Bakı küçələrində hər gün hər cür zooloji varlıqlara rast gəlmək olur... - Heyvanlar da benzinlə işləyir?!

20-07-2024, 00:04           
Bakı küçələrində hər gün hər cür zooloji varlıqlara rast gəlmək olur... - Heyvanlar da benzinlə işləyir?!
İctimai nəqliyyatda gedişhaqqı qalxdı. Taksi xidməti də ayrıca "qiymətə mindi". Benzin də həmçinin. Axıra bircə internet qalmışdı, o da bahalaşdı. Amma, yox, hələ bu, son deyilmiş; Bakı Zooparkı da "qonşu"dan geri qalmayıb. Zooparka böyüklərin girişi 5 manat idi, oldu 7 manat. Yaxşı ki hələ uşaqların biletinə dəyməyiblər. Bir sözlə, zooparkda ceyrana baxmağın qiyməti qalxdı "ceyran beli"nə...
Bir şeyi başa düşmədim: Zooparkda heyvanlar benzinlə işləyir?! Orda niyə bahalaşma olsun ki?!
Heyvanlar və benzin demişkən, fauna möcüzələrinə tamaşa etmək üçün təkcə Heyvanat Parkına getməyə ehtiyac yoxdur. Bakı küçələrində hər gün hər cür zooloji varlıqlara rast gəlmək olur. Məsələn, pik saatlarında (və elə həmişə) rast gəldiyimiz bir mənzərə var: görürsən, bir Kayman timsahı yolun hərəkət hissəsində, yaxud səkidə maşını saxlayıb, ağzını ayırıb günəşlənir deyə, hərəkət iflic olub. Yaxud günün günorta çağı bir öküz öz arabasını yolun əks istiqamətində sürür. Hələ gün batmamış bir filin öz "KAMAZ-ı ilə milləti tapdalayıb, mərkəzi prospektə soxulduğunu da müşahidə edirik. 20 yanvar dairəsində öz yöndəmsiz vücudu ilə basabas salan, dinəni buynuzlayan Afrika kərgədanlarını, yaxud özü haqsız olduğu halda bədəninin yarısını pəncərədən çıxararaq, zil pərdədə üfunətli "qəzəllər" oxuyub "zəngulə vuran" Həmədan eşşəyini hələ demirəm.

Taksi sifariş edirsən, baxırsan, gələn nə çağırdığın maşındır, nə də sürücü o sürücüdür. Əlacın kəsilir, oturub gedirsən. Yolda tapdalamadığı xətt, pozmadığı qayda qalmır. Yol polisi saxlayanda, sükan arxasındakının əsl buqələmun olduğunun fərqinə varırsan; rəngdən rəngə düşür, cilddən cildə girir...

Bir də baxırsan, bir-birinin üstünə qalaqlanmış sərnişinləri kenquru kimi ətəyinə doldurmuş iki avtobus ötüşür. Nəymiş?! Sürücülər Serengeti səhrasından gəlmiş vəhşi madyanlardır. Bir söz deyəndə də at kimi adamın üzünə dururlar.

Mopedlərin üstündə meymunluq edənlər də ki bir ayrı bir aləmdir. Şəhərin baş prospektində hoqqa verir. Di gəl, bahalı maşınları sürtəndə, ya da arxadan vuranda, bazburutlu sürücülərin və polisin qarşısında ilan kimi qıvrılır.

Dönmə işıqlarını yandırmadan başqasının yoluna soxulan soxulcanlar, gecə uzaq məsafə işığını yandırıb, qarşı tərəfdən gələnləri evini yıxan bayquşlar, pəncəsini maşının şüşəsinə dirəyib, dirsəkləri ilə sükanı fırladan, qarşısındakıların üstünə nərildəyən ayılar, qəza törədəndə günahı zərərçəkənin boynuna yıxıb aradan çıxmağa çalışan tülkülər, sanki bu şəhərdə təkcə özləri yaşayırmış kimi gah o zolağa, gah bu zolağa səkib, öz ağır tonnajı ilə hamını ora-bura sıxan vəhşi camışlar... Daha nələr, nələr! Bir də yol qəzasında yaralılara kömək etmək əvəzinə sosial şəbəkədə canlını açıb qandan bəslənən vaşaqlar, cəsəddən "reytinq" qapan quzğunlar da var...

Bir sözlə, böyüklər heç o qiymətə bilet alıb, zooparka getməsinlər; bu küləklər şəhərinin küçələrində hər cür heyvanat nümunələri var. Hər gün qarşımıza çıxırlar, yan-yörəmizdə dolaşırlar o bədheybət əjdəhalar, o əzazil kaftarlar, o fürsətcil çaqqallar, o ağciyər dovşanlar, o zəhərli əqrəblər, o kinli dəvələr, o ziyankar gəmiricilər, kəsəyənlər, sünbülqıranlar...

Odur ki, heyvanxananı da, bahalaşan girişhaqqını da boş verin. "Böyük"sünüz axı, böyüklük edin...

Orxan, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.