QIZILBOYUN

23-09-2024, 15:14           
QIZILBOYUN
( ERNEST TOMPSON SETON )
Meşəli Teylor təpəsinin ətəklərində ana kəklik bala çıxarmışdı. Aşağıdan kristal təmizlikdə suyu olan kiçik çay axırdı. Bu çay insanların hansısa qəribə şıltaqlığı ucbatından Lilli adlanırdı. Elə kəklik də yenicə yumurtadan çımış, lakin xırda ayaqları üstündə artıq möhkəm duran balalarını su içmək üçün məhz ora apardı.
Ana kəklik otların arasında əyilərək gedirdi, çünki meşə düşmənlə dolu və hərdən sakitcə qaqqıldayaraq balaca, rəngli tük yumağına bənzəyən cücələrini çağırırdı. Cücələr isə analarından bir neçə addım geridə qalan kimi nazik, qırmızı ayaqlarının üstündə yanlarını basa-basa tələsərək şikayətli tərzdə incə-incə civildəyirdilər. Bu cücələr elə zərif idilər ki, cırcıramalar belə onlarla müqayisədə yöndəmsiz və yekə görünürdülər.
On iki dənə idilər. Ana kəklik onlara ayıq-sayıq göz qoyur və hər kolu, hər ağacı, hətta göyün üzünü diqqətlə nəzərdən keçirirdi. Görünür, o, hər yerdə düşmən gəzirdi, çünki dostu az idi. İndi də düşmənlərin birini tapdı.
Dümdüz, yaşıl çəmənliklə yekə bir heyvan irəliləyirdi - tülkü. Bu heyvan düz onların yolunun üstündə idi və bir neçə dəqiqədən sonra, yəqin ki, cücələri duyacaq, onların izinə düşəcəkdi. Vaxt itirmək olmazdı. "Krr, krr!" (Gizlənin, gizlənin!) - deyə ana sakit, lakin sərt ahənglə çığırdı və balaca, palıd qozasından azacıq iri, dünyaya gəlməklərindən bircə gün ötmüş cücələr müxtəlif səmtlərə dağıldılar ki, gizlənə bilsinlər. Cücələrdən biri yarpağın altına girdi, digəri iki kökün arasında gizləndi, üçüncüsü burulmuş ağac qabığının içində, dördüncüsü xəndəkdə gizləndi. Tezliklə bir cücədən savayı hamısı gizləndi; o, özünə uyğun yer tapa bilmirdi və yekə, sarı ağac parçasının üzərinə sərilib gözlərini yumaraq uzanmışdı; əmin idi ki, artıq bütün təhlükələrdən uzaqdır.
Cücələr qorxudan civildəşmələrini saxladılar və ətrafa tam sakitlik çökdü.
Ana kəklik cəsarətlə birbaş dəhşətli heyvanın üstünə uçub ondan bir neçə addım aralı yerə endi, sonra qanad çalaraq özünü yaralıymış, qalxa bilmirmiş kimi göstərərək yerə sərildi. O civildəyir, civildəyir və çapalayırdı. Bəlkə, o aman diləyirdi - bu qaniçən, qəzəbli tülküdən aman diləmək?
Yox! Kəklik o qədər axmaq deyildi. Biz tez-tez tülkü bicliyi barədə əhvalatlar eşidirik. İndi gözləyin, görəcəksiniz ki, ana kəkliklə müqayisədə tülkü nə qədər sarsaqdır.
Ovunun qəflətən düz qabağına çıxdığına heyran qalan tülkü sıçrayıb tutdu... Yox, quşu tuta bilmədi! Quş qanadının bircə hərəkətiylə bir qədər də uzaqlaşdı. Tülkü yenə tullandı və bu dəfə, yəqin ki, quşu tuta bilərdi, əgər aralarındakı balaca ağac gövdəsi olmasaydı.
Kəklik nataraz bir hərəkətlə həmin ağacın altına girdi, tülkü isə çənəsini şaqqıldadıb onun üstündən ötdü. Onda quş, elə bil, bir az özünə gələrək uçmaq üçün yöndəmsiz bir cəhd elədi və enişaşağı dığırlandı. Tülkü çəkinmədən onun dalınca cumdu və az qalmışdı ki, quşun quyruğundan yapışa, amma bacarmadı, hədəfdən yenə yayındı. Tülkü nə qədər sürətlə sıçrasa da, quş ondan cəld tərpənirdi.
Bu artıq lap qeyri-adi bir şey idi. Ayaqdan iti olan tülkü yaralı bir kəkliyi tuta bilməsin? Tülkü üçün necə böyük biabırçılıq idi bu!
Lakin tülkü onu təqib etdikcə, sanki, quşun da gücü artırdı. Düşmənini dörddəbir mil kənara aparan dan sonra quş qəflətən tamam sağaldı və qanadlarını qətiyyətlə çırpıb meşənin üzərindən uçaraq tülkünü axmaq yerinə qoydu. Tülkünü ən çox yandıran isə o idi ki, əvvəllər də belə vəziyyətlərə düşmüşdü.
Ana kəklik isə göy üzündə iri çevrə cızıb dolayı yolla meşənin balaca, tüklü toplar gizlənən yerinə endi.
Vəhşi quşların yerin relyefinə qarşı qeyri-adi yaddaşı olur və ona görə də ana kəklik tülkü ilə üzbəüz gəlməmişdən qabaq olduğu həmin o ot basmış təpəciyə qondu. Bir anlıq dayanaraq onun əmriylə gizlənmiş balalarının necə sakit, cınqırlarını çıxarmadan durduqlarına heyran-heyran baxdı. Onun addımlarının səsi cücələrdən heç birini, hətta ağacın üstünə sərilən körpəni də yerindən tərpətmədi. O da pis gizlənməmişdi. Lakin budur, analarının səsi gəldi: "Krit!" (Bura gəlin, balalar!) və bircə anda, sanki, sehrli çubuğun bircə hərəkətiylə kiçik kəklik balaları bütün gizli yerlərdən çıxdılar və həmin o ağacın üstünə sərilmiş körpə də gözlərini açıb "Piip, piip!" deyə incə bir səslə civildəyərək anasının quyruğu altında sığınacaq axtarmağa yüyürdü. Onun səsini, təbii ki, düşmən heç üç addımdan da eşitməzdi, amma anası məsafə bundan üç dəfə artıq olsa belə, mütləq eşidərdi. Qalan cücələr də civildəşirdilər və heç şübhə yoxdur ki, dəhşətli dərəcədə səs-küy saldıqlarını düşünürdülər. Onlar xoşbəxt idilər.
Günəş yüksəkdə dururdu, yaxşı qızdırırdı. Suya çatmaq üçün açıq taladan keçmək lazım idi. Və budur, ana kəklik yaxınlıqda düşmən olub-olmadığını bilmək üçün yaxşı-yaxşı baxandan sonra körpələrini yelpinc kimi açdığı quyruğunun kölgəsinə yığdı, günvurmadan qoruya-qoruya çay kənarındakı itburnu kolluğuna tərəf apardı.
Kolluqdan ağquyruq dovşan çıxıb kəkliyi yaman qorxutdu. Lakin arxasında gəzdirdiyi ağ sülh bayrağı onu tez sakitləşdirdi: dovşan onun köhnə tanışı idi. Körpələr o gün öyrəndilər ki, dovşandan qorxmaq lazım deyil. Onlar öyrəndilər ki, dovşan dünyada hər şeydən çox sülhü sevir. Sonra isə onlar axmaq adamların, nədənsə, Lilli adlandırdığı çaydan dupduru su içməyə başladılar.
Əvvəlcə körpələr su içmək üçün edəcəklərini bilmirdilər, amma analarını təqlid etməyə başladılar və tezliklə eynən onun kimi içmək, hər xırda qurtumdan sonra baş əymək öyrəndilər. Onlar çayın sahili boyunca səf çəkib durmuşdular - bu qızılı qəhvəyi top iyirmi dörd balaca ayağın üstündə duraraq on iki qızılı başını aşağı əyir, sanki, kiməsə təşəkkür bildirirdi.
Sonra ana kəklik onları dayana-dayana, daim gizlənə-gizlənə çəmənliyin balaca təpə olan o biri başına apardı. O, bu təpəyə çoxdan fikir vermişdi. Belə təpələr kəkliklərə ona görə lazım idi ki, öz cücələrini böyüdə bilsinlər. Bu təpələrdə qarışqa yuvaları yerləşir.
Ana kəklik qarışqa yuvasının təpəsində ayaq saxladı, ətrafa göz gəzdirdi və şübhəli bir şey görməyəndə yuvanı caynaqlarıyla eşməyə başladı. Torpaq yumşaq idi, tez ovulurdu. Qarışqa yuvası açıldı dağılmış yeraltı qalereyalar uçulub aşağı töküldü. Qarışqalar da yerə töküldü və görünür, nə etməli olduqlarını bilmədən bir-biriylə dalaşmağa başladılar. Önlar çaşqın halda yuvanın ətrafında döyüşürdülər və yalnız çox az bir qismi, daha ağıllıları kök, ağ qarışqa yumurtalarını bayıra daşımağa başladılar. Ana kəklik isə hazır durmuşdu bu şirəli yumurtalardan birini qaparaq qaqqıldaya-qaqqıldaya balalarının qarşısına, düz otun üstünə atdı. Sonra bir də qaqqıldayıb yumurtanı götürdü və uddu.
Körpələr ananı mühasirəyə aldılar, çox maraqla baxırdılar. Nəhayət, balaca sarı cücə, həmin o ağac qırığının üstündə gizlənən, bir qarışqa yumurtasını götürdü. Onu bir neçə dəfə yerə salib yenə qaldırdı, sonra isə qəfil və mübhəm bir çağırışa tabe olurmuş kimi uddu. Yeməyi o, belə öyrəndi. Təxminən, iyirmi dəqiqədən sonra körpələr yeyə bilirdilər.
Ana kəklik qarışqa yuvasını eşib yeraltı qalereyaları dağıdanda torpağın içində əla qarışqa yumurtası axtar maq yaman şən idi! Bu proses bütün cücələr öz çinədanını ağzınadək doldurana, daha yeyə bilməyənə kimi davam etdi.
Sonra hamısı bir yerdə, ehtiyatla çayyuxarı, çaqqal gavalısı kollarıyla sıx örtülmüş qumsal sahilə gəldi. Orada qızmış xırda ayaqlarını içinə soxduqları sərin qumdan ləzzət alaraq bütün günlərini keçirdilər.
Onların anadangəlmə təqlid istedadı vardı. Lap anaları kimi böyrü üstə uzanır, nazik ayaqlarıyla eynən anaları kimi torpağı cırmaqlayır, qanad çalırdılar. Əslində, onların hələ qanadları yox idi, böyürlərində qanadlar bitəcək yeri göstərən xırda təpəciklər vardı.
Həmin gecə anaları onları qurumuş kolların arasına apardı orada, xışıldayan, heç bir düşmənin onlara sakitcə yaxınlaşa bilməyəcəyi quru yarpaqların arasın da, itburnu kollarının bir-birinə sıx dolaşaraq havadakı bütün bədxahlardan qoruyan budaqları altında öz balalarını yumşaq, tük döşənmiş beşiyə saldı. Kəklik yuxuda cibbildəşən və onun isti bədəninə arxayınlıqla sıxılan körpələrinə baxıb sevinirdi.
Üçüncü gün quşcuğazlar ayaqları üstündə möhkəm dururdular. Onlar artıq palıd qozasının başına dolanası olmurdular, onlar artıq şam qozasının üstünə dırmaşa da bilirdilər və sonradan qanad bitəcək balaca təpəcikləri qanla dolduğundan gömgöy görünən şişkinliklərlə örtülmüşdü.
Daha gündən sonra böyürlərindəki qanlı şişlərdən lələklərin ucu boylandı. Bu lələklər hər gün çölə daha çox çıxırdı və artıq bir həftədən sonra bütün cücələrin möhkəm qanadları vardı. Amma yox, hamısının yox. Yazıq körpə Runti lap əvvəldən çox zəif idi. O, yumurtadan çıxanda qabığın yarısını düz bir saat belində daşımışdı. O, qardaşlarından yavaş qaçır, onlardan çox civildəyirdi və dəfə axşamçağı anası safsar görərək balalarına "Kvit, kvit!", yəni "Uçun, uçun!" qışqıranda yazıq Runti dala qaldı.
Sonradan, bütün balalarını təpədə toplayanda isə o gəlib çıxmadı və qardaşları onu bir daha görmədilər.
Amma cücələrin tərbiyə prosesi lazımı qaydasında gedirdi. Onlar bilirdilər ki, ən yaxşı çəyirtkələr çay kənarındakı hündür otların arasında olur. Bilirdilər ki, qarağat kollarında yağlı, yumşaq yaşıl qurdlar yaşayır. Onlar bilirdilər ki, yekə kəpənəklər qiyamət ovdur, baxmayaraq ki onları tutmaq heç də asan deyil. Bilirdilər ki, çürük ağacdan qopmuş qabığın içində cürbəcür yaxşı şeylər olur. Bilirdilər ki, bəzi həşəratlara, məsələn, eşşəkarısına, tüklü tırtıla və qırxayağa heç toxunmasan yaxşıdır.
İyul ayı yetişdi - Giləmeyvə ayı. Cücələr böyüdülər və son bir ayda böyük inkişaf yolu keçdilər. İndi o qədər iri idilər ki, ana kəklik onları qanadının altına almaq üçün gərək bütün gecəni ayaq üstə duraydı.
Onlar hər gün çay kənarındakı qumun içində çimişirdilər, amma sonra anaları bu adətini dəyişdi və onlar qum vannasını bir qədər yuxarıda - təpədə qəbul etməyə başladılar. Orada müxtəlif quşlar çimirdi və əvvəlcə ana kəklik onlarla yaxınlıqlarından o qədər də məmnun deyildi. Lakin oranın qumu o qədər narın və xoşagələn idi, balaları çimişəndə elə sevinirdilər ki, bu qonşuluqla barışmalı oldu.
İki həftədən sonra balacalar zəifləməyə başladılar, elə ana kəklik özünü pis hiss edirdi. Həddindən artıq çox yesələr də, getdikcə daha çox arıqlayırdılar. Anaları onlardan gec xəstələndi, amma xəstəliyi daha ağır oldu. O, aclıqdan, baş ağrılarından əziyyət çəkir, özünü dəhşətli dərəcədə zəif hiss edirdi. Xəstəliyinin səbəblərini heç cür tapa bilmədi. O bilmirdi ki, cürbəcür quşların çimdiyi, əvvəlcə təbii instinktinin hökmüylə barışmaq istəmədiyi qum, həqiqətən, ziyanlı imiş. O qumun içində parazitlər qaynaşırdı və bütün kəklik ailəsi onlardan xəstəlik tutmuşdu.
Ana kəklik bu xəstəlikdən sağalmaq üçün heç bir vasitə tanımırdı. Dəhşətli aclıq yemək üçün yararlı görünən hər şeyi yeməyə, meşədə daim sərin kölgəlik axtarmağa məcbur edirdi. Orada kəklik üzərində çoxlu zəhərli meyvəsi olan kol gördü. Bir ay əvvəl bu kolun yanından ötərdi, amma indi görkəmindən xoşagələn olmayan meyvələrin tamına baxdı. Onların turş, aşın dırıcı suyu, elə bil, orqanizminin hansısa qəribə tələbatını ödəyirdi. O, bu meyvələrdən durmadan yeyirdi, balaları da ona baxaraq kolluğa təpilmişdilər. Heç bir həkim ona daha yaxşı dərman təklif edə bilməzdi. Bu meyvələrin aşındırıcı şirəsi güclü işlətmə dərmanı imiş və qorxulu, gizli düşmən onların bağırsaqlarından məhz həmin şirənin hesabına təmizləndi. Təhlükə sovuşdu. Lakin hamı xilas ola bilmədi. İki cücəyə dərmanın köməyi dəymədi. Onlar yanğıdan əziyyət çəkərək ara vermədən su içirdilər və ertəsi günün səhəri öldülər.
Amma öz intiqamlarını da ala bildilər. Yazıq kiçik qardaşları Runtinin hara yoxa çıxdığını söyləyə bilən safsar onların leşini yedi və udduqları zəhərin təsirindən elə o dəqiqə canını tapşırdı.
Yavaş-yavaş bəlli oldu ki, hər cücənin özünəməxsus xasiyyəti var. Onların arasında biri tənbəl, axmaq idi. Ana kəklik isə balalarının bir qisminin nazıyla çox oynayırdı. Onun sevimlisi ən yekə balası - həmin o sarı ağac qırığının üstündə gizlənəni idi. O yalnız cücələrin ən yekəsi deyildi, həm də ən güclüsü, ən gözəli idi. Bununla yanaşı, hər şeydən vacibi isə- ən sözəbaxanı da o idi. Anasının körpələrə yönəlmiş "rrrr!" (təhlükə!) çağırışı onları riskli addımlardan, şübhəli yemdən həmişə çəkindirə bilmirdi. Yalnız o, bu çağırışlara həmişə tabe olurdu. O, anasının mehriban "kriit!" (bura gəl!) dəvətini heç vaxt cavabsız qoymurdu.
Avqust ayı gəldi -tükləri tökmək dəmi. Cücələr artıq demək olar ki, tam böyümüşdülər. Onlar çox şeydən xəbərdar idilər və özlərini çox müdrik sayırdılar. Balaca olanda torpağın üstündə yatırdılar, anaları onları qanadlarının altında saxlayırdı, amma artıq böyümüşdülər deyə anaları da onlara böyük quşların adətlərini öyrətməyə başlamışdı. Artıq ağacların budağına qonmaq vaxtı idi. Çünki meşədə cavan dələlər, safsarlar, tülkülər və susamurular çox idi, oyan-buyana qaçışırdılar.
Gecələri yerdə keçirmək günbəgün daha təhlükəli olurdu, odur ki ana kəklik qürub vaxtı həmişə "kriit!" çığırır və uçaraq alçaqboylu, sıx budaqları olan ağacların birinə qonurdu.
Balaca kəkliklər də onun hərəkətini təkrar edirdilər, yalnız həmin o tərs axmaqdan başqa; o, elə əvvəlki kimi, yerdə gecələyirdi. Bu hərəkəti bir müddət ona ucuz başa gəldi, lakin gecələrin birində qardaşları yuxudan onun çığırtısına oyandılar. Sonra sümük xırçıltısı və ağız marçıldatmasından pozulan dəhşətli bir sükut çökdü. Balacalar aşağı, qorxulu qaranlığa baxdılar. İki par-par yanan göz gördülər, kif iyi duydular və anladılar ki, onların sarsaq qardaşlarının qatili susamurudur.
İndi analarının yanında gecələr yalnız doqquz bala otururdu. Ayaqları donanda cücələr onun belinə dırmaşırdılar.
Amma tərbiyə prosesi hələ də davam edirdi. İndi onlar səs-küylə qanad çalmaq öyrənirdilər. Kəklik əgər istəsə, tamam səssiz uça bilər, amma bəzən şappıltıyla qanad çalmaq yaman lazım olur. Onlar yüksəklərə qalxmaq üçün möhkəm qanad çalmağı öyrənməliydilər. Bu hərəkət quşların qarşısında böyük imkanlar yaradırdı: əvvəla, qanadların səsi hər hansı bir təhlü kədən digər kəklikləri xəbərdar edirdi, ikincisi, düşmənin diqqəti səs salaraq uçan quşa yönəlir, daha başqalarını görmürdü deyə qalanları sakitcə aradan çıxa, ya da gizlənə bilirdilər.
Kəkliklərin atalar məsəli olsaydı, yəqin, belə olardı: "Hər ayın öz yeməyi, öz düşməni var".
Sentyabr gəldi. Giləmeyvələr və qarışqa yumurtaları toxumlarla, taxılla əvəz olundu və safsarın, susamurunun yerini də ovçular tutdu.
Kəkliklər tülküləri yaxşı tanıyırdılar, lakin itləri, demək olar ki, heç görməmişdilər. Onlar bilirdilər ki, tülkünün əlindən ağaca qonmaqla asanca qurtulmaq olar. Amma Ov ayında qoca Keddi ova çıxıb dalısınca quyruğukəsik sarı itini çəkəçəkə yarğanın içindən aparanda ana kəklik onları görən təki "kvit, kvit!" (uçun, uçun!) qışqırdı. Balalarından ikisi fikirləşdi ki, anaları bir tülküyə görə nahaqdan belə narahat olur. Onlar iti tülkü sanmışdılar deyə öz soyuqqanlılıqlarını nümayiş etdirmək istəyirdilər. Analarının həyəcanlı “kvit, kvit!" qışqırığını eşidən kimi səssizcə uçub uzaqlaşmaq əvəzinə, ağaca qondular.
Qəribə, quyruğukəsik tülkü isə ağaca yaxınlaşıb budaqlara qonmuş kəkliklərə baxaraq qəzəblə, ara vermədən hürməyə başladı. Quşlar ona maraqla baxırdılar və yaxınlıqdakı kolluqdan gələn şıqqıltıya fikir vermədilər. Ucadan bir "Paf!" səsi gəldi və iki kəklik qana boyanıb qanad çala-çala yerə düşdü və elə o dəqiqə də sarı it onları tutdu.
Keddi çay kənarındakı miskin komada yaşayırdı. Onun həyatı qədim yunan filosoflarının nöqteyi-nəzərindən ideal mövcudiyyət adlandırıla bilərdi. Önun sərvəti yox idi deyə vergi ödəməli də olmurdu. Çox az işləyir, bütün ömrü boyu əylənirdi; o, ova getməyi çox sevirdi. Qonşuları onu avara sayırdılar. O, bütün ilboyu tüfənglə, cələylə ova çıxırdı. Keddi qürrələnirdi ki, vurduğu kəkli yin dadından hansı ay olduğunu təqvimə baxmadan belə söyləyə bilərdi. Təbii ki, bu, böyük təcrübə və müşahidə qabiliyyətinə dəlalət edirdi, amma eyni zamanda həm də onu qınamağa əsas verirdi. Qanuni kəklik ovunun vaxtı sentyabrın 15-də başlanır, lakin Keddi gözləmirdi. Buna baxmayaraq, illər uzunu hansı yollasa cəzadan canını qurtarırdı deyə yerli qəzetlərin birinin müxbirinin də diqqətini çəkdi və həmin müxbir onunla bir müsahibə dərc edərək Keddini maraqlı tip adlandırdı.
O, uçan quşa nadir hallarda atəş açardı; sıx meşəlikdə bu, çətin idi. Quşları çox vaxt cələylə tutmağa üstünlük verirdi. Lakin yarğanda kəkliyin bala çıxardığından, nə vaxtdan bəri sakitcə yaşadıqlarından xəbərdar idi və quşları başqa ovçuların tapacağından qorxub məsələyə son qoymaq fikrinə düşmüşdü. Ana kəklik uçaraq özüylə dörd balasını da aparanda qanad səslərini eşitməmişdi. Odur ki vurduğu iki kəkliklə kifayətlənərək komasına dönmüşdü.
Lakin balalar artıq öyrəndilər ki, it tülkü deyil və onunla tamam başqa cür davranmaq lazımdır. Sözə baxmağın daha təhlükəsiz olması qədim qaydadır və bu qayda artıq onların yaddaşına əbədi yazıldı.
Sentyabrın bütün qalan hissəsini onlar ovçulardan, başqa düşmənlərdən gizlənməklə keçirdilər. Gecələr böyük ağacların uzun, nazik budaqlarına qonur, havadakı düşmənlərindən qoruyan sıx yarpaqların arasında qalırdılar. Ağacların yüksəkliyi onları aşağıda, torpağın üstündə gəzən düşmənlərdən sığortalayırdı və qalırdı bircə ağaca dırmaşa bilənlərdən qorunmaq. Lakin aşağıdakı quru budaqların şıqqıltısı isə onları yaxınlaşan təhlükədən həmişə vaxtında xəbərdar edirdi.
Yarpaqlar tökülməyə başladı; ağacların yaşıl örtüyü günbəgün seyrəlirdi. Qoz-fındıq, bayquş əyyamı gəldi, çünki hər ayın təkcə öz yemi yox, həm öz məxsusi düşməni vardı. Bayquşlar şimaldan uçub gəlirdilər və ağaclarda yatmaq artıq yerdə yatmaqdan da təhlükəli olmuşdu. Kəklik gecələmə yerini dəyişdi və ağac budaqlarının əvəzinə kolluğun sıx yaşıllığını seçdi. Balalarından yalnız biri onun "Kriit, kriit!" çağırışına məhəl qoymayıb gecəni qarağacın, demək olar ki, İümlüt hündür budaqlarında qaldı. Səhər-səhər isə onu nəhəng sarıgöz bir bayquş apardı.
İndi ana kəkliklə cəmi üç balası qalırdı. Amma bu balalar artıq o qədər böyümüşdülər ki, ölçüdə elə analarına bərabər idilər. Ən böyüyü, həmin o sarı ağacın üstünə sərilib gizlənəni isə artıq anasından iriydi.
Cavan kəkliklərin boynunun ətrafında tüklər gələcək yaxalıqları görünməyə başladı. Hələlik bu lələklər çox kiçik, nazik idi, amma onların gələcəkdə necə görünəcəyini artıq təsəvvür etmək olurdu. Və cavan kəkliklər bu bəzəkləriylə yaman qürrələnirdilər.
Kəklik üçün bu yaxalıq tovuz quşu üçün quyruq nədirsə, elə odur. Bu, onların əsas bəzəkləri sayılır. Dişilərin yaxalığı yüngülcə yaşıla çalan qara rəngdə olur, erkəyin yaxalığı isə daha enli, daha qaradır və açıq-yaşıl çaları var. Hərdən elə olur ki, kəkliklərdən hansısa daha böyük əzəmətə, daha böyük gücə sahib olur - onda onun yaxalığı ya mis qırmızısı, ya da bir qədər bənövşəyi, hətta lap qızılı rəng alır.
Ağac qırığının üstünə sərilən, anasına daim qulaq asan bala hələ oktyabr - Qoza ayı gəlməmişdən böyümüşdü və indi mis qırmızısına çalan qızılı rəng yaxalığıyla öyünürdü. Bu, Qızılboyun idi - Don vadisinin məşhur xoruz kəkliyi.
Bir dəfə, oktyabrın ortalarında, bütün kəklik ailəsi doyunca yeyərək yıxılmış şamağacının yaxınlığında günəş şüaları altında qızınanda uzaqdan atılan bir güllənin səsi gəldi. Qızılboyun ağacın üstünə sıçrayıb əhəmiyyətli görkəmlə bir neçə dəfə irəli-geri getdi, sonra isə hava və işıqdan coşaraq ucadan, meydan oxuyurmuş kimi qanad çaldı. Qanadlarını o qədər şappıldatdı ki, yaxınlıqdakı meşəyə səs-küy saldı. Qardaşı və bacısı onun qanadlarının səsinə təəccüb və maraqla qulaq asırdılar. Anası isə həmin dəqiqədən etibarən ondan bir qədər çəkinməyə başladı.
Noyabr Divanəlik ayıdır. Təbiətin hansısa qəribə qanununa əsasən bütün kəkliklər, tetralar və başqa quşlar həyatlarının birinci ilinin noyabrında dəlilik edirlər. Onlarda harasa - heç fərqi yoxdur hara - qaçıb getmək arzusu yaranır! Onların ən ağıllıları da həmin dövrdə çox sarsaq hərəkətlər edirlər. Gecə vaxtı tamamilə yersiz gəzintilərə çıxır və elə tələsirlər ki, ya simlərə dəyib iki bölünür, ya da parovoz fənərləriylə toqquşaraq dağım dağım olurlar. Səhəri ən gözlənilməz yerlərdə açırlar: anbarlarda, açıq bataqlıqda, hansısa böyük şəhərin teleqraf məftillərində, hətta sahildə lövbər atmış gəmidə.
Səyahətə bu cür meyil, görünür, payızda köç etmək kimi qədim adətin qalıqları idi.
Qızılboyunun anası üzüm yarpaqlarının qızardığını, ağcaqayın ağacının yarpaqlarını yerə tökdüyünü görən də başa düşdü ki, məhz həmin dövr yetişib. Lakin anaya artıq yekəlmiş balalarının sağlamlığı qayğısına qalmaq, onları meşənin ən təhlükəsiz yerində saxlamağa cəhd göstərməkdən savayı heç nə qalmır. Vəhşi qazlar cənuba üz tutdular. Cavan kəkliklər hələ belə uzunboyunlu bir quş görməmişdilər.
Əvvəlcə onları qırğı bilib təbii ki, qorxdular. Amma görəndə ki anaları qorxmur, özləri də cəsarətlənib qazların uçuşunu böyük həyəcanla izlədilər. Onları vəhşi qazların şaqraq çığırtıları cəlb etdi, yoxsa daxillərində qazların dalınca düşüb uçmaq kimi qəribə bir istək baş qaldırdı - bilmirik. Onlar, sanki, şeypur çalaraq ox kimi cənuba millənərək yavaş-yavaş uzaqda gözdən itən qazlara əfsunlanmış kimi baxırdılar. Kəkliklər ağacın ən yüksək budaqlarına qondular ki, uzaqlaşan qazları bir də görə bilsinlər və həmin andan onlarda böyük dəyişikliklər baş verdi.
Noyabr divanəliyi ayın bədirləndiyi gecə başladı. Ən güclü təzahürünü də daha zəiflərdə göstərdi. Kiçik ailə dağıldı. Qızılboyun gecələr tez-tez uzaq səyahətlərə çıxırdı. Onu cənubdakı torpaqlar cəlb edirdi, amma orada qarşısına Ontario gölünün sərhədsiz ənginlikləri çıxdığından həmişə geri dönürdü. Divanəlik ayının sonu onu yenə də Lilli çayın sahilində haqladı, amma bu dəfə tamam tək idi.
Birinci hissə
Gülnar Abbasova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.