Səkinə dayıqızı naynay - Əxlaqsız mahnı sözlərimiz
2-08-2024, 09:15
Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
Xalaqızı, əmiqızı, dayıqızı ilə evlənmək qanunla qadağan olunduqdan sonra, məncə, bununla bağlı mahnılarımıza da yenidən göz gəzdirmək lazımdır. Özü də elə birinci növbədə “Səkinə dayıqızı” mahnısından başlamaq daha məqsədəuyğundur.
Mahnının sözlərini bir də xatırlatmaq istəyirəm:
Geyib güllü tumanını
Səkinə dayqızı nay-nay.
Sənəm belə dolanır,
Neynim, yar, neynim, yar?
Mahnıya bu qədər cəsarətli girən adamlarımız olub. Mövzuya birbaşa tumanla girmək hər oğulun işi deyil. Eşidirəm səsinizi, onu mən də bilirəm. Bilirəm ki, o tuman bizim indi bildiyimiz bu tuman deyil. Amma məsələ heç tumanda da deyil. Mahnının ardı həngamədir.
Görünür, Səkinə onun ağlını başından almaq üçün rəqs edir, bibi oğlu da bu rəqsin qarşısında quruyub qalır. Ancaq bu sualı verməyə gücü çatır: "Neynim?" "Necə eləyim?" Sonra sözünə davam edib deyir:
Oynayan belə oynar,
Balam, nay, gülüm, naynayım, oyna.
Oyna, boyuna gurban, hey!
Neynim, yar, neynim yar?
Səkinənin oynamağından halbahal olan bibioğlu özünə gəlib öz dayısıqızına tərif yağdırır. Deyir ki, oynayan belə oynayar, ay boyuna qurban olduğum. Hətta mahnının sözlərindən məlum olur ki, sevdiyi qıza “balam” deyə xitab etmək təzə adət deyil. Mahnının gedişatında sandıqdan, göy kuzədən danışan bibioğlu arzusu bu bənddə daha incə, daha poetik hal alır. O, çox güman ki Səkinənin kuzə ilə oynamağını görmək istəyir. Məncə də, kuzə ilə oynayan bir xanım daha çəkici görünə bilər.
Bibioğlu vəsfini edib məsləhətini verəndən sonra işi biraz da irəli aparıb deyir:
Anamı (Nənəmi) yola sallam,
Balam, nay, gülüm naynayım, oyna.
Gün batanda gəl bizə,
Neynim, yar, neynim, yar?
Bibioğlunun niyyəti burada üzə çıxır. Anasını yola salandan sonra gün batanda onlara gəlməyini istəyir Səkinədən. Bəzi variantlarda bibioğlunun Səkinəyə bu sözləri öz eyvanlarından onların eyvanına boylanıb dediyi də bilinir. Evə çağırmaqla heç də indiki gənclərdən geri qalmayıblar ha.
Və nəhayət mahnının son bəndində bibioğlunun dayıqızını razı saldığı ortaya çıxır. Çərçi o vaxtlar xırda-xuruş şeylər satan alverçiyə deyilirmiş. Və bu alverçilər istədikləri evin həyətinə rahat girirlərmiş. Beləcə, məsələ eyvandan çərçiyə daşınıb. Səkinə çərçi ilə bibisioğluna razılıq əlaməti kimi yaylıq göndərib. Bibisioğlu da deyir ki, dua et, iş düzəlsin, sənə qəşəng bir tuman alacam.
Beləcə, Çexov məntiqilə mahnının girişində tumandan söz açan bibioğlu sonda da məsələni tumanla bağlayır. Və çox peşəkarcasına tutduğu bu əməllərin ardınca hər dəfə “neynim yar?" deyib özünü sığortalamağa çalışır. Zalımın oğlu, daha bundan artıq neyləmək fikrin var ki?
Qeyd edim ki, mahnının müəllifi Bakıda anadan olan, lakin sonradan Təbrizə köçən Əli Səlimidir. Əli Zöhrab oğlu Səlimi Bakının "Kubinka" məhəlləsində dünyaya gəlib. Atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən, anası isə Pirşağıdan olub. İlk təhsilini Bakıda alıb, lakin Stalin repressiyaları zamanı, 1938-ci ildə Səlimilər ailəsi Bakıdan sürgün edilib.
Bakıda olan zaman Əli Səlimini dayısı qızı Səkinə ilə evləndirmək barədə ailələri razılığa gəlibmiş. Lakin sürgün olunduqları üçün bu sevda baş tutmayıb.
Güney Azərbaycana köçən Əli Səlimi bir çox mahnılar yazır. Onların bir çoxu dillər əzbəri olub, tarixə düşüb. Onun mahnılarının ilk ifaçısı da Vartuş ləqəbilə tanınan Fatma Qənnadə olub. Fatma Əlinin həyat yoldaşı idi. Lakin "Səkinə dayıqızı" mahnısını o heç zaman ifa etməyib.
Çünki Fatmanın Əlinin ilk eşqinə qarşı hər zaman qısqanclığı olub.
Əli Səlimi ilk dəfə Ququşdan mahnını ifa etməsini xahiş edir. Lakin o da rəfiqəsi olan Vartuşun xətrinə bundan imtina edir. Bu zaman işə Məhəmmədhüseyn Şəhriyar qarışır. O, Faiqəni çağırıb deyir ki, "sən necə azərbaycanlısan ki, Azərbaycan dilində oxumursan?!". Şəhriyarın iradından sonra Faiqə mahnını ifa edib.
Amerikaya köçəndən sonra erməni əsilli amerikalı ilə ailə quran Ququş bir müddət bu mahnını repertuarından çıxarır. Buna səbəbsə ərinin ona qoyduğu ciddi qadağa olub. Nəhayət, 21 mart 2010-cu ildə Londonda Novruz bayramı günü çıxış edən Ququş tamaşaçıların çoxsaylı və təkidli xahişindən sonra yenidən bu mahnını ifa edib. Ququş konsert zamanı öz ansambl üzvlərinə işarə edərək, "görün, argentinalı, puerto-rikalı, venesuelalılar "Səkinə dayıqızı"nı necə oynayırlar" - deyə zarafat da edib.
Azərbaycanda bu mahnının ilk ifaçılarından biri Sabir Əliyev olub. Sonra isə Rübabə Muradova anasının xahişi ilə bu mahnını oxuyub.
Hər şey bir qırağa, görəsən, bibioğlu anasını yola salandan sonra gün batanda Səkinə onlara gəldimi?
Rəna Nevzat