Kənizə şah müşaviri olan dayını və o mötəbər ərkanını elçi göndərmirlər - Mehriban Vəzir yazır...
22-07-2024, 08:35
İyunun 13-də "Kulıs" dərgisinə bir hekayə göndərmişəm, ay ötüb... hələ nəşrini gözləyirəm. Görəcək günlərim varmış. İlk hekayəm "Ədəbiyyat və İncəsənət" qəzetində nəşr ediləndə, o sovet nəşr basabasında belə get-gələ düşməmişdim. Allah Sabir Əhmədliyə rəhmət etsin, qədirbilən insan idi.
İki gün öncə yenidən zəng vurdum, Ulucay Akif "sabah" dedi. O sabah hələ olmayıb. Əcəba, sansormu var? Açıq desələr, adam işini bilər.
Nə isə... işin yaxşı tərəfi də var... hər gün "Kulis"i açıram, özümü gözləyirəm, əvəzində pis olmur... tanış imzalar, gözəl üzlər görürəm. Bu görüşlər insanı yazmağa səsləyir. Məsələn: Vüqar Vanın "Tıq-tıq xamım özünə varlı ər axtarır" yazısı diqqətə layiqdir. Hiss olunur ki, müəllif nağılın hədəfini dövrün kişi komplekslərinə görə şərh edə bilir. Ünlü əsərin gerçək hədəfi caydırılıb, lakin başqa gerçəklər diqqətə çəkilib. Yumoru da öz yerində. Əlbəttə, əminəm, Vüqar o milli-bədii incinin gerçək kodunu bilir. Sadəcə, qarşı cinsə sözünü demək üçün bu nağılı fürsət aləti olaraq seçib. Olsun! Müəllif haqq sahibidi.
Bu yazıda demək istədiyim söz başqadır: Natəvan Dəmirçioğlunun Molla Pənah Vaqif haqqında məqaləsindəki bircə kəlmədən doğan məyusluğumu ifadə edəcəm.
Deyəcəm, hansı kəlmə...
Hələlik isə haşiyələrə keçək...
Bir moğol araşdırmaçının İkiçayarası- İran-Əfqan coğrafiyasının tarixi haqda dəyərli bir məqaləsi vardı ana dilimizdə. Müəllifin adını və saytın adını dəqiq yazmaq vaxt istəyir, o üzdən məchul yazıram. Maraqlanan olsa baxıb deyərəm.
Moğol müəllif bir məqamda deyir ki, 70-ci illərdən bəri İran tarixçiləri beynəlxalq tarix toplantılarında iştirak etmirlər: həm özləri, həm dünya tarix elmi onların iştirakından imtina edib. Çünkü İranda tarix - elm deyil, təbliğat alətidir. İran dövlətinə lazım olan farsmərkəzli propaqanda elm adı ilə dərsliklərə salınır, mediada yayılır.
Yəni məsələ aydındı! Və tanışdır, biz, bunu bilirik, Cümhuriyyət tariximizi, ümumiyyətlə, dövlətçilik tariximizi danan və ya qara yaxan sovet tarixi də irantarixkimilərdən idi.
Bizim bəzi araşdırmaçılar da tarixə iransayağı, yəni regional (vilayət, məhəllə) təbliğat aləti kimi yanaşırlar. Əlbəttə, biz bu köynəkdən çıxmalıyıq. Azərbaycan tarixinə, xüsusilə, özünə müstəqil araşdırmaçı deyənlərə iransayağılıq yaraşmaz.
Tarix və tarixi şəxsiyyətlər olduğu kimi maraqlıdır.
Molla Pənah Vaqif haqda gerçək bir araşdırma yoxdur, fikrindəyəm. Çünkü Vaqif indi göründüyündən daha dərin, daha zəki, daha hiyləgər, daha diplomat, daha acımasız, daha əvəzsiz bir vəzir idi. Batil elmlərin ustadı idi, əlindən hər cür qara işlər gəlirmiş.
Qarabağ camaatında acı xatirələr qoymuşdur.
Mənbələrdə Vaqif haqqında bütün gəlmiş-getmiş klassik şairlərdən daha çox pis-yaxşı anılar var. O, sevilən şair, sevilməyən dövlət adamı idi. Saray mədrəsəsində, xan ailəsinin övladlarına dərs demişdi, cahil adlandırdığınız bacarıqlı sərkərdə Məhəmməd bəyin bəyazında belə şeirləri vardı.
Atalar "çox bilən quş dimdiyindən ilişər" demişlər.
Vaqif o quşlardan idi. Dimdiyindən ilişdi.
Qarabağ camaatı belə bir hekayə danışır: Vaqifin sevimli şagirdi, oğlunun əziz dostu, xanın qardaşı oğlu və etibar etdiyi 4 adamdan biri olan Məhəmməd bəy... Ağabəyim ağanı istəmək üçün ustadını - Vaqifi ata əvəzinə (atası Mehralı bəy öldürülmüşdü) əmisinə elçi göndərir. Vaqif siyasi fürsətə baxıb (xanlıq ağır dövr keçirirdi, Ağaməhəmməd şah gəlhagəldə idi) qızı öz oğluna istəyir.
Düşmənçiliyin təməli çoxbilmiş vəzirin bu xəyanət anında qoyulur. Əlbəttə, bütün bu kimi hekayələr şifahi tarixdir, çeşidlidir, hər birinin gerçəklik payı var və heç biri Quran ayəsi deyil. Amma bilməliyik ki müasir tarix elmində rəsmi tarixlə şifahi tarix yanaşı statusda qeydə alınır.
Lakin heç bir pis əməli Vaqifin şəxsiyyətinə, dahiliyinə xələl gətirmir. Əksinə bir az da maraqlı edir. Mürəkkəb edir. Orijinal edir.
Bəzən onu fransız dövlət xadimi Fuşeyə bənzədirəm, fransızlar Fuşeni bütün hiylələri, qədddarlığı, oyunbazlığı, fürsətçilliyi ilə sevirlər.
Biz isə... Vaqifi görməyə imkan vermirik, gerçəkləri sevmirik... öz uydurduğumuz qədərinə heyran ola bilirik. Bizim cizgilərimizi aşanlara məhəlli dava açırıq.
Çox ayıb və.. gülünc...
Bu yerdə elə bu günlərdə "Kulis"də nəşr edirlən Akşin Yeniseyin "Çox da dərinə getmə" məqaləsi diqqəti çəkir. Müəllif Şuşada keçirilən Vaqif poeziya günlərindən və bir çox "işğala yenilmiş müstəqillik" gerçəklərindən bəhs edir... və... özgə və öz tövsiyəsi ilə çox da dərinə getmir. Tarixin dərinlik tələblərini də dilə gətirir. Tarix dərin olmayanda dayaz olur və elmilikdən çıxıb iransayağılaşır. Faydalı və ürkək yazı idi.
Gələk, məni məyus edən Natəvan Dəmirçioğlu kəlməsinə.
Müəllif Ağabəyim ağadan bəhs edərkən "o Fətəli şaha kəniz gedir" kimi bir ifadə işlədir.
Hörmətli Natəvan xanım, əzizim, Ağabəyim ağa Cavanşirə, Qarabağlı İbrahim xanım qızına, Şuşaya... Fətəli şah, başda mötəbər dayısı olmaqla yüksək dövlət ərkanından 30 nəfəri elçi heyəti göndərmişdi. Çuval-çuval qızıl göndərmişdi ki, o qızıl pulları xan eyvanından qara camaatın üstünə şabaş səpdirdi İbrahim xan...
Kənizə şah müşaviri olan dayını və o mötəbər ərkanını elçi göndərmirlər.
Ağabəyim ağa Tehrana 200 nəfər adlı-sanlı Qarabağ bəylərindən ibarət dəstə ilə - öz vəziri, vəkili, eşikağası, hesabdarı, hətta aşbazı, bağbanı, çalançı dəstəsi ilə gəlin köçmüşdü. Fətəli şah Ağabəyim ağanın özü ilə gətirdiyi bütün bu heyətə və onların ailə üzvlərinə öz xəzinəsindən ömrü-maaş kəsmişdi.
Kənizə bu ehtişamda səxavət göstərmirlər.
Ağabəyim ağanın anası Qacar qızı idi, Cavad xanın bacısı idi, deməli Fətəli şahın qan qohumu idi, ikisi də Qacar törəməsi idi. Hər iki tərəfdən böyük nəsillərin Cavanşirlərin və Qacarların övladı idi Ağabəyim ağa. Gözəllik və elm sahibi idi.
Fətəli şah bu qızın qan dəyərini də, elmini də, helmini də bilirdi. O üzdən bu izdivaca hərəmində olan heç bir (yüzdən çox) xanımın ayaqları altına tökmədiyi qədər ləl-cəvahir tökmüşdü xəzinəsindən. Kənizə bu iltifatı göstərmirlər.
Ağabəyim ağa Tehran sarayına öz kuralları ilə girmiş, eşlik münasibətlərini özü təyin etmişdi.
Kənizə kural tanınmaz.
Fətəli şah Qum şəhərinin gəlirlərini Ağabəyim ağaya maaş kəsmişdi. Avropa və Asiya imperiya dövlətlərinin kraliçaları və birinci xanımları ilə yazışma haqqı vermişdi (əlbəttə, elminə və ağlına görə). Fətəli şah İran türk imperiyasında ilk dəfə tək kraliçə statusu vermişdi Ağabəyim ağaya.
Bilirsiniz, çoxarvadlılıq sistemində ayrıseçkilik yasaqdır, lakin Ağabəyim ağa bu haqqı öz fərasəti ilə qazanmışdı. Bu işdə Fətəli şahın da haqq tanıması ayrı hünərdir.
Şəxsi həyatına, bədii yaradıcılığına keçmirəm. Bildiyinizi bilirsiniz.
Bir beyti ilə yaşayan şairdir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...
Şərəfimiz, fəxrimiz... niskilimiz... anamız olan o böyük şəxsiyyət haqqında o söz nə sözdü deyirsiniz, ay Natəvan xanım!?
Adını çəkmək istəmədiyim murdar qonşuların tarixində belə bir qadın şəxsiyyət olsaydı bilirsiniz nələr yazardılar? Bilirsiniz!
Nə isə... deyəcəyim... məyusluğum... bu qədər.
Gətirdiyim bütün faktlar tarixi mənbələrdəndir. Yeri gəlmişkən onu da deyim ki, hələ heç bir qadın haqda salnamələrdə bu qədər qeyd, fikir, dəlil olmayıb. Rus mənbələri, kəşfiyyat raporları isə onu "Rusiya - İran münasibətlərini pozan kraliça" adlandırıb.
Yəni bu rəsmi raporla dövlət, regional, uluslararası siyasətə müdaxiləsinin qədərini hesablaya bilərsiniz.
Luvrda saxlanan, Napoleona göndərdiyi məktub isə bir ayrı hekayədir.
İran kraliçası Ağabəyim ağanın bütün bu çapalamaları rus işğalına düşmüş Qarabağ naminə idi. Od tutub yanırdı Vətən naminə...
Bilən, oxuyan, anlayan olsa... bu gün Şuşada bu xanımın ən uca abidəsi qoyular...
Belə... adlarını çəkdiyim bütün müəlliflərə və "Kulis"ə hörmətlərimi bildirirəm.
Mehriban Vezir
TEREF