AXC əleyhdarları Əliheydər Qarayev, Ayna Sultanovanın və s. sonunu bu erməni gətirmişdi...
2-08-2024, 07:34
“Ayna bu 6 ermənini işinə baxdı; onlardan hər birinə 8-10 il həbs cəzası verdi, xalamın əri Hamayaqa isə 10 il... Həmin hadisədən bir az keçəndən sonra Ayna Sultanovanı həbs etdim...”
Bu gün bir sıra orta yaşlı və yaşlı nəsil nümayəndələri SSRİ imperiyasının boyunduruğu altında yaşadığımız dövrü tərifləyir, hətta bəzi telekanallar və nəşrlər insanlarımızda o dövr üçün nostalji, həsrət hissləri yaşatmağa çalışılan verilişlər nümayiş etdirir, materillar dərc edir. Təəssüf ki, belə hisslərə qapılan müstəqil(!) Azərbaycan vətəndaşlarının çoxu həmin sovet dönəmində xalqımızın başına gətirilmiş faciələri ya xatırlamır, ya da bilərəkdən gözardı edirlər...
Məsələn, hələ də çoxları bilmir ki, sovet dövründə bir müddət Azərbaycanın rəhbəri, eləcə də daxili işlər naziri və s. aparıcı vəzifələrdə daşnak xislətli ermənilər olub və onlar xalqımızın, onun ziyalılarının başına hansı oyunları açıblar, onları necə şərlədib, həbs etditrib güllələdiblər...
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş “Ermənilər və faciələrimiz” kitabının “Azərbaycan Daxili İşlər Nazirliyində çalışan maskalanmış erməni generalları Azərbaycanda yüksək vəzifəli rəhbər işçiləri, məşhur ziyalıları məhv edir, öz qanlı əməllərini Ermənistanda davam etdirirdilər” başlıqlı bölməsində məhz bu mövzudan bəhs edir. Gələcəyimizi Rusiyada görən, qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birgə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun əvəzində ölkəmizi işğal edən bolşevik-kommunistlərin şura hökumətinin qurulması üçün əlindən gələni edən məşhur Azərbaycan qadın inqilabçısı Ayna Sultanovanın acı sonluğu da bölmənin başlıca və ibrətamiz epizodlarındandır...
Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
“Uzun illər Azərbaycanda daxili işlər naziri işləmiş, Azərbaycanın ən yüksək bacarıqlı kadrlarını məhv edib sonralar Mircəfər Bağırovla birgə məhkum edilmiş Xoren Qriqoryanın Azərbaycana, xalqımıza olan düşmən hərəkətləri və mənə qarşı təşkil etdiyi böhtanlar, terror hadisələri barədə qeydlər.
1948-1953-cü illərdə Ermənistanda yaşayan azərbaycanlıların köçürülməsi xalqın başına gətirilən müsibətlər dövrün faciəsi idi. Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların köçürülərək Kür-Araz ovalığında yerləşdirilməsi əslində onların fiziki və mənəvi məhvi demək idi...
Bu köçürülməyə zidd çıxmağım, üstəlik, Basarkeçərin Zod kəndindən Xanlar(hazırda Göygöl-S.L.) rayonuna köçürülmüş azərbaycanlıların oradan erməniləri qovub özlərinin yerləşməsi Azərbaycanın o vaxtkı daxili işlər naziri X.Qriqoryanın və onun kimilərin xoşuna gəlməmişdi. Elə oldu ki, 1950-ci ildən X.Qriqoryan Ermənistanın daxili işlər naziri işlədi. Xoren işə başlayandan sonra bir neçə dəfə mənimlə görüşdü. Görüş zamanı erməni nazir mənə deyirdi: “Musayev, Xanlara yaxşı adamlar göndərməmisən”...
1950-ci ili sentyabrında Ermənistan Kommunist partiyasının mərkəzi komitəsində beşgünlük seminar-müşavirə çağırılmışdı. Həmin 5 gün ərzində mənim rayonda olmayacağımı bilən daxili işlər naziri X.Qriqoryan Basarkeçərə gəlirdi. Yolda qabaqlaşıb danışdıq.
Dedi:
“Musayev, mən sənə qonaq gəlirəm, sən hara gedirsən? Qayıt, gedək rayona. Bizim Qriqoru da, Qariki də götürüb Qarabağa qonaq gedək”.
Dedim, bilirsən ki, mən qayıda bilmərəm, yaxşısı budur, sən qayıt şəhərə, müşavirə qurrtarandan sonra birlikdə gedərik. Əlbəttə, Xoren qayıtmazdı. Axı o, fürsət axtarırdl ki, mən rayonda olmayım, o da öz işini görə bilsin...
Bu o Qriqoryan idi ki, Əliheydər Qarayevi həbs edən və şəxsən dindirərkən demişdi:
“Azərbaycanda ermənilərə qarşı çox ədalətsiz işlər aparılırdı. Ancaq sağlığınıza, birin ona əvəzini çıxmışam”...
Vaxtilə etdiyi söhbətlərin birində X.Qriqoryan deyirdi:
“Azərbaycan respublikasının ticarət nazirinin müavini işləyən Süleymanov Şaumyan rayonuna yoxlama göndərib 6 nəfər erməniyə iş açdırmışdı. İş dövlət əmlakının mənimsənilməsi adı ilə təsdiqlənərək respublika Ali Məhkəməsinə göndərilmişdi. Günahlandırılanlardan biri xalamın həyat yoldaşı idi. Xalam mənə gecə-gündüz rahatlıq vermirdi. Həmişə yanımda oturub ağlayır, “onu qaytar, qoyma uşaqlarım yetim qalsın” deyirdi... Mən də öyrəndim ki, iş Ali Məhkəmədədir və ona Ali Məhkəmənin sədri Ayna Sultanova özü baxacaq. Aynaya zəng edib dedim:
“Yoldaş Sultanova, o Şaumyan uşaqlarının haqqında olan işi baxmaq üçün sizə göndəriblər. Eşitmişəm, siz özünüz baxacaqsınız, amma iş qondarmadır, onların elə bir günahı yoxdur. O adamlardan ikisi qohumdur. Hətta biri xalamın əridir. Üç körpə uşağı var, xalam məni haldan salıb dinc buraxmır. Onların günahlı olması mənə o qədər də məlum deyil, imkan daxilində onlara kömək etməyinizi xahiş edirəm”.
Cavabında Ayna dedi:
“Xoren, sən bilirsən ki, məh hər işə ədalətlə yanaşan adamam. Arxayın ol, əgər günahları olmasa, mən günahsız adamlara cəza vermərəm...”
Baxmayaraq ki, respublikada mənim dediyim sözü, etdiyim xahişi yerinə yetirməyən adam yox idi, ancaq Aynanın bu cavabı mənim xahişimi rədd etmək demək idi. Mən də başladım Ayna Sultanova haqqında lazımi məlumatlar toplamağa...
Ayna bu 6 ermənini işinə baxdı; onlardan hər birinə 8-10 il həbs cəzası verdi, xalamın əri Hamayaqa isə 10 il... Həmin hadisədən bir az keçəndən sonra Ayna Sultanovanı həbs etdim...
(Davamı var)
Xüsusi qeyd:
Araşdırmamızdan bəlli oldu ki, hörmətli Talıb Musayevin yəqin ki, yaşlı çağında, bir az yaddaş zəifliyi ucbatından Azərbaycan SSR daxili işlər naziri kimi təqdim etdiyi Xoren Qriqoryan Ayna Sultanovanın həbs edilərək güllələndiyi 1937-1938-ci illərdə Azərbaycan SSR Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi (DİK DTİ) İdarəsinin Məxfi Siyasi Şöbəsinin rəisi və DİK DTİ –nin 11-ci bölməsinin rəisi işləyib. Və yalnız 1943-1947-ci illərdə DİK xalq komissarının müavini olub...
Təqdim etdi:
Sultan Laçın