ARIQUŞU ŅİYƏ İLDƏ BİR DƏFƏ AĞLINI İTİRİR?

1-08-2024, 09:04           
ARIQUŞU ŅİYƏ İLDƏ BİR DƏFƏ AĞLINI  İTİRİR?
( ERNEST TOMPSON SETON )
Çox qədim zamanlarda, hələ Amerikanın şimalında qış olmayan dövrlərdə arıquşular meşələrdə öz qohumlarıyla birgə heç nəyin dərdini çəkmədən şən yaşayıb kefə baxırdılar.
Lakin bir payız ana təbiət bütün lələkli müğənniləri xəbərdar etdi ki, tez bir zamanda cənuba uçmalıdırlar, çünki bu yerlərə güclü düşmənlər - qar, şaxta və aclıq gəlir və onlarla mübarizə aparmaq quşların çoxu üçün çətin olacaq.
Arıquşuların qohumları hara uçmağın yaxşı olduğu haqda bəhsə girişdilər. Yalnız bütün dəstənin başçısı olan arıquşu əyləşdiyi budağın üstündə gülməkdən mayallaq vurub özündən gedirdi.
- Elə uzağa getmək?-deyə civildəyirdi. - Yox bir! Bizim üçün elə bura da yaxşıdır. Yalan deyirlər, nə qar olacaq, nə şaxta, nə də aclıq! Mən bütün ömrüm boyu heç qocalardan belə bir şey haqda eşitməmişəm.
Amma başqa quşlar həyəcanlanır, elə qorxurdular ki, axırda onların nigarançılığı arıquşuların çoxuna da sirayət etdi. Onlar hətta bir müddət əyləncələrindən də əl çəkib qohumlarından nə baş verdiyini öyrənməyə girişdilər. Onlar da bacardıqları kimi anlatdılar ki, bəs təhlükə yaxınlaşır, tez bir zamanda hökmən isti ölkələrə uçmaq lazımdır.
Öz ağıllı qohumlarına qulaq asandan sonra arıquşular yenə qəhqəhə çəkib gülməyə, nəğmə oxumağa, bir-biriylə ötüşərək əylənməyə girişdilər. Digər quşlar isə artıq uzun səfərə hazırlaşır, cənuba aparan yolları öyrənməyə çalışırdılar. Cənuba axan böyük, enli çay, göydəki ay isti ölkələrə köç edən vəhşi qazlar onlar üçün bələdçi rolunu oynayacaqdı.
Onları çalağan görməsin deyə yola gecə çıxmağı qərara aldılar. Tufan başlanırdı, lakin köçkünlər buna əhəmiyyət vermək fikrində deyildilər.
Axşam getməyə hazırlaşan quşlar ağaclara qonaraq ayın çıxmasını gözləyirdilər. Arıquşular öz sərsəmləmiş qohumlarını yola salmaq üçün toplaşıb onları lağa qoyurdular.
Elə ki soyuq ay üfüqün üzərində göründü, lələkli köçkünlərdən ibarət əzəmətli dəstə qanad çalaraq havaya qalxdı, arıquşularla vidalaşıb aramla cənuba istiqamət götürdü.
Onlara rahat yol yerinə, tezliklə qayıtmaq arzulayan məsuliyyətsiz arıquşular bir-birini qova-qova, havada mayallaq vura-vura, səs-küylə boşalmış meşəyə üz qoydular.
- Bu başıboşlar olmasa, işimiz daha yaxşı gedəcək! - deyə cibbildəşirdilər. - Genişlikdir, bütün yem özümüzə
qalacaq.
Onlar əvvəlkindən də möhkəm oynamağa, əylənmə yə, kef etməyə başladılar.
Bu arada isə bərk tufandan sonra, həqiqətən də, möhkəm qar yağdı və soyuqlar düşdü. Belə havaya adətkərdə olmayan arıquşular özlərini itirdilər. Görəsən, onların bayaqkı şadyanalığı hara yox olmuşdu?! Onlara soyuq , qorxurdular, aclıq əziyyət verirdi. Onlar çarəsiz halda meşədə uçuşur, məsləhət istəməkdən ötrü, cənubun yolunu öyrənmək üçün bələdçi axtarırdılar. Amma - təəssüf! əzəmətli meşədə onlardan başqa bircə dənə də oxuyan quş qalmamışdı. Onlar xatırladılar ki, köçkünlər çayın üzəriylə uçmuşdular, amma indi, hər şeyin qara bələndiyi zamanda çayı necə tapasan?
Bir dəfə necə oldusa, cənubdan ilıq meh əsməyə başladı və dəmdəməki arıquşuları hali etdi ki, onların ana təbiətin məsləhətlərinə qulaq asmış qohumları indi isti, bol yemli cənubda yaxşıca məskən salıblar. Həm də bunu anlatdılar ki, elə həmin ana təbiət arıquşuların sözəbaxmazlığından əsəbiləşərək onlara əmr edir ki, cənuba köçmək fikrindən bilmərrə uzaq olsunlar, öz vətənlərində qalıb dəyişən iqlimə öz bildikləri kimi uyğunlaşsınlar. Vaxtında qulaq asmaq istəmədiniz - günah özünüzdədir.
Bu xəbərdə təskinlikverici bir şey yox idi, lakin arıquşular, sanki, birdən ayıldılar: xəbər onları düşünməyə və yeni şəraitlə barışmağa məcbur etdi. Arıquşuların əhvali-ruhiyyəsi düzəldi, kefləri açıldı.
Elə qarlar arasında da yaşamağın mümkün olduğunu söyləyib yenə şən bir tərzdə cikkildəməyə, bir-birini qovmağa, ayaz vurmuş budaqlarda atılıb-düşməyə başladılar. Onlar özlərini yenə də xoşbəxt hiss edirdilər. Çovğunlar olanda, şaxta düşəndə onlar qoca ağacların koğuşlarında qurduqları isti yuvalarından çıxmır, sakitcə gözləyirdilər. Və elə ki sərt qışdan sonra havadan bahar müjdəçisi, ilıq meh qoxusu gəlirdi, onlardan biri sevinclə "yaz gəlir!" deyə nəğməsinə başlayır, qalanları da bu təranəni xor kimi davam etdirirdilər.
İnsanlar isə qar basmış meşədə şən quş səslərinin necə cingildədiyini eşidən kimi tezliklə yetişəcək bahara sevinirdilər. Onlar bilirdilər ki, bu balaca müjdəçilərin öncəgörmələri həmişə doğru çıxır.
Lakin ildə bir dəfə, payızın lap oğlan çağında, boşalmış meşə səltənətində soyuq küləyin vıyıldayıb səs saldığı günlərdə bütün arıquşuların başına nəsə qəribə bir şey gəlir: onlar bir neçə günlüyünə ağıllarını itirib ağacların arasıyla dəli kimi uçmağa, hara gəldi, hətta ən təhlükəli yerlərə belə girməyə başlayırlar. O vaxt onları çəmənliklərdə də, çöllərdə də, şəhərlərdə də, zirzəmilərdə, anbarlarda, daxallarda da görmək olur bir sözlə, balaca meşə quşu harada olmalı deyilsə, oralarda.
Əgər siz ilin həmin dəmi belə yerlərdə arıquşu görsəniz, bilin ki, müvəqqəti olaraq ağıllarını itiriblər. Onların bu sərsəmləməsi bir zamanlar başqa köçəri quşlarla bir yerdə məhsuldar cənubun isti məmləkətlərinə köçməkdən axmaq kimi imtina etdikləri dövrlə əlaqədardır - yadlarına salaraq dəli olublar.
Gülnar Abbasova
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.