OLDOS HAKSLİ - 130. "AZADLIQ VERİLMİR, ALINIR"

28-07-2024, 09:44           
OLDOS HAKSLİ - 130. "AZADLIQ VERİLMİR, ALINIR"
Bu gün dünya çaplı yazıçı – şair və nasir, ssenarist və filosof Oldos Hakslinin 130 illik yubileyidir. Onun “Ey qəribə yeni dünya” adlı antiutopia romanı aparıcı dünya dillərində milyon tirajlarla çap olunub.
Başlıqda qısa şəkildə yazdığım, çapdan az sonra məşhur aforizm olan “Azadlıqlar verilmir. Azadlıqlar alınır” kəlamı Haksli qələminin məhsuludur.
40 yaşında könüllü mühacirətə gedib - xəstəliyi üzündən vətəni İngiltərədən Amerikaya, iqlimi xeyli daha isti və günəşli Los Ancelesə köçüb. Yeni dili öyrənmək və mükəmməl bilmək zərurətindən azad olduğu üçün Hollivudda ssenarist işləyib, qəzetlərə köşələr də yazıb.
Mühacirətəin bəlkə də ən asan və əlverişli formasını yaşayıb, firavan və xəstəliyi istisna, rahat yaşayıb.
Ədəbi Nobel mükafatına yeddi dəfə - 1938, 1939, 1955, 1959, 1960, 1961 və 1963-cü illərdə namizəd irəli sürülüb, amma ala bilməyib.
Ömrünün sonunda dövrünün ən qabaqcıl və nüfuzlu intellektuallarından biri kimi tanınıb.
Yaşadığı Los-Ancelesdə boğaz xərçəngindən əziyyət çəkətək ölümünün yaxınlaşdığını duyan yazıçı arvadından xahiş edib ki, ona narkotik iynəsi vursun - o vaxtlar geniş yayılan, "dəb"də olan LSD.
Həkimlərin etiraz tipli xəbərdarlığına baxmayaraq, həyat yoldaşı ərinin son xahişinə əməl edib. LSD iynəsi Hakslini uzun və ağrı dolu aqoniadan, yavaş-yavaş boğulmaq işgəncəsindən xilas edərək, dünyadan sakit və rahat getməsini təmin edib. Xanımı bu olayı illər sonra, 1986-da BBC-yə verdiyi müsahibədə dilə gətirib.
Ruhun şad olsun, böyük qələm sahibi!
Чингиз Султансой
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.