Anarın hekayəsi haqda...
27-07-2024, 17:21
...xəbəri öncə Rəşad Məcidin statusunda oxudum, onu da bildim ki, akademik Rafael Hüseynov bu hekayəyə artıq məqalə yazıbda, nəşr edib də.
Çoxlarının da hekayəni oxuyub bayıldığını gördüm. Təbii, Anar Anardı... ona bayılmağın minbir şərti var...
Həm də bu fürsəti gözləyən nə qədər fərddd... var...
Mən də maraqlandım və oxudum. Və düşündüm: bu hekayə bir insanın nakam taleyidir. Təsirlidir. Öz yerində. Bəs bu əsərin ictimai yükü nədir? Sosial hədəfi nədir?
Müəllifin sözünün canı nədir?
İnsan faciəsimi? Yox! Belə baxsan hər birimizin həyatı özlüyündə faciədir, hər birimiz nə qatarlardan qalmışıq. Öz ucbatımızdan, bəzən hikkəmizdən, bəzən nəfsimizdən...
Yəni olan işdir...
Bir haşiyə...
Yaradıcı işdə qutsal bir məqam var. Bəzən müəllif sözünün canının nə olduğunu özü belə bilmir. Yazır. Yazır. Bir də görürsən söz səni aşır, söz özü öz canını ortaya qoyur...
"Qətl Günü" yeni çıxmışdı.
Bir müsahibədə Yusif Səmədoğludan soruşdum: "Siz haradan bilirdiniz ki, yaxın illərdə sovetlər dağılacaq, o tatar vətənə dönmək istədiyi kimi bütün sürgün tatarlar Krıma qayıtmaq istəyəcək? Bu nə idi? Öncə görməmi? İntuisiyamı?"
Dedi: "Heç bunu düşünməmişəm, ağlıma gəlməyib"
Yusif Səmədoğlu səmimi adam idi, dürüst idi, "irəlini görürdüm, hiss edirdim, mən beləyəm... " daha nələr... demədi.
Bəlkə də cavab budur, amma ağlımıza gəlmir:
"Mən hiss etmirdim, qələm hiss edirdi, söz özü öz ayağı ilə o məqama yürüyürdü"
Bəli, belə hadisələr yaradıcılıqda çox olur, müəllif bəzən görmür, qələmi daha uzağı görə bilir. Müəllif bəzən hədəfi bilmir, idarə etdiyi söz bilir. Və... öz özlüyündə hədəfə varır.
Bu yerdə daha başqa bir məqam açılır: müəllifmi sözü idarə edir, sözmü müəllifi?
Çətin sualdır...
Rafael Hüseynovun məqaləsini də oxudum. Dostluq, sayqı, sevgi, fəlsəfə, çoxillik yanaşma... ənənəvi süjet xətti... dövrün standartlarına uyğun baxış...
Ağır adamların ağır yaylım atəşləri...
Hələki gördüyüm heç bir təqdimatda müəllifin sözünün canı vurğulanmır. Mənim hekayədə gördüyüm ictimai yük diqqətə çəkilmir.
Daha bir haşiyə...
Axundovun "Hacı Qara" əsəri elə ilk pərdəsində sizə dövrün siyasi dastanını danışır. Müəllif qəhrəmanlarının dili ilə, guya elə-belə, yeri gəlmişkən deyir ki, işğalçı rus hökuməti Arazın üstündə gömrük qoyub Azərbaycanın o tayından bu tayına çit gətirməyi yasaq edib. Xalqın, Şərqin min illik ticarətinə Şimaldan gələn yadelli əl qoyub at oynadır.
Mənim üçün Hacı qaranın dillərə dastan olmuş xəsisliyindən çox bu məqam maraqlıdır: zamanın ictimai-siyasi təsviri! İşğalın simptomları! Quldur qaydalardan əziyyət çəkən xalqın güzəranı! Çitə, bezə çörək qədər möhtac olan zavallı xalq! Hegemonluq edən işğalçı...
Axundov bunu deyə bilib. Ötürə bilib. Bilərəkmi? Bilməyərəkmi?
Öz müxalif gücünəmi? Ki az inandırıcıdır!
Sözün gücünəmi?
Bilmirik.
Bilirik ki, o qələm bu sözü yaza bilib.
Gələk Anarın sözünə - "Qatardan qalan adam" a...
Əcəba, müəllifin sözünün, və ya sözün öz-özünə süzüb getdiyi məqamın canı nədi?
100 il sonra bu əsər birinin əlinə düşərsə, zamanımızın siyasi-ictimaİ simptomlarını görə bilərmi? Dərdimizi bilə bilərmi?
Məncə, bilə bilər!
Bilər bilər ki: 30 ildən çoxdur sovetlər dağılıbmış, dövlətlər azad olubmuş. İsaaqın da cəmi 32 yaşı var, adam müstəqilliyimizlə yaşıd kimidi.
Gürcüstanda, Ermənistanda, xüsusilə Baltikyanı ölkələrdə o yaşda olan zümrə ruscanın boyunduruğundan qurtulub. İngiliscənin dünyaya pəncərə olduğunu, elmə-təhsilə yol olduğunu, vazkeçilməz olduğunu, hətta qatardan qalanlar üçün yaşam şərti olduğunu o dövlətlər elə sovetlər dağılan kimi anladılar.
Biz də anlamışdıq. Olmadı.
Rus dilinə meydan verib at oynatdılar.
13 % rus məktəbi 35%-ə qalxdı.
Bilgi verən deyil, rus dili öyrədən təhsil sistemi yarandı.
Biz qatardan qaldıq. Qaldıq və dərdimizi dünyaya anlada bilmədik! Öldük.
Pulumuz var, kartlarımız doludu, ağlımız da var, amma "bir içim su ver" deyəcək dilimiz yoxdu.
Bizi yenidən dəmir pərdələrə qaytarmaq istəyirlər. Olmur. Bir suya iki dəfə girmək olmur. Ölmək isə... olur... biz nə irəli gedə bilirik, nə geri gedə bilirik, biz bu yolda ölə bilirik.
Biz bizə lazım olanın dalınca getmirik, yıxılıb ölürük.
Əlbəttə, deyə bilmərəm ki, Anar dövlətin xarici dil stratejisini, dövrün acınacaqlı təhsil siyasətini tənqid edib, rus hakimiyyətinin xidmətində olan Axundov kimi gələcəyə mesaj ötürüb.
Bu sözü, məncə, nə Anar, nə Rafael Hüseynov dilə gətirmək istəyər.
Heç Rəşad Məcid də deməz.
Mən deyə bilirəm... deyə bilirəm ki, bu hekayənin insani, fəlsəfi yükündən istədiyiniz qədər məqalə yaza bilərsiniz... hələ yazacaqsınız da. Fürsətdi. Amma ortada toxuna bilmədiyiniz bir sarı sim var: dövlətimizin dil strategiyası, təhsil sistemi vətəndaşın xilası üçün deyil. Çox geridə qalıb, dəmir pərdələrin içində sürünür. Xalqı da süründürür. Bu yol təkcə İsaaqı deyil, ölkəni qatardan atıb.
Belə, Anar müəllimə uzun ömür, can sağlığı, ədəbi uğur arzu edir,
hörmətlərimi bildirirəm.
Mehriban Vezir
TEREF