MICKEY MOUSE
20-07-2024, 18:59
Bir-birini tanımayan iki azərbaycanlı bir araya gələndə, həmişə bu dialoq yaşanır,
- Qaqaş, sən hansı tərəfdə qalırsan?
- Məəən vosmoyda.
- Vosmoyda hansı tərəfdə?
- Xalqlarda.
- Laçın tərəfdə?
- Ay sağ ol!
- Ceyhunu tanıyırsan?
- Hansı Ceyhun? Akula Roşkanın qardaşı?
- Ala yox e, dörd göz sürən qardaşı var e.
- Qara dörd göz?
- Yooo, bozdur. İltifatın sinif yoldaşı olub e.
- Hansı İltifat? Dikiy İltifat?
- Yooo, belə balaca oğlandır e.
- Bəlkə Maliki deyirsən?
Bu dialoq həftələrlə, aylarla, illərlə davam eləyə bilər. Məkanlarla adlar dəyişir amma struktur həmişə eynidir. Bu bizim şifahi xalq ədəbiyyatımızın folklorudur. Mən şəxsən New York-da Manhattan-ın mərkəzində iki azərbaycanlı görmüşəm ki bu söhbəti eləyiblər,
- Qaqaş, sən New York-da ha tərəfdə qalırsan?
- Məəən Bronx-da.
- Bronx-da ha tərəfdə?
- 175-də.
- Stadionun yanında?
- Ay sağ ol!
- Ricardonu tanıyırsan?
- Hansı Ricardo? İndeyets Ricardo?
- Ala yox e, Ricardo, belə bədənli oğlandır e.
- Julianın istədiyi?
- Julia kimdir ala?
- Julianı tanımırsan?
Mənə həmişə maraqlı gəlirdi ki, birdən desə ki, hə tanıyıram, onda nə olacaq ki? Keçən ay nəhayət ki sualıma cavab tapdım.
Sahildən evə qayıdırdım. Mindim 88-ə. Avtobus yola düşəndən 2 dəqiqə sonra kimsə çiynimə əl qoydu. Çevrildim... Bir dənə qardaş durub diqqətlə üzümə baxırdı.
Dedi,
- Qaqaş, sən mənə tanış gəlirsən e... Hansı tərəfdə qalırsan sən?
- Mən 8-ci mikrorayonda.
- Mikrorayonda ha tərəfdə?
- Lukoilin yanında.
- Xutora yaxın?
- Aha.
- Nizamini tanıyırsan?
- Nizami kimdir?
- Hündür boy eynəkli oğlandır e.
- Yo, tanımıram.
- Nətər tanımırsan, qaqaş, 28 yaşı var e Nizaminin.
- Tanımıram.
- Ola bilməz e tanımayasan, xaricdə zadda oxuyub e Nizami.
- Vallah tanımıram.
- Qaqaş yaxşı yadına sal!
Bunu demişdi ki, çiyinlərimin üzərinə iki mələk qondu. Sol çiynimdəki dedi,
- Qaldır dirsəyi, qoy alnının ortasından, kəllə sümüyünün çatlama səsi Nizamiyə qədər getsin!
Sağ çiynimdəki dedi,
- Heçnə demə, sadəcə gülümsə, düş, obiri avtobusa min.
Mən nə eləyəcəyimi düşündüyüm vaxt, qardaş hələ də Nizamidən danışırdı. Gördüm ki bu sırtıq deyil, sadəcə biraz saf adamdır. Niyyəti pis deyil.
Dedim,
- Nizami çoxdur e, sənin dediyin Nizaminin bir özəlliyi, onu fərqləndirən cəhəti nədir?
Qardaş mənə nə desə yaxşıdır? Diqqətli olun!
Dedi,
- Belə məzəli Mickey Mouse tumanları geyinir e.
Bayaqdan yanımızda ayaq üstə gedən qızlar oturdular... Gülməkdən ayaq üstə dura bilməyib oturdular.
Qardaş özü gülmürdü amma. Ciddi idi,
- Ola bilməz e tanımayasan, Xumar adlı istədiyi də var e.
Daha utandım soruşum o nə tumanları geyinir, Bugs Bunny?
Siz o səhnəni təsəvvür eləyirsiz? 28 yaşlı, hündür boy, intelligent gözlükdə, xaricdə təhsil almış, dünyanın yarısını gəzmiş Nizami girir mağazaya,
- Salam, axşamınız xeyir, necəsiz? Zəhmət olmasa bir dənə Mickey Mouse tumanı.
- Kimin üçün istəyirsiz?
- Özüm üçün.
- Mickey Mouse-u neyləyirsiz?
- Gecələr oynadıb yatıram.
- Hə, birdə xanıma Bugs Bunny tumanı götürəcəkdim... Təşəkkür eləyirəm!
Mən həyatımda ilk dəfə idi ki, “İnsanı görsəm, nəyinə görə tanıya bilərəm?” sualına, necə tumanlar geyindiyini deyən eşidirdim.
Nizamiyə mikrorayonda heykəl qoymaq lazımdır. O heykəli təsəvvürünüzdə canlandırın bir anlıq. Nizamidir. Saç səliqəli. İntelligent gözlük. Üz tər-təmiz. Ağ köynək, bahalı qalstuk, ciddi qara pencək. Qara ayaqqabı. Bircə şalvar yoxdur, tumandadır, Mickey Mouse oradan sizə əl eləyir!
Mikrorayona çatırdım. Maraq üçün qardaşa dedim,
- Həəə, ay sağ ol, yadıma düşdü Nizami. Nədir ki?
Dedi,
- Heç, mən Nizaminin xətrini çox istəyirəm. Görsən salam de.
Dedim,
- Pulunu verəcəm, düşərsən.
Düşdüm avtobusdan... Nizamini görməmişəm axı mən. Üz-bə-üz gələn hər bir insan potensial Nizamidir mənim üçün. Gülməlidir amma istər istəməz evə gedənə qədər, hamının kəmər nahiyəsinə baxırdım, birdən Mickey Mouse-un başı çıxar oradan... Psixikam pozulurdu.
Evə gələn kimi Mickey Mouse-un oyuncağını tulladım zibil yeşiyinə.
O gündən paranoyalar başlayıb məndə. Banka filana getməyə də qorxuram. Təsəvvür eləyin, banka gedirsən, orda üzünü gündə 3 dəfə qırxan, baxışlarıyla səni kreditə çevirməyə hazır olan, ciddi qaqaşlar işləyir e. Oturursan onların birinin qabağında. Qaqaş da “Salam, mən Nizamiyəm!” deyib qəflətən qalxır ayağa, şalvarını aşağı salır, bu da mənim Mickey Mouse-umdur!!!
Məmməd Şiriyev | Bakı |
TEREF