NEW YORK-A XOŞ GƏLMİSƏN
16-07-2024, 00:09
Lake Charles-dan New York-a köçürdüm. Gəlməmişdən əvvəl, nisbətən sakit yerlər olduğu üçün Brooklyn-də, Queens-də ev axtardım, amma sərfəli variant tapa bilmədiyimdən məcbur qalıb New York-un ən təhlukəli yerində, South Bronx-da, puerto rico-luların məhəlləsində ev götürməli oldum.
Bronx-a axşam saatlarında çatdım. Gəldim evə, çantamı filanımı qoydum. Ac idim, yemək yeməmişdim, yatmağa da hələ var idi. Qərara gəldim ki gedib mağazadan ərzaq alıb yemək bişirməyi saxlayım sabaha, indi hələlik gedib McDonalds-da filanda yüngül vari bir şey yeyim qayıdım.
Düşdüm aşağı, heç yeməkxanalar haradadır bilmirdim, elə gəzə-gəzə North Bronx-a tərəf qalxmağa başladım. Ətrafdan sidik ilə marixuana iyinin qarışığı gəlirdi. Kriminal latinos sifətlər də mənə zillənmişdi. Biraz mandraj basdı. Sağ tərəfə baxa-baxa gedirdim, birinci fast food-u görən kimi girdim içəri.
İçəridə üç nəfər var idi. Satıcı idi, satıcının yanında bədəninin 99 faizi tatuirovkalı qaqaş durmuşdu, satıcı ilə nəyisə müzakirə eləyirdilər. Biri də qapının ağzında divara söykənib dayanmışdı, özü də tumanda idi. Mən girən kimi üçü də mənə baxıb susdu.
Yaxınlaşdım satıcıya... Salam verdim, cavab gəlmədi. Qiymətlərə baxdım... Bir dənə cheeseburger sifarış verdim, 4 Dollara idi. 20 dollar uzatdım, satıcı yirmiliyi götürdü qoydu cibinə, cheeseburgeri necə gəldi hazırlayıb tulladı qabağıma, sonra da, sanki işini bitirmiş kimi çevrildi tatuirovkalı qaqaşa tərəf və söhbətlərinə qaldıqları yerdən davam elədilər.
Dedim,
- Üzr istəyirəm, sizə 20 dollar verdim amma pulun qalığını qaytarmadız axı.
Dedi,
- Nə 20 dollar? Sən mənə 4 dollar verdin. Julio da gördü, elə deyil Julio?
Tatuirovkalı Julio sırtıq üz idadəsi ilə mənə baxdı və gülə-gülə dedi,
- New York-a xoş gəlmisən!
Hər şey aydın idi... Çıxıb getmək lazım idi. Cheeseburgerimi götürüb qapıdan çıxırdım, əlimi qapını açmağa uzadanda həmən o tumanlı çiyin vurdu mənə və cheeseburgerim düşdü yerə.
Yemək də belə getdi…
Baş verənləri hələ tam dərk eləyə bilmirdim. Qapının ağzında durub yerə düşmüş cheeseburgerimə baxırdım, elə bu vaxt tumanlı sərt tonda soruşdu,
- Harda yaşayırsan sən?
Onda ayılıb dərk elədim ki, bunların qarşısında nəqədər geri addım atsam, bir oqədər üstümə gələcəklər.
Elə bu vaxt tumanlı biraz da sərt tonda ikinci dəfə soruşdu,
- Sənə sual verdim, harda qalırsan?!
Onda dedim,
- Vosmoyda, Çudo Peçkanın yanında. Dərnəgül tərəfdən gəlsən rahat olar amma bu tumanda gəlmə, vosmoy uşaqları pis baxır belə şeylərə.
Tumanlının marixuanadan dumanlı beyni “Vosmoy” ilə, “Çudo Peçka” sözlərini həzm eləməkdə idi, mən isə cibimdəki tək siqareti yandırıb evə qayıdırdım.
Pulumu da əlimdən almışdılar, yeməyimi də, amma nədənsə özümü rahat hiss eləyirdim... Yəqin Marlboro-ya görə idi... Bəlkə də Çudo Peçka söhbəti özümə ləzzət eləmişdi.
Məmməd Şiriyev | Bakı |
TEREF