TƏDRİS HANSI DİLDƏ OLMALIDIR?
24-09-2024, 08:54
“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” deyə bir status yazdım.
Təbii ki, rezonansa səbəb oldu.
Statusu xeyli bəyənən oldu, çox şərh yazıldı, yüzlərlə paylaşım edildi.
Paylaşanlar içində rusdilli bir qrup da vardı.
Ancaq onlar təhqirə keçdilər...
Məşhur rus pedaqoqu Konstantin Uşinskinin öz sözləri ilə başlayım bu yazıya:
“Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir”.
Hər şey buxar mühərrikinin, dəmir yolunun, radionun, Kimyəvi Elementlərin Periodik Cədvəli və onlarla, yüzlərlə, hətta minlərlə kəşfin qonşularımız tərəfindən öz adlarına çıxarmaları ilə başlayır yəqin. Televizoru açırsız “Периодическая Система Химических Элементов Менделеева” görür, qəzeti açırsan “Радио Попова” oxuyur, radiodan isə Çerepanov qardaşları haqda “əfsanələr” eşidirsiz.
Bunların təsiri böyükdür. Rusiyanı elmin, tərəqqinin, mədəniyyətin beşiyi kimi təqdim edirlər. Və bu təbliğatın, ki onun yaşı 200-ə çatır, təsiri altına düşüb, vurulursuz bu möhtəşəm tarixə.
Halbuki böyük mədəniyyətlər Şərqdə, Balkanlarda yaranmışdır. Rusiyanın yazılı tarixindən çox-çox əvvəl – “Слово o Полку Игореве” eposundan minlərlə il əvvəl yaranmışdır bu böyük mədəniyyətlər. Qonşularımız millət kimi formalaşana qədər Dünyada çox mədəniyyətlər yaranıb süqut etmiş, yeniləri yaranmışdı.
Bəşəroğlu elmin, tərəqqinin arxasınca gedəndə artıq nə elədiyinin fərqində idi. Platon, Sokrat, Aristotel insanlığa töhvələr verib, düşüncəyə, məfkurələrə təsir edəndə “Çaadayev, Solovyov, Tolstoy və Dostoyevskilər” yox idilər. Qədim dövrlər ədəbiyyatı, orta əsrlər ədəbiyyatı kimi zəngin bir keçmişə gəlin baş vurmayaq. Opponentlərimi çətinə salmayım çox. Hər biri üzərində tək-tək durmağa vaxtım yoxdur, bəlkə də heç ehtiyac da görülmür buna, sadəcə bəzi “dəmir kimi sərt” gerçəkləri paylaşım deyə düşünürəm.
Haşıyədən kənara çıxmaq kimi baxmayın. Seçim üçün, tarixdəki rolu üçün “Ölkələr və İxtiralar”a bir nəzər salaq:
Buxar mühərriki – İngiltərə
Dəmir yolu – İngiltərə
Poçt markası – İngiltərə
Televiziya – Almaniya
Motorsiklet – Almaniya
Avtomobil – Almaniya
Helikopter – Fransa
Multiplikasiya – Fransa
Kino – Fransa
Piano – İtaliya
Radio – İtaliya
Kaset – Hollandiya
Dinamit – İsveç
Teleqraf – ABŞ
Yol işıqları(svetofor) – ABŞ
Kassa aparatı – ABŞ
Fotokopiya aparatı – ABŞ
Traktor – ABŞ
Atom bombas ı– ABŞ
Aeroplan – ABŞ
Kondisioner – ABŞ
Elektrik plitəsi – ABŞ
İnternet – ABŞ
Diqqət edin, burada 18-ci əsr də var, 21-ci əsr də.
Burada Bəşəriyyətə verilən töhvələr, sənaye inqilablarını təşviq edən möcüzələr var.
"Şərqdə poeziyanın dili farsca, Qərbdə isə almancadır" yazmışdım bir məqaləmdə.
Bir dostum sormuşdu ki, bəs ingilis dili nəyin dilidir.
Düşünmədən cavab verdim:
“İngilicsə 21-ci əsrin, IT texnologiyalarının, Süni İntellektin, bu günün və sabahın dilidir”.
***
“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” statusuma sərt müxalifət edən bir nəfər də soruşmadı ki, niyə və ya nədən peşman olacaqsınız. Cavab verim özüm verdiyim suala…
11 il sonra ancaq rusca danışa biləcək uşaqlarınız. Əmin olun buna.
Riyaziyyat, fizika, kimya, kodlaşdırma bilməyəcəklər.
Bilirsiz niyə?
Çox sadə səbəbi var. Çoooox sadə.
Çünki ölkədə onları tədris edən müəllim qalmayacaq.
Bəli, rus məktəblərində müəllim qıtlığı artıq indidən hiss olunur.
Ey dili-qafillər, yoxdur, müəllim yoxdur, bilin artıq bunu.
Bax buna görə üsyan edirəm.
Hansı gənc indiki dövrdə sənədlərini Pedaqoji universitetin məs., riyaziyyat fakultəsinin rus bölümünə verər?
Haradan alacaqlar bəs sizin artan rus sektorlarınıza riyaziyyat, fizika, kimya, kodlaşdırma müəllimlərini?
Tapa bilməyəcəklər, il-ildən sayları da azalalacq bu müəllimlərin.
Bəs nə olacaq bu durumda?
Heç nə olmayacaq, 70-80 il əvvəlki kimi idman müəllimi fizika, əmək müəllimi kimya tədris edəcək.
Kodlaşdırmanı filanı isə unudun, o sahədə zatən müəllim yoxdur, qalmışdı rus dilində kod yazmağı bilənlər...
11 illik rus məktəbində təhsilə “11 illik rus dili kursları” deyirlər.
Ağlamalı deyilmi – uşağını 11 il oxut ki, rusca danışsın!...
Buna necə razı olursuz?
Bunu övladlarınıza necə rəva bilirsiz?
Yoxsa siz Molokan bağı ətrafındakı kafelərin, mağazaların üzərindəki iş elanlarına görəmi hərəkət edir, övladınıza gələcək qurursuz:
“Rus dilini bilən ofisiant və satıcı lazımdır”.
Əminəm ki, aranızda övladları 21-ci əsr peşələrinə yiyələnmək istəyənlər də var.
Məsələn, kosmik biologiya, mühəndis-genetik, yaşıl şəhərlər memarlığı, bio-etika, dijital linqvistika, data jurnalistikası və s.
Bütün bunlar Rusiya universitetlərində tədris olunmur.
Çoxları heç adlarını belə eşitməyiblər.
Bu söylədiklərimi bəzi rəsmi statistik datalarla da göstərməyə çalışəm...
Süni İntellekt (AI) sahəsində patent müraciətlərinə baxın.
Bu şirkətlər içərisində şimal qonşumuzun bir dənə də şirkəti varmı?
Nə qədər geridə olduqlarını bu statistikasız da bilirsiz axı.
1 IBM
2 Microsoft
3 Toshiba
4 Samsung
5 NEC
6 Fujitsu
7 Hitachi
8 Panasonic
9 Canon
10 Alphabet
11 Siemens
12 Sony
13 Toyota
14 NTT
15 SGCC
Bütün dünya "Əşyaların İnterneti" (Internet of Things) haqda danışır.
İnkişaf mərhələlərinə nəzər salaq:
1. İnternet öncəsi – İnsandan insana
2. Kontent İnterneti – WWW
3. Xidmətlər İnterneti – WEB 2.0
4. İnsanların İnterneti – Sosial Media
5. Hər Şeyin İnterneti – Cihazdan cihaza
Qərb Dünyası addım-addım, səbrlə, hər mərhələni “həzm edərək”, zənginləşdirərək bir sonrasına keçib. Ancaq qonşu ölkə 4-cü dən o yana keçə bilmir – resurslar tükənib, təhsil sistemi tənəzzül içindədir, demoqrafik və sosial problemlərlə boğuşur. İqtidarları hakimiyyətini sərhədlərdən o yana münaqişə zonaları yaratmaq, oralara müdaxilə etmək və “derjavaçılıq” nərələri ilə saxlamağa çalışırlar. Ancaq hara qədər?
İki qonşunu sadə misalla qarşılaşdıraq:
Dövlət xərcləri (1 ildə)
Yaponiya:
Əhalisi: 127 milyon
Səhiyyə: $473 milyard
Təhsil: $162 milyard
Ordu: $48 milyard
Yollar: $37 milyard
Rusiya:
Əhalisi: 146 milyon
Səhiyyə: $45 milyard
Təhsil: $50 milyard
Ordu: $61 milyard
Yollar: $9 milyard
Bu rəqəmləri ətraflı şərh etməyək. Sadəcə təhsilə ayrılan pullara baxsaq bu bizə xeyli informasiya vermiş olacaq...
ABŞ və Çin arasındakı rəqabət:
– Çin 2016-da növbəti "Beşillik İnkişaf Planı"nı hazırlamışdı;
– Bu planın "Stratejik Məsələ" bölümündə əsas yeri Kvant (Quantum) Kompüterlər tutur. Bəşəriyyətə yeni çağ açacaq bu nəhəng maşın üçün Çin ABŞ-dan 2 dəfə daha çox patent alıb.
– Quracaqları “Kvant Milli Data Servisləri Laboratoriyası “üçün çinlilər 10 milyard dollar xərcləyirlər.
Google ve NASA Kvant kompüterlərində üstünlüyü ələ alıblar. Ancaq Çin ABŞ-ın çox da gerisində deyil, hətta amerikalılar onun nəfəsini ənsələrində hiss edirlər.
2020-2030 arasında dünyada ölkələr arasındakı texnolojik fərq uçurum təşkil edəcək. Təbii ki, sadəcə bircə laboratoriya üçün 10 milyardlar xərcləyən millətlər istiqbal əldə edəcəklər. Betona pul qoyma dövrü çoxdan keçmişdə qalıb. Pulu beyinlərə xərcləyən ölkələrdə o beyinlər elmi-texniki tərəqqinin memarlarına çevrilirlər…
Gəlin aşağıda “Tədris hansı dildə olmalıdır?” sualına cavab axtaraq bir yerdə.
Amma bu boş bir məşğələ olacaq, çünki artıq dil deyəndə “kod” başa düşülür.
Uğur qazanan ölkələr balalarına “xəyal qurmağı öyrədən” ölkələr olacaqlar.
Xəyal isə Ana dildə qurulur,
Ana dili isə laylalar,
nağıl və əfsanələr,
Məlikməmməd, Dədə Qorqud və Koroğlulardır.
Dünyada mübarizələrin, hətta müharibələrin nə uğrunda və necə gedəcəyinə baxanda nə görürsüz? Bir az da bunlar haqda düşünək:
- Silahlanma yarışı kimi Süni İntellekt uğrunda yarış başlayıb;
- Uduzanlar qaliblərin koloniyalarına çevriləcəklər;
- Yetərli datanız varsa bir ölkəni əsgərlə kontrol etməyə gərək qalmayacaq;
- Süni İntellekt inqilabı siniflər və ölkələr arasında görülməmiş bir bərabərsizliyə yol açacaq (19-cu əsrdə ilk sənayeləşən İngiltərə və Yaponiyanın dünyanın bir çox bölgəsini kontrol etməsi kimi);
- Süni İntellekt yarışında ABŞ və Çin böyük bir fərqlə önə keçərək digər ölkələri geridə qoyublar;
- Süni İntellektin gücünü, yaratdığı faydaları insanlar arasında adil şəkildə paylaşmasaq Süni İntellekt bəzi mərkəzlər üçün görülməmiş sərvət və güc mənbəyinə yol açacaq. Digər ölkələr isə çökərək, “data koloniyalarına” çevriləcəklər.
Çox uzaqlara sürükləməyim sizi, hərdən Yuval N. Harariyi vərəqləyin bir az ya da Frensis Fukuyamanı. Hətta kitabları uşaqlarınıza da oxuyun. Çalışın oxutdurun…
Bu arada deyim ki, mütləq İlon Maskı da oxumalıdır uşaqlarımız. O İlon Maskı ki, Rusiya rəsmi təbliğatı gecə gündüz onu “fırıldaqçı”, “əfsanə satan”, “uğursuz mühəndis”, “pulgir və yalançı kosmos heyranı” adlandırırlar.
Halbuki onları “yandıran” özəl bir şirkətin (SpaceX) dövlətin “Roskosmos” kimi bir nəhəngini “böyrüüstə” qoymasıdır. 50 yaşlı bir adam 10 il ərzində kosmos ənənələri olan bir ölkəni tarixin uzaq küncünə sıxışdırdı.
Mən 3 il əvvəl İlon Maskı Ana dilimizə gənc nəsli düşünərək tərcümə etmişdim.
İstəyirdim ki, bizdən sonra gələnlər Elmə inansınlar, Elmi sevsinlər, gecələr yatanda beyinlərdə möhtəşəm layihələr, fantaziyalar, xəyallar qursunlar, xəstə nənə və babalarına çarə üçün Allahdan açıq zehin, oturma qabiliyyəti və çalışma şövqü istəsinlər. Və xəyalları da Ana dilində olsun, duaları da…
Xəyal dünyasından gerçəklərə baxaq.
Məsələn, Süni İntellekt üçün xərclənənlərə:
–Süni İntellekt texnoloji təşəbbüslərinə dəstək fondlarının 81 %-i ABŞ və Çin şirkətlərinə xərclənir;
–Patent üçün 2018-də müraciət edən 20 qlobal şirkətin 12-si Yaponiya, 3-ü ABŞ, 2-si Çindəndir…
Rusiyanın adını axtarmayın, burada da onlar yoxdurlar. Ola da bilməzlər.
Alman Huqo Şmayser birdən birə Kalaşnikov olanda başlamışdı proseslər.
Üstündə durmayaq, bu haqda da çox yazmışam.
Ancaq dillərə görə Web kontent üzərində bir az dayanaq.
Zatən dillər deyilmi mövzumuz.
2018-ci il rəqəmlərinə görə İnternet kontentinə bir fikir verin.
Bu rəqəmlər “Biz dünyaya Rus dili üzərindən açılacağıq” deyənlər üçün son dərəcə maraqlı olmalıdır:
İngilis: 51.2%
Rus: 6.8%
Alman: 5.6%
Yapon: 5.5%
İspan: 5.1%
Fransız: 4.1%
Portuqal: 2.6%
İtalyan: 2.4%
Çin: 2.1%
Polyak: 1.7%
Fars: 1.7%
Türk: 1.4%
Koreya: 1.0%
Çex: 0.9%
Ərəb: 0.7%
(W3Techs)
Əziz valideynlər, statistikanı daha dar çərçivədə verirəm indi.
Üç böyük ölkəni götürdüm, onların Elmi potensialını, Texnoloji Qüdrətini, Beynəlxalq Arenadakı nüfuzunu oxuyacaqsız bu çılpaq rəqəmlərdən.
FB statuslarımda bunlara “Çox Şey Deyən Rəqəmlər” deyirəm:
Yüksək texnologiyaların ixracı:
ÇİN: 496 milyard $
ABŞ: 153 milyard $
RUSİYA: 7 milyard $
Dərc olunmuş Elmi məqalə sayı:
ÇİN: 426 min 165
ABŞ: 408 min 985
RUSİYA: 59 min 134
Beynəlxalq patentlər:
ABŞ: 56 min 624
ÇİN: 48 min 882
RUSİYA: 1 min 097
Sadə bir həqiqəti unuduruq (ya da işimizə gəlmədiyi üçün qəbul etmək istəmirik):
“Uşaq Ana dilində tədris almalı, dilləri sonradan öyrənməlidir”.
Bu, o qədər təbii bir yanaşmadır ki...
Onun gözəlliyi, zərifliyi ondadır ki, bu sadə qayda bütün ölkələr tərəfindən qəbul edilmiş bir həqiqətdir.
Tərsi müzakirə belə olunmur, çünki nonsensdir əksi, absurddur.
Ən ağlasığmaz olanı budur ki, bizim düşdüyümüz vəziyyətin dünyada bənzəri yoxdur. Dünyanın nə inkişaf etmiş, nə də geridə qalmış ölkələrində (bir neçə Afrika ölkəsini çıxmaq şərtilə) belə bir şey yoxdur. Cinayətdir bu həm də. Bu, ölkənin suverenliyini təhlükəyə atan, onun gələcəyini baltalayan, bütün tariximizi, milli-mədəni irsimizi silib atmaq deməkdir.
Və sonda çıxış yolları haqda mənim təvazökar düşüncələrim.
Nə velosiped ixtira edirəm, nə də Amerikanı kəşf etməyə çırmalayıram qollarımı.
Bütün dünyada görülən praktikanı götürüb tətbiq etməyi təklif edirəm.
Heç uzağa da getməyə ehtiyac yoxdur.
Beləliklə,
Azərbaycanda təhsilin 3 hissədən ibarət olmasını düşünək:
1. İbtidai təhsil – 4 il
2. Orta təhsil – 4 il
3. Lisey – 3 il
Daha sadə şəkildə 2 hissə kimi də görmək olar:
1. İbtidai və orta – 8 il
2. Lisey – 3 il
– İbtidai və orta təhsil ancaq və ancaq Ana dilində olsun;
– 8 ildən sonra isə valideynlər uşaqlarını istədikləri dildə – ingilis, rus, fransız, ərəb və b. dillərdə oxuda bilərlər;
– Xarici dillərdə təhsil rus dili də daxil pullu təhsil olmalıdır.
Xarici dillərdən birinə imtiyazlar verilib, digərlərini bundan məhrum etmək, zənnimcə doğru deyil. Nə üçün rus dilində təhsil pulsuz, ancaq ingilis dilində pullu olmalıdır?
Bir çox Avropa ölkəsində də belədir.
Uzağa getməyək, Türkiyədə də təhsil sisteminin əsasını Ana dili təşkil edir.
Belə ki,
– Uşaqlar 8-ci sinfi bitirəndən sonra LGS (Liseye Geçiş Sınavı) imtahanı verirlər. Olduqca çətin imtahandır;
– İmtahanlardan uğurla çıxanlar Türkiyənin əfsanəvi Robert Kollec, Galatasaray Liseyi, Avstriya liseyi, Notre-Dame de Sion Fransız Liseyi, Üsküdar Amerikan Liseyi, Qalileo Qaliley İtalyan Liseyi kimi məktəblərinə qəbul olunurlar;
– Bu məktəblər pulludurlar, təhsil haqqı isə çox yüksəkdir. Ancaq xüsusi istedadlı və yüksək bal (hardasa 100-dən 100) toplayan gənclər təqaüd alaraq pulsuz oxuyurlar;
– Bu gənclərin çoxu məzun olduqdan sonra dünyanın ən əlçatmaz əfsanəvi universitetlərinə qəbul olunurlar.
Zənnimcə, çox önəmli bir məsələ daha var.
“İki dövlət, bir millət” fəlsəfəsi və onun 2-ci Qarabağ müharibəsindəki böyük rolu, xalqımıza verdiyi güc, Ordumuza verdiyi böyük mənəvi dəstək. Biz Türkiyəyə Ana dilimiz üzərindən bağlıyıq, eyni dili danışmasaq bu qədər böyük birlik və yardımlaşma mümkün ola bilərdimi?
Ancaq gəl gör ki, bu total rus dilində təhsil “modası” bizim uşaqlarımızı Türkiyədən ayıracaq. Axı onlar türklərlə nəinki ünsiyyət qura biləcək, onlarla ortaq gələcəkdən məhrum olacaqlar.
Bu cümlələri də düşünməniz üçün yazdım. Çünki bunlar başqa bir fəlakətin xəbərçiləridir.
Artıq Türkiyəyə gələn bizim rusdillilər tələb edirlər ki, burada rus məktəbləri açılsın. İnanmayanlar olacaq buna, ancaq belədir bu. Restoranlarda rusca anlamayan ofisiantları “çuşka” adlandırdıqlarına şahid olmuşam…
Türkiyə ilə bağları qoparmaq olmaz. İndiki həssas dövrdə, şimaldan cənubdan təhdidlərin artdığı bir zamanda bunun nələrə gətirib çıxaracağı isə mövzumuz deyil bu gün.
***
Mənim həyəcan təbili çalmağım Ölkəmin gələcəyinə yeni insanlar yetişdirmək eşqindən, yanğısından gəlir. Yoxsa Ana dilim kimi bildiyim Rus dilinə, ədəbiyyatına qarşı deyiləm. Tanıyanlar mənim mütaliəmi də bilirlər, dünya görüşümü də, kimlərin tələbəsi olmuşam, elmi rəhbərim kim olub, namizədlik dissertasiyamı harada və hansı mövzuda etdiyimdən də xəbərdardırlar. Bu səbəbdən də yazdıqlarım haqda istənilən hər kəslə açıq debata, polemikaya hazıram – Bu şeytan, bu meydan. Yoxsa ki, sosial şəbəkələrdən təhqiramiz ifadələr işlədib, komplekslərini bəlli edən, kin, nifrət, aqressiya nümayiş etdirməklə uzağa getmək olmaz.
FB-da gənc bir xanım yazdığı kommentdə məktəbli qızının 4 dildə danışdığını, rus sektorunda oxuduğunu yazır və rişxəndlə mənə “Bizim üçün narahat olmayın” deyir. Ona belə cavab verdim:
“Sizin üçün əsla narahat olmaram. Siz qızınızın gələcəyini düşünərkən, biz millətimizin gələcəyini düşünürük”.
Başqa bir izləyicim isə mənim səviyyəmi ölçməyə təşəbbüs etmişdi. O da yuxarıdakı xanımdan geri qalmır, özünün və oğlunun rus ədəbiyyatının tamamını mütaliə etdiyini (şəxsən tanıdığım üçün bunun belə olmadığını bilirəm), Tolstoy və Dostoyevskidən dəm vurdu.
Sürəkli Tolstoy və Dostoyevskini – Dünya Ədəbiyyatının mübaliğəsiz 2 nəhəng isminin adını çəkir, onları orjinaldan oxumaq kimi mənasız arqument gətirirlər.
Birincisi, balalarını rus dilində məktəbə göndərən qadınların əksəriyyəti nəinki rusca bilmir, heç Tolstoyla Dostoyevskini bir-birindən ayıra da bilmirlər. Onlar rusca danışanların “yüksək təbəqəyə” aid olacaqları kimi gülünc bir gözlənti içindədirlər.
İkincisi, gürcülər və ermənilər rus məktəblərini bağlayıblar və rus ədəbiyyatını orjinaldan oxumurlar deyə bizdən gerimi qalırlar?
Üçüncüsü, bu sarsaq məntiqlə fransızlar, almanlar, ərəblər dəmi uşaqlarını rus məktəblərinə qoymalıdırlar? Qoymalıdılar ki, rusların 18-19-cu əsr ədəbiyyatının qəhrəmanlarını – bədbəxt rus qadını obrazlarınımı öyrənsinlər?...
Yuxarıda 21-ci əsrdə ədəbiyyatdan daha vacib şeylər olduğunu, zəmanənin başqa tələblər ortaya qoyduğunu, İnsanın planetlərarası səyahətə hazırlaşdığını ön plana çəkmişdim. Mənim mənsub olduğum yaş qrupu və bizim atalarımız insanlıq tarixinin ən çox mütaliə edən nəsillərinə məxsusdurlar. Ancaq…
Ancaq bizdən sonrakılar belə deyillər.
X, Y nəslindən sonra gələn Z “jenerasyonu” (2000-ci illərdə doğulanlar) başqadırlar, axı heç olmasa bunları görün, analiz edin.
Siz onların smart telefonlarını, iPad-lərini əlindən alıb Dostoyevskinin ağır psixoloji romanlarınımı oxudacaqsınız?
Bunu edə biləcəyinizə ciddi şübhəm var…
Rus elmi pedaqoqikasının banisi K. Uşinski ilə başlamışdım.
Yazımı başqa bir rus pedaqoq – akademik, professor Gennadiy Volkovun sözləri ilə bitirirəm. Onun bu sözləri də bütün “Rus dili sevdalıları” ilə Stokholm sindromuna yoluxanlara getsin:
“Milləti ən təmiz şəkildə uşaqlar təmsil edir. Uşaqlarda millilik öləndə millətin ölümü başlayır”.
Gələcək Çox Tez Gələcək!
Gələcək Elmlə Gələcək!
Gələcək Ana Dilimizlə Gələcək!
İbrahim Nebioğlu
TEREF