Nəhayət, uzun bürokratik görüşlərdən sonra saray Səfəvi səfirlərini qəbul etməyə razılıq verdi. 6 avqust 1601-ci ilə aid raportunda, İspaniyadakı Venesiya səfiri Françesko Soranzo belə yazırdı:
Dünyanı gəzən İran səfiri bura yaxın bir yerə gəlib; hazırda onu necə qəbul edib, necə qonaq etməyi düşünürlər. O, iki gündən sonra daxil olacaq.[29]
İspan saray tarixçisi Luiz Kabrera de Kordobanın yazdıqlarına görə, səfirlik 13 avqust 1601-ci ildə şəhərə təntənəli giriş etdi:
Bu ayın 15-də İran səfiri doqquz-on nəfərlə gəldi. Əlahəzrətin mehmandarı Don Luiz Enrikez dörd araba ilə onu qarşılamağa çıxdı. Arabalarda kral sarayının qulluqçuları var idi. Don Luiz Enrikez səfiri öz arabasına, digərlərini isə başqa arabalara mindirdi. Onların qonaq qaldığı yerlər Əlahəzrətin əşyaları ilə təchiz edilmişdi, kralın xidmətçiləri onlara qulluq edirdi, bütün xərclər kral tərəfindən ödənilirdi. Don Luiz, Xanımımızın günündə[30] Əlahəzrətin əlini öpmək üçün onu saraya apardı. Axşam onu yenidən saraya qaytardı və La Laquna markizi[31] və Dona Mariya de Villenanın nikah mərasimini qeyd etmək üçün keçirilən ziyafətdə nunsiya[32] və Venesiya səfiri ilə görüşdürdü. Səfir digər səfirlərlə oturmuşdu, çünki imperatorun səfiri Madridə qayıtmışdı və nökərləri həbs olunduqdan sonra Fransa səfiri saraya girməmişdi. Ondan toyu bəyənib-bəyənmədiyini soruşduqda o, çox yaxşı olduğunu, lakin kraliçanın rəqs etməyini bəyənmədiyini dedi. Bunun səbəbi kraliçanın taxtın ilk varisinə hamilə olmağıymış. Həmin həftənin bir günü öküz döyüşü oldu. Səfiri və qrupunu ona baxmağa apardılar. Əlahəzrət onlara çox yaxşı rəftar və xidmət göstərməyi əmr etdi. Şayiələrə görə, o, buradan eyni səfirliklə Fransaya gedəcək və türklərə qarşı müharibəyə təşviq edəcək.
Vatikanın İspaniyadakı səfiri Qinnazi öz raportunda kral III Filippin Hüseynəli bəyi qəbul edən zaman Şah Abbasın məktubunun çıxarılıb ona təqdim olunduğu an hörmət əlaməti olaraq öz papağını çıxardığını yazırdı.[33] Oruc bəy bu məktubun 1 metrdən uzun bir qızılı kağızda yazıldığını, 3 barmaq genişliyində olduğunu qeyd edirdi. Maraqlı nüanslardan biri o idi ki, Hüseynəli bəy Vatikandakı görüşlərindən bəhs edən zaman kardinal Çintsio Aldobrandini tərifləmiş, onunla “qardaşlıq andı içdiyini” iddia etmişdi. 21 yaşlı kardinal Ciovan Battista Detini də tərifləyən Hüseynəli bəy Pietro Aldobrandini Şörliyə daha çox kömək etdiyi üçün bəyənmədiyini vurğulamışdı. Pietro Aldobrandini daha sonra yazdığı cavab məktubunda Hüseynəli bəyin onu belə təqdim etməsindən heyrətləndiyini bildirirdi:
“Halbuki mənə elə gəlirdi ki, mən ona şəfqətlə və hörmətlə davranırdım. Yəqin, mənim də onunla qardaşlıq andı içməyimi gözləyirmiş.”[34]
Artıq 2 ildir yolda olan Səfəvi səfirləri payızın ortalarına qədər Valyadolid sarayında qaldılar. Növbəti məqalədə onların bu dövr ərzindəki sərgüzəştləri, səfirliyin digər üzvləri Əli Qulu bəy Bayat və Oruc bəy Bayatın xristian olmağı haqqında yazacağam.
İstinadlar və qeydlər
[1] Bax: Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – İlk Kontaktlar,” Baku Research Institute, Yanvar 21, 2024, https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi,” Baku Research Institute, Fevral 22, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Gizli Səfirlik,” Baku Research Institute, Mart 15, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-gizli-sefirlik/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi (II hissə),” Baku Research Institute, Aprel 14, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi-2/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Polşa Səfirliyi” Baku Research Institute, May 25, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-polsa-sefirliyi, Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Roma Səfirliyi” Baku Research Institute, İyun 28, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-roma-səfirliyi/
[2] Lettres de l’illustrissime et révérendissime Cardinal d’Ossat, evesque de Bayeux au roy Henry le Grand, et à Monsieur de Villeroy depuis l’année 1594 jusques à l’année 1604, Paris 1644, səh. 616-617.
[3] Fransızca: Charles de Lorraine (1571-1640), Loren sülaləsindən 4-cü Qiz hersoqu. Mediçi ailəsilə əlaqəli olub, həyatının son illərində Florensiyaya qaçmışdı.
[4] Fransızca: Anne de Lévis (1569-1622), Levi sülaləsindən 2-ci Ventadur hersoqu. Əslində vali onun qaynatası Anri de Montmorensi idi, lakin kral IV Henri onu sarayda saxladığı üçün faktiki vali vəzifəsini görürdü.
[5] G. Le Strange, Don Juan of Persia, səh. 286
[6] Onun adı həmçinin Fransisco Guasch və Francesco Guasque kimi də xatırlanır.
[7] Yunanca kanonikos sözündən olub kilsələrdə və ya kafedrallarda digər keşişlərlə birgə yaşayıb uzun müddət xidmət edən din xadimlərinə verilən titul idi.
[8] Vatikan arxivi, Confalioneri, cild. 22, səh. 322: “Ricevuta del canonico Francesco Vasco delli scudi d’oro in oro dati per il viaggio fino in Spagna dell’Ambasciatore persiano” [İspaniyaya səfər üçün İran səfirinə verilən qızıl skudoların kanonik Fransisko Vasko tərəfindən alınmış qəbzi]
[9] İspanca: Lorenzo IV Suárez de Figueroa y Córdoba (1559-1607) – de Fiqeroa sülaləsindən 2-ci Feria hersoqu.
[10] İspanca: Beltrán III de la Cueva y Castilla (1551-1612) – de la Kueva sülaləsindən 6-cı Albukerke hersoqu.
[11] İspanca: Pedro Franqueza y Esteve (1547-1614) – əslən katalan olan Frankeza sülaləsindən dövlət xadimi. 1603-cü ildə ilk Vilyalonqa qrafı kimi əsilzadəyə çevrilmişdir.
[12] Simankas Dövlət Arxivi (bundan sonra AGS), EST, K. 1630, sənəd 111: “Del duque de Sessa al duque de Feria, virrey de Cataluña; Roma, 4 de junio de 1601” [Sessa hersoqundan Feria hersoquna, Roma, 4 iyun 1601]
[13] “Venice: June 1601”, Calendar of State Papers Relating To English Affairs in the Archives of Venice, Volume 9, 1592-1603, (London, 1897). 462-463. British History Online. Web, https://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp462-463
[14] Vatikan arxivi, Arm. XLIV, cild. 45, səh. 216 (225), sənəd. 224; latınca tam mətn üçün bax: A Chronical of the Carmelites in Persia and the Papal Mission of the 17th and 18th centuries, cild 2, Eyre & Spottiswood, London 1939, səh. 1279-1280
[15] Viktor Klarvill, Fugger-Zeitungen – Ungreduckte Briefe an das Haus Fugger, aus den Jahren 1568-1605 [1568-1605-ci illərdə Fuqqer ailəsinə aid çap olunmamış məktublar], Vyana-Leipziq-Münhen, 1922, səh. 265. (Rəqəmsal: https://archive.org/details/fuggerzeitungenu00klaruoft/page/236/mode/1up)
[16] Vatikan arxivi, Arm. LII, cild. 22, səh. 262
[17]Vatikan Kitabxanası, Vat. Lat. 12319, səh. 210r-v. Rəqəmsal variant: https://digi.vatlib.it/view/MSS_Vat.lat.12319
[18] Vatikan arxivi, Fondo Borghese, I, cild 801, səh. 689r-695v.
[19] Katolik kilsəsinin tələblərinə görə xaç suyuna salınan hamı azı bir nəfər “sponsor” tapmalıdır.
[20] G. Le Strange, Don Juan of Persia, səh. 287
[21] Carlos Alonso, Embajadores de Persia en las cortes de Praga, Roma y Valladolid (1600-1601): Anthologica Annua 36 (1989) səh. 119
[22] AGS, EST, K 1630, sənəd 42: “De D. Pedro de Mendoza, embajador espanol en Genova a Felipe III; Genova, 3 de julio de 1601” [Genuyadakı ispan səfiri Pedro de Mendozadan III Filippə, Genuya, 3 iyul 1601]
[23] G. Le Strange, Don Juan of Persia, səh. 287
[24] Giovanni Vincenzo Verzellino, Delle memorie particolari e specialmente degli uomini illustri della città di Savona [Xüsusi xatirələr və xüsusilə Savona şəhərinin məşhur adamları], cild 2, Savona, 1891, səh. 146 (Rəqəmsal: https://books.google.az/books?id=lcdWAAAAYAAJ&pg=PA146) Verzellino səhvən Entoni Şörlinin onunla tərcüməçisi kimi birgə olduğunu qeyd edir. Böyük ehtimal Hüseynəli bəy ilə söhbət edərkən Şörlidən danışanda, onu yanındakı tərcüməçisi Tommaso Angelo ilə səhv salmışdı.
[25] Lliura – İspaniya funtu olaraq da bilinən pul vahidi. 1 lliura 460 qrama bərabər idi.
[26] Federico Schwartz y Luna, Francesch Carreras y Candi, Manual de Novells Ardits Vulgarment Apellat Dietari del Antich Consell Baceloní (1597-1602) [Qədim Barselona məclisinin gündəliyi], cild. VII, Henrich y Companyía, en Comandita, Barcelona 1898, səh. 364. (Rəqəmsal: https://archive.org/details/manualdenovellsa07barc/page/364/mode/2up)
[27] Gomez Davila y Toledo (1541-1616) – Davila sülaləsindən 2-ci Velada markizi. Kral III Filippin müəllimi olmuşdu.
[28] AGS, EST, leg. 263 və leg. 493.
[29] “Venice: August 1601”. Calendar of State Papers Relating To English Affairs in the Archives of Venice, Volume 9, 1592-1603. Ed. Horatio F Brown (London, 1897), 467-472, British History Online. Web. https://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp467-472
[30] 15 avqust – Katolik kilsəsində Müqəddəs Məryəmin qeybə çəkilməsi günü olaraq qeyd edilir.
[31] İspanca: Sancho de la Cerda (1550-1626) – de la Serda sülaləsindən 1-ci La-Laquna de Kamero markizi.
[32] İtalyanca: Domenico Ginnasi (1550-1639) – bolonyalı kardinal. Vatikanın İspaniyadakı səfiri.
[33] Vatikan arxivi, Spagna, cild. 54, səh. 228r-229v, bunu Oruc bəy Bayat da təsdiqləyir: G. Le Strange, Don Juan of Persia, səh. 291
[34] Vatikan arxivi, Spagna, cild. 329, səh. 117r
Cavid Ağa
müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.