Bicapur sultanı Yusif Adil xanı və şah İsmayil Səfəvini birləşdirən ortaq amal

20-07-2024, 11:54           
Bicapur sultanı Yusif Adil xanı və şah İsmayil Səfəvini birləşdirən ortaq amal
"Yusif Adil xan şiəliyə meyil etməsi ilə tanınırdı. O, şiə məzhəbində olan ordu başçıları Mirzə Cahangir Qumi, Heydər bəy Təbrizi, Seyyid Əhməd Hirvi və alimlərin də daxil olduğu bir şura yaratmış və şiə məzhəbinin rəsmiləşdirilməsi üçün hazırlıqlar görmüşdü. Şuranın razılığı ilə 1502-ci ildə Bicapur türk-müsəlman sultanlığında şiəlik rəsmi şəkildə elan edildi.
Belə ki, Bicapurdakı Ulu camiyə gedildi, şəhərdə böyük hörmət sahibi olan Nakih xan minbərə çıxdı və xütbədə şiə məzhəbinə görə 12 İmamın adlarını zikr etdikdən sonra "Hz. Əlinin Allahın dostu olduğuna şahidlik edirəm" dedi. Yusif Adil xan bunu Hindistanda ictimai bir şəkildə edə bilən ilk hökmdar oldu.
Bununla da, 1502-ci ilin noyabrında İsna-Əşəriyyə şiəliyi Adilşahlar dövlətinin rəsmi məzhəbi elan edildi. Bəzi saray əyanları tərəfindən şiəliyi rəsmi şəkildə elan etməyi təxirə salmağa inandırılmasına baxmayaraq,
Yusif Adil xan 12 İmamin adına xütbə oxutdurdu, azan və namazı şiə qaydasında icra etməyi tapşırdı.
Yusif Adil xan İsna-Əşəriyyənin təbliğində əldə etdiyi uğurlar barədə xəbərləri Şah I İsmayıla göndərdi. Hər bir halda, şübhəsiz ki, Yusif Adil xan Hindistanda, xüsusən də Dekanda şiəliyin yayılması üçün əvəzsiz xidmətlər göstərdi. O, taxt-taca sahib olanda şiəliyi təbliğ edəcəyini, xütbələrdə Səfəvi hökmdarının adını çəkəcəyini bəyan etmişdi".
Mənbə: Tofiq Nəcəfli, "Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqələri", səh.47-48.
Ramil Əkbərov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.