Seyidağa Mövsümlü yaşasaydı 70 yaşı olacaqdı....

2-08-2024, 08:38           
Seyidağa Mövsümlü yaşasaydı 70 yaşı olacaqdı....
"Bu, xalqın tarixidir. Biz bunu etməliyik. Sabah gələcək nəsil bizdən soruşanda ki, siz nə etmisiniz, ay yoldaş operatorlar, onda biz bu sənədlərlə, bu filmlərlə onlara əyan edəcəyik atalarının, babalarının necə vuruşduğunu..."

Dünyanın hər yerində, hər küncündə gündə yüzlərlə hadisə baş verir. Hazırda texnologiyanın, mətbu vasitələrin, informasiya ötürücülərinin, sosial şəbəkələrin artdığı və bu qədər fəal olduğu zamanda belə onların hamısından xəbər tutmağa çatdırmırıq. Bir də düşünək 25-30 il öncəni. Cəmi 1 və ya 2 televiziya kanalının olduğu, avadanlıqların köhnə, zəif zamanında, sosial şəbəkələrin hələ icad edilmədiyi, hər adamın cibində "telefon" adlı mini diktofon, kamera, fotoaparat gəzdirmədiyi vaxtlarda həm dünyada, həm də Azərbaycanda o qədər vacib, əhəmiyyətli hadisələr baş verirdi ki, onları mütləq çəkmək, yaymaq, gələcək nəsillər üçün saxlamaq lazım idi. Məsələn, əvvəldəki sitatın müəllifi, Azərbaycanın ilk hərbi teleoperatoru Seyidağa Mövsümlünün məhdud imkanlarla gördüyü böyük işlər kimi. Həmin cümlələri o, Qarabağ müharibəsini çəkən zaman qırğının, faciənin ortasında deyib.

Əvvəlcə qısa tanışlıq: S.Mövsümlü xalq hərəkatını, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır.

O, 1954-cü il avqustun 1-də Ucar rayonunda doğulub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyindəki operatorluq sevgisiylə televiziya sahəsinə üz tutub. 1970-ci ildə Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub.

Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır. 1988-ci ilin dekabrın 5-dən 6-na keçən gecə o, "Azərbaycanfilm" kinostudiyasının kinooperatoru Nizami Abbas və rejissor Zaur Məhərrəmovla birgə "Abşeron" mehmanxanasının damına qoyulmuş kameralarla Azadlıq meydanında baş verən hadisələri də çəkib.

1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb. Ömrünün sonuna kimi də bu yaralardan əziyyət çəkib.

Uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş şair Ramiz Duyğunun, general Zaur Rzyevin təklifi ilə 19 fevral 1992-ci ildən Nazirliyin mətbuat mərkəzində operator kimi işə başlayır. 2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb.

Milli Ordunun 100 illik yubileyinə bircə gün qalmış - 2018-ci ilin 25 iyununda Azərbaycanın ilk hərbi operatoru, ilk hərbi stringeri, polkovnik-leytenant Seydağa Mövsümlü dünyasını dəyişib. O, Milli Ordunun 100 illik yubiley günündə - iyunun 26-da torpağa tapşırılıb.

Buzovnaya qaçış... "Qara Yanvar"ın xilası...

S.Mövsümlü xalq hərəkatından sonra 1990-cı il 20 Yanvar faciəsini də çox böyük çətinliklər, əngəllər aşaraq kameranın lentinə köçürməyi bacarmışdı. Hətta televiziyanın enerji bloku partladıldığından nə baş verdiyindən məlumatsız xalqa bu hadisələrin efir vasitəsilə çatdırılmasında onun böyük rolu olub. Radionun enerji bloku partladılmadığından efirə çıxmaq mümkün imiş. O, operator assisenti Azər Muradovla efirə çıxır və "Mayak"ın dalğası ilə bu qanlı hadisə haqqında məlumatı ictimaiyyətə çatdırır. Bu, fədakar operatora azadlığı bahasına başa gəlir. Belə ki, S.Mövsümlü və digərləri məhz bu hərəkətlərinə görə silahlı əsgərlər tərəfindən həbs edilirlər.

Yanvarın 21-də Azərbaycan Ali Sovetinin qapılarında dayanan əli silahlı rus əsgərləri fövqəladə sessiyasını çəkməyə imkan vermirlər. Seyidağa Xalq artisti Zeynəb Xanlarovaya müraciət edir. Zeynəb xanım heç tərəddüd etmədən sürücü ilə kameranı göndərsə də, daha peşəkar kameraya ehtiyac vardı. Böyük çətinliklə televiziyanın montaj otağına arxa qapıdan daxil olub kameranı (TJK-nı) götürə bilirlər.

Yanvarın 22-də şəhidlərin dəfn mərasimini çəkib tarixə köçürən operatorlardan biri də Seyidağa olur.

Tanınmış rejissor Vasif Babayevlə müsahibəmizdə o, yanvarın 24-dən 25-nə keçən gecə bu çəkilişlərin onlara baha başa gəldiyini, özünün sovet hərbçiləri tərəfindən həb olunaraq evdən aparıldığını demişdi. Onun həyat yoldaşı təcili Seyidağa zəng edərək olanları danışır və növbəti hədəfin o olacağını deyib, qaçmağı məsləhət bilir. Seyidağa da ailəsi və iki körpəsi ilə birgə kasetləri də götürüb Buzovnaya gedir. Gecənin bir aləmində qapısına dayanan hərbçilər onu tapa bilmirlər. Beləcə, həmin görüntülər xilas edilir.

20 Yanvar hadisələri haqqında çəkilən "Qara Yanvar" filmini Moskvaya-SSRİ Ali Sovetinin toplantısına apararaq Nizami Abbas və Tofiqlə birgə Moskvada azərbaycanlı deputatların və rus ictimaiyyəti nümayəndələrinin iştirakı ilə nümayiş etdirən də Seyidağa olur. Baxmayaraq ki, geri qayıdanda işdən çıxarıldığını görəcəkdi. Üç ay işsizlikdən sonra Ali Sovetin sədri Elmira Qafarovanın köməyi ilə işə bərpa olunur.

Xocalı dəhşətlərini çəkən fədai...

S.Mövsümlünün öz vətəni, xalqı üçün etdiyi əsas fədakarlıqlardan biri də Xocalı soyqırımı zamanı olur. 1992-ci ilin fevralın 19-da Müdafiə Nazirliyində Mətbuat Mərkəzinin operatoru kimi işə başlayan Seyidağa həmin ilin fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımını lentə alan ilk hərbi operatordur.. Əlbəttə, öz xalqının övladlarını o vəziyyətdə, vəhşi soyqırıma qurban getmiş görmək ən böyük ağrılardan, acılardan biridir. Lakin həqiqəti gələcək nəslə və dünyaya çatdırmaq məsuliyyəti Seyidağanı güclü olmağa sövq edirdi. O, ürəyi qan ağlaya-ağlaya, əzabdan qıvrıla-qıvrıla çəkirdi. Çəkirdi ki, unudulmasın, çəkirdi ki, başqa həqiqətlər kimi bu da ört-basdır edilməsin. Çəkirdi ki, günahkarlar "sudan quru çıxmasın!"

Sonralar polkovnik-leytenant S.Mövsümlü "Azvision.az" saytına müsahibəsində - Xocalı həqiqətlərinin qaranlıqda qalan məqamlarından belə bəhs etmişdi: "Həmin vaxt Xocalıda işləyirdim. Yaralı zabit idim. Hospitaldan çıxandan sonra mərhum general Zaur Rzayev mənə dedi ki, operator olub, əsgər və zabitləri çəkməlisən. Gələcək nəsil Azərbaycan uğurunda vuruşan igidləri tanımalıdır. Beləliklə, 1992-ci ilin fevral ayında Azərbaycan Respublikasının ilk hərbi reportyoru olmağımla bağlı əmr verildi.

Ayın 26-sı, səhər tezdən işə gələndə kapitan Mirsaleh Axundovun ağladığını gördüm. Soruşdum, nə baş verib? Dedi ki, Xocalıda dəhşət yaşanır, soyqırımı olub. Həmin vaxt yeganə informasiya mənbəyi dövlət televiziyası və radiosu idi. O vaxtkı rəhbərlik Ayaz Mütəllibov və onun mətbuat xidmətinin birbaşa təkidi ilə yayımladılar ki, guya Xocalıda iki nəfər şəhid olub. Xəbər məhz bu şəkildə bütün dünya mətbuatına yayıldı.

Mənə dedilər ki, təcili Ağdama getməliyəm. Gedib Azərbaycan Dövlət Televiziyasından çəkiliş üçün kamera istədim, amma vermədilər. Birdən yadıma düşdü ki, keçmiş millət vəkili Etibar Məmmədovun "Sony" markalı kiçik kamerası var. Onlara gedib, kameranı istədim. Sağ olsun, kameranı verib dedi ki, get, millətimizin dərdini çək, bu, lazımdır. Fevralın 26-da mən helikopterlə Ağdama gəldim.

Fevralın 26-sı, saat 12-nin yarısı idi. Xocalıdan qaçan soydaşlarımız Ağdam mehmanxanasının qarşısına toplaşmışdılar. Onlar dəhşətli vəziyyətdə idilər, qulaqları, burunları kəsilmişdi. Əziyyət, işgəncəyə məruz qalmış halda idilər. Mən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovu tapdım və dedim ki, bu soyqırımı faktı təcili çəkilməlidir. Sağ olsun, məni başa düşdü və biz birlikdə onun maşınında Əsgəranla Ağdamın sərhədində yerləşən Qarağacı qəbirstanlığının yanına gəldik.

Həmin vaxt orada olan maşından bir nəfər düşdü. Sonradan məlum oldu ki, o, Əsgəran batalyonunun komandiri Vitalikdir. Hiss elədim ki, o, Allahverdidən qorxur.

...Vitalikin olduğu erməni maşınına mindim. Əsgəran qalasının ətrafında körpü var. Ora gəlib çatdıq. Həmin körpünün altında ermənilər bizim 30-a yaxın soydaşımızın başını kəsib, payalara keçirib, yola düzmüşdülər. Nəhayət, mən onları çəkməyə başladım. İki daşnak döyüşçüsü mənə nəzarət edirdi. Orada dəhşətli vəziyyətdə olan meyitlər vardı. Başlarının, üzlərinin dərisini soymuşdular.

Orada vuruşan Suriya mənşəli ermənilərin qəribə bir dəmir cihazı vardı. Dəmiri başın arxa tərəfinə soxur, beyni çəkib çıxarırdılar. Və yaxud üzün, başın dərisini soyub, evdə xatirə kimi saxlayırdılar ki, bunlar azərbaycanlılar, türklərdir. Orada 10-a yaxın qadının ayaqlarından trosla bağlayıb, BMP-nin arxasınca diri-diri sürümüşdülər. Bütün bunları ermənilər törətmişdilər".

Dostları, şahidlər deyirlər ki, Seyidağa bu hadisədən sonra sürətlə qocalmışdı. Fikrimcə isə, onu qocaldan təkcə Xocalıda gördükləri deyildi. Onu qocaldan günahsız xalqının başına gətirilən zülmlər, dəhşətlər idi. Və əlbəttə, bu dəhşətlər qarşısında soyuqqanlılığını itirmədən öz peşəsini icra edib, bütün bunları tarixin səhifələrinə köçürmək vəzifəsi...

Azərbaycanın ilk hərbi teleoperatoru, polkovnik-leytenant Seyidağa Mövsümlü vaxtsız vəfatı səbəbindən uğrunda döyüşdüyü, ağır yaralar aldığı Qarabağın azadlığını bu gün görə bilmir. Amma əminəm, əminəm ki, olduğu yerdə o, bu qələbəni də, onun xalqına yaşatdığı sevinci də, şəhidlərimiz üçün çəkilən ağrını da duyur, hiss edir. Bir də onu hiss edir ki, xalqının qədirbilən övladları onun bu fədakarlıqlarını unutmur və unutmayacaq. Çünki Seyidağa Mövsümlü ədalətsizlikləri əbədiləşdirmək üçün çəkdiyi lentlərdə özü də əbədiləşib!

Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 26 fevral.- S.14.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.