KOSMOSA QALXAN LİFT
18-07-2024, 00:11
Uşaqlıqda kosmosla əlaqəli hər şeyi sevirdim. Özüm də kosmosa uçmaq istəyirdim.
90-cı illər idi. Bakının bütün məhəllələrində əfsanələr yayıldı ki bəs 9 mərtəbəli binanın liftinə girib, 10-u bassan, lift binanın damını sındırıb göyə qalxacaq. İdeya çox xoşuma gəlmişdi. Fikirləşirdimki, əyər 10-u basanda damı sındırıb göyə qalxırsa, 11-i bassam, lift yəqin birbaşa kosmosa uçacaq. Başqa cür ola bilməzdi. “1” rəqəmi göyü göstərən işarə formasındadır. İki dənə “1” rəqəmi isə birbaşa kosmosa uçmağa işarədir. Bu – rəqəmləri yaradan insanların bizə göndərdiyi gizli şifr idi, mən bunun mənasını açmışdım.
Arzum nəhayət reallaşa bilərdi. Hər gün girirdim bloka, lifti çağırırdım, qapısı açılırdı, dururdum qabağında. Liftin zəif sarı işığı blokda qaçan siçanları işıqlandırırdı. Amma siçanlar bu dünyada qalacaqdı, məni isə bu işıq kosmosa aparacaqdı.
Kosmosa uçmağa çox ciddi hazırlaşırdım. Aylar keçdi və nəhayət o gün səhər, evdən çıxıb məktəbə yox, kosmosa uçmağa yollandım.
Özümü toparladım... Girdim liftə... Gözlərimi yumdum... Bir neçə dəqiqə həyəcanla gözlədim... və basdım 11-i... Amma lift tərpənmədi. Bir də basdım amma yenə hərəkət olmadı.
Vosmoyun sidik iyi verən liftində kosmosa uçan ilk insan kimi tarixə keçə bilərdim... Amma olmadı.
Uşaqlığımın ağır xatirələrindəndir. Yo, kosmosa uça bilmədiyimə görə yo. Liftdən çıxıb, sidik iyi verə-verə məktəbə getməli idim, ona görə.
Heç nə... Getdim məktəbə, sinif yoldaşım dedi,
- Bu gün nəsə birtəhər görünürsən, həm də pis iy gəlir səndən.
Dedim,
- Vallah kosmosa uçacaqdım, lift qalxmadı, nə yalan deyim... O ki qaldı iyə, yəqin məndən əvvəl də kimsə uçmaq istəyib, uça bilməyib, əsəbləşib işəyib liftə.
Məmməd Şiriyev
TEREF