ƏSGƏR ÇÖRƏYİ... ya Sonra yaşayarıq...
31-07-2024, 08:13
Müharibədə çörək bol olur. Döyüşdən dönməyənlərində payı qalır. Amma nadir hallarda müharibə çörəyini rahat, insan kimi yeyə bilirsən.
Cəbhə şəraitində, hərə çörəyini səngərin bir tininə, bir küncünə sığınıb yeyir. Ötəri, ayaq saxlamadan baxırsan, çənə, dodaqlarda fikirli tərpənirlər. Gözlər isə üzaqlarda donub qalıb. Əsgər sifətinə çox baxmaqdan həmişə çəkinmişəm - dərinliyə getməkdən qorxmuşam. O gözləri, o baxışları seyr edəndə, mütləq onun hələ bir uşaq olduğunu, atası, anası, nişanlısı, həyat yoldaşı olmasını düşünməmək mümkün deyil. Məcbursan düyğularını qapadıb, onu yalnız bir əsgər biləsən - düşmən qarşısında duran döyüş vahidi.
...Horadizin solundakı təpələrdə Bakı yangınsöndürənlərinin mövqeyində idim. Kənd Horadizdə bərkimiş düşmən atəşə ara vermirdi. Mənimlə gələn pulemyotçu əsgərin dizindən aşağa baldırını güllə parçalamışdı. Qanaxmanı saxlamaq üçün ,, jqut" qoyulandan sonra, dedim aparsınlar aşağa, səhra tibb çadırına. Döyüş bitəndən sonra yendik aşağa. Çərrah işində idi - yaralı bədəndən qanlı güllələri çəkib atırdı dəmir qaba. Çadırda yaralılar inildəyirdi. Onların içində Azər yox idi. Lap küncdə, üzərinə parça örtük sərilmiş cansız bədənlərin arasında, gözləri açıq, dodaqları təbəssümdə keçinmişdi Azər.
Cərrahı səslədim. Yarasını göstərdim.
- Sənin burnunun altında qanaxmadan insan keçinib! - bağırdım üstünə.
Başını salıb aşağa, qanlı qolu ilə alnının tərini sildi.
- Çatdıra bilmirik. Qonşulardan arası kəsilmədən ağır yaralılar gətirirlər. İtkiləridə çoxdur.
Üşaqlar Azərin üstünə baxırdılar. Döş cibində bir dəyircəkli qələm və yarımçıq məktub var idi.
Gödəkçənin sol cibində bir parça çörək.
Məktubu anasına yazmışdı: ,, Narahat olma mama, əynimiz isti, yeməyimiz boldur. Sənin xörəklərinə, əlbətdə çatmaz. Gələndə bir göy qutabı bişirərsən mənə, yekə sacda. Kərə yagını üstundə əridib, üstümə yağı axıda..."
...Hər çörək əlimə alanda o əsgər çörəyi düşür yadıma. Doyunca yaşamayan, sevinməyən, sevməyən, yeməyən əsgərin sonraya saxladığı çörək.
Qələbədən sonra nə qədər ,,sonralara" ümidlə döyüşdük, yaralandıq, şəhid olduq... İmkan olmadı bu uşaqlarnan bir oturub dərdləşim. Ümid etdim ,,sonraya"...
Sonra, lap 32 manata o çaydan alıb Azərlə içəydik, bir Şuşa çörəyini iki bölüb onunla yeyəydik...
Zahid Teymurov
TEREF