PORTAĞAL

24-07-2024, 08:04           
PORTAĞAL
Sahibin bağında portağal ağacı var idi və üzərində yalnız bir portağal böyüyürdü. Balaca portağal hər səhər sahibindən əvvəl oyanırdı ki Sahib ona su verməyə gələndə, onu sevindirsin. Sahib hər gün onun qayğısına qalırdı: sığallayırdı, su verərkən xoş sözlər deyirdi, ağacın altında bitən alaq otlarını didib atırdı.
Bir gün Sahib hər zamanki kimi ağacın dibində bitən alaq otlarını didib atanda, otlardan biri balaca portağala dedi,
- Qaç buradan, sənin taleyin bizimkindən daha ağır olacaq, bizi sadəcə didib atır amma sənin dərini soyub, diri-diri yeyəcək!
Portağal alaq otunun bu sözlərindən çox qorxdu amma ona inanmadı. Portağal düşündü ki alaq otu ona paxıllıq eləyir, sahibiylə arasını vurmaq istəyir.
Beləcə günlər keçirdi, Sahib hər gün portağala qulluq eləməyə davam eləyirdi. Bu, portağalın çox xoşuna gəlirdi. O Sahibi çox sevirdi.
Günü gündən portağal böyüyürdü. Didilən bütün alaq otları ona xəbərdarlıq eləyirdilər ki, nəqədər gec deyil, qaçıb canını qurtarsın amma portağal artıq onları heç dinləmirdi də. O Sahibinə son gününədək sadiq qalacağına söz vermişdi.
Dekabrın əvvəli idi... Balaca portağal artıq balaca deyildi, böyüyüb, iri gözəl portağal olmuşdu.
Həmən səhər də portağal həmişəki kimi, sahibindən tez oyanıb, onu su vedrəsiylə gözləməyə başlamışdı. Sahib gəldi amma vedrə yox idi... Sahib ağaca yaxınlaşdı, portağala yaxın əyildi, diqqətlə baxdı və gülümsədi. Portağal da, heçnədən xəbərsiz, gülümsəyirdi. Sahib gülümsəyərək portağalı ağacdan dərib evə apardı. Portağalın həyatında ilk dəfə idi ki ağacdan ayrılırdı, çox sevinirdi. Düşünürdü ki, çöldə soyuq olduğundan, sahibi onu evə aparıb ki isitsin…
Sahib. Sağ əlində bıcaq. Üzündə təbəssüm. Sahib bıcağı qaldırdı, portağal gözlərini yumdu.
Məmməd Şiriyev | Bakı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru