Nazirlikdəki “alkaşlar” - Konyakı stəkanla içirmişlər...
16-07-2024, 13:11
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş keçmiş yüksəkrütbəli zabitlərinin məhkəməsi davam edir. Hazırda müttəhimlər kürsüsündə yerləşən 4 nəfərdən biri general, biri polkovnikdir.
Məhkəmə prosesindən reportaj hazırlayan həmkarlarım digər iki nəfərin rütbəsini qeyd etməyib. Amma vəzifələrinə baxanda sıradan zabit olmadıqları anlaşılır. İndi boyunlarını büküb dəmir barmaqlıqlar arxasında zavallı görkəm almalarına baxmayın, vəzifədə olanda yüzlərlə zabit, minlərlə əsgər onları görəndə qorxusundan tük salıb.
Məhkəmə davam etdiyi üçün hökm verməyə tələsməyək. Yəqin ki, kimin suçlu, kimin suçsuz olduğu sonda üzə çıxacaq. Biz hüquqi dövlətdə yaşayırıq. Törətdiyi əmələ görə hər kəs layiq olduğu cəzanı almalıdır. Zabit şərəfini pula, var-dövlətə, bir qarın yeməyə dəyişənlərin cəzası isə ikiqat ağır olmalıdır.
Məhkəmədən hazırlanmış materialla tanış olanda diqqətimi bir neçə məqam çəkdi. Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanov bir müddət əvvəl istintaqa hesabat göndərib. Dünən həmin hesabat məhkəmədə açıqlanıb. Məlum olub ki, Müdafiə Nazirliyi 2015-2019-cu illərdə tədbirlərə 713 min manat vəsait xərcləyib. Bu pulun hara sərf olunduğu dəqiqliklə göstərilib.
Belə ki, bəzi mühüm tədbirlər üçün nazirliyin sifarişi ilə “Ağ Çiçəyim” gül salonları şəbəkəsindən 60 min manatlıq gül alınıb. Dibçəklərin alınması üçün isə 14 min manat xərclənib.
Hələlik ağlıma bu versiya gəlir: Müdafiə Nazirliyinin əməkdaşları hər gün işdən sonra əllərində gül, qoltuqlarında dibçək görüşə gedirmişlər...
Hələ bu hamısı deyil. Məhkəmədə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovun bəzi xərcləri də açıqlanıb. İstintaq materiallarından aydın olur ki, indi 12 müəllimin aylıq məvacibindən çox pensiya alan Sadıkov nazirlikdə ən bədxərc adam olub. Ona 6 dəst armud stəkan almaq üçün 21 min manat xərclənib. Bundan əlavə, Nəcməddin Sadıkova 80 çaxır alınıb. Çaxırların hər birinin qiyməti 100 manatdır. Müdafiə Nazirliyindən göndərilən hesabatda Nəcməddin Sadıkov üçün alınan çaxırların qiyməti dəqiq göstərilib: 8 min manat!
Bütün bu biabırçılıqlar uzaq deyil, yaxın keçmişdə baş verdiyi üçün o günləri yaxşı xatırlayırıq. Nəcməddin Sadıkov 21 min manatlıq armudu stəkanlarda ümumi qiymət 8 min manat olan çaxırdan içib özünün yumşaq kreslosunda şellənəndə mənim kimi kasıb adamlar hərbi xidmətdə olan övladlarına öz ciblərinin pulu ilə çəkmə alıb aparırdılar. Hansı ki, Nəcməddin kişinin çaxır içdiyi bahalı stəkanın birinin pulu ilə 30-40 əsgərə təzə “botinka” almaq olardı...
Başda qazi qardaşımız, qələmdaşımız Rey Kərimoğlu olmaqla Nəcməddin Sadıkovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini tələb edən bütün vicdanlı insanları dəstəkləyirəm. Demirəm ki, onu məhkəməyə çağırıb dərhal həbs etmək lazımdır. Deyirəm ki, heç olmasa, çağırıb soruşmaq lazımdır: İçdiyin çaxır 8 min manata dəyərdi?..
Seymur VERDIZADƏ - Yenisabah.az