QIZILBOYUN
25-09-2024, 00:03
( ERNEST TOMPSON SETON )
İkinci və sonuncu hissə.
Qış gəlmişdi, yem tapmaq getdiycə daha çətin olurdu. Qızılboyun meşədəki yarğanda yaşamaqda davam edirdi. Hər ay özüylə məxsusi yem və məxsusi düşmən gətirir. Noyabr divanəlik, tənhalıq və üzüm salxımları gətirdi; dekabr - Qarlı ay - itburnu meyvələri, çoşqun yanvar isə çovğunlar gətirdi. Budaqların üstündə qalmaq, onların donmuş tumurcuqlarını dimdikləmək çətin idi. Qızılboyunun dimdiyi bundan yaman yeyilmişdi, heç bir-birinə əməlli sıxa da bilmirdi.
Lakin təbiət Qızılboyuna sürüşkən yerdə yerimək bacarığı vermişdi. Onun nazik, incə barmaqlarında sırayla buynuz qişasından əmələ gəlmiş çıxıntılar yarandı və qar yağanda o artıq qış üçün tam hazır idi: təbiət ona xizək də vermişdi, konki də.
Şaxta qırğıları qovdu və Qızılboyunun dördayaqlı düşmənlərini sakitcə yaxınlaşmaq imkanından məhrum etdi. Beləliklə, Qızılboyun, demək olar ki, artıq tam təhlükəsizlikdə idi.
Yem axtarışında gündəlik uçuşlar Qızılboyunu getdikcə daha uzaqlara aparırdı və nəhayət, o, gümüşü tozağacıların bitdiyi Rozdel dərəsini, qarın üstündə giləmeyvələri qızaran Çester meşələrini tapdı, oraları əməlli-başlı tədqiq etdi.
Qış başa çatmamışdı, meşələr isə artıq məşhur "Tezliklə yaz gələcək!" adlı nəğmələrini oxumağa başlamışdı və bu nəğmənin nəqarətini ən sərt qış çovğunlarında belə təkrarlamaqdan yorulmurdu. Bu minvalla Ac ay - bizim fevral da ötdü və baharın ilk əlamətləri, həqiqətən, görünməyə başladı. Onda meşə bütün dünyaya təntənəylə car çəkdi: "Mən axı sizə deyirdim!" Günəş isindi, Kestl Frank təpəsinin güneyində qarı əridərək meyvələri Qızılboyun üçün dadlı yem olan çoxlu, təzətər mərsin kollarını yenə göstərdi. O, qışda yediyi donmuş tumur cuqları qoparmaqdan vaz keçdi. İndi kefə baxıb piy toplaya bilərdi.
Çox tezliklə ilk çaydaçapan daşadöyən uçub gəldi və onun yanından ötəndə cikkildədi: "Yaz gəlir!" Günəş günbəgün parlaqlaşır, istiləşirdi və bir dəfə, martda - Yazın oyanış ayında, dan yeri söküləndə uca bir çığırtı eşidildi: Karr! Karr! Gümüşxal Qarğa öz dəstəsiylə bir yerdə cənubdan gəlib ətrafa car çəkdi: "Yaz gəldi!"
Yazın və quşların yeni ilinin gəlişini bütün təbiət təsdiqlədi. Çəyirtkələr cır-cır cırıldaşırdılar: "Bahar! Bahar! Bahar!" Elə təkidlə, elə çox səs-küy salırdılar ki, adam onların yeməyə nə vaxt fürsət tapdıqlarına təəccüb qalırdı.
Qızılboyun bütün bədənində nəsə bir xoş titrəyiş duyurdu. O, sevincək kötüyün üstünə tullanır, qanadlarını bərk-bərk çalaraq uzaqlarda əks-səda oyadırdı və bu əks-sədanın özü də, sanki, yazın gəlişinə ünvan lanmış böyük sevinci izhar edirdi.
Aşağıda, lap uzaqda, vadidə Keddinin koması dururdu. Ucadan çalınan qanadların səhərin havasında yayılan səsini eşidəndə Keddi başa düşdü ki, bu gurultu kəklik xoruzununkudur. Tüfəngini götürüb yarğana yaxınlaşdı. Lakin Qızılboyun sakitcə uçaraq bir də Lilli çayın sahilində dayandı. Orada həmin o ilk dəfə qanad çalarkən çıxdığı tirin üstünə qonub qanadlarını elə ucadan çaldı ki, yaxınlıqdan ötən bir balaca oğlan qorxaraq dəhşət içində evlərinə qaçıb anasına söylədi ki, hindular hücuma hazırlaşırlar, çünki elə indicə meşədə onların döyüş təbillərinin səsini eşidib.
Oğlan niyə sevincək çığırır? Niyə yeniyetmə köksünü ötürüir. Onların özləri də bunu izah edə bilməzlər və onlar da bu barədə hər gün yerə yıxılmış hansısa ağacın üstünə çıxaraq ucadan qanad çalan, təbil səsləriylə bütün meşəni dolduran Qızılboyundan artıq bilməzdilər. Qanad çalandan sonra isə quş yaxalığının lələklərini qabardaraq əhəmiyyətli bir görkəmlə gəzişməyə başlayırdı. Lələklərinin günəş şüaları altında qiymətli daşlar kimi bərq vuraraq necə rəngdən-rəngə düşdüyünə doyunca tamaşa edəndən sonra yenə də qanad çalmağa başlayırdı.
Kimsə ona tamaşa edib ləzzət alsın - kəkliyin bu istəyi birdən-birə haradan peyda olmuşdu onda? Və niyə bu meyil onda əvvəllər, ağacların üstündə hələ şişmiş tumurcuqlar olmayanda oyanmırdı?
Qızılboyun qanadlarını çalaraq səs-küy qoparmaq da davam edirdi....
Hər gün özünün sevimli tirinin yanına gəlirdi. O, indi daha da gözəl olmuşdu. Onun aydın, parlaq gözlərinin üstündə yeni bəzək yaranmışdı - al-qırmızı lələklər. Ayaqlarındakı nataraz qar xizəkləri tamam yox olmuşdu. Onun yaxalığı da gözəlləşmiş, gözlərinin parlaqlığı artmışdı və əhəmiyyətli görkəm alıb günəşin altında rəngbərəng lələklərini parıldadaraq gəzəndə qiyamət görkəmi olurdu.
Amma indi dəhşətli dərəcədə tənha idi!
O, əvvəlki kimi gəzir, qanadlarını şappıldadırdı. Nəhayət, mayın lap əvvəlində, ətrafda hər şey yaşıla boyananda onun qulaqlarına kolluqdan nəsə bir şıqqıltı səsi dəydi. Yerində donub-qaldı: bilirdi ki, indi ona da göz qoyan var.
İnanmıram, yəni belə bir şey bilər? Hə! Orada, kolların arasında balaca, ürkək bir dişi kəklik utana - utana gizlənirdi. Ona tərəf atıldı. Lap alışıb-yanırdı. Onun qarşısında necə vüqarla gəzir, lələklərini sallayaraq özünü necə öyürdü! Amma haradan bilirdi ki, bundan onun xoşu gələcək? Öz rəngbərəng yaxalığını qabardaraq çalışırdı ki, günəş şüaları onun üzərinə düşsün.
Özünü çəkə çəkə yeriyir, sakit səslə, incə-incə qaqqıldayırdı. Və dişi kəkliyin qəlbi fəth olundu. O artıq çoxdan onun qəlbinə hakim kəsilmişdi. Üç gün idi qanadlarının səsini eşidərək bura gəlib uzaqdan utana-utana ona göz qoyurdu. Hətta bir az inciyirdi ki, lap yaxında olsa da, bu qədər müddətdir onu görmür. Təsadüfi deyil ki, ayaqlarının incə tappıltısı, nəhayət, onun qulaqlarına yetişdi. Dişi kəklik utancaq bir jestlə başını aşağı salıb incə-incə ona yaxınlaşdı.
Üzücü boşluq artıq geridə qalmışdı və biçarə səyyah öz baharını tapmışdı.
Tənhalıq əyyamı bitdi.
Ah, bu gözəl vadidə necə şad günlər keçirdilər! Günəş əvvəllər heç vaxt hələ belə parlaq işıq saçmamışdı və qatranlı hava belə xoş rayihəli olmamışdı! Böyük nəcib quş hər gün öz ağacının yanına ya sevgilisiylə, ya da tək gəlir, içindəki, bütün vücudunu çulğamış sevinci qanadlarını çırpmaqla büruzə verirdi.
Bəs niyə Qızılboyun həmişə onunla - öz rəfiqəsiylə birlikdə olmurdu? Nədən dişi kəklik onunla saatlar uzunu oynayır, sonra isə birdən, gizlincə yox olurdu və Qızılboyun onu neçə saat, hərdən lap bütün günü görə bilmir, yalnız çırpılan qanadlarının uca səsi onun nigarançılığını göstərərək dişi kəkliyi yanına dönməyə məcbur edirdi? Burada mübhəm bir meşə sirri vardı və bu sirri o aça bilmirdi. Günlər ötdükcə dişi kəklik onunla daha az qalırdı və nəhayət, günlərin birində tamam yox oldu.
O görünmürdü və Qızılboyun çarəsizlik içində özünün köhnə ağacına dırmaşıb qanad çalır, sonra çayyuxarı uçaraq tamam başqa bir ağaca qonub yenə qanadlarını şappıldadır, ya da təpənin üstündən uçur, başqa yarğana gedərək orada qanad çalırdı. Lakin onun çağırışı cavabsız qalırdı.
Nəhayət, dördüncü gün o, yenə gəldi, rəfiqəsini əvvəllər etdiyi kimi səs-küylə çağırmağa başladı, birdən elə o dəfəki təki kolluqdan şıqqıltı eşitdi və bu dəfə dişi kəklik kolların arasında tək deyildi! Onun dalınca on dənə balaca, civildəşən cücələri gəlirdi.
Qızılboyun onun yanına uçdu və parlaq gözlü körpələri yaman qorxutdu. Onu qayğılandıran bu idi ki, körpələr onun rəfiqəsindən diqqət tələb edir və o da öz diqqətinin çox hissəsini onlara ayırırdı. Amma tezliklə bu dəyişikliklə barışdı və körpələrin qayğısını rəfiqəsiylə böldü, halbuki öz atası heç vaxt bunu etməmişdi.
Kəkliklər və tetralar arasında yaxşı atalara nadir hallarda rast gəlmək olar. Adətən, dişi quş yuva qurmağı da, körpələrini böyütməyi də atanın iştirakı olmadan yerinə yetirir. O hətta yuvasının yerini belə ona bildirmir, sevgilisi ilə yalnız müəyyən yerlərdə - ya onun qanad şappıldatdığı ağacın yanında, ya balalarının yem axtardığı, ya da qumda çimişdikləri yerdə görüşür.
Qızılboyunun rəfiqəsinin adı Qonurcuq idi. Onun körpələri yumurtadan çıxanda onların qayğısına elə səylə qalırdı ki, atalarını tamam unudaraq çağırışına da getmirdi. Amma dördüncü gün, körpələr bir qədər möhkəmlənəndən sonra onları da özüylə götürüb atalarını tanış etməyə aparmışdı.
Bəzi atalar öz balalarıyla maraqlanmırlar, lakin Qızılboyun elə deyildi: o, rəfiqəsinə körpələrin tərbiyəsində lap əvvəldən əməlli-başlı kömək etməyə başladı. Onlar da bir zamanlar ataları kimi içməyi, yeməyi öyrəndilər və artıq yanlarını basa-basa analarının dalınca düşürdülər; ataları isə ailəsini arxadan qoruyurdu.
Onlar bir-birinin dalınca sapdakı muncuqlar kimi sıraya düzülüb təpədən enməyə başladılar. Qırmızı dələ şamağacının arxasından boylanaraq kopuş cücələrin yerişinə tamaşa edirdi. Onların ən zəifi - Runti qalanlarından çox geridə qalmışdı. Qızılboyun hündür budağa qonub lələklərini təmizləməyə başladı. Dələ bunu görməyərək Runtiyə yaxınlaşdı. Onun quş qanının dadına baxmaq kimi qəribə bir meyli vardı, dəstədən geri qalmış cücəni görəndə onu asan sandı, qana hərisliyi daha da artdı. Tək qalmış cücənin üstünə atılanda niyyəti qəti idi. Qonurcuq bunu çox gec gördü, lakin dələni artıq Qızılboyun görmüşdü və sürətlə kürən qatilin üstünə atıldı. Onun yumruqlarından, daha doğrusu, qanadlarındakı oynaqlardan savayı silahı yox idi, amma onlarla elə zərbələr endirə bilirdi ki, gəl görəsən! Elə ilk hücumda dələnin ən həssas yerinə - burnunun ucuna bir dənə ilişdirdi və heyvan yerində fırlanıb torpağın üstünə düşdü. Birtəhər durub çırpı qalağına tərəf getdi. Orada uzanıb qaldı; az qalırdı nəfəsi kəsilə. Burnundan iri qan damcıları axırdı. Qızılboyun o dələni elə orada, uzana-uzana qoydu. Heyvanın başına sonra nə gəldi, necə oldu - bilmədi və heç maraqlanmadı da.
Kəklik ailəsi suya tərəf yönəldi, lakin qumun üstündə bir inək dırnaqlarının dərin izlərini qoymuşdu və bu çalalardan birinə balaca quşcuğaz düşdü. O, şikayətlə civildəyirdi, çünki çıxa bilmirdi.
Çətin vəziyyət idi. Valideynləri nə edəcəklərini bilmirdilər, çünki cücəni çaladan çıxara bilməzdilər. Lakin onlar özlərini itirərək ora-bura yüyürəndə çalanın qıraqları töküldü və ordan çıxmaq imkanı yarandı. Körpə çaladan çıxıb sevinə- sevinə anasının quyruğu altında gizlənmiş qardaşlarının yanına qaçdı.
Qonurcuq çox şən ana idi, çox diribaş və ağıllı. Nə gecə, nə də gündüz körpələrinin qayğısına qalmaqdan əl çəkmirdi. Meşədə öz balalarıyla gəzəndə necə də vüqarla qaqqıldayırdı! Körpələrə mümkün qədər çox kölgə yaratmaq üçün öz quyruğunu necə də geniş açırdı və düşmən görəndə qətiyyən özünü itirmirdi.
Cücələr uçmaq öyrənənədək artıq onlar qoca Keddi ilə qarşılaşmışdılar. Hərçənd ki iyun ayı idi və ov etməyə qadağa vardı, o, yarğanın döşüylə əlində tüfəng, yanında it gedirdi. İrəlidə qaçan Tak adlı iti Qonurcuğa və körpə lərə o qədər yaxınlaşdı ki, Qızılboyun tez onun qarşısına çıxmağa məcbur oldu. O, köhnə, amma həmişə alınan fəndi işə saldı: iti öz dalısınca, çayın qırağına apardı.
Lakin Keddi təsadüfən cücələrin olduğu səmtə getdi Qonurcuq körpələrinə gizlənmək (Krr, krr!) tapşırığı verib ovçunu da Qızılboyun iti yayındıran kimi yayındırmağa çalışdı.
Qəlbi analıq məhəbbətiylə dolu ana kəklik meşəyə gözəl bələd olduğundan sakitcə uçub ovçuya lap yaxınlaşan kimi düz gözü qabağında bərkdən qanad çalaraq yarpaqların üstünə əsl yaralı təki elə inandırıcı yıxıldı ki, qoca əyyaşı bir dəqiqəlik aldada bildi. Lakin bir qanadını sürüyərək civildəyə-civildəyə yoluna davam edəndə ovçu artıq məsələnin nə yerdə olduğunu başa düşdü. Bu, sadəcə, bir fənd idi. Onu cücələrdən yayındırmaq istəyirdilər.
Yerdən ağac götürüb quşa tərəf qəzəblə vızıldatdı. Lakin Qonurcuq çox cəld, zirək idi. Zərbədən yayınıb taytıya-taytıya bir cavan ağacın arxasında gizləndi. Orada da çırpınmağa başladı və şikayətli bir civiltiylə yarpaqların üstünə çırpıldı və deyəsən, bu dəfə qanadı elə bərk dəydi ki, artıq zorla hərəkət edə bilirdi. Quşun bu hərəkəti Keddini məcbur etdi ki, ona bir dənə də ağac tolazlasın, lakin kəklik zərbədən bu dəfə də yayındı. Ovçunu körpə, köməksiz balalarından nəyin bahasına olursa olsun, uzaqlaşdırmağa çalışan ana cəsarətlə düz onun qarşısında uçub yerə yıxılaraq zərif sinəsini torpağa çırpdı, çarəsiz-çarəsiz, imdad diləyirmiş kimi inildədi. Keddinin ağacı bu dəfə də yan keçdi. Onda tüfəngini qaldırıb atdı. Hətta ayını belə öldürə bilən bu güllə mətin, cəsarətli Qonurcuğun bədənini parça-parça etdi.
Bu qəddar, kobud ovçu yaxşı bilirdi ki, cücələr haradasa yaxınlıqda gizləniblər, odur ki onları axtarmağa getdi. Amma yerindən tərpənən, səsini çıxaran yox idi. O, körpələri görmədi. Düz gizləndikləri yerin yanından neçə dəfə keçdi, cınqırını çıxarmayan körpələrin neçəsi onun çəkmələri altında əzildi.
Qızılboyun sarı köpəyi oradan uzaqlaşdırıb rəfiqəsini qoyduğu yerə döndü. Qatil artıq ana kəkliyin qalıqlarını itinə yedirtmək üçün götürmüşdü. Qızılboyun Qonurcuğu axtarmağa başladı, lakin tapdığı yalnız qan izləri və lələklər oldu. Bu, onun lələkləri idi və Qızılboyun başa düşdü ki, bayaq eşitdiyi atəş səsi nə imiş...
Həmin an onun yaşadığı dəhşəti, içindəki kədəri kim təsvir edə bilər axı?! Ö sarsılmışdı, başını aşağı salaraq bir neçə dəqiqə yerində donub-qaldı, qan izlərinə baxdı. Sonra birdən dəyişdi. Köməksiz körpələr düşdü yadına.
Balalarının gizləndiyi yerə qayıtdı və yaxşı bildikləri dillə "Kriit, kriit!" - deyə səsləndi. Lakin cücələrin çoxu artıq sağ deyildi. Ayaqları olan altı dənə tüklü şar parlaq gözlərini açıb atalarının yanına yüyürdülər, dördü isə hərəkətsiz qalmışdı.
Qızılboyun balalarinı səsləməkdə xeyli davam etdi, ta ki gələ bilənlərin hamısının gəlib çıxdığına tam əmin oldu. Sonra isə onları bu dəhşətli yerdən təhlükəsiz məkana - tikanlı məftillə əhatə olunmuş sıx itburnu kollarının arasına apardı. Bura xoşagələn olmasa da, etibarlı yer idi.
Öz balalarına orada tərbiyə verdi; bir zamanlar anası onu necə öyrətmişdisə, eləcə bütüin bildiklərini onlara öyrətdi. Lakin Qızılboyun anasından daha təcrübəliydi və ondan qat-qat çox bilirdi və elə üstünlüyü də bunda idi. O, ətraf yerləri, yem tapmaq mümkün olan nöqtələri çox yaxşı tanıyırdı, kəkliklərin sağlamlığı, həyatı üçün bir təhlükəyə çevrilən müxtəlif bədbəxt hadisələrdən qorunmağın yollarını gözəl bilirdi.
Onun təcrübəsi və sayıqlığı nəticəsində yay boyu cücələrdən bircə dənəsini də itirmədi. Onlar böyüyür, inkaşaf edir, firavan yaşayırdılar, Ovçu ayı yetişəndə isə artıq gözəl bir ailə idilər - başçıları öz gözəl, qırmızı yaxalığıyla elə əvvəlki kimi qürrələnən Qızılboyun olan, altı yetkin kəklikdən ibarət bir ailə. Qızılboyun rəfiqəsini itirəndən bəri qanad çırpmamışdı. Lakin kəklik üçün qanad çırpmaq torağay üçün nəğmə oxumaq kimi bir şeydir. Bu yalnız məhəbbət mahnısı deyil, həm də gücün, enerji və sağlamlığın göstəricisidir. Tük tökümü keçəndən sonra sentyabr ayı onun lələklərinə parlaqlıq, ruhuna isə coşqunluq gətirən də o, yenə köhnə ağacının yanına gəldi. Qarşısıalınmaz bir çağırışa tabe olaraq yenə qanadlarını çalmağa başladı.
O vaxtdan bəri ora tez-tez gəlib qanadlarını şappıldadırdı, balaları isə ətrafında dolaşırdılar. Onlardan biri də yaxınlıqdakı kötüyün, ya daşın üstünə dırmaşır, qanad çalaraq atasını təqlid edirdi.
Üzüm salxımları qaraldı və noyabr - Divanəlik gəldi. Qızılboyunun törəmələri möhkəm, sağlam idilər və baxmayaraq ki onlara da səyahətə çıxmaq istəyi hakim kəsilmişdi, bu istək bir həftədən sonra itdi və yalnız üç kəklik atasını tərk etmiş oldu. Qızılboyun isə özünün üç balası ilə yenə də yarğanda yaşayırdı. Qış gəldi, qar yağdı. Torpağın bəyaz örtüyü yüngül, yumşaq idi. Hava ilıq idi və kəklik ailəsi gecə kedr ağacının alçaq, yastı budaqları altına sığındı. Ertəsi gün daha soyuq oldu, çovğun qopdu və hər tərəfdə qar təpəcikləri əmələ gəldi. Gecə isə qar kəsdi, lakin şaxta gücləndi və Qızılboyun öz ailəsini belə təpəciklərdən biri üzərində yüksələn tozağacının yanına apardı. Özü düz qarın içinə baş vurdu, onun balaları da atalarının hərəkətini təkrar etdilər. Külək yumşaq qarı kəkliklərin açdığı oyuqlara doldurur, onların üstünü mələfə kimi nazik ağ örtüklə bağlayırdı. Çalalarda mürgüləyərək bütün gecəni rahatca yatdılar, çünki qar örtüyü istini saxlayır, nəfəs almaq üçün kifayət qədər hava buraxırdı. Ertəsi gün səhər kəkliklər başlarının üstündə donmuş nəfəslərindən əmələ gələn nazik buz təbəqəsi gördülər, amma atalarının "Kriit, kriit, kriit!" (Bura, uşaqlar, bura gəlin!) çağırışını eşidəndə çalalarından asanlıqla çıxdılar. Bu, onların qar təpəciklərində keçirdiyi ilk gecə idi.
Ertəsi günün gecəsi yenə qara baş vurdular və şimal küləyi onların üstünə yenə bəyaz örtük çəkdi. Lakin hava dəyişmişdi, gecə isə külək şərqdən əsirdi. Əvvəlcə sulu qar yağdı, sonra hər yan buz bağladı və səhər kəkliklər oyanaraq yuvalarını tərk etmək istəyəndə bəlli oldu ki, möhkəm buz təbəqəsinin altında qalıblar.
Dərində qar əvvəlki kimi yumşaq idi və Qızılbo yun yuxarıya özü üçün asanlıqla yol açdı, lakin sərt büz örtük onun yolunu kəsdi. Bayıra çıxmaq üçün göstərdiyi bütün səylər boşa getdi, üstəlik, hələ başını, qanadını da yaraladı. İndiyə kimi belə çətinliyə düşməmişdi. Çətin vəziyyətlərə tez-tez rast gəlirdi, lakin indi baş verən hadisə, görünür, ən pisi idi.
Qızılboyun çıxılmaz vəziyyətə düşdü. Qüvvəsi tükənir, azad olmaq üçün göstərdiyi bütün səylər boşa çıxırdı. Balalarının bayıra çıxmaq üçün necə çapaladığını, necə yanğılı civildəyərək onu köməyə çağırdıqlarını eşidirdi: "Pi-i, pi-i-ti! Pi-i-ti!"
Onlar öz sığınacaqlarında çox düşməndən qoruna bilərdilər, yalnız aclıq əzablarından savayı və gecə düşəndə faydasız cəhdlərdən heydən düşərək acından gözləri qaralan balalar tam çarəsizliyə düçar oldular. Əvvəlcə yalnız ondan qorxurdular ki, tülkü gələr, əlindən qurtara bilməzlər. Lakin ikinci gecə yavaş-yavaş yaxınlaşanda artıq tülkü barədə fikir onları qorxutmurdu. Hətta arzulayırdılar ki, o yırtıcı tez gəlsin və buzu sındırsın.
Lakin tülkü həqiqətən gələndə və donmuş qarın üstüylə aramla dolaşanda daxillərindəki dərin həyat eşqi yenidən oyandı və təhlükəli heyvan çıxıb gedənə kimi yumağa dönüb qımıldanmadan gözlədilər. İkinci gün çovqun başladı. Güclü şimal küləyi qarı vıyıltıyla qovurdu. Lakin küləyin qovduğu iri qar dənələrinin uzun müddət bir-birinə sürtünməsi sərt örtüyü dağıdır, o getdikcə nazilir, şəffaflaşırdı. Qızılboyun buzu aşağıdan bütün gün ərzində döyəclədi və nəhayət, başağrısı tutdu, dimdiyi əzildi. Gün batanda azadlığından elə dünənki qədər uzaq idi.
İkinci gecə də elə birincisi kimi keçdi, lakin tülkü daha onların başı üstündə gəzmirdi. Səhər Qızılboyun yenə buzu qırmağa girişdi, lakin gücü artıq əvvəlki deyildi. O, öz balalarının səsini daha eşitmirdi, onların buzu necə dimdiklədiyini hiss etmirdi. Lakin hava işıqlaşdıqca başının üstündə bir işıq görürdü. Görünür, buz qatı tamam nazilmişdi və o, yenə dimdikləyir, dimdikləyir, dimdikləyirdi...
Günün axırında Qızılboyunun dimdiyi çölə çıxdı. Bu, ona yeni güc, yeni həyat verdi.
Buzu sındırmaqda davam edirdi və nəhayət, günbatana yaxın onun başı, boynu və hətta bəzəkli lələk yaxalığı açdığı deşikdən çıxırdı. Amma bu deşik enli çiyinlərini çıxarmaq üçün hələ azlıq edirdi, hərçənd ki buzu artıq çiyinləriylə, dördqat güclə basa bilərdi. Buz təbəqə tezliklə onun gücünə davam gətirmədi. O, buz məhbəsindən qurtulub bayıra çıxdı.
Yaxşı, bəs balaları necə olmuşdu? Qızılboyun tələsik qarşı sahilə uçdu, aclığını bir neçə itburnu meyvəsiylə öldürüb yenə məhbəsinə qayıtdı. O qaqqıldayıb gurultu salır, cavabında yalnız dərindən gələn bir zəif civilti eşidirdi: "Pi-i-ti! Pi-i-ti!" Qarı iti caynaqlarıyla eşib onun da qapısını açdı və Bozquyruq cücə çətinliklə oyuqdan çıxdı.
Vəssalam. Müxtəlif yerlərdə qarın altına uzanıb qalan cücələr onun səsinə hay vermirdilər. Onların yerini də bilmədiyinə görə axtarışlarını yarımçıq kəsdi. Yazda qar əriyəndə onların cəsədi üzə çıxdı. Üzərinə tüklü dəri çəkilmiş skeletlər - daha heç nə!
Qızılboyun və Bozquyruq yaşadıqları bu macəradan özlərinə gələnədək xeyli vaxt keçdi. Lakin yemək və aydın, təmiz hava hər dərdin dərmanıdır. Qışın ortasındakı xoş havalı günlər Qızılboyuna əvvəlki kimi müsbət təsir etdi və o, özünün sevimli ağacının yanına gedib qanadlarını bərk-bərk çırpmağa başladı.
Bəlli deyil ki, qoca Keddiyə həm Qızılboyunun, həm də Bozquyruğun yerini bu səs göstərdi, yoxsa onun qar üstündə qalan izləri, amma Keddi yenidən göründü; əlində tüfəngi, yanında iti də vardı. Yarğanın üstüylə oğrun-oğrun kəklik ovlamağa gedirdi.
İri, qızılı lələkləri olan kəklik xoruzu bütün vadidə məşhur idi. Ov mövsümü ərzində çox ovçu onu vurmağa səy göstərmişdi.
Lakin Qızılboyun meşə elmində böyük təcrübə əldə etmişdi. O nə vaxt gizlənmək, nə vaxt səssizcə uçmaq, ovçu keçib-gedənədək yerə sinərək dinməzcə gözləmək, sonra isə ucadan şappıldayantək qanadları üstünə qalxıb qalın gövdəli ağacın arxasında gizlənmək və oradan səs salmadan yox olmaq lazım
olduğunu gözəl bilirdi. Lakin Keddi Qızılboyunu əlitlüfəngli izləməkdən əl çəkmirdi və ona atəş açanda gülləsi artıq neçə dəfə yan keçmişdi.
Qızılboyun isə yaşamağa davam edir, hər şeyə rəğmən qanadlarıyla şappıltını salırdı. Qarlı ay dekabr gələndə o, Bozquyruqla bir yerdə bol yemli, böyük, qoca ağacların bitdiyi Kestl Frank meşələrinə yollandı. Orada yerlə sürünən kolların arasında nəhəng bir şamağacı vardı. Onun alt budaqları başqa ağacların təpəsindən də yuxarıdaydı. Yayda bu ağacın başında zığ-zığ ailəsi yuva qurmuşdu. Güllələr yetişməyən bu misilsiz yüksəklikdə onlar tam təhlükəsizlikdə idilər və bolluca oynayıb şənlənə bilirdilər. Zığ-zığın erkəyi parlaq, mavi lələklərini açır, qəribə, incə nəğmələr oxuyurdu. Bu nəğmələr kimə ünvanlanıbsa, yalnız o eşidə bilərdi.
Həmin əzəmətli şamağacı indi özünün bircə balasıyla yaxınlıqda yaşayan Qızılboyuna yaman xoş gəlmişdi. Onu əsas etibarilə gövdənin aşağı hissəsi cəlb edirdi. Ətrafda sürünən kollar, cır üzüm və həmişəyaşıl mərsin bitirdi. Zərif qara palıd qozalarını isə burada lap qarın altından da qazıb çıxarmaq olurdu. Həmişə tox olmaq üçün buradan yaxşı yer tapmaq mümkün deyildi. Əgər buralara ovçu gəlsə belə, kolluğun içindən böyük ağaca sarı qaçmaq, onun nəhəng gövdəsi arxasında gizlənmək, sonra da tam təhlükəsiz uçub getmək olardı.
Qanuni qətllər mövsümündə bu ağac onları, azı, yüz dəfə xilas etmişdi. Lakin Keddi təzə bir biclik tapmışdı. Özü təpənin arxasında gizləndi, yoldaşı - başqa ovçu isə qoca ağcaqayının ətrafına dolandı ki, quşları ürkütsün. O, Qızılboyunla Bozquyruğun yem axtardığı alçaqboy kolların arasıyla oğrun-oğrun gedirdi. Lakin Qızılboyun sakit, xəbərdarlıq siqnalı verdi: "Rrrr!" (Təhlükə!) və elə həmin dəqiqə də böyük şamağacına tərəf yönəldi.
Bozquyruq bir az geridə, təpəlikdə qaldı və qəflətən lap yaxınlıqda təzə bir düşmən gördü. Bu, sarı it idi, birbaş üstünə yüyürürdü. Qızılboyun həmin yer dən xeyli uzaqda idi və kolluqların arxasında iti görmürdü. Bozquyruq çox həyəcanlandı.
Kvit, kvit! (Uç, uç!) - deyə çığırıb enişaşağı qaçdı ki, tez gözdən itsin.
"Krit, krr!" (Bura gəl, gizlən!) - daha soyuqqanlı olan Qızılboyun onun dalınca əlitüfəngli adamın gəldiyini görərək çığırdı. O, böyük şamağacına çatdı. Gövdənin arxasında gizlənərək bir anlıq durdu, sonra Bozquyruğa səsləndi: "Bura, bura!" Qızılboyun təpənin arxasındakı kolluqda şıqqıltı eşidib orada pusqu olduğunu başa düşdü.
Sonra çox qorxmuş Bozquyruğun çığırtısı eşidildi. İt üstünə atılmışdı.
Bozquyruq havaya qalxdı ki, açıqlıqda durmuş ovçu dan ağacın gövdəsi arxasında gizlənsin. Lakin təpənin arxasında gizlənmiş qatilin düz atəş xəttinə düşdü.
Prrr! - o, qanadlarını pırıldadıb yuxarı uçdu.
Paf! - və o, qan içində çırpınaraq yerə düşüb qarın üstündə hərəkətsiz qaldı...
Qızılboyun aşağıda gizlənmişdi. İt, demək olar ki, lap yanından, Keddi isə ondan da yaxın məsafədən keçdi. Lakin Qızılboyun tərpənmədi. Yalnız sonra ağacın qalın gövdəsinin arxasına keçib hər iki ovçudan gizləndi. İndi artıq sakitcə öz doğma yarğanına uça bilərdi.
İnsafsız tüfəng ona doğma olanların hamısını bir birinin dalınca məhv etmişdi və Qızılboyun yenə tənha qaldı.
Qar ayı ləng keçirdi və Qızılboyun tez-tez ölümün bir addımlığında olurdu, çünki onun bütün ailəsindən tək özünün qaldığını bilən ovçular onu ara vermədən təqib edirdilər. Bu təqib onu günbəgün daha artıq vəhşiləşdirirdi.
Amma görünür, onu əlitüfəngli izləmək vaxtını boş yerə sərf etmək idi və buna görə də Keddi başqa plan düşündü. Qar örtüyü dərinləşəndə, yem sarıdan kasadlıq gələndə o, Qızılboyunun yem axtardığı yerlərdə cələlər qurdu. Qızılboyunun köhnə tanışı ağquyruq dovşan cələlərin bir neçəsini özünün iti dişləriylə qırıb korladı, amma qalanı yerində qaldı. Bir dəfə Qızılbo yun göyün üzündə bir nöqtə görərək fikrə getdi ki, görəsən, qırğı deyil ki yaxınlaşan və ehtiyatsızlığı ucbatından cələyə düşdü. Bir anda yerdən atılıb tək ayağından asılı qaldı.
Axı hansı haqla insan onun dilində danışmayan hər hansı canlı məxluqa bu qədər əzab verir?
Bütün həmin gün ərzində dözülməz əzablara düçar olan biçarə Qızılboyun göydən asılı qalıb iri, güclü qanadlarını çalır, bihudə yerə azad olmağa çalışırdı. Bütün günü, bütün gecəni bu işgəncə davam etdi və Qızılboyun artıq öz ölümünü çağırırdı ki, gəlib onu bu əzabdan qurtarsın.
Amma ölüm gəlmək bilmirdi.
Səhər açıldı. Daha bir gün keçdi və hava yavaş yavaş qaralmağa başlayırdı.
Qızılboyunun gücü və sağlamlığı onun bəlasına çevrilmişdi.
Yer üzünə gecə düşdü. Hava tam qaralanda zəif qanad səsinin cəlb etdiyi yekə, şəkqulaq bayquş gəldi və elə o dəqiqə də Qızılboyunun əzablarına nöqtə qoydu. Bu, həqiqətən, xeyirxah iş idi...
Külək şimaldan əsir, qarı donmuş bataqlığın üzə rindən qovurdu. Ətrafda hər şey bəyaz örtüyə bələnmişdi. Ağappaq örtüyün üstüylə külək tündrəngli lələkləri sovururdu. Bu lələklər məşhur Qızılboyunun əzəmətli bəzəyindən - şux yaxalığından qalanlar idi. Külək onları getdikcə daha cənuba qovurdu. Lələklər bir zamanlar Divanəlik ayında elə onun özü kimi, həmin o qaralmış gölün üstüylə uçurdu. Nəhayət ki, lələklər yerə düşdü, üstlərini qar örtdü və Don vadisində yaşa yan kəklik nəslinin son izləri də həmişəlik yox oldu.
İndi artıq Kestl Frankdan da kəklik qaqqıltısı gəlmirdi və Lilli çayın yarğanında kimsəsiz, heç kəsə gərək olmayan şamağacı aramla çürüyüb gedirdi.
Gülnar Abbasova
TEREF