Şah İsmayılın təqibindən qaçıb Hindistanda şiə məzhəbini yayan nizari imam

20-07-2024, 07:34           
Şah İsmayılın təqibindən qaçıb Hindistanda şiə məzhəbini yayan nizari imam
Moğollar tərəfindən Alamut qalasının fəthindən və nizari ismaililərin məğlubiyyətindən sonra sağ qalan fədailər gizli fəaliyyətə keçdilər. Nizari ismaili təlimlər təsəvvüf düşüncəsi ilə çuğlaşaraq hürufilik, nöqtəvilik kimi fəlsəfi cərəyanların ortaya çıxmasına səbəb oldu. Çox keçmədi ki, nizari imamlar Məhəmmədşahi və Qasımşahi qollarına ayrıldı. Məhəmmədşahi imamların ən görkəmli nümayəndəsi şah Tahir əl-Hüseyni Dekani olmuşdur. Şah Tahir dövrünün savadlı şair, ilahiyyatçısı olmaqla bərabər sadə xalq tərəfindən sevilən bir sufi idi.
Səfəvi şah İsmayıl şah Tahir haqqında eşitmişdi və qayğılanmağa başlamışdı. Lakin Səfəvi sarayında nüfuzlu bir şəxs və eyni zamanda şah Tahirin dəstəkçisi olan Mirzə Hüseyn İsfahaninin məsələyə qarışması ilə nizari imam şah İsmayılın Sultaniyyədəki sarayında alimlərlə məclislərə qatılmağa dəvət edildi. Buna baxmayaraq şah Tahirin dindar yandaşları şah İsmayılı şübhələndirməyə başlamışdı. Şah Tahirin gizlincə yenidən məhəmmədşahi ismaili əqidəsinə qayıtmasına baxmayaraq Mirzə Hüseyn İsfahaninin təkrar müdaxiləsi ilə onun Kaşana yerləşməsinə icazə verildi. Orada şah tahir yerli bir mədrəsədə müəllim oldu və çoxlu sayda tələbə və mürid qazandı. Nizari imamın yeni başarıları on iki imamçı şiə alimlərin düşmənçiliyinə yol açdı. Onlar şah İsmayıla imamın azğın təlimləri haqqında məlumatlar ötürməyə başlamışdılar. Onu ismaililəri və digər azğın məzhəbləri idarə etməkdə və Səfəvi hökmdarına qarşı xarici hökmdarlarla xəbərləşməkdə günahlandırırdılar.
Şah Tahirlə haqq-hesab çəkmək üçün fürsət axtaran şah İsmayıl imamın edam olunması üçün əmir çıxardı. Amma şah Tahir Səfəvi sarayındakı dostu Mirzə Hüseyn İsfahani tərəfindən vaxtında xəbərdar edildiyi üçün Kaşandan qaçdı. Fars əyalətinə və oradan da gəmi ilə Hindistana doğru yola çıxdı. Hindistana çatan kimi Dekanda Bəhməni krallığından ayrılan beş dövlətdən birini Bicapurdan idarə edən İsmayıl Adil şahın (1510 - 1534) sarayına getdi. İsmayılın atası Yusif Hindistanda dövlət dini olan şiəliyi qəbul edən ilk müsəlman hökmdar idi. Lakin İsmayıl Adil şahın dərin dini inancları olmadğı üçün şah Tahirə xüsusi maraq göstərmədi.
Vəziyyəti belə görən nizari imam Məkkəyə getməyə və İraqdakı şiə türbələri ziyarət etməyə qərar verdi. Liman yolunda Nizamşahların vəziri Xacə Cahanla təmas qurdu. Nəticədə şah Tahir Bürhan Nizamşah (1509 - 1534) tərəfindən paytaxt Əhmadnaqara dəvət olundu. Bura imamın qalıcı məskəni olacaqdı. Belə ki, çox keçmədən nizari imam Bürhan Nizamşahın ən yaxın məsləhətçisi oldu və sarayda böyük nüfuz qazandı. Şah Tahir Əhmadnaqar qalasında müxtəlif dini mövzularda həftəlik dərslər keçməyə başladı. Çoxlu sayda alimin və hökmdarın qatıldığı bu dərslər imamın şöhrətini bütün Dekana yaydı. İş o yerə çatdı ki, sünni olan hökmdar Bürhan Nizamşah on iki imamçı şiə məzhəbini qəbul etdi və 1537-ci ildə isnaəşəriyyəni Nizamşah dövlətinin rəsmi məzhəbi elan etdi.
Hindistanda Nizamşahların on iki imamçı şiə məzhəbinə keçməsi İranda Səfəvi hakimiyyətini çox sevindirdi və şah Təhmasib (1524 -1576) hökmdar Bürhan Nizamşaha hədiyyələrlə elçilər göndərdi. Bunun qarşılığında şah Tahirin oğlu və xələfi Heydər elçi olaraq Əhmədnaqardan İrana göndərildi.
Şah Tahir 40 ilə qədər imamlıq etdikdən sonra 1546-cı ildə Əhmədnaqarda vəfat etdi. Nəşi daha sonralar Kərbəlaya daşınıb imam Hüseynin türbəsinə gömüldü. Oğlu Heydər atasının ölümündən sonra Səfəvi sarayından Əhmədnaqara qayıtdı və Nizamşahlar sarayında imamlıq fəaliyyətini davam etdirdi.
Fərhad Dəftəri, İsmaililər. səh 682 - 685
Елбрус Вахидов
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.